Məhkəmə qərarları › İş №e-2-1(118)-4364/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(118)-4364/2023

31.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-1(118)-4364/2023 31.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “idarə tərəfindən qəbul edilmiş 18 aprel 2023-cü il tarixli **********6001000 saylı qərarın ləğv olunması və ƏDV-nin bir hissəsinin qaytarılmasının təmin edilməsi üzrə öhdəliyin icra edilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “idarə tərəfindən qəbul edilmiş 18 aprel 2023-cü il tarixli **********6001000 saylı qərarın ləğv olunması və ƏDV-nin bir hissəsinin qaytarılmasının təmin edilməsi üzrə öhdəliyin icra edilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC ilə Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) inşa olunan kompleksində inşa olunan 1-ci bina, 9-cu mərtəbə, 54 (studiya) ( mərtəbə 9, mənzil 6) nömrəli, 2 otaqlı studiya tipli mənzilin alınması ilə bağlı Alqı-Satqı müqaviləsi bağlamışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən, mənzilin ümumi dəyəri 75919 manat təşkil etmişdir ki, bunun da 64338.14 manatmı əsas məbləğ, 11580,86 manatını ƏDV məbləği təşkil etmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən Mənzilin dəyərinin 48.76 faizi (Ümumi- 37019 AZN, Əsas- 31372.03 AZN, ƏDV- 5646.97 AZN) onun tərəfindən ilkin ödəniş kimi ABB-nin Binəqədi filialı vasitəsilə Satıcının hesabına köçürülmüşdür. Qalan 38900 (Əsas-32966.10 AZN, ƏDV- 5933.90 AZN) isə onunla Azərbaycan Beynəlxalq Bankı arasında bağlanmış xx.xx.2023-cii il tarixli kredit müqaviləsi əsasında Satıcının ABB-dəki hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” (bundan sonra “Qaydalar”) təsdiq edilmişdir və xx.xx.2022-ci il tarixindən ödənilmiş ƏDV-nin geri qaytarılması üçün portal istifadəyə verilmişdir. O, portal vasitəsilə xx.xx.2023-cü il tarixində müraciət etmiş, lakin portal üzrə müraciətinə cavabdeh tərəfindən baxılaraq ƏDV-nin geri qaytarılmasından imtina edilməsi barədə qərar qəbul edilmişdir. Səbəb kimi də Qaydaların 5.3-cü bəndinə əsasən dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müdddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmədiyi göstərilmişdir.Cavabdehin imtina qərarı əsassız olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri- yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın (bundan sonra- Qaydalar) 5.1.2-ci bəndinə əsasən alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının depozit hesabına ödənildiyini təsdiq edən sənəd təqdim edilməlidir. İddiaçı elektron portal üzərindən müraciət etdiyi, müraciətində satıcı "xxxx" ASC (VÖEN: **********) ilə bağlanmış alqı-satqı müqaviləsi, təmir işlərinə dair protokol, mənzilin sahəsini göstərən eskiz, kredit müqaviləsi, mənzilin dəyərinin ödənişini təsdiq edən (ƏDV daxil olmaqla) ödəniş tapşırığı müəyyən edilmişdir. Ərizə üzrə işin faktiki halları, gətirilmiş dəlillər və toplanmış materiallar (sənədlər) əsas götürülməklə, iddiaçının ərizəsi üzrə ƏDVnin geri qaytarılmasından imtina edilmişdir. Belə ki, İddiaçı tərəfindən qaydaların 5.1.2-ci bəndinə əsasən alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil olmaqla) nağdsız qaydada satıcının bank hesabına ödənildiyi, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənilmədiyi, müəyyən edilmişdir. Qeyd olunanlara əsasən xx.xx.2023-cü il tarixli **********402700 nömrəli imtina qərarı çıxarılmış və müraciət edənin elektron kabinetinə göndərilməsi təmin edilmişdir.Göründüyü kimi, iddiaçı tərəfindən Qaydalarda nəzərdə tutulmuş ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənilmədiyinə görə onun vergi orqanına müraciətləri əsaslı olaraq təmin edilməmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri ararşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçı 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin ödənilməsi səbəbindən ƏDV-nin bir hissəsini geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. Lakin, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri- yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın (bundan sonra-Qaydalar) 5.1.2-ci bəndinə əsasən alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının depozit hesabına ödənildiyini təsdiq edən sənəd təqdim edildikdən sonra vergi orqanından həmin ƏDV məbləğinin bir hissəsini geri qatyarmaq hüququna sahib olur. İş materiallarından göründüyü kimi iddiaçı hal-hazırda 2 saylı Ərazi Vergilər Baş İdarəsinə ƏDV məbləğinin satıcının depozit hesabına ödənilmədiyin görə Vergi orqanının həmin məbləği qaytarmaq öhdəliyi yoxdur. Belə olan halda cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüququnun pozulması müəyyən edilmir. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırkı cavabdehə yönəldilən tələbə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilməməlidir. İddiaçının "xxxx" ASC-yə (VÖEN: **********) müraciət edərək, müqavilədən irəli gələn ƏDV məbləğinin satıcının depozit hesabına ödənildiyini təsdiq edən müvafiq sənədi almaq hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “idarə tərəfindən qəbul edilmiş 18 aprel 2023-cü il tarixli **********6001000 saylı qərarın ləğv olunması və ƏDV-nin bir hissəsinin qaytarılmasının təmin edilməsi üzrə öhdəliyin icra edilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar