Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-444/2022 24.01.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Baş İdarəsinə qarşı cavabdeh tərəfindən “01.07.2021-ci il tarixli **********9640800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarın ləğv edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mis qırıntı satdığına görə məcburi şəkildə uçota alınmış və adımn ********** nömrəli vergi uçotu haqqında şəhadətnamə açılmışdır. Bundan sonra cavabdeh vergi orqanı barəmdə 01.07.2021-ci il tarixli **********640800 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar tərtib etmiş və ona 12423.34 manat dəyərində əlavə vergi məbləği hesablamışdır. Hesab edir ki, onun məcburi şəkildə uçota alınmağı və metal qıtmtısı satdığına görə gəlir vergisinin hesablanması tamamilə əsassız və qanunsuzdur. Belə ki, məcburi şəkildə vergi uçotuna alınmağına səbəb olan və cavabdeh vergi orqanı tərəfindən sahibkarlıq fəaliyyəti kimi adlandırılan fəaliyyəti sadəcə olaraq mis tullantıları və metal qırıntıları satmağı olmuşdur. Hansı ki vergi qanunvericiliyinə əsasən metal qırıntılarını satmaq vergi orqanında uçotda almayan şəxs tərəfindən də həyata keçirilə bilər. Başqa sözlə desək, metal qırıntısı satdığını hər hansı vergidən yayındırdığı, gizli əməliyyat nəticəsində deyil, məhz qanuni şəkildə tərtib edilmiş elektron alış-aktı əsasında aşkar edilmişdir. Bu isə həm də o deməkdir ki, həmin elektron alış aktı əsasında mal alan şəxs ondan ödəmə mənbəyində 2 % vergi tutmuşdur. Göründüyü kimi, o və metal qırıntısını ondan alan vergi ödəyicisi arasında baş vermiş əməliyyatı Vergi Məcəlləsinin 71-2.1-ci maddəsinə əsasən elektron alış aktı ilə rəsmiləşdirmiş və həmin vergi ödəyicisi Vergi Məcəlləsinin 101.6-cı maddəsinə əsasən ona ödənilən məbləğdən 2 faiz dərəcə ilə vergini tutmuşdur. Bütün bunlara əsasən hesab edir ki, o və ondan metal qırıntısı alanşəxs tərəfindən Vergi Məcəlləsinin hər hansı müddəası pozulmamışdır. Onun metal qırıntısı satmaqla sahibkarlıq fəaliyyəti göstərməyinə və bu səbəbdən vergi uçotuna alınmağına münasibətdə isə qeyd etdi ki, Vergi Məcəlləsinin 71-2.1-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları, nəzərə alınmaqla, vergi orqanında, uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış, mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. Həmin maddədən aydın olduğu kimi, vergi orqanında uçotda olmayan hər hansı fiziki şəxs topladığı metal qırıntılarını hansısa vergi ödəyicisinə satırsa, bu zaman malı alan tərəf bununla bağlı elektron alış aktı tərtib edir və malları qəbul edir. Yuxarıda qeyd olunanları ümumiləşdirərək bildirdi ki, hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış və hər hansı vergitutulan əməliyyatı vergi orqanından gizlətməmiş, əksinə satdığı metal qırıntılarını rəsmi şəkildə satmış, buna dair elektron alış aktı tərtib edilmiş və ödəmə mənbəyində 2 faiz vergi də tutularaq dövlət büdcəsinə ödənilmişdir. Metal qırıntısının satışından əldə edilən pul vəsaitinin gəlir vergisinə cəlb edilməsinə münasibətdə isə qeyd etdi ki, həmin fəaliyyətdən əldə olun gəlir vergi qanunvericiliyinin tələblərinə əsasən gəlir vergisindən azaddır. Belə ki, Vergi Məcəlləsinin 102.1.7-ci maddəsinə əsasən qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından, incəsənət əsərlərindən, əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan başqa, daşman maddi əmlakın təqdim edilməsindən gəlir vergidən azaddır. Qeyd olunan normadan aydın olduğu kimi, yalnız qiymətli daş və metalların satışı gəlir vergisi məqsədləri üçün vergitutma obyekti hesab edilir. Satdığı metal qırıntısı qiymətli metal olmadığından, həmin malların satışından əldə etdiyi gəlir, gəlir vergisi məqsədləri üçün vergitutma obyekti ola bilməz. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə dəqiqləşdirmə verərək, cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 08.12.2021-ci il tarixli **********451700 nömrəli Qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin 04.11.2021 -ci il tarixli 2-1(118)-2203/2021 nömrəli sərəncamına əsasən İddiaçı (VÖEN: **********) Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 01,07.2021-ci il tarixli **********640800 nömrəli qərarın ləğv edilməsi ” tələbinə dair iddia ərizəsinin surəti 2 saylı Ərazi Vergilər Baş idarəsinə göndərilərək iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb edilmişdir. İddia ərizəsinin dəlillərinə qarşı 2 saylı Ərazi Vergilər Baş idarəsi tərəfindən müvafiq mülahizə (etiraz) hazırlanaraq məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmənin hazırlıq iclasında İddiaçı həmin iddianın dəqiqləşdirilməsinə dair yeni iddia verərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 08.12.2021-ci il tarixli **********451700 nömrəli Qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Aşağıda göstərilənlərə görə iddia tələbinin dəlillərini əsassız hesab edilir. Belə ki, uçot-baza məlumatlarına əsasən araşdırılma zamanı vergi ödəyicisi tərəfindən 2020-ci ildə təqdim edilmiş 372.700,27 manat dəyərində metal qırıntılarının elektron qaimə- faktura əvəzinə elektron alış aktları ilə rəsmiləşdirildiyi müəyyən edilmişdir ki, bu hal da vergidən yayınma riski kimi qiymətləndirilmişdir. Bununla əlaqədar olaraq “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” 22.06.2021 -ci il tarixli **********582200 nömrəli nömrəli məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir, Lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd və ya izahat təqdim edilməmişdir. Göstərilən əməliyyata görə vergi orqanı tərəfindən iddiaçıya 2020-ci ilə görə 12.423,34 manat məbləğində analoji qaydada gəlir vergisi hesablanmışdır. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Vergi Məcəlləsinin 16.1.3, 16.1.6 və 16.1.7-ci maddələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyiclərinin vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 67.1 -ci, 67.1.3-cü, 67.1.6-cı və 67.1.9-cü maddələrinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1 -ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri və vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlardan, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Lakin vergi ödəyicisi tərəfindən qeyd edilən məktuba heç bir əsaslı münasibət bildirilmədiyi üçün tərəfimizdən kameral vergi yoxlaması aparılaraq 2020-ci il gəlir vergisi bəyannaməsi üzrə Nazirlər Kabinetinin 55 nömrəli qərarına əsasən 372.700,27/6=62.116,71*20%=12.423,34 manat analoji qaydada vergi məbləği hesablanılmış və vergi ödəyicisinə 01.07.2021-ci il tarixli **********640800 nömrəli analoji hesablama barədə qərar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən 19.11.2021 -ci il tarixdə dəqiqləşdirilmiş bəyannamə təqdim edərək hesablanmış vergi məbləğini azaltmış və vergi orqanı tərəfindən kameral vergi yoxlamasına əsasən hesablanmış vergi məbləği bərpa edilmiş və vergi ödəyicisinə 08.12.2021-ci il tarixli **********451700 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara - “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 08.12.2021-ci il tarixli **********451700 nömrəli qərarın surəti, cavabdehin etirazı və digər sənədlər. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir və iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ barəsində vergi orqanı tərəfindən vergi borcunu hesabladığı vaxtdan yaranmış olur. Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq 2 saylı Ərazi Vergilər Baş İdarəsi hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, mübahisə predmeti olan qərar Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmişdir, cavabdeh təşkilatın hüquqi ünvanı Sumqayıt şəhəridir, iddiaçının hüquqi ünvanı 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə vergi yığımları 2 saylı Ərazi Vergilər Baş İdarəsinin səlahiyyətlərinə aiddir. Belə olduğu tədqirdə 2 saylı Ərazi Vergilər Baş İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, hazır ki, iddia tələbi mübahisələndirmə iddia tələbi növünə aid olduğuna görə məhkəmədə iddia tələbi qaldırmadan öncə qərarın ləğv edilməsi ilə bağlı Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət etməsinə, yəni pretenziya qaydasına riayət olunmasına zərurət yoxdur. Mübahisələndirmə növündə iddia tələbi üzrə prosessual müddətlərə riayət olunması imperativ xarakter daşıyır. İş materiallarından məlum olur ki, İddiaçı tərəfindən 2 saylı Ərazi Vergilər Baş İdarəsinin tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə 08.12.2021-ci il tarixli **********451700 nömrəli qərarından məhkəmədə iddia qaldırmaq üçün nəzərdə tutulmuş prosessual müddətlərin ötürülməməsi məlum olur. İddia tələbinin məhkəmə aidiyyatının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Sumqayıt şəhəri 44-cü məhəllə ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İş materiallarına əlavə edilmiş 08.12.2021-ci il tarixli **********451700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərara əsasən İddiaçı 2020-ci ilin Gəlir vergisi üzrə 12.423,34 manat məbləğində əlavə vergi məbləği hesabalanmışdır. Qərarın “Bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat” başlıqlı hissəsində hesablamanın əsası “Sair: Bu dövr üzrə analoji qaydada vergi məbləği hesablanmışdır” kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-yə məxsus 2020-ci ilin 2-4-cü rübləri üzrə təqdim edilmiş Ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin “Ödəmə mənbəyində tutulan vergilərin hesablanması” başlıqlı 2-ci bölməsində vətəndaş İddiaçı həmin ilin may, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları ərzində edilmiş ödənişlər və həmin ödənişlərdən ödəmə mənbəyində 2 faiz dərəcə ilə tutulmuş vergilərin məbləği bəyan edilmişdir. Məhkəmə araşdırması zamanı tərəflərin təqdim etdikləri sənədlərə və verdikləri izahatlara əsasən müəyyən edildi ki, İddiaçı 2020-ci ildə ümumilikdə 372700.27 manat dəyərində metal qırıntılarını elektron alış aktı əsasında vergi orqanında uçotda olmuş vergi ödəyicisinə təqdim etmiş və bu hal vergi orqanı tərəfindən vergidən yayınma riski kimi qiymətləndirilmişdir. Belə ki, vergi orqanı hesab etmişdir ki, iddiaçı mütəmadi şəkildə metal qırıntılarının satışı ilə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və onun əldə etdiyi gəlir ümumi qaydada gəlir vergisi məqsədləri üçün 20 faiz dərəcə ilə vergiyə cəlb edilməlidir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, vergi orqanı elektron alış aktları məlumatlarına əsasən iddiaçıya gəlir vergisi üzrə əlavə vergi öhdəliyi hesablamaqla səhvə yol vermişdir. Belə ki, Vergi Məcəlləsinin: 71-2.1-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. 71-2.2-ci maddəsinə əsasən elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. 71-2.3-cü maddəsinə əsasən vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. 101.6-cı maddəsinin 01.01.2022-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutulur. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsinə əsasən vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıdakı mallar nağd qaydada satın alına bilər: -kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu (3.5.1) -əlvan və qara metal qırıntılarının qəbulu (3.5.2) -utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu (3.5.3) -utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu (3.5.4) -xam dərinin tədarükü (alışı) (3.5.5) Yuxarıda qeyd olunan normaların təhlilinə əsasən məhkəmə qeyd edir ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində sadalanan malları, o cümlədən əlvan və metal qırıntılarını vergi orqanında vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxslərdən qəbul edən (alan) vergi ödəyicisi həmin satış əməliyyatı ilə bağlı elektron alış aktı tərtib etməli və həmin mallar ilə bağlı edilmiş ödənişlərdən (vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergini tutmalı və dövlət büdcəsinə ödəməlidir. Hazırkı işin faktiki hallarından görünür ki, vergi orqanında vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs İddiaçı ona məxsus metal qırıntılarını vergi ödəyicisi "xxxx" MMC-yə təqdim etmiş, sonuncu bununla bağlı elektron alış aktları tərtib edərək ödəmə mənbəyində 2 faiz dərəcə ilə gəlir vergisi tutmuşdur. Lakin bununla razılaşmayan cavabdeh vergi orqanı İddiaçı vergi orqanında vergi ödəyicisi kimi uçota almış və metal qırıntılarının satışından əldə edilmiş gəlirini Vergi Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ümumi qaydada 20 faiz dərəcə ilə gəlir vergisinə cəlb etmişdir. Vergi Məcəlləsinin: 96.1-ci maddəsinə əsasən rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. 101.3-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur. 102.1-ci maddəsinə əsasən fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır:............. 102.1.7. qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından, incəsənət əsərlərindən, əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan başqa, daşınan maddi əmlakın təqdim edilməsindən gəlir. Sadalanan normalardan aydın olur ki, qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından, incəsənət əsərlərindən, əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan başqa, daşınan maddi əmlakın təqdim edilməsindən gəlir, həmin gəlirin əldə edilməsi ilə bağlı xərclər nəzərə alınmaqla, 20 faiz dərəcə ilə vergiyə cəlb edilir. İş materiallarından göründüyü kimi, İddiaçı qiymətli daş və metal hesab edilməyən metal qırıntılarının satışını həyata keçirmişdir ki, bu da qanunverici tərəfindən gəlir vergisi məqsədləri üçün vergidən azad edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı metal qırıntılarının satışından əldə etdiyi gəlirləri vergidən azad edildiyi üçün, cavabdeh vergi orqanı tərəfindən hesablanmış 12.423,34 manat gəlir vergisi əsassız olmuşdur. Bundan başqa məhkəmə qeyd edir ki, mübahisələndirilən inzibati akt qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilməmişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Yuxarıda qeyd olunan normaların tələblərinə əsasən inzibati orqan qəbul etdiyi inzibati aktı icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmalı və inzibati aktda işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar, o cümlədən nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. İş materiallarına əlavə edilmiş 08.12.2021-ci il tarixli **********451700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarda cavabdeh vergi orqanı tərəfindən hər hansı əsaslandırma aparılmamış, işin faktiki və hüquqi halları, onları təsdiq və ya rədd edən sübutlar, o cümlədən hesablama aparılarkən istinad olunan normatik hüquqi aktlar dəqiq şəkildə göstərilməmişdir ki, bu da inzibati aktın prosessual pozuntular nəticəsində qəbul edildiyini göstərir. Cavabdeh vergi orqanının İddiaçı fəaliyyətinin sahibkarlıq fəaliyyəti olması və malları elektron alış aktı əsasında deyil, vergi orqanında uçota duraraq elektron qaimə-faktura əsasında təqdim etməli olması barədə dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, qanunverici Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində sadalanan malların, o cümlədən əlvan və qara metal qırıntılarının satışının vergi orqanında vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxslər tərəfindən hər hansı hədd və ya istisna müəyyən etmədən həyata keçirilə bilməsini təsbit etmiş və Vergi Məcəlləsinin 101.6-cı maddəsi isə həmin malların satışından əldə edilən gəlirlərin (vergidən azad olunan gəlirlər istisna olmaqla) 2 faiz dərəcə ilə ödəmə mənbəyində vergiyə cəlb edilməsi qaydasını müəyyən etmişdir. Belə ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2,53.3 və 54.0.1-ci maddələri) İstinad olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. Beləliklə, məhkəmə bəhs olunanlara əsasən hesab edir ki, iddiaçıya kameral vergi yoxlamasının nəticəsi olaraq vergi məbləği hesablanarkən yuxarıda sadalanan pozuntulara yol verildiyindən, inzibati orqan qəbul etdiyi inzibati aktı əsaslandıra, həmçinin onun qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən, mübahisələndirilən 08.12.2021-ci il tarixli **********451700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar ləğv edilməli və həmin qərara əsasən hesablanmış əlavə vergi məbləği silinməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14, 68, 69, 73, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 08.12.2021-ci il tarixli **********451700 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №e-2-1(118)-444/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-444/2022
24.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver