Məhkəmə qərarları › İş №e-2-1(118)-4964/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-4964/2025

11.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-4964/2025 11.12.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iş üzrə (Açar sözlər: mənzillə təmin olunma) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “mənzillə təmin olunması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, 2-ci qrup, 1-ci Qarabağ müharibəsi əlili X1 mənzil şəraitini və ümumi sahəsi 66,1 kv.m, 38.6 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı mənzildə 3 ailənin yaşadığını nəzərə alaraq iddiaçının mənzillə təmin olunması barədə cavabdehin üzərinə öhdəlik qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, iddiaçı X2 2-ci qrup, 1-ci Qarabağ müharibəsi əlilidir. O, ümumi sahəsi 66,1 kv.m, 38.6 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı mənzildə onunla birgə 7 nəfər ailə üzvü-3 ailə (həyat yoldaşı, qızı, 2 oğlu və 2 gəlini) ilə birgə yaşayırlar. Həmçinin qısa müddət ərzində nəvəsi də dünyaya göz açacaqdır. Beləliklə, ailə üzvlərinin sayı 8 nəfərə çatacaqdır. 2 otaqlı, darısqal, iç-içə olan otaqlarda bu qədər ailə üzvlərinin yaşaması çox çətin və acınacaqlıdır. Bir sözlə mümkün deyil. Həmçinin bu dövrdə ev almaq çox çətin olduğundan ev almağa da maddi imkanları yoxdur. X2 Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs kimi dövlət tərəfindən 1 dəfə yuxarıda qeyd etdiyi yaşayış sahəsi ilə təmin olunmuşdur. İddiaçı həmçinin mənzil şəraitini genişləndirmək məqsədilə Abşeron RİH-nə güzəştli mənzil növbəsinə götürülməsini xahiş etmişdir. Abşeron RİH-nin xx.xx.2014-cü il tarixli, 515 №-li Sərəncamı ilə mənzil növbəsinə götürülmüşdür. Lakin güzəştli mənzil növbəsinə götürülməsinə baxmayaraq, imkanı olmadığından mənzil də ala bilmir. Daha sonra iddiaçı X2 ailə üzvlərinin sayının artması ilə əlaqədar 2 otaqlı evdə yaşamağın mümkün olmadığına görə məcbur qalaraq,ev almağa maddi imkanı olmadığından, Azərbaycan Respublikası ƏƏSMN-nə mənzillə təmin olunması barədə müraciət etsə də, imtina cavabı almışdır. Nəticədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən hesab edir ki, 2-ci qrup, 1-ci Qarabağ müharibəsi əlili, vətən uğrunda canını fəda edən iddiaçı X2 mənzillə təmin olunmalıdır. Tələbin hüquqi əsasları. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Sərəncamının bəndlərinin diqqətinizə çatdırıram: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosialməişət şəraitini yaxşılaşdırmaq məqsədilə qərara alıram: 1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri. 2. Yerli icra hakimiyyəti orqanları: 2.1. bu Sərəncamın 1.1-ci və 1.2-ci bəndlərində göstərilən şəxslər barədə məlumatları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsinlər; 2.2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında bu Sərəncamın 1-ci hissəsində göstərilən məqsədlər üçün torpaq sahələrinin ayrılmasını təmin etsinlər və hər il görülmüş işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər. 3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri əsasında bu Sərəncamın 1-ci hissəsində göstərilən tədbirlər planının həyata keçirilməsi üçün tələb olunan vəsaitin 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) bölgüsünün layihəsində, 2022–2025-ci illərdə isə hər il dövlət büdcəsinin tərtibi prosesində dövlət əsaslı vəsait qoyuluşunda (investisiya xərclərində) nəzərdə tutulmasını təmin etsin. Bundan başqa şəhid ailəsi statusu almış şəxslərin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2021-ci il tarixli Fərmanının bəndlərini nəzərə çatdırıram: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsində, Qaradağ rayonunun Ümid qəsəbəsində, Binəqədi rayonunun Хocasən qəsəbəsində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalarda, həmçinin Bakı şəhəri Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda inşası davam etdirilən, dövlət mənzil fonduna aid çoxmənzilli binalarda yerləşən mənzillərin (bu Fərmanın 4-cü hissəsi nəzərə alınmaqla) Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.4-cü maddəsinə əsasən özəlləşdirilməsi həmin mənzillərin satışı yolu ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən həyata keçirilsin. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə qaydasının layihəsini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 2.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. 3. Nazirlik: 3.1. bu Fərmanın 1-ci hissəsində qeyd edilən mənzillərin satışını bu Fərmanın 2.1-ci bəndində nəzərdə tutulan qaydaya uyğun olaraq təşkil etsin; 3.2. mənzillərin satışından əldə olunan vəsait hesabına yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslərin mənzillə və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər görsün: 3.2.1. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamının 1-ci hissəsində nəzərdə tutulmuş şəxslər; 3.2.2. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamının 1-ci hissəsində nəzərdə tutulmuş şəxslər; 3.2.3. bu Fərmanın 3.2.2-ci yarımbəndində nəzərdə tutulan, 2020-ci və 2021-ci illər ərzində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəxslər; 3.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. 4. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan mənzillərin satışına aşağıdakı hallarda yol verilir: 4.1. həmin mənzillərin sayı yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış bu Fərmanın 3.2.1 – 3.2.3-cü yarımbəndlərində nəzərdə tutulan şəxslərin, eləcə də bu Fərman qüvvəyə mindiyi günədək yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda olan gözdən əlilliyi müəyyən edilmiş şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sayından artıq olduqda; 4.2. həmin mənzillərin Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş yaşayış sahəsinin ayrılma norması nəzərə alınmaqla bu Fərmanın 3.2.1 – 3.2.3-cü yarımbəndlərində nəzərdə tutulan şəxslərə verilməsi mümkün olmadıqda. 5. Yerli icra hakimiyyəti orqanları bu Fərmanın 3.2.3-cü yarımbəndində göstərilən şəxslər barədə məlumatları Nazirliyə təqdim etsinlər. 6. Bu Fərmanın 1-ci hissəsi və 3.1-ci bəndi bu Fərmanın 2.1-ci bəndində nəzərdə tutulan qayda ilə eyni gündə qüvvəyə minir. Azərbaycan hökumətinin 2004-cü ildə qoşulduğu Avropa Sosial Xartiyasının 31-ci maddəsində deyilir ki, hər bir insan mənzil hüququna malikdir. Bu gün ölkədə “Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilməsi məqsədləri üçün uçot normasının müəyyən edilməsi barədə” müvafiq layihədə yaşayış sahəsinin uçot normasının minimal səviyyəsi adambaşına 12 kvadratmetr nəzərdə tutulub. Əgər adambaşına düşən yaşayış sahəsinin uçot normasının minimal səviyyəsi 12 kv.m-dirsə, onda 8 nəfər üçün 96 kv.m nəzərdə tutulub. Ümumi sahəsi 66,1 kv.m, 38.6 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı mənzildə bu qədər ailə üzvü üçün, 2 gəlini, 2 oğlu və 1 qızı olan ailə üçün yaşamaq çox çətin və dözülməz və ailə dəyərlərinə çox ziddir. Azərbaycan Respublikasının Prezidentinin 27 avqust 2009-cu il tarixli 153 saylı fərmanına əsasən yeni normaların təyin edilməsi barədə fərmanın icrasını Nazirlər Kabinetinə tapşırılmışdı. Nazirlər Kabineti 2019-cu ildə 459 saylı qərarına əsasən sosial kirayə müqaviləsi üzrə isə 16 kv.m təşkil edir. Yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. Burada müraciət edən vətəndaşların ehtiyacı olduğu yaşayış sahəsinin minimal ölçüsü əsas götürülür. Veteranlar haqqında Azərbaycan Respublikası qanunun 11-ci maddəsinə əsasən mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqda aşağıdakı bəndləri də nəzərinizə çatdırıram: Veteranlar Azərbaycan Respublikasının mənzil qanunvericiliyində onlar üçün nəzərdətutulmuş güzəştlərdən istifadə edir, eyni zamanda qaraj, mənzil tikintisi kooperativlərinə və bağçılıq ortaqlıqlarına (birliklərinə) daxil olmaq sahəsində üstünlüklərə malikdirlər. Müharibə veteranlarının istifadəsində olan dövlət bağları və bağçılıq sahələri əvəzsiz olaraq onların şəxsi mülkiyyətinə verilir. Qarabağ müharibəsi əlillərinin, veteranlarının və şəhid ailələrinin sosial problemlərinin həlli, həyat şəraitinin yaxşılaşdırılması hər zaman dövlətin diqqət mərkəzindədir. Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial məişət şəraitin yaxşılaşdırılmasına dair Prezidentin müvafiq sərəncamları ilə hərbi əməliyyatlar zamanı ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilən şəxslər və şəhid ailələrinin 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, Nazirlik tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli 569 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamlarına əsasən həyata keçirilir və həmin Sərəncamlarda 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi tapşırığı verilmişdir. İddiaçı İbadov X4 rayonu, Xırdalan şəhəri, X9 küçəsi, ev 58 ünvanında ümumi sahəsi 66.1 kv.m olan 2 (iki) otaqlı mənzil ilə təmin edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Həmçinin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən ərarvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar- uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr şəhid ailəsi üzvü hesab edilirlər. Anoloji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qəbul etmiş olduğu müvafiq qərarında qanunun tələbinə görə yaşayış sahəsi verilərkən adambaşına düşən norma yalnız yaşayış otaqlarının ümumi həcmi deyil, mənzilin ümumi sahəsi nəzərə alınmaqla hesablanması qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 1 dekabr 2010-cu il tarixli qərarına əsasən “şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır.” Mövcud vəziyyətdə vətəndaşların mənzillə təmin olunması həm qanunvericilik baxımından mümkünsüzdür, həm dövlət büdcəsinin və dövlət mənzil fondunun imkanları xaricindədir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iştirak etmiş, etirazı müdafiə etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Abşeron rayon İcra Hakimiyyəti Başçısının 20 oktyabr 2014-cü il tarixli 515 saylı Sərəncamı ilə Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, ev 58, mənzil 12-də yaşayan İİ qrup Qarabağ Müharibəsi əlili X7 5 nəfər ailə üzvü ilə birlikdə mənzil şəraitini genişləndirmək məqsədilə mənzil növbəsinə götürülmüşdür. Abşeron rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat İstismarı Təmiri Birliyinin 5 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsinin verdiyi xx.xx.2025-ci il tarixli 56 saylı arayışda İddiaçı 4 nəfər ailə üzvü ilə birlikdə Xırdalan şəhəri, H.Əliyev prospekti, döngə 58, mənzil 12 ünvanında yaşadıqları qeyd edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı 2-ci qrup, 1-ci Qarabağ müharibəsi əlili X1 mənzil şəraitini və ümumi sahəsi 66,1 kv.m, 38.6 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı mənzildə 3 ailənin yaşadığını nəzərə alaraq iddiaçının mənzillə təmin olunmasını istəyir. Cavabdeh isə qeyd edir ki, İddiaçı İbadov X4 rayonu, Xırdalan şəhəri, X9 küçəsi, ev 58 ünvanında ümumi sahəsi 66.1 kv.m olan 2 (iki) otaqlı mənzil ilə təmin edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Həmçinin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən ərarvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar- uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr şəhid ailəsi üzvü hesab edilirlər. Anoloji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qəbul etmiş olduğu müvafiq qərarında qanunun tələbinə görə yaşayış sahəsi verilərkən adambaşına düşən norma yalnız yaşayış otaqlarının ümumi həcmi deyil, mənzilin ümumi sahəsi nəzərə alınmaqla hesablanması qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 1 dekabr 2010-cu il tarixli qərarına əsasən “şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır.” Mövcud vəziyyətdə vətəndaşların mənzillə təmin olunması həm qanunvericilik baxımından mümkünsüzdür, həm dövlət büdcəsinin və dövlət mənzil fondunun imkanları xaricindədir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 31. Əlilliyi olan şəxslərin mənzil təminatı 31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. 31.2. Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən: 49.4. Yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz. 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 56.5. Sosial kirayə müqaviləsi ilə yaşayış sahəsi vətəndaşlara onların yaşayış yeri üzrə (müvafiq yaşayış məntəqəsinin hüdudlarında) adambaşına düşən ümumi sahəsi ayrılma normasından az olmamaqla verilməlidir. “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli, 459 saylı Qərarına əsasən sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 aprel 2024-cü il tarixli 2- 1(102)-1270/2024 saylı analoji qərarına istinadən qeyd edir ki, iddiaçının adambaşına düşən minimum yaşayış sahəsinə malik olduğuna görə iddiaçının sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzillə təmin edilməsi mövcud qanunvericiliyə uyğun olmamış və qanuna görə də cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, 5 nəfər ailə üzvü və hər bir ailə üzvünə düşən ayrılma norması 16 kv. metr olmaqla (5x16kv.metr=80 kv.metr), hazırki mənzilin ümumi sahəsi 66.1 kv.metrdir ki, (80kv.metr-66.1kv.metr=13.9kv.metr) qeyd edilən sahəyə münasibətdə 16 kv.metr çatışmayan hissə yaranmır və hər bir ailə üzvünə (66.1 kv.metr : 5 =13.22 kv.metr) 13.22 kv.metr sahənin düşdüyü müəyyən edilir. İddiaçının 2 otaqlı mənzildə 7 nəfər ailə üzvü-3 ailə (həyat yoldaşı, qızı, 2 oğlu və 2 gəlini) ilə birgə yaşamasına münasibətdə məhkəmə qeyd edir ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 20 oktyabr 2014-cü il tarixli 515 saylı Sərəncamı ilə X7 7 deyil, 5 nəfər ailə üzvü ilə birlikdə mənzil növbəsinə götürülmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 aprel 2024-cü il tarixli 2-1(102)- 1270/2024 saylı qərarında qeyd edilmişdir: “Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-2465/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-1(102)-1683/2023 nömrəli xx.xx.2023cü il tarixli və xx.xx.2023-cü il tarixli 2-1(102)-845/2023 nömrəli qərarları) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 nömrəli Qərarına əsasən, sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir.

11. Məhkəmə kollegiyası hazırki işlə bağlı qeyd edir ki, iddiaçının adambaşına düşən minimum yaşayış sahəsinə malik olduğuna görə iddiaçının sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzillə təmin edilməsi mövcud qanunvericiliyə uyğun olmamış və qanuna görə də cavabdehin imtinası əsaslı olmuşdur.” Beləliklə, iddiaçı cavabdeh tərəfindən ona əlavə mənzil verilməsini zəruri edən faktiki şərtlərin mövcuddluğunu sübut edə bilməmişdir. Qeyd edilənlər iddianın təmin edilməməsi üçün əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir.

Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar