Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-4470/2025 09.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2nə qarşı iş üzrə (Açar sözlər: arayışın verilməsi) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh X2nə qarşı “arayışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları
1. İddiaçı cavabdeh X2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Novxanı bağ massivi ərazisində ümumi sahəsi 0,20 ha olan 20 saylı torpaq sahəsi üzərində İddiaçı adına mülkiyyət hüququnun qeydiyyata alınması və mülkiyyət hüququna dair texniki pasportun və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Novxanı bağ massivi ərazisində ümumi sahəsi 0,1895 ha olan 20 saylı torpaq sahəsinin mərhum X3 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi ərazisində ümumi sahəsi 0,20 ha olan 20 saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və mülkiyyət hüququna dair texniki pasportun və çıxarışın verilməsi barədə müvafiq qərar qəbul edilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə ərizə ilə müraciət edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 09 yanvar 2025-ci il tarixli, 3-21-3- 31/2-2-0106/2024 nömrəli məktubu ilə qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və mülkiyyət hüququna dair texniki pasportun və çıxarışın verilməsindən imtina edilmişdir. İmtinanın verilmə əsaslarından biri kimi həmin torpaq sahəsinin 0,1895 ha olduğu və torpaq sahəsinin 0,06 ha hissəsinin dəmiryolu xəttinin mühafizə zolağına düşdüyü bildirilmişdir. Lakin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 13- 1/2-Ə-3772/1-14/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi ərazisinin yaxınlığından keçən ADY-nin Pirşağı-Sumqayıt sərnişin mənzili 1969-1970-ci illərdə çəkilmişdir. Bundan başqa Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 04 oktyabr 2023-cü il tarixli cavab məktubu ilə yuxarıda qeyd olunan cavab məktubu bir-birinə zidddir. Belə ki, hər iki məktubun eyni şəxs tərəfindən imzalanmasına baxmayaraq bu məktubda həmin torpaq sahəsinin 0,1585 ha olduğu və torpaq sahəsinin 0,0341 ha hissəsinin dəmiryolu xəttinin mühafizə zolağına düşdüyü bildirilmişdir. Buradan da görünür ki, vətəndaşın müraciətinə verilən cavablar başdansovdu olmaqla heç bir rəsmi sənədə əsaslanmamışdır. Sumqayıt şəhəri Soveti İcraiyyə Komitəsinin Bağ təsərrüfatı Tresti tərəfindən verilmiş “Bağ sahələrinin, tikililərin uzun müddətli icarəyə verilməsi haqqında xx.xx.1968-cı il tarixli müqavilə və mövcud olan sənədlərə əsasən (yəni dəmiryolu xətti çəkilməmişdən əvvəl) Sumqayıt şəhəri, Novxanı bağ massivi ərazisində ümumi sahəsi 0,20 ha olan 20 saylı torpaq sahəsi üzərində mərhum X4 istifadəsinə verilmişdir. İddiaçı mərhum X4 hüquqi varisidir. Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinin 01-44/343/147 nömrəli xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Abşeron rayonunun Novxanı Bağları massivində yerləşən bağ sahəsinin kənarında 0118 saylı komplekt transformator məntəqəsi 2016-cı ildə quraşdırılaraq istismara verilmişdir. Torpaq sahəsinin 0118 dispetçer saylı KTM-nin istismar olunmasına maneçiliyi yoxdur. Torpaq sahəsinin kənarında "Bağlar" ETSİ-nin balansında olan hava veriliş xətti mövcud deyildir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən imtina məktubu qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin vəzifəli şəxslərin hərəkətsizliyi Sumqayıt şəhəri, Novxanı bağ massivi ərazisində ümumi sahəsi 0,20 ha olan 20 saylı torpaq sahəsi üzərində hüquqlarını həyata keçirməsini məhdudlaşdırılır. Göründüyü kimi, iddiaçı inzibati orqan tərəfindən ayrı-seçkiliyə məruz qalmışdır.
4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 149, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 139.3, 152.1, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2, 12.1, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cümaddələrinə istinad olunmuşdur.
5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim olunmamışdır.
b) Tərəflərin iştirakı və izahatları
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.
c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
8. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
9. Sumqayıt şəhər Soveti İcraiyyə Komitəsi Baş Təsərrüfatı Trestinin “Bağ sahələrinin, tikililərin uzun müddətli icarəyə verilməsi” haqqında xx.xx.1968-ci il tarixli müqaviləyə əsasən ümumi sahəsi 0,20 ha olan 20 nömrəli bağ sahəsi X5 icarəyə verilmişdir.
10. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2366/2023 nömrəli qətnaməsi ilə Sumqayıt şəhər Soveti İcraiyyə Komitəsi Baş Təsərrüfatı Tresti tərəfindən X5 0,20 ha bağ-torpaq sahəsi icarəyə verilməsinə dair 01 yanvar 1968-ci il tarixli sahələrin, tikililərin uzun müddətli icarəyə verilməsi haqqında müqavilənin giriş hissəsində qeyd edilən X7 ilə müqavilənin arxa tərəfində qeyd edilən X2 eyni şəxs olması müəyyən edilmişdir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ünvan 1 ünvanlanmış məktubunda qeyd olunmuşdur ki, X2 ölümü ilə əlaqədar xx.xx.2016-cı il tarixində vərəsəsinin (İddiaçı) ərizəsi əsasında vərəsəlik işi açılmış, vərəsələrin dairəsi müəyyən olunmuşdur. Miras tərkibində olan ünvan 2 ünvanda yerləşən sahəsi 0,20 ha olan torpaq sahəsinə dair dövlət reyestrindən çıxarış verilməsi xahiş olunur.
12. Dövlət Arxinin Sumqayıt filialının xx.xx.2023-cü il tarixli, 91 nömrəli arxiv arayışından görünür ki, Sumqayıtda bağ sahəsi olan Bakı və onun rayonlarında yaşayan şəxslərin siyahısında 20 nömrəli bağ sahəsinin qarşısında X2 adı qeyd edilmişdir.
13. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, iddiaçıya məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi ərazisinin yaxınlığından keçən ADY-nin Pirşağı-Sumqayıt sərnişin mənzili 1969-1970-ci illərdə çəkilmişdir.
14. Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinin xx.xx.2024- cü il tarixli, 01-44/343/147 nömrəli məktubunda qeyd olunmuşdur ki, Abşeron rayonunun Novxanı bağları massivində iddiaçının mülkiyyətində olan bağ sahəsinin kənarında yerləşən 0118 saylı komlekt transformator məntəqəsi 2016-cı ildə quraşdırılaraq istismara verilmişdir. Torpaq sahəsinin 0118 dispetçer saylı KTM-in istismar olunmasına maneçiliyi yoxdur. Torpaq sahəsinin kənarında “Bağlar” ETSİ-nin balansında olan hava veriliş xətti mövcud deyil.
15. X2 tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, sözügedən torpaq sahəsinin yerləşmə mövqeyi və konfuqrasiyası ilə bağlı sxematik plan ərizəyə əlavə olunmadığından qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsinin faktiki vəziyyətə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə göstərilən torpaq sahəsinə müayinə baxışı keçirilən zaman faktiki torpaq sahəsinin ölçüsünün 0,1895 ha olduğu və torpaq sahəsinin 0,06 ha hissəsinin dəmiryolu xəttinin mühafizə zolağına düşdüyü müəyyən olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir.
16. xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd edilmişdir ki, torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 0,2 ha və faktiki 0,1895 ha ölçüdədir. Torpaq sahəsinin 1 tərəfi qonşu, 3 tərəfi yoldur. Torpaq sahəsinin 2 tərəfdən mişar daşı ilə hasarlı, 2 tərəfdən şərti sərhəddir. Texniki invertarlaşdırma işləri aparıldı. Torpaq sahəsinin 11 metr aralı məsafəsindən dəmir yolu xətti keçir. Bundan əlavə torpaq sahəsinin daxilindən 6 KVt-lıq elektrik xətti keçir və xətt qırıqdır. Torpaq sahəsinin daxilində transformator mövcuddur. Yuxarı hissədən torpaq sahəsinin 269 m2 hissəsi 6 KVt-lıq elektrik xəttinin mühafizə zolağına düşür. Torpaq sahəsi 105 m2 azdır.
ƏSASLANDİRMA HİSSƏSİ:
a) İddianın növü və mümkünlüyü
17. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən də, mümkün hesab edilir.
18. Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair - öhdəliyin icrası haqqında iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
19. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdikdən sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
b) Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİİ hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
21. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu: 1-ci maddə: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93).
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış.
23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması” Qaydalarının: 16-cı bəndinə əsasən dəmir yolunun sanitariya-mühafizə zonasında torpaq sahələri onların mülkiyyətçiləri və ya istifadəçiləri tərəfindən yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalını məqsədləri üçün fiziki və ya hüquqi şəxslərə qısamüddətli istifadəyə verilə bilər. 27-ci bəndinə əsasən dəmir yolunun sanitariya-mühafizə zonası ərazisində yerləşən torpaq sahələrinin mülkiyyətçiləri və ya qanuni istifadəçiləri həmin torpaq sahələrindən yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalını məqsədləri üçün istifadə edə bilərlər.
25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır . 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. inzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
c) Məhkəmənin mövqeyi
27. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
28. Belə ki, Sumqayıt şəhər Soveti İcraiyyə Komitəsi Baş Təsərrüfatı Trestinin “Bağ sahələrinin, tikililərin uzun müddətli icarəyə verilməsi” haqqında xx.xx.1968-ci il tarixli müqaviləyə əsasən ümumi sahəsi 0,20 ha olan 20 nömrəli bağ sahəsi X5 icarəyə verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2366/2023 nömrəli qətnaməsi ilə Sumqayıt şəhər Soveti İcraiyyə Komitəsi Baş Təsərrüfatı Tresti tərəfindən X5 0,20 ha bağ-torpaq sahəsi icarəyə verilməsinə dair 01 yanvar 1968-ci il tarixli sahələrin, tikililərin uzun müddətli icarəyə verilməsi haqqında müqavilənin giriş hissəsində qeyd edilən X7 ilə müqavilənin arxa tərəfində qeyd edilən X2 eyni şəxs olması müəyyən edilmişdir. X6 öldükdən sonra onun vərəsəsi olan İddiaçı torpaq sahəsinin mərhum X3 məxsus olması barədə arayışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh tərəfindən onun müraciətinin icrasından imtina edilərək qeyd edilmişdir ki, sözügedən torpaq sahəsinin yerləşmə mövqeyi və konfuqrasiyası ilə bağlı sxematik plan ərizəyə əlavə olunmadığından qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsinin faktiki vəziyyətə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə göstərilən torpaq sahəsinə müayinə baxışı keçirilən zaman faktiki torpaq sahəsinin ölçüsünün 0,1895 ha olduğu və torpaq sahəsinin 0,06 ha hissəsinin dəmiryolu xəttinin mühafizə zolağına düşdüyü müəyyən olunmuşdur.
29. Məhkəmə cavabdeh inzibati orqanın imtinası ilə bağlı qeyd edir ki, torpaq sahəsinin yerləşmə mövqeyi və konfuqrasiyası ilə bağlı sxematik plan ərizəyə əlavə olunmasa da, torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilədə bağ sahəsinin nömrəsi göstərilmiş, eyni zamanda torpaq sahəsinə cavabdeh tərəfindən baxış keçirilərək müayinə aktı tərtib edilmişdir. Yerquruluşu, habelə torpaq sahələrində mərzçəkmə işlərinin aparılması cavabdehin inzibati orqanın öhdəliyidir. Lakin buna baxmayaraq, cavabdeh inzibati orqan iddiaçının müraciəti üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmişdir.
30. Məhkəmə cavabdeh inzibati orqanın imtinasında qeyd edilən torpaq sahəsinin 0,06 ha hissəsinin dəmiryolu xəttinin mühafizə zolağına düşməsi ilə bağlı bildirir ki, torpaq sahəsi mərhum M.Əliyevə 1968-ci il tarixdə ayrılmış, dəmiryolu xətti isə 1969-1970-ci illərdə çəkilmişdir. Göründüyü kimi dəmiryol xətti sözügedən torpaq sahəsinin ayrılmasından sonra çəkilmişdir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması” Qaydaları dəmir yolunun mühafizə zonasında yerləşən torpaq sahələrinin mülkiyyətçilərinin həmin torpaqlardan hansı qaydada istifadə edilə bilməsi qaydalarını tənzimləyir. Odur ki, qeyd olunan hal torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün imtina əsası ola bilməz.
31. Sonuncu imtina səbəbi kimi isə faktiki torpaq sahəsinin ölçüsünün 0,1895 ha olduğu bildirilmişdir. İddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilərək 0,1895 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X3 məxsus olmasına dair arayış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş edilmişdir. Göründüyü kimi, sözügedən imtina əsası da hazırkı vaxtda aradan qalxmışdır.
32. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni vəziyyətdə olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur.
34. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmişdir. Qeyd olunan halların torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasına mane olan hal kimi qiymətləndirilməsi inzibati icraatın təməl prinsipi kimi etimadın qorunması prinsipinin mahiyyətinə ziddir.
35. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2017-ci il tarixli qərarı).
36. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Novxanı bağ massivində yerləşən ümumi sahəsi 0,1895 ha olan 20 saylı torpaq sahəsinin mərhum X3 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh X2nin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
37. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Novxanı bağ massivində yerləşən ümumi sahəsi 0,1895 ha olan 20 saylı torpaq sahəsinin mərhum X3 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh X2nin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Qəşəm Məmmədli