Məhkəmə qərarları › İş №e-2-1(118)-4414/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-4414/2024

18.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-4414/2024 18.12.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı “ xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-17344/2023 nömrəli əmək pensiyasının təyin edilməsi haqqında qərarının ləğv edilməsi və iddiaçıya 57 yaşından, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması”na dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı iddia qaldıraraq “iddiaçıya 60 yaşın tamam olduğu tarixdən, yəni xx.xx.2023-cü il tarixdən güzəştlişərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-17344/2023 nömrəli əmək pensiyasının təyin edilməsi haqqında qərarının ləğv edilməsi və iddiaçıya 57 yaşından, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1963-cü ildə doğulmuşdur. O, xx.xx.1978-ci ildən xx.xx.1982-ci ilə qədər Qafur Məmmədov adına Bakı Dəniz Yolları məktəbində əyani təhsil almışdır. xx.xx.1983-cü ildən xx.xx.1999-cu ilə qədər X2 motorist, mexanik, xx.xx.2000-ci ildən xx.xx.2008-ci ilə qədər Azərbaycan Dövlət X2 gəmi təmiri üzrə çilingər, xx.xx.2011-ci ildən xx.xx.2012-ci ilə qədər Fövqəladə Hallar Nazirliyi X4-Xilasetmə Xidməti “Otradnıy” qəza xilasetmə gəmisində mexanik, xx.xx.2015-ci ildən xx.xx.2017-ci ilə qədər X5 Donanmasında mexanik vəzifələrində işləmiş, xx.xx.2021-ci ildən hazıradək Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-də böyük mexanik vəzifəsində işləyir. İddiaçıya cavabdeh orqan tərəfindən 60 yaşının tamam olduğu xx.xx.2023-cü ildə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı hazırda həmin pensiya məbləğini almaqda davam edir. Lakin iddia ərizəsinə əlavə etdiyi sənədlərdən görünür ki, iddiaçının pensiya hüququ 60 yaşdan deyil, 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən həyata keçirilməli idi. Belə ki, iddia ərizəsinə əlavə etdiyi təhsil haqqında arayış və əmək kitabçasının surətindən görünür ki, iddiaçının xx.xx.2006-cı ilə qədər 25 il 04 ay 16 gün əmək stajı mövcud olmuşdur. Bununla bağlı olaraq iddiaçı tərəfindən mövcud sənədlər cavabdeh orqana təqdim edilsə də ona xx.xx.2024-cü il tarixli 3-17-1/2-Ə-82389/2024 saylı məktubla imtina cavabı verilmişdir. İmtinanın əsası kimi onun xx.xx.2006-cı ilə qədər ümumi iş stajının 25 ildən az (21 il 01 ay 25 gün) olması qeyd edilmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Nümayəndə1 iddia ərizəsinə uyğun izahat verərək, iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə filialına (bundan sonra- Mərkəzi Filial) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair 2-1(118)-4414/2024 nömrəli inzibati iş vardır. Aşağıda qeyd olunanlara əsasən hesab edirlər ki, 2-1(118)-4414/2024 nömrəli inzibati iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Buna əsasən etirazlarını təqdim edirlər. İddiaçı 06 mart 2024-cü il tarixdə Mərkəzi Filiala müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filialın 08 aprel 2024-cü il tarixli 3-17-1/2-Ə-82389/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı ümumi iş stajı 25 ildən az (21 il 1 ay 25 gün (xx.xx.1983-xx.xx.1999-cu il, xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1- ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydaları barədə” Əsasnamənin 8-ci bəndinə əsasən ali, orta ixtisas və peşə texniki tədris müəssisələrində əyani təhsil müddəti ümumi iş stajına daxil edilir. Eyni zamanda bildirirlər ki, Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X3 qərarlarını, X3 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. İddiaçı Y.X1 təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az (21 il 1 ay 25 gün (xx.xx.1983-xx.xx.1999cu il, xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Məlumat üçün bildirirlər ki, "xxxx" QSC-nin İddiaçı dair xx.xx.2023-cü il tarixli 045 nömrəli arayışında təhsil aldığı tarixlər göstərilmədiyindən sözügedən arayışda qeyd olunan təhsil aldığı müddəti onun iş stajına əlavə etmək mümkün olmamışdır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: iddiaçıya məxsus ИТ-İ № ******* nömrəli əmək kitabçası; 23 saylı, xx.xx.2024-cü il tarixli arayış; cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2023 –cü il və xx.xx.2024-cü il tarixli məktublar və digər sənədlər daxildirlər.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. Hal-hazırda mübahisə predmeti olan pensiya təyin edilməsi haqqında qərar 29 avqust 2023-cü il tarixdə qəbul edilmiş, iddiaçı tərəfindən həmin qərarın ləğv edilməsi ilə bağlı iddia ərizəsi isə 10 may 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Sözügedən qərar cavabdeh orqan tərəfindən iddiaçıya ümumiyyətlə təqdim edilməmiş, iddiaçı qeyd olunan qərardan məhkəmə sorğusuna cavab məktubu ilə xəbərdar olmuşdur. Göründüyü kimi iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülməmişdir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

Məhkəmə inzibati iş materiallarını tam, hərtərəfli və obyektiv olaraq araşdırıb, belə nəticəyə gəlir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.1963-cü il təvəllüdlü olmaqla ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir.Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdən, yəni 60 yaşının tamam olduğu tarixdən vətəndaşa güzəştli şərtlərlə pensiya təyin edilmişdir. Lakin İddiaçı pensiya hüququnun 60 yaşının tamam olduğu tarixdən deyil, 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün cavabdeh orqana müarciət etsə də, onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqan imtinanın əsası kimi iddiaçının xx.xx.2006-cı il tarixə qədər ümumi iş stajının 25 ildən az olmasını qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə ilk öncə güzəştli şərtlərlə əmək pensiyasının hansı dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq təyin edilməli olmasını müəyyən etmək zəruridir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir. Məhkəmənin qeyd edilən qənaəti həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir -Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlərlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-cı il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idiyaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2017-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 2 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güşətli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur. Hazırki işdə iş materiallarına əlavə olunmuş Azərbaycan Dövlət Dəniz Akademiyası publik hüquqi şəxsi tərəfindən tərtib edilmiş 23 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, iddiaçı 01 sentyabr 1978-ci il tarixindən 20 noyabr 1982-ci il tarixinədək təhsil almışdır. Bundan başqa ИТ-İ № ******* nömrəli əmək kitabçası ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1983-cü il tarixindən xx.xx.1999-cu il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2008-ci il tarixinədək, xx.xx.2011-ci il tarixdən xx.xx.2012-cü il tarixədək, xx.xx.2015-ci il tarixdən xx.xx.2017-cil tarixədək, xx.xx.2021-ci il tarixdən hazırki günədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Məhkəmə eyni zamanda qeyd edir ki, iş materiallarında olan "xxxx" QSC Dəniz Nəqliyyat donanması tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli arayışdan aydın olur ki, iddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1999-cu il tarixədək nəqliyyat donanması gəmilərində, xx.xx.2000-ci il tarixdən xx.xx.2008-ci il tarixədək çilingər təmirçisi və xx.xx.2021-ci il tarixdən hal-hazıradək isə motorçu, baş mexanik vəzifələrində çalışmışdır. Arayışın məzmunundan aydın olur ki, vətəndaşın çalışdığı vəzifələr güzəştli şərtlərlə pensiya təminatı üçün nəzərdə tutulan peşələrə aiddir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həm ümumi, həm də xüsusi iş stajına malik oduğundan ona tələbi üzrə xx.xx.2020-ci il tarixdən, yəni 57 yaşdan əmək pensiyası təyin edilməlidir. İddiaçıya da pensiya təyini ilə bağlı sözügedən Qanun tətbiq edilməli olduğundan cavabdehin imtinası əsassızdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı ona xx.xx.2006-cı ilədək qüvvədə olan qanunvericiliyə müvafiq olaraq güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün zəruri olan 25 il ümumi, 12 il 6 ay xüsusi iş stajına da malikdir. Məhkəmə cavabdehin iddiaçının ona əmək pensiyası təyin edilməsi üçün zəruri olan pensiya kapitalına malik olmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iddiaçıya əmək pensiyası təyinatı “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun tələblərinə müvafiq olaraq aparılmalı olduğundan və həmin qanunda güzəştli şərtlərlə pensiya təyin edilməsi meyarı kimi pensiya kapitalının olması nəzərdə tutulmadığından cavabdeh orqanın qeyd olunan dəlili əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə pensiya 57 yaşının tamam olduğu xx.xx.2020ci il tarixindən təyin edilməlidir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2023cü il tarixli, 3-17-1/3-3-17344/2023 nömrəli “Əmək pensiyasının təyin edilməsi haqqında” qərarının ləğv edilməsi və iddiaçıya 57 yaşından, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalı tərəfindən İddiaçı barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 3-17-1/3- 3-17344/2023 nömrəli “Əmək pensiyasının təyin edilməsi haqqında” qərarı ləğv edilsin. İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar