Məhkəmə qərarları › İş №e-2-1(118)-4794/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(118)-4794/2025

06.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-1(118)-4794/2025 06.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əlilliyinin və əlilliyə görə təyin edilmiş pensiyanın bərpa edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. MÜBAHİSƏLİ HÜQUQİ MƏSƏLƏNİN QİSA XÜLASƏSİ

1. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərarının ləğv edilməsi, 3-cü dərəcəli əlilliyin, eyni zamanda həmin qərardan əvvəlki qaydada hesablanmış pensiyanın bərpa edilərək, iddiaçıya ödənilməsi tələbinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

2. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

3. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.

4. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar.

İddia tələbinə dair cavabdehin münasibəti

5. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbini mümkün hesab edilməməsini xahiş etmiş, onunla əsaslandırmışdır ki, iddiaçıya 20 noyabr 2022-ci ildə əmək qabiliyyətinin 40 faizini itirdiyinə görə üçüncü dərəcəli əlilliyə görə sosial müvainət təyin edilmişdir. Sonradan iddiaçı tərəfindən verilmiş 23 dekabr 2024-cü il tarixli göndərişin “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbindən ona əlillik təyinatından imtina edilmişdir. Bildirilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində iddiaçının əlilliyinə dair məlumatı olmadığından sosial müavinət ödənişi dayandırılmışdır. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar”əlilliyin bərpa edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin səlahiyyətinə aiddir. Xəstəliyin və ona uyğun olaraq əlilllik dərəcəsinin müəyyən edilməsi məsələsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətində olmadığından Nazirlik iddiaçının müvafiq tələbi üzrə cavabdeh qismində cəlb edilməməlidir.

TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ:

6. Məhkəmə iclasında iştirak edən iddiaçı, həmçinin onun nümayəndəsi və vəkili tərəfindən cavabdehin təqdim etdiyi ərizənin dəlillərinə qarşı etiraz bildirilməmişdir.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi təqdim edilən ərizənin dəlillərini müdafiə edərək, iddianın mümkün hesab edilməməsini xahiş etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü

8. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

9. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir.

10. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.

11. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir.

12. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər.

13. Məhkəmə qeyd edir ki, İPM inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur.

14. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir.

15. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”

16. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur.

17. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

18. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

19. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarında həmçinin qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3-cü bənd)

20. İddiaçının hazırkı iddia tələbi iki hissədən ibarətdir: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərarının ləğv edilməsi və əlilliyin bərpa edilməsi; - həmin qərardan əvvəlki qaydada hesablanmış pensiyanın bərpa edilməsi.

21. İddiaçıya izah olunur ki, İPM-in 37-ci maddəsi bir neçə tələbin obyektiv olaraq bir iddiada birləşdirilməsi ilə bağlı məsələləri tənzimləyir. Normada qeyd olunmuşdur ki, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər.

22. Beləliklə, iddiaçının bir neçə iddianı bir iddiada birləşdirilməsinə dair imkan qeyriməhdud deyildir. Belə ki, qanunvericilik iddiaçının iddia tələblərini bir iddiada birləşdirməsinin aşağıdakı əlamətlərlə məhdudlaşdırır: - iddialar bir-biri ilə əlaqəli olmalı, o cümlədən onlara birlikdə baxılması işin baxılmasının çətinləşdirməməlidir. Bir-biri ilə əlaqəli olmayan iddiaların bir iddiada birləşdirilməsi yolverilməzdir. Bəzi hallarda iddiaçı tərəfindən irəli sürülən tələblər bir-biri ilə əlaqəli olsa da, daha çox onların asılılığı müşahidə oluna bilər. Bir tələbin təmin edilməsi digər tələbin də təmin edilməsinə şərait yaratmış olur. Belə olan halda iddialar bir-biri ilə əlaqəli olsa da, onların təmini bir-biri ilə eyni hüquqi qüvvəyə malik olmur; - iddialar bir cavabdehə qarşı yönəlməlidir. Qeyd olunan əlamət məhz iddiaların subyekt tərkibi ilə bağlıdır.

23. Hazırkı iddia tələblərinin bir inzibati orqana qarşı qaldırılmasına baxmayaraq, həmin tələblərin icrası iddiaçı tərəfindən qoyulmuş cavabdeh orqanın səlahiyyətlərinə aid deyildir.

24. Odur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirir.

25. Eyni zamanda, qeyd olunan inzibati orqan tərəfindən əlilliyin təyin edilməsi təqdirdə əlilliyə görə müvafiq pensiyanın təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən həyata keçirilir.

26. Bu səbəbdən də, yuxarıda qeyd edilmiş qanunvericilik normalarının məzmununu, həmçinin kassasiya instansiya məhkəməsinin mövqeyini əsas tutaraq, məhkəmə müəyyən edir ki, hazırkı iş üzrə iddiaya cavab verməli olan orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi deyildir.

27. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçı tərəfə hüquqi yardım edilərək izah edilir ki, ilk öncə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət olunaraq, əlilliyin təyin edilməsindən imtina edilməsi haqqında müvafiq qərar əldə edilmiş, daha sonra qərarın mübahisələndirilməsi ilə əlaqədar həmin inzibati orqana qarşı iddia tələbi məhkəmədə qaldırıla bilər. Əgər qeyd edilən proses nəticəsində iddiaçıya əlillik təyin edilsə, müvafiq pensiyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət oluna bilər.

28. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

29. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərarının ləğv edilməsi, 3-cü dərəcəli əlilliyin, eyni zamanda həmin qərardan əvvəlki qaydada hesablanmış pensiyanın bərpa edilərək, iddiaçıya ödənilməsi tələbinin cavabdehin üzərinə qoyulması” hissəsində mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar