Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-469/2023 21.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Burcayev İmran Ramazan oğlununun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “iddiaçının şəxsi hesab vərəqəsində mövcud olan vergilər üzrə 223067.63 manat artıq ödəmənin qaytarılması barədə rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: ünvan 2nda baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İlkin olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının şəxsi hesab vərəqəsində mövcud olan vergilər üzrə 223067.63 manat artıq ödəmənin qaytarılması barədə rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin şəxsi hesab vərəqəsindən də göründüyü kimi cəmiyyətin xx.xx.2022-ci il tarixə vergilər üzrə 223067.63 manat artıq ödəməsi mövcuddur. Qeyd edilən artıq ödəmənin qaytarılması barədə rəy verilməsi üçün cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə xx.xx.2021 və xx.xx.2021-ci il tarixli ərizələrlə müraciət edilsə də, cavahdeh vergi orqanı 1 ildən artıq müddətdir ki, qeyd olunan artıq ödəmənin qaytarılması üçün rəy verməkdən hər dəfə fərqli bəhanələrlə imtina edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 15.1.4-cü maddəsinə əsasən artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququdur. 24.0.10-cu maddəsinə əsasən vergi orqanları vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə borcludur. 85.5-ci maddəyə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. 87.1-ci maddəyə əsasən bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər: - digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir; - vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. 87.3-cü maddəyə əsasən bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. 87.4-cü maddəyə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. 179.1-ci maddəyə əsasən hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi sıfır dərəcəsi ilə vergiyə cəlb olunan vergi ödəyicisinə, hesabat dövründə əvəzləşdirilən vergi məbləğinin hesablanmış vergidən artıq olan hissəsi onun vergi və ya gömrük orqanlarına ərizəsini verdiyi vaxtdan 20 gün ərzində qaytarılır. 179.2-ci maddəyə əsasən digər vergi ödəyiciləri üçün - əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi vergi ödəyicisinin vergi və gömrük orqanlarına ərizəsini verdiyi vaxtdan 4 aydan gec olmayaraq qaytarılır. Sadalanan normalardan aydın olduğu kimi, artıq ödənilmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən dövriyyəsinin azı 50 faizi sıfır dərəcə ilə olan ƏDV ödəyicilərinə münasibətdə 20 gün, digər ƏDV ödəyicilərinə münasibətdə 4 ay, ƏDV ödəyicisi olmayan digər vergi ödəyicilərinə münasibətdə isə 45 gün müddətində qaytarılır. Vergi ödəyicisi artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası məbləğlərinin geri qaytarılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş formaya uyğun ərizə ilə vergi orqanına müraciət edir və sonuncu isə ərizənin daxil olduğu gündən qanunla müəyyən edilmiş müddət ərzində müvafiq rəyi tərtib edərək maliyyə orqanına göndərir. Hazırkı işin hallarından görünür ki, iddiaçı "xxxx" MMC artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə xx.xx.2021 və xx.xx.2021-ci il tarixli ərizələrlə cavabdeh vergi orqanına müraciət etməsinə baxmayaraq, sonuncu Vergi Məcəlləsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydalarının tələblərini pozaraq qanunla müəyyən edilmiş rəyi bügunki tarixədək tərtib etməmişdir. Beləliklə, hesab edilir ki, iddiaçının şəxsi hesab vərəqəsində mövcud olan 223067.63 manat artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə rəyin verilməsi öhdəliyi cavabdeh vergi orqanının üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı tərəfindən artıq ödəmənin qaytarılması ilə bağlı vergi orqanına müraciətlər edilmiş və həmin müraciətlərə vergi orqanlarında baxılaraq xx.xx.2021-ci il tarixli, **********603700 nömrəli, xx.xx.2022-ci il tarixli **********354800 nömrəli və xx.xx.2022-ci il tarixli **********647700 nömrəli məktublarla artıq ödəmə kimi mövcud olan verginin qaytarılmasına müvafiq əsasların olmadığı bildirilmişdir. Belə ki, baza məlumatlarına əsasən "xxxx" MMC (VÖEN **********) tərəfindən 2016-cı ilin yanvar və fevral aylarında Rusiya Federasiyasından 6250225.04 manat məbləğində müxtəlif metal məmulatlar (qara metaldan borular, qara metaldan şvellerlər, dəmirdən və ya aşqarlanmamış poladdan olan yastı prokat və s.) idxal edilmiş və həmin dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində vergiyə cəlb olunan dövriyyə 4482508.00 manat olmaqla 806851.44 manat ƏDV hesablanmış və idxal edilmiş mallara görə 1131990.64 ƏDV (DGK tərəfindən bazar qiymətinə uyğunlaşdırılmış dəyəri) tam olaraq əvəzləşdirilmiş, nəticədə şəxsi hesab vərəqəsində 325139.20 manat artıq ödəməsi yaranmışdır. Halbuki, vergi ödəyicisi statistik dəyəri qəbul etmədiyini bildirmişdir. Göründüyü kimi, vergi ödəyicisi satış dövriyyəsini real bazar dəyərindən aşağı əks etdirdiyindən şəxsi hesab vərəqəsində artıq ödəmə məbləği yaranmışdır. Vergi orqanı tərəfindən kameral vergi yoxlaması ilə idxal edilmiş malların daxili bazarda 1 tonunun qiymətinin (real bazar qiymətinin) 1200 manat olduğu əsas götürülərək xx.xx.2016-cı il tarixdə 2016-cı ilin mart və iyul ayları üçün təqdim edilmiş əlavə dəyər vergisi bəyannamələri kameral vergi yoxlaması ilə əhatə olunaraq müvafiq olaraq 397348.56 manat və 380586.89 manat əlavə vergi məbləği hesablanmışdır. Qeyd edilən uyğunsuzluqla bağlı vergi ödəyicisinə xx.xx.2016-cı il tarixli **********620700 nömrəli kameral vergi yoxlaması üçün zərüri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub göndərilməsinə baxmayaraq vergi ödəyicisi tərəfindən heç bir münasibət bildirilmədiyindən kameral qaydada əlavə vergi məbləği hesablanmış və vergi ödəyicisinə xx.xx.2016-cı il tarixli **********527800 nömrəli vergilərin hesablanması barədə qərar göndərilmişdir. Təqdim edilən ƏDV hesabatlarında göstərilən ƏDV-siz dövriyyə ilə malların idxal dəyəri arasında 1806328,87 manat məbləğində fərq müəyyən edilmişdir. Yük gömrük bəyannamələri üzrə miqdar ifadəsində idxal edilən malların təqdim edilməsi, malların zərərlə təqdim edilməsi və ya bir hissəsinin satıldığı halda digər hissəsinin təqdim edilməməsi (bəyan edilməməsi) halları mövcud olmuşdur. Vergi ödəyicisi yalnız özü tərəfindən dəvət edilmiş ekspert tərəfindən müəyyən qiyməti əsas gətirərək uçotunu aparmışdır. İdxal olunmuş, lakin Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmədən təqdim edilən mallar üzrə vergi öhdəlikləri yayındırıldığından belə malların idxalı zamanı ödənilən ƏDV məbləğlərinin əvəzləşdirilməsindən yaranan artıq ödəmələrin qaytarılması mümkün hesab edilmir. “CM-2015" MMC-nin idxal olunmuş qara metalın satılmasına dair ucot məlumat bazasında təqdim edilmiş elektron hesab faktura və qaimə fakturalara rast gəlinmədiyindən və MMC-nin təsərüfat subyekti olmadığından, təqdim edilmiş Mənfəət vergi bəyannaməsinin əlavəsində ilin sonuna mal qalığı göstərmədiyindən təqdim edilən mallar üzrə vergi öhdəlikləri yayındırıldığı ehtimal olunduğundan artıq ödəmənin qaytarılması məqsədə müvafiq hesab edilməmişdir. Göründüyü kimi, ƏDV üzrə əvəzləşdirmədən yaranmış artıq ödəmə məbləğinin qaytarılması tələbi yuxarıda göstərilənlərə əsasən əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi, həmçinin vəsatət təqdim edərək "xxxx" MMC-nin adı təsisçinin xx.xx.2022-ci il tarixli qərarına əsasən dəyişdirilərək İddiaçı MMC müəyyən edildiyindən və qeyd olunan dəyişiklik hüquqi şəxslərin dövlət reyestrində qeydə alındığından iddiaçı "xxxx" MMC-nin İddiaçı MMC kimi oxunmasını məhkəmədən xahiş etdi. Sumqayıt İnzibati Məhkəməsinin qərardadı ilə "xxxx" MMC-nin İddiaçı MMC kimi qəbul edilmiş, həmçiinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi üçüncü şəxs qismində məhkəməyə cəlb edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. Üçüncü şəxs məhkəmə iclası barədə məlumatlandırılmasına baxmayaraq təmsil edilməmiş və bu barədə hər hansı bir məlumat verməmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara aşağıdakılar aiddir: • Cavabdeh tərəfindən iddiaçıya təqdim olunan məktublara əsasən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. • Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Qurumunun Dövlət Qeydiyyatı haqqında şəhadətnaməyə əsasən "xxxx" MMC dövlət qeydyyatına alınmışdır (VÖEN **********). Cəmiyyətin xx.xx.2015-ci il tarixdə qəbul edilmiş Nizamnaməsi iş materiallarına əlavə edilmişdir. • İddiaçı MMC-nin şəxsi hesab vərəqəsinə əsasən saldo məbləği 223.067,63 manat məbləğində müəyyən edilmişdir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilkin olaraq iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Hazırkı iddia mümkün iddiadır. Belə ki, iddiaçının mövcud tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan artıq ödənilmiş pulların vergi orqanına ödənildiyi vaxtdan yaranmış olur. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı 2 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət etmiş və inzibati orqanın xx.xx.2021-ci il tarixli, **********603700 nömrəli, xx.xx.2022-ci il tarixli **********354800 nömrəli və xx.xx.2022-ci il tarixli **********647700 nömrəli məktublarla ilə imtina cavabını almışdır. Digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair məhkəmə qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.4-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Sumqayıt şəhər ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 85.3-cü maddəsinə əsasən vergilərin ödənilməsi müddəti təqvim tarixi ilə və ya illərlə, rüblərlə, aylarla, dekadalarla, həftələrlə və günlərlə hesablanan dövrün qurtarması ilə, habelə baş verməli hadisə və yaxud edilməli olan hərəkət göstərilməklə müəyyən olunur. vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir (maddə 85.4). Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir (maddə 85.5). Vergi Məcəlləsinin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 fevral 2001-ci il 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları” ilə müəyyən edilir. Həmin Qaydaların 1.1-ci bəndinə əsasən həmin Qaydalar Vergi Məcəlləsinin 87.4-cü maddəsinə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.2-ci maddəsinə və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisindən və ya sığortaedəndən düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, hesablanmış faizlərin, habelə vergi və məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının, eyni zamanda, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisinin (bundan sonra - büdcəyə artıq ödəmələr) məbləğlərinin qaytarılması qaydalarını müəyyən edir. Qaydaların 2.1-ci bəndinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 (üç) il müddətində ondan düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 (beş) il müddətində tələb etmək hüququna malikdir. Qaydaların 3.1-ci bəndinə əsasən, vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən isə Artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, onlara hesablanmış faizlərin, habelə məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. Qaydaların 3.2-ci bəndinə əsasən büdcəyə artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin və ya sığortaedənin qeydiyyatda olduğu vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. Qaydaların 4.1 və 4.1.3-cü bəndlərinə əsasən 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər. Qaydaların 4.9-cu bəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 (dörd) nüsxədə rəy tərtib edirlər. Qaydaların 4.10-ci bəndinə əsasən vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə tərtib olunmuş rəyin (4 nömrəli əlavə) 2 (iki) nüsxəsi və ərizənin surəti vergi ödəyicisinin ərizəsi daxil olduğu tarixdən 25 və ya bu Qaydaların 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş halda 12 gün, 4.8-ci bəndin ikinci cümləsində nəzərdə tutulmuş halda isə 3 (üç) ay müddətində vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların Bakı şəhərindəki qurumları tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların yerli qurumları tərəfindən artıq ödəmənin qaytarılmalı olduğu müvafiq yerli maliyyə orqanına və 1 (bir) nüsxəsi büdcəyə artıq ödəmələri olan vergi ödəyicisinə göndərilir, 1 (bir) nüsxəsi isə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanda qalmalıdır. Qaydaların 4.12-ci bəndinə əsasən tərtib olunmuş rəy nəticəsində büdcəyə artıq ödəmələrin faktiki qaytarılmış məbləğləri vergilərin, hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılmasına münasibətdə maliyyə orqanlarının, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, hesablanmış faizlərin və məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılmasına münasibətdə isə sosial təminatı və müdafiəni həyata keçirən orqanların rəsmi məlumatına əsasən vergi ödəyicisinin və ya sığortaedənin şəxsi hesab vərəqəsində əks etdirilir və büdcəyə daxilolmalar barədə hesabatlarda nəzərə alınır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Dövlət Vergi Xidmətinə “artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizə ilə müraciət edərək 127996.39 və 95000 manat artıq ödəmənin geri qaytarılmasını tələb etmişdir. 127996,39 manat artıq ödəmə xx.xx.2021-ci il tarixdə məhkəmə qərarının icrasından sonra yaranmışdır. xx.xx.2020-ci il tarixdə **********854900 nömrəli qərarla vergi orqanı tərəfindən 2017-ci ilin mənfəət vergisi üzrə hesablanmış 95111,24 manat məbləğ, ƏDV-nin əvəzləşdirilməsi nəticəsində şəxsi hesab vərəqəsində yaranan artıq ödəmə məbləğindən silinmişdir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin yekun qərarı ilə xx.xx.2020-ci il tarixli **********854900 nömrəli qərarın ləğv edilməsi nəticəsində vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixdə Cəmiyyətin şəxsi hesab vərəqəsinə edilmiş düzəliş səbəbindən ərizədə istənilən 95000 manat artıq ödənilmiş məbləğ yaranmışdır. İddiaçı 223067,63 manat artıq ödənilmiş vasaitin geri qaytarılması ilə bağlı müraciətinə imtina cavabı aldıqdan sonra xx.xx.2022-ci ildə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən iddiaçının cavabdeh təşkilata xx.xx.2021-ci il tarixli müraciətindən geriyə 5 il hesablandıqda 223067,63 manat artıq ödəməsinin olması müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 85.5-ci maddəsində göstərilmiş 5 illik müddəti kəsici müddətdir və həmin müddət keçdikdən sonra tələb etmə müddəti itirilir. Ona görə də məhkəmə hesab edir ki, 223067.63 manat pulun tələb etmə müddəti keçmədiyinə görə həmin vəsait İddiaçı MMCyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı MMC tərəfindən 223067,63 manat artıq ödənilmiş maliyyə vəsaitinin qaytarılması barədə rəyin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı MMC-nin şəxsi hesab vərəqəsində mövcud olan vergilər üzrə 223067.63 manat artıq ödəmənin qaytarılması barədə rəyin verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətindəziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İmran Burcayev
Məhkəmə qərarları › İş №e-2-1(118)-469/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-469/2023
21.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver