Məhkəmə qərarları › İş №e-2-1(118)-433/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-433/2023

22.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-433/2023 22.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlununun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “ “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********3741 nömrəli Qərarın və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********050400 nömrəli Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********9626 nörnrəli qərara əsasən iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə operativ vergi nəzarəti həyata keçirilmiş və tədbirin nəticəsi olaraq xx.xx.2022-ci il tarixlil DVX seriyalı 001883 nömrəli Akt tərtib edilmişdir. Aktda qeyd edilənlərə əsasən vergi nəzarəti tədbiri nəticəsində iddiaçı tərəfindən ümumi dəyəri 1491109.61 manat olan 962.42 ton malın (armaturun) elektron qaimə faktura təqdim edilmədən satıldığı müəyyən edilmişdir. Qeyd olunan aktın əsasında cavabdeh vergi orqanı 2 saylı Ərazi Veygilər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********3741 nömrəli “Vergi ödəyicisihin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmiş və həmin qərar ilə cəmiyyətə 149 110.96 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərarın ləğv edilməsi ilə bağlı yuxarı orqana müraciət edilsə də, şikayəti təmin edilməmişdir. Aşağıda qeyd olunanlara əsasən cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********3741 nömrəli “Vergi ödəyicisinİn .vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı qanunsuz və əsassız hesab edir. Cavabdeh vergi orqanı tərəfindən cəmiyyətə məxsus obyektdə operativ vergi nəzarəti tədbiri həyata keçirilmiş və 1491109.61 manat dəyərində malların elektron qaimə-faktura təqdim edilmədən satıldığı aşkar olunmuşdur. Başqa sözlə desək, vergi orqanı cəmiyyətə məxsus obyektdə qəfil reyd zamanı xx.xx.2022-ci il tarixli 1491109.61 manat dəyərində malların satıldığı, lakin həmin təqdim edilmiş mallara görə elektron qaimə-fakturanın təqdim edilmədiyini aşkar etmişdir. Bildirilir ki, cavabdeh vergi orqanı mübahisələndirilən qərarı fakt əsasında deyil, məhz fərziyyə əsasında qəbul etmişdir. Belə ki, satıldığı iddia olunan 962.42 ton mal (armatur) faktiki olaraq, cəmiyyətin sahibliyində, eləcə də sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə mövcud olmamışdır. Belə ki, vergi orqanı operativ vergi nəzarətinin nəticəsinə dair aktı tərtib edərkən 1000 ton armaturun satılmasına dair "xxxx" MMC tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2021-ci il tarixli EBBP seriyalı 027574 nömrəli elektron qaimə fakturanı əsas götürmüşdür. Başqa sözlə desək, cavabdeh vergi orqanı həmin EQF əsasında alınmış 1000 ton armaturun 962.42 ton hissəsinin yoxlama zamanı cəmiyyətin anbarında olmadığını və nəticə etibarilə həmin malların satıldığını, lakin buna dair EQF tərtib edilmədiyini əsas götürərək iddiaçıya VM-nin 58.13-cü maddəsinə əsasən maliyyə sanksiyası tətbiq etmişdir. Halbuki, xx.xx.2021-ci il tarixli EBBP seriyalı 027574 nömrəli elektron qaimə-faktura satıcı "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə ləğv edilmiş, alıcı "xxxx" MMC tərəfindən isə xx.xx.2022-ci il tarixdə təsdiq edilmişdir. Belə ki, tərəflər arasında razılaşma 48 ton armaturun alğı-satqısı ilə bağlı olduğu halda "xxxx" MMC elektron qaimə-fakturanı texniki səhv nəticəsində 1000 ton armatur ilə bağlı göndərmiş, daha sonra həmin EQF-m ləğv edərək, 48 ton armaturun satışına dair xx.xx.2022-ci il tarixli EBBQ seriyalı 87322 nömrəli EQF-nı tərtib edərək iddiaçıya göndərmişdir. Göründüyü kimi, "xxxx" MMC xx.xx.2022-ci il tarixdə 48 ton armaturun satılması barədə yeni EBBQ seriyalı 87322 nömrəli EQF-nı tərtib edərək iddiaçıya göndərmiş, səhv tərtib edilmiş xx.xx.2021-ci il tarixli EBBP seriyalı 027574 nömrəli EQF-m ləğv etmişdir. Lakin cavabdeh vergi orqanı bütün bu faktlara baxmayaraq, xx.xx.2022-ci il tarixdə hər hansı faktiki əsas (sübut) olmadığı halda 962.42 ton armaturun EQF tərtib edilmədən satıldığını əsas götürərərk iddiaçını vergi məsuliyyətinə cəlb etmişdir. Beləliklə, 1000 ton armaturun alınmasına dair xx.xx.2021-ci il tarixli EBBP seriyalı 027574 nömrəli EQF xx.xx.2022- ci il tarixdə ləğv edildiyi yə i ddiapmn .sahibliyində, faktiki olaraq 962.42.ton armaturun olmasına, eləcə də hər hansı üçüncü şəxsə satılmasına dair sübut olmadığı halda, cavabdeh vergi orqanı 2 ay sonra - xx.xx.2022-ci il tarixdə iddiaçıya əsassız maliyyə sanksiyası tətbiq etmişdir ki, bu da iddiaçının qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnmişdir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcmini artıraraq, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********3741 nömrəli Qərarın və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********050400 nömrəli Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı məhkəmə prosesində iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********3741 nömrəli qərarın və “Vergilərin, Sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********050400 nömrəli Qərarın ləğv edilməsi”ni məhkəmədən xahiş etmişdir. İddiaçının iddia ərizəsində qeyd edilən dəliləri vergi qanunvericiliyinin tələblərinə uyğun olmadığına görə əsassız hesab edirik. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022- ci il tarixli **********9626 nömrəli qərarına əsasən əsasən iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi 3005-ci məhəllə ünvanında yerləşən təsərrüfat subyektində (anbarında) malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı ticarət əlavəsi və ƏDV ilə birlikdə elektron qaimə-faktura verilmədən 1.491.109,61 manat dəyərində 962,42 ton həcmində malların təqdim edilməsi faktı aşkar edilərək, xx.xx.2022-ci il tarixli DVX seriyalı 001883 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə- faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” aktın tərtib edildiyi, Cəmiyyətin rəhbərinin aktı imza etməkdən imtina etdiyi, aktın bir nüsxəsini qəbul etmədiyi, bu faktın müvafiq aktla rəsmiləşdirildiyi müəyyən edilmişdir. Operativ vergi nəzarəti nəzarətinin nəticələri barədə tərtib edilmiş xx.xx.2022-ci il tarixli DVX seriyalı 001883 nömrəli akt və digər sənədlərin surəti xx.xx.2022-ci il tarixli **********028900 nömrəli bildirişlə Cəmiyyətə göndərilmişdir. Tərtib edilmiş akt əsasında Cəmiyyətə xx.xx.2022-ci il tarixli **********856800 nömrəli bildiriş göndərilərək operativ vergi nəzarətinin nəticələrinə dair qəbul ediləcək qərar üzrə materiallara baxılmada iştirak etmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsinə (bundan sonra - Baş idarə) dəvət edilməsinə baxmayaraq, Cəmiyyətin səlahiyyətli nümayəndəsi göstərilən tarixdə vergi orqanına gəlməmiş və gəlmədiyinin səbəbləri barədə məlumat verməmişdir. Baş İdarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********3741 nömrəli qərarı əsasında Cəmiyyətin barəsində 149.110,96 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 454-VQD nömrəli qanunu ilə Vergi Məcəlləsinə əlavə edilmiş və xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş 13.2.63-cü maddəyə əsasən topdansatış malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti hesab edilir. Eyni zamanda həmin qanunla Vergi Məcəlləsinə əlavə edilmiş 71-1-ci maddəyə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim etməlidir: bu Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 71-1.5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda - mallar göndərilən (verilən) vaxt; əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə - malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində; işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə - işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində; bu Məcəllənin 71-1.5.2-ci, 71-1.5.3-cü və 71-1.5.6-cı maddələrində nəzərdə tutulmuş hallarda - malların qaytarıldığı və vergi tutulan dövriyyənin dəqiqləşdirildiyi vaxtdan 3 gün müddətində. Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeyd edilənlərə əsasən topdansatış fəaliyyəti göstərən iddiaçının pərakəndə satış qaydasında və həmçinin də vergi uçotu olmayan alıçılara ödəniş çeki verilməklə malları təqdim etməsi istinad edilən qanunvericilik normalarının tələblərinin pozulmasıdır və Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə iddiaçı qanuni olaraq vergi məsuliyyətinə cəlb edilmişdir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinin sanksiyasına görə malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiqi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən ümumi dəyəri 1.491.109,61 manat dəyərində olan malların elektron qaimə-faktura təqdim edilmədən satışına təqvim ili ərzində belə hala birinci dəfə yol verilməsinə görə təqdim edilmiş malların satış qiymətinin 10 faizi miqdarında 149.110,96 maliyyə sanksiyası tətbiq edilmişdir. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı malların topdansatışı fəaliyyəti ilə məşğuldur və malları təqdim edərkən Vergi Məcəlləsinin 13.2.63-cü və 71-1 -ci maddələrinin tələblərinə əməl etməmişdir. Həmçinin, "xxxx" MMC-yə (VÖEN: **********) 2022-ci ilin yanvar ayına əlavə dəyər vergisi bəyannaməsi üzrə 193092,91 manat kameral vergi yoxlaması ilə vergi məbləği hesablanmışdır. Vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixli **********2907 nömrəli OVN qərarına əsasən fəaliyyəti dövründə 1491109,61 manat (ƏDV daxil) (ƏDV-siz 1263652,21 manat) dəyərində 962,42 ton armatur təqdim edildiyi aşkarlanmışdır. Dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən 190913,78 manat daxil olmuş məbləğ üzrə 34364,48 manat ƏDV məbləği nəzərə alınmaqla 1072738,43 manat dövriyyə üzrə 193092,91 manat ƏDV məbləği hesablanmalıdır. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********723500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən qeyd edilən məktuba heç bir əsaslı münasibət bildirilmədiyi üçün vergi orqanı tərəfindən 2022-ci ilin yanvar ayına əlavə dəyər vergisi bəyannaməsinə 1072738,43 manat dövriyyə üzrə 193092,91 manat ƏDV məbləği hesablanmış və vergi ödəyicisinə vergi orqanının "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2022ci il tarixli **********931400 nömrəli hesablama barədə qərar göndərilmişdir. Sonradan xx.xx.2022-ci il tarixdə vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamə təqdim edilməklə dövriyyə məbləği və hesablanmış vergi məbləği azaldılmışdır.Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********563400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən qeyd edilən məktuba heç bir əsaslı münasibət bildirilmədiyi üçün vergi orqanı tərəfindən 2022-ci ilin yanvar ayına əlavə dəyər vergisi bəyannaməsinə 1072738,43 manat dövriyyə üzrə 193092,91 manat ƏDV məbləği hesablanmış və vergi ödəyicisinə vergi orqanının "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2022ci il tarixli **********050400 nömrəli hesablama barədə qərar göndərilmişdir. Bu səbəbdən də iddianın rədd edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara - “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********3741 nömrəli Qərarın və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********050400 nömrəli Qərarın surəti, MMC-nin təsis sənədləri , cavabdehin etirazı və digər sənədlər. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir və iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ barəsində vergi orqanı tərəfindən vergi borcunu hesabladığı vaxtdan yaranmış olur. Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq 2 saylı Ərazi Vergilər Baş İdarəsi hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, mübahisə predmeti olan qərar Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmişdir, cavabdeh təşkilatın hüquqi ünvanı ünvan 2t göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə vergi yığımları 2 saylı Ərazi Vergilər Baş İdarəsinin səlahiyyətlərinə aiddir. Belə olduğu tədqirdə 2 saylı Ərazi Vergilər Baş İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, hazır ki, iddia tələbi mübahisələndirmə iddia tələbi növünə aid olduğuna görə məhkəmədə iddia tələbi qaldırmadan öncə qərarın ləğv edilməsi ilə bağlı Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət etməsinə, yəni pretenziya qaydasına riayət olunmasına zərurət yoxdur. Mübahisələndirmə növündə iddia tələbi üzrə prosessual müddətlərə riayət olunması imperativ xarakter daşıyır. İş materiallarından məlum olur ki, iddiaçı "xxxx" MMC barəsində 2 saylı Ərazi Vergilər Baş İdarəsinin tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********3741 nömrəli Qərarın və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********050400 nömrəli Qərarın qərarından məhkəmədə iddia qaldırmaq üçün nəzərdə tutulmuş prosessual müddətlərin ötürülməməsi məlum olur. İddia tələbinin məhkəmə aidiyyatının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Sumqayıt şəhəri 44-cü məhəllə ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 027574 nömrəli EBBP seriyalı elektron qaimədən görünür ki, "xxxx" MMC (VÖEN 1********) "xxxx" MMC-yə bir vahidinin buraxılış qiyməti 1271.186 manat olan 1000 ton armaturu təqdim etmişdir. İş materiallarına əlavə edilmiş elektron qaimənin əməliyyat tarixçəsindən görünürü ki, yuxarıda qeyd olunan xx.xx.2021-ci il tarixli 027574 nömrəli EBBP seriyalı elektron qaimə alıcı "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə ləğvə göndərilmiş və xx.xx.2022-ci il tarixdə satıcı "xxxx" MMC tərəfindən ləğv təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 087322 nömrəli EBBQ seriyalı elektron qaimədən görünür ki, "xxxx" MMC (VÖEN 1********) "xxxx" MMC-yə bir vahidinin buraxılış qiyməti 1271 manat olan 48 ton armaturu təqdim etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 001883 nömrəli DVX seriyalı “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitəsilərinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş opeartiv vergi nəzarətinin nəticəsi haqqında” Aktda qeyd edilənlərə əsasən vergi orqanı iddiaçya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 3005-ci məhəllə ünvanında yerləşən anbarda vergi ödəyicisinin fəaliyyət dövründə elektron qaimə faktura tərtib etmədən ümumi dəyəri (ƏDV + ticarət əlavəsi) 1491109.61 manat olan 962.42 ton həcmində olan malları (armaturu) satdığı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********3741 nömrəli Qərara əsasən "xxxx" MMC-yə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 149110.96 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktubda qeyd edilənlərə əsasən iddiaçı tərəfindən 2022-ci ilin yanvar ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsi üzrə həyata keçirilmiş kameral vergi yoxlaması zamanı aşağıdakı uyğunsuzluq aşkar edilmişdir. “xx.xx.2022-ci il tarixli **********2907 nömrəli OVN qərarına əsasən fəaliyyətiniz dövründə 1491109.61 manat (ƏDV daxil) (ƏDV-siz 1263652.21 manat) dəyərində 962.42 ton armatur təqdim edildiyi aşkar edilmişdir. Dövr ərzində təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən 190913.78 manat daxil olmuş məbləğ üzrə 34364.48 manat ƏDV məbləği nəzərə alınmaqla 1072738.43 manat dövriyyə üzrə 193092.91 manat ƏDV məbləği hesablanmalıdır”. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli **********050400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərara əsasən iddiaçıya 2022-ci ilin yanvar ayına ƏDV üzrə 193092.91 manat əlavə vergi məbləği hesablanmışdır. Hazırda iddiaçı xx.xx.2022-ci il tarixli **********050400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********3741 nömrəli Qərarı mübahisələndirir və hesab edir ki, cavabdeh vergi orqanı iddiaçının armatur üzrə əskik gələn mal qalığını (dolayısı ilə mal satışını) ləğv edilmiş elektron qaimə-fakturanı əsas götürərək düzgün müəyyən etmədiyindən, aparılmış hesablamalar da əsassız olmuşdur. Yuxarıda qeyd olunanlardan aydın olur ki, vergi orqanı iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 3005-ci məhəllə ünvanında yerləşən anbarda həyata keçirilən operativ vergi nəzarəti zamanı hər hansı mal qalığı aşkar etməmiş və 100 ton armaturun alınmasına dair xx.xx.2021-ci il tarixli 027574 nömrəli EBBP seriyalı elektron qaimə-fakturanı da nəzərə alaraq belə qənaətə gəlmişdir ki, cəmiyyətin 962.42 ton həcmində armaturu əskikdir və iddiaçı həmin malı başqa vergi ödəyicisinə təqdim etmiş, lakin bununla bağlı elektron qaimə-faktura tərtib etməmişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, vergi orqanı iddiaçı "xxxx" MMC-nin əskik gələn mal qalığını düzgün müəyyən etmədiyindən, iddiaçıya münasibətdə hesablanmış 193092.91 manat məbləğində Əlavə dəyər vergisi və tətbiq edilmiş 149110.96 manat məbləğində maliyyə sanksiyası qanunvericiliyin tələblərinə zidd olmuşdur. Belə ki, iddiaçı ilə "xxxx" MMC arasında 1000 ton armaturun satışına dair xx.xx.2021-ci il tarixli 027574 nömrəli EBBP seriyalı elektron qaimə faktura xx.xx.2022-ci il tarixdə satıcı tərəfindən ləğvə göndərildiyi halda, cavabdeh vergi orqanı 2 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə operativ vergi nəzarətinin nəticəsinə dair akt tərtib edərkən iddiaçının əskik gələn mal qalığını ləğv edilmiş elektron qaimə-fakturanının məlumatları əsasında müəyyən etmişdir ki, bu da aparılmış hesablamanın qanunsuz olduğunu sübut edir. Halbuki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 087322 nömrəli EBBQ seriyalı elektron qaimədən görünür ki, iddiaçı "xxxx" MMC "xxxx" MMC-dən operativ vergi nəzarətinin nəticəsinə dair tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan 2 gün əvvəl cəmi 48 ton armatur almışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh vergi orqanı iddiaçının əskik gələn mal qalığını ləğv edilmiş elektron qaimə-faktura əsasında 962.42 ton həcmində müəyyən edərkən səhvə yol verdiyindən, həmin malların elektron qaimə-faktura tərtib edilmədən satıldığını görə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********3741 nömrəli Qərara əsasən "xxxx" MMC-yə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən tətbiq edilmiş 149110.96 manat məbləğində maliyyə sanksiyası qanunsuz olmuşdur. xx.xx.2022-ci il tarixli **********050400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərara əsasən hesablanmış 193092.91 manat ƏDV məbləğinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir: Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal Əlavə dəyər vergisi məqsədləri üçün vergitutma obyektidir və vergi tutulan əməliyyatın vaxtı təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənildiyi vaxtdır (Vergi Məcəlləsinin 159.1, 166.1 və 166.7-ci maddələri) Qeyd olunan normalardan aydın olur ki, vergi ödəyicisinə əlavə dəyər vergisinin hesablanması üçün 2 şərt ödənilməlidir:

1. İddiaçı tərəfindən mallar (işlər, xidmətlər) təqdim edilməli və ya mallar idxal edilməlidir.

2. Təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ƏDV-siz dəyəri ödənilməlidir. Qeyd etmək lazımdır ki, hazırkı iş üzrə 962.42 ton armaturun iddiaçı tərəfindən təqdim edilməsi və həmin malların ƏDV-siz dəyərinin iddiaçıya ödənilməsi iş üzrə sübuta yetirilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ləğv edilmiş elektron qaimə-faktura əsasında müəyyən edilmiş 962.42 ton əskik gələn mal qalığının iddiaçı tərəfindən təqdim edilməsi və malların dəyərinin də ödənilməsinə dair hər hansı sübut olmadığından, vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********050400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərara əsasən hesablanmış 193092.91 manat ƏDV məbləğinin düzgünlüyü öz təsdiqini tapmır. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Yuxarıda qeyd olunan normaların tələblərinə əsasən inzibati orqan qəbul etdiyi inzibati aktı icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmalı və inzibati aktda işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar, o cümlədən nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Belə ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2,53.3 və 54.0.1-ci maddələri) İstinad olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, mübahisələndirilən xx.xx.2022-ci il tarixli **********050400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarın və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********3741 nömrəli Qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmədiyindən, həmin qərarlar ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14, 68, 69, 73, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddiaçı "xxxx" MMC barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********050400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********3741 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar