Məhkəmə qərarları › İş №e-2-1(118)-4646/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(118)-4646/2025

29.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-1(118)-4646/2025 29.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinə (bundan sonra – “cavabdeh”) qarşı “cavabdehin cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə 22 noyabr 2024-cü il tarixli, 3-21-2-11/2-12181/2024 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin 22 noyabr 2024-cü il tarixli, 3-21- 2-11/2-12181/2024 saylı qərarı ilə iddiaçıya 22.187,87 manat vergi hesablanmışdır. Halbuki verilən bəyannamə üzrə bu məbləğ 4.549,51 manat olmalı idi. X1 Xidməti 17.608,36 manat artıq vergi hesablamaqla Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 4.1.1 və 24.1.2-ci maddəsində göstərilən və vergi ödəyicisi olan iddiaçının hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borclu olduğu halda bunu etməmişdir. Belə ki, iddiaçının vergi ödəyicisi olaraq əsas fəaliyyəti əhalidən (fiziki şəxslərdən) heyvan mal-qara yığaraq "xxxx" MMC-yə satmaq olmuşdur. İddiaçı 2022-ci ildə rəsmi qaydada elektron qaimə faktura kənd təsərrüfatı mallarını kənd camaatından alaraq "xxxx" MMC-yə satmışdır. Həmin malların alışını təsdiq edən elektron qaimə faktura əldə etmək mümkün olmamışdır. Bu səbəbdən də vergi orqanına təqdim olunan bütün bəyannamələrdə 2022-ci il üzrə gəlir vergisi bəyannaməsi ilə əlaqədar müraciətdə xərc sənədlərinin olmamasına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 saylı Qərarının tətbiq olunması və xərclərin şərti rentabellik norması əsasında müəyyən edilməsi xahiş olunmuşdur. Cavabdeh “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 22 noyabr 2024-cü il tarixli, 3-21-2-11/2- 12181/2024 saylı qərarı ilə Cəmiyyətin malın alınmasına dair heç bir xərcini nəzərə almamış, bütün satış məbləğini xalis gəlir kimi qiymətləndirərək gəlir vergisinə cəlb etmişdir, halbuki gəlirin 117.000 manat olması işin mübahisəsiz halıdır və cavabdeh tərəfindən də qəbul olunur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin tərəflərə göndərilmiş məktubu ilə ərazi aidiyyəti üzrə məsələnin məhkəmə tərəfindən araşdırıldığı tərəflərin diqqətinə çatdırılmış və aidiyyət məsələsi üzrə öz mövqelərini bildirmək üçün tərəflərə vaxt verilmişdir. İddiaçının vəkili və nümayəndəsi məhkəmənin hüquqi yardıma dair məktubuna münasibətdə yazılı ərizə təqdim edərək bildirmişdir ki, Şamaxı şəhərində yerləşən Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi ərazi yurisdiksiyası olaraq Sumqayıt İnzibati Məhkəmənin hüquqi təsir dairəsi altına düşür. Çünki, Dövlət Vergi Xidmətinin ərazi idarələri sayladır və müxtəlif rayonlarda yerləşir. Beləliklə, Şamaxıda yerləşən inzibati orqanın qəbul etdiyi inzibati akt isə mübahisəsiz olaraq Sumqayıt İnzibati Məhkəmədə mübahisələndirilə bilər. Cavabdeh məhkəməyə “elektron kabinet” vasitəsilə ərizə ilə müraciət edərək, inzibati işin aidiyyət məsələsi ilə əlaqədar münasibətini bildirmiş, iddiaçının yaşadığı və ya qeydiyyatda olduğu yer üzrə aidiyyəti üzrə məhkəməyə göndərilməsinə etiraz etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin ərazi aidiyyətinə münasibətini bildirərək, hazırkı iş üzrə cavabdeh orqanın Şamaxı rayonunda yerləşməsi və həmin ərazinin də Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olduğu üçün, həmin məhkəmədə baxılmasını xahiş etmişdir. Cavabdeh orqan isə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini və aidiyyətlə bağlı qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.” Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95). Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPMin 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Bildirişdə həmçinin, İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş ərazi aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsi tələbi irəli sürülmüş və hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. İPM-in: 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. 8.1.2-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə qeyd edir ki, mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqan olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən və iddiaçının şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən yaşayış yeri Ağsu rayonu olduğundan, həmçinin vergi ödəyicisi kimi Ağsu rayonunda qeydiyyatda olduğundan və hüquqi ünvanının Ağsu rayonu olduğundan, iddia tələbinə ərazi aidiyyəti üzrə baxmağa səlahiyyətli olan məhkəmə Şəki İnzibati Məhkəməsidir. Belə ki, “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 43-cü maddəsinə əsasən inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na görə Ağsu rayonu Şəki İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidlərinə daxildir (19.2ci bənd). Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, hazırkı iş baxılması üçün ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. İPM-in 8.5-ci maddəsinə əsasən, bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.1, 8.2-ci və 8.5-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı “cavabdehin cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə 22 noyabr 2024-cü il tarixli, 3-21-2-11/2-12181/2024 saylı qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar