Məhkəmə qərarları › İş №e-2-1(118)-4791/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-4791/2025

03.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-4791/2025 03.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin olunması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi Qanuni nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Abşeron DOST mərkəzinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-112-C-220911/2024 nömrəli cavab məktubu ilə ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Səbəb kimi isə ümumi olaraq 20 il 5 ay 1 gün sığorta stajının olması göstərilmiş və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalımın qeydə alınmadığını bildirmişlər. İddiaçı xx.xx.2003-cü ildən xx.xx.2006-cı ilədək 2 saylı Şərur seçki dairəsi Dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü olmuşdur. Bu isə onun 2006-cı ilin ilk 6 ayında fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alındığını təsdiqləyir. Hətta 2 saylı Şərur-Kəngərli DSK-dan arayış da alıb müvafiq quruma təqdim etmişdir. Lakin, yuxarıda qeyd etdiyi kimi Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlarda xx.xx.2006-cı ildən sonra pensiya təyinatına imkan verən pensiya kapitalının qeydə alınmadığı bildirilmişdir. 2 saylı Şərur-Kəngərli DSK-da işlədiyi xx.xx.2003-cü ildən xx.xx.2006-cı ilədək olan dövrün sığorta stajına daxil edilməməsi onun məsuliyyətsizliyi deyil, birbaşa Nazirliyin müvafiq qurumlarının məsuliyyətsizliyindən irəli gələn haldır. Faktik olaraq həmin dövr ərzində 2 saylı Şərur-Kəngərli DSK-da işləmişdir və bunu yuxarıda qeyd etdiyi arayış da təsdiqləyir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Qanuni nümayəndə iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə xx.xx.2024-cü il tarixdə Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. İddiaçı Ə.X1 daxil olmuş yaşa görə əmək pensiyanın təyin edilməsinə dair ərizəsinə aidiyyəti üzrə baxılaraq, xx.xx.2024-cü il tarixli 3-17-1/2-C- 220911/2024 nömrəli məktubla bildirilmişdir ki, təqdim edilən sənədlərin surətlərinə əsasən iddiaçının mövcud sığorta stajı qanunla tələb olunan 25 il sığorta stajı müddətindən azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi şəxsi hesabında pensiya kapitalı qeydə alınmamışdır. Göstərilən səbəblərə əsasən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Yuxarıda qeyd olunan qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1 -dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə əmək pensiyası təyin olunması üçün Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixdə pensiya yaşına çatmışdır. İddiaçının təqdim etdiyi sənədlərin surətlərində qeyd olunan və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1977ci il tarixinədək hərbi xidmətdə olduğu müddət və xx.xx.1978-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla mübahisələndirilməyən sığorta stajı 20 il 5 ay 1 gün təşkil edir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli,186 nömrəli qərarı ilə təsdiq edilmiş ‘‘İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 3.2-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək kitabçasında qeydlərişçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. Qaydaların 3.4. cü maddəsinə əsasən əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. Sözügedən Qaydaların 4.1-ci maddəsinə əsasən işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. İddiaçının Mərkəzi Seçki Komissiyasında əmək fəaliyyəti barədə əmək kitabçasında hər hansı bir qeydə rast gəlinməmişdir. Müvafiq dövr üzrə əmək kitabçasında heç bir qeyd aparılmadığı üçün iddiaçının həmin müddətdə işçi kimi fəaliyyət göstərməsi hüquqi cəhətdən sübut olunmamış hesab olunur. İddiaçının Mərkəzi Seçki Komissiyasında əmək fəaliyyəti barədə arayışı (aylar üzrə əməkhaqqı məbləğləri göstərilməklə) təqdim etdikdən sonra təkrar müraciəti əsasında xx.xx.2003-cü il il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrün sığorta stajına daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Eyni zamanda bildirirlər ki, sözügedən dövr sığorta stajı kimi təsdiqlənsə belə, cəmi sığorta stajı qanunla tələb olunan müddətə (25 ilə) tamamlanmır. Qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. "Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüquq olmadıqda əlilliyə görə müavinət təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən İddiaçı xx.xx.2021-ci il tarixindən orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi (İİ dərəcə) əlilliyə görə 220 manat məbləğində müavinət təyin edilib. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: İddiaçının əmək kitabçasının surəti iş materiallarına əlavə edilmişdir. 2 saylı Şərur-Kəngərli DSK-nın xx.xx.2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının xx.xx.2003-cü il 13/78 saylı qərarı ilə 2 saylı Şərur seçki dairəsi Dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin olunmuşdur.Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 04 iyun 2006-cı il tarixli 14/38 saylı qərarı ilə yeni tərkibə düşmədiyinə görə səlahiyyətinə xitam verilmişdir. Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivinin 04 iyun 2025-ci il tarixli, 3-48- NDA/1-2-822/2025 saylı məktubunda qeyd edilmişdir ki, 2 saylı X3 Komissiyasının sənədləri Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialın 12 iyun 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində İddiaçı sığortaolunan kimi uçot məlumatları aşkar edilməmişdir. Bildiririk ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili xx.xx.2006-cı il tarixdən başlamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının (bundan sonra – Qayda) 4.1.1-ci bəndinə əsasən xx.xx.2006-cı il tarixinədək olan dövr üzrə sığorta stajının hesablanası məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qayda ilə təsdiq edilmiş 8 nömrəli Əlavəyə əsasən aparılır. 2 saylı Şərur-Kəngərli DSK-nın 26 may 2025-ci il tarixli 3-11-2/2-12/2025 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı 2003-2006-cı il tarixədək dövrdə dairə seçki komissiyasında işlədiyini iddia etmişdir. İddiaçı 2003-2006-cı il tarixədək olan dövrdə 2 saylı Şərur seçki dairəsi dairə seçki komissiyasında komissiya üzvü kimi fəaliyyət göstərmişdir. 2023-cü ildən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı ilə 2 saylı X5 hüdudlarında dəyişiklik edilərək adı 2 saylı Şərur-Kəngərli seçki dairəsi olmuşdur. Məhkəmə sorğusuna cavab olaraq Mərkəzi Seçkin Komissiyasının 20 avqust 2025ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 14 iyul 2003-cü il tarixli, 13/78 saylı Qərarına əsasən (Mərkəzi Seçki Komissiyası ilə eyni VÖEN (**********) altında fəaliyyət göstərən) 2 saylı Şərur seçki dairəsi dairə seçki komissiyasının üzvü təyin edilmişdir. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 30-cu maddəsinin tələbinə əsasən Mərkəzi Seçki Komissiyasının 4 aprel 2006-cı il tarixli, 14/38 saylı Qərarına əsasən dairə seçki komissiyası yenidən təşkil olunarkən qeyd olunan şəxs 2 saylı Şərur seçki dairəsi dairə seçki komissiyasının üzvü təyin edilmədiyi üçün onun səlahiyyət müddəti başa çatmışdır. Məhkəmə sorğusuna cavab olaraq Mərkəzi Seçkin Komissiyasının 04 noyabr 2025ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 14 iyul 2003-cü il tarixli 13/78 saylı Qərarı ilə 2 saylı Şərur seçki dairəsi dairə seçki komissiyasının həlledici səş hüquqlu üzvü seçilmiş, Mərkəzi Seçki Komissiyasının 2 saylı Şərur seçki dairəsi dairə seçki komissiyasının yenidən formalaşdırılması barədə 4 aprel 2006-cı il tarixli 14/38 saylı qərarı ilə yeni tərkibə düşmədiyindən həmin tarixdən səlahiyyətlərinə xitam verilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2025-ci l tarixli məktubu ilə siğortaedən 2 saylı X5 2006-cı ilə aid Məcburi dövlət sosial sığorta haqqı üzrə siğortaolunanlar haqqında məlumatlar Forma B3 hesabatının təsdiqedici sənədləri məhkəməyə təqdim edilmişdir. İnzibati icraat materialları məhkəməyə təqdim edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsini istəyir. Cavabdeh qeyd edir ki, iddiaçının mövcud sığorta stajı qanunla tələb olunan 25 il sığorta stajı müddətindən azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi şəxsi hesabında pensiya kapitalı qeydə alınmamışdır. Göstərilən səbəblərə əsasən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. İddiaçının mövcud sığorta stajının qanunla tələb olunan 25 il sığorta stajı müddətindən az olması işin mübahisələndirilməyən halıdır və iddiaçı tərəfindən də qeyd edilən hal iddia edilməmişdir. İddiaçı xx.xx.2003-cü ildən xx.xx.2006-cı ilədək 2 saylı Şərur seçki dairəsi Dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü olduğunu və bunun 2006-cı ilin ilk 6 ayında fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alındığını təsdiq etdiyini iddia etmişdir ki, məhkəmə araşdırması da qeyd edilən istiqamətdə aparılmışdır. Məhkəmə araşdırması zamanı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2025-ci l tarixli məktubu ilə siğortaedən 2 saylı X5 2006-cı ilə aid Məcburi dövlət sosial sığorta haqqı üzrə siğortaolunanlar haqqında məlumatlar-Forma B3 hesabatının təsdiqedici sənədləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş hesabatda iddiaçının adı qeyd edilməmişdir. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 1.0.6. dövlət sosial sığorta sistemində fərdi uçot – Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq əmək pensiyası və sosial müdafiə sahəsində digər hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunana dair “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsində nəzərdə tutulan məlumatların uçotunun təşkili və aparılmasıdır; 1.0.7. fərdi şəxsi hesab – hər bir sığortaolunana müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sosial sığorta nömrəsi ilə açılan, dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarının əks olunduğu hesabdır; 1.0.8. fərdi şəxsi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və fərdi şəxsi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. M a d d ə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri: 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 5. Sığortaolunanın fərdi şəxsi hesabı 5.2. Fərdi şəxsi hesaba aşağıdakı məlumatlar daxil edilməlidir: 5.2.11. məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər (sığorta stajının hər ayı üçün); 5.2.12. sığortaedən və sığorta olunan tərəfindən fərdi şəxsi hesaba hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləği (sığorta stajının hər ayı üçün); 5.2.13. sığortaedən tərəfindən sığortaolunana münasibətdə ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləği (sığorta stajının hər ayı üçün) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi şəxsi hesabında pensiya kapitalı qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanuni olmuşdur və iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar