Məhkəmə qərarları › İş №e-2-1(118)-5032/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-5032/2025

21.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-5032/2025 21.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2na qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh X2na qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları

1. İddiaçı cavabdeh X2na iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının 59 yaşının tamam olduğu xx.xx.2025-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-cil tarixində iddiaçının 59 yaşının tamam olması ilə əlaqədar olaraq, xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətindən verilmiş arayışı əlavə etməklə DOST Mərkəzində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair cavabdehə müraciət ünvanlamışdır. Müaricətinə cavabdehin xx.xx.2025-ci il tarixli 3-17-1/2-M-51762/2025 nömrəli məktubu ilə imtina verilmişdir. İmtinaya cavabdeh tərəfindən belə əsas gətirilmişdir ki, xx.xx.2002-xx.xx.2018ci illərdə X1 Müsəssisəsinin Atmosfer çirklənməsinin iddiaçı tədqiqi laboratoriyasında mütəxəssis yox, aparıcı mütəxəssis vəzifəsində işləmişdir. Göründüyü kimi Cavabdehin imtinasının səbəbi tamamilə əsassızdır. Belə ki, işlədiyi dövrdə iddiaçıya qanunverciliyə uyğun olaraq zərərli işlə əlaqədar olaraq müavinətlər verilmiş və güzəştlər tətbiq olunmuşdur.

4. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, iddiaçı R.X3 xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, cavabdehin xx.xx.2025-ci il tarixli 3-17-1 /2-M- 51762/2025 nömrəli imtina məktubuna əsasən iddiaçıya güzəştli iş stajı olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Hesab edilir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya xidmətinin iddiaçıya dair 5 sentyabr 2024-cü il tarixli 3-14-20/2-1270/2024 nömrəli arayışında xx.xx.2002-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində X1 Müəssisəsinin Atmosfer havasının çirklənməsinin tədqiqi laboratoriyasında aparıcı mütəxəssis vəzifəsində işlədiyi qeyd olunub. Sözügedən arayışda qeyd olunan məlumatlara əsasən iddiaçının işlədiyi sahə həmin arayışda istinad olunan və yuxarıda qeyd edilən işlərə aid deyildir. Göstərilən səbəblərdən də iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd olunanlar nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. Beləliklə, iadiaçının güzəştli sosial sığorta stajı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır.

b) Tərəflərin iştirakı və izahatları

5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.

c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

8. X2 tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Mərkəzi Filiala təqdim etdiyi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya xidmətinin sizə dair 5 sentyabr 2024-cü il tarixli 3-14-20/2-1270/2024 nömrəli arayışında xx.xx.2002-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində X1 Müəssisəsinin Atmosfer havasının çirklənməsinin tədqiqi laboratoriyasında aparıcı mütəxəssis vəzifəsində işlədiyi qeyd olunub. Sözügedən arayışda qeyd olunan məlumatlara əsasən işlədiyi sahə həmin arayışda istinad olunan və yuxarıda qeyd edilən işlərə aid deyil. Bu səbəbdən də, güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

9. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin xx.xx.2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2002-ci il tarixdən (Əmr №032/k, xx.xx.2002) xx.xx.2018-ci il tarixədək (Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin xx.xx.2018-ci il tarixli 365/Ü nömrəli əmri) Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin X1 Müəssisəsinin Atmosfer havasının çirklənməsinin tədqiqi laboratoriyasında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən aparıcı mütəxəssis vəzifəsində çalışmışdır. İşlədiyi vəzifələr üzrə sosial sığorta (əmək stajı) 16 il 2 ay 16 gündür.

10. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək Milli Hidrometeorologiya Departamentinin X1 Müəssisəsinin Atmosfer havasının çirklənməsinin tətbiqi laboratoriyasında aparıcı mütəxəssis vəzifəsində çalışmışdır. İddiaçı X1 Müəssisəsinin Atmosfer havasının çirklənməsinin tətbiqi laboratoriyasında işlədiyi müddətdə atmosfer aerozollarında ümumi aktivliyinin (beta) təyin edilməsində, ətraf mühitin (su, hava) radioaktiv çirklənməsinin təyin edilməsində, şüalanmanın ekspazisiya dozasının ölçülməsi, əhalinin radiasiya təhlükəsindən mühafizəsi və cihazların kalibirlənməsində laboratoriyada istifadə olunan və saxlanılan Radoaktiv, ionlaşdırıcı şüa mənbələri - nuklid tərkibli Stronsium 90-itrium 90 {Sr90+Y90}, Radoaktiv, ionlaşdırıcı şüa mənbələri - nuklid tərkibli Sezium - 137 {Cs137 } və Qamma - Beta spektrometr cihazıları ilə daim təmasda olmuşdur. Buda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 22-ci bəndinin (Radioaktiv maddələr, ionlaşdırıcı şüa mənbələri, berillium və nadir torpaq elementləri ilə işlər) 22.1-ci (Müəssisələrdə elmi tədqiqat institutlarında, laboratoriyalarda, konstruktor və təcrübə - konstruktor təşkilatlarında və tibb müəssisələrində işlər) və 22.9-cu (Müəssisə, Təşkilatlardakı sənaye - sanitariya laboratoriyalarında, tibb müəssisələrində, dövlət sənaye atom nəzarət inspeksiyalarında və radiasiya təhlükəsizliyi xidmətlərində işlər) yarımbəndlərinin vəzifə koduna uyğundur.

11. İddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1983-cü il tarixdə əmək fəaliyyətinə başlamışdır.

ƏSASLANDİRMA HİSSƏSİ:

a) İddianın növü və mümkünlüyü

12. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir.

13. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Hər bir tələbə ayrılıqda nəzər salaq:

14. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ güzəştli şərtlərlə əmək pensiyası yaşının tamam olması və müvafiq sosial sığorta stajının olmasından yaranmış olur.

15. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı həmin inzibati orqanın xidmət göstərdiyi ərazinin sakinidir və sosial müavinətlərin, o cümlədən əmək pensiyalarının vətəndaşlara verilməsi DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının səlahiyyətlərinə aiddir. Belə olduğu tədqirdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir.

16. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş və cavabdehin xx.xx.2025-ci il tarixli məktubu ilə onun müraciətinin təmin olunmasından imtina edilmişdir.

17. Məhkəmə iddianın mümükünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir.

18. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının olduğu yer Sumqayıt şəhəri olduğuna görə məhkəmə hesab edir ki, ərazi aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır.

19. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

b) Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. 38-ci maddəsinin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1-ci maddəsinə əsasən Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır . 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. inzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

23. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” əsasında müəyyən edilir.

24. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.

25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

c) Məhkəmənin mövqeyi

26. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

27. Belə ki, iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş və sonuncu tərəfindən iddiaçının müraciətinin icrasından xx.xx.2025-ci il tarixli məktublarla imtina etmişdir. Həmin məktubda qeyd edilmişdir ki, Mərkəzi Filiala təqdim etdiyi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya xidmətinin sizə dair 5 sentyabr 2024cü il tarixli 3-14-20/2-1270/2024 nömrəli arayışında xx.xx.2002-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində X1 Müəssisəsinin Atmosfer havasının çirklənməsinin tədqiqi laboratoriyasında aparıcı mütəxəssis vəzifəsində işlədiyi qeyd olunub. Sözügedən arayışda qeyd olunan məlumatlara əsasən işlədiyi sahə həmin arayışda istinad olunan və yuxarıda qeyd edilən işlərə aid deyil. Bu səbəbdən də, güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

28. Hazırkı iş üzrə xx.xx.1966-cı il təvəllüdlü iddiaçı cavabdehə müraciət edərək, ona 59 yaşdan, yəni xx.xx.2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin cavabdeh onun işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na uyğun olmaması və bu səbəbdən də güzəştli iş stajının olmaması əsası ilə imtina etmişdir.

29. İddiaçıya 59 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 şərt ödənilməlidir: 1) azı 25 il ümumi iş stajı olmalı və 2) həmin müddətin 10 ili güzəştli iş stajı hesab edilməlidir.

30. İddiaçının xx.xx.1966-cı il təvəllüdlü olmaqla, xx.xx.2025-ci il tarixdə 59 yaşına çatması və azı 25 il ümumi iş stajını toplaması işin mübahisəsiz hallarıdır. Bu halları cavabdeh inzibati orqan da mübahisələndirməmişdir. Cavabdehin imtinasının əsası iddiaçının 10 il güzəştli iş stajı şərtini ödəməməsi ilə bağlıdır.

31. Məhkəmə cavabdehin imtinasına münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş arayışda və məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda İddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək Milli Hidrometeorologiya Departamentinin X1 Müəssisəsinin Atmosfer havasının çirklənməsinin tətbiqi laboratoriyasında aparıcı mütəxəssis vəzifəsində çalışması və həmin peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 22-ci bəndinin (Radioaktiv maddələr, ionlaşdırıcı şüa mənbələri, berillium və nadir torpaq elementləri ilə işlər) 22.1-ci (Müəssisələrdə elmi tədqiqat institutlarında, laboratoriyalarda, konstruktor və təcrübə - konstruktor təşkilatlarında və tibb müəssisələrində işlər) və 22.9-cu (Müəssisə, Təşkilatlardakı sənaye - sanitariya laboratoriyalarında, tibb müəssisələrində, dövlət sənaye atom nəzarət inspeksiyalarında və radiasiya təhlükəsizliyi xidmətlərində işlər) yarımbəndlərinin vəzifə koduna uyğun olduğu təsdiq edilir.

32. Güzəştli şərtlərlə pensiya təyin olunarkən nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın müvafiq bəndi yalnız mütəxəssislərə deyil, həm də aparıcı mütəxəssislərə də şamil olunmalıdır.

33. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuş, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır.

34. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 07 fevral 2025-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh X2nın üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

35. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı 07 fevral 2025-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh X2nın üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Qəşəm Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar