Məhkəmə qərarları › İş №e-2-1(118)-506/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-506/2023

20.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-506/2023 20.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “X1 və X4 hüquqi şəxsin arayışına əsasən əmək kitabçasında qeyd olunmuş Səbail rayonu keçmiş Ticarət və İctimai İaşə İdarəsində 1996-1997-ci illər üzrə işlədiyi iş stajının da sosial sığorta stajına daxil edilərək iddiaçıya əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “X1 və X4 hüquqi şəxsin arayışına əsasən əmək kitabçasında qeyd olunmuş Səbail rayonu keçmiş Ticarət və İctimai İaşə İdarəsində 1996-1997-ci illər üzrə işlədiyi iş stajının da sosial sığorta stajına daxil edilərək iddiaçıya əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 12 iyul 1977-ci il tarixli əmək kitabçası və hərbi biletinə əsasən 25 il müddətdən artıq iş stajı vardır. Əmək pensiyasının təyin edilməsi üçün sənədlərini Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına təqdim etsə də, yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişlər. İmtina məktubu onunla əsaslandırılmışdır ki, əmək kitabçasındakı və hərbi biletdəki göstərilən illər üzrə 23 il 09 ay 16 gün iş stajı vardır. Eyni zamanda xx.xx.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 20 il, 06 ay, 16 gün sığorta stajına uyğun olaraq 16705,30 manat, xx.xx.2019-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 1905,56 manat olmaqla, ümumilikdə 18610,86 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. X1 X4 Hüquqi Şəxsinin arayışına əsasən əmək kitabçasında qeyd olunmuş, Səbail rayonu keçmiş Ticarət və İctimai İaşə İdarəsinin 1996-1997-ci illər üzrə əmək haqqı cədvəlləri mərkəzin arxivində olmadığından həmin dövrün sığorta stajına daxil edilməsi mümkün olmamış, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Lakin əlavə sənədlər təqdim ediləcəyi təqdirdə sığorta stajı qanunvericiliklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək qabiliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla biləcəyi göstərilmişdir. Hesab olunur ki, cavabdehin imtinası və qeyd etdiyi səbəblər əsassızdır. Belə ki, imtina məktubunda istinad olunan iş stajının 25 ildən az olması və buna müvafiq olaraq həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. X2 X6 Şəxsinin arayışına əsasən əmək kitabçasında qeyd olunmuş Səbail rayonu keçmiş Ticarət və İctimai İaşə İdarəsinin 1996-1997-ci illər üzrə əmək haqqı cədvəlləri mərkəzin arxivində olmadığından həmin dövrün sığorta stajına daxil edilməsinin mümkün olmaması ilə bağlı əsaslar onun iradəsindən asılı deyildir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının müraciətinə aidiyyəti üzrə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən baxılaraq, xx.xx.2022-ci il tarixli **********9 nömrəli məktubla cavanblandırılmışdır. Həmin məktuba əsasən inzibati orqan qeyd etmişdir ki, X1 və X4 Hüquqi Şəxsinin arayışına əsasən iddiaçının əmək kitabçasında qeyd olunmuş Səbail rayonu keçmiş Ticarət və ictimai iaşə idarəsinin 1996-1997-ci illər üzrə əməkhaqqı cədvəlləri mərkəzin arxivində olmadığından xx.xx.1996-cı il tarixdən xx-xx.1997-ci il tarixədək olan dövrün sığorta stajına daxil edilməsi mümkün olmayıb. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalan"nın 4-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 4.1-ci bəndinə əsasən, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 2006-cı il yanvarın 1-dək olan dövr üzrə; 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə - dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarına əsasən. Qaydaların 4.1.1-ci bəndinin görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün aşağıdakılar nəzərə alınır: “Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən; hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən; əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən və s. Beləliklə, iddiaçının təqdim etdiyi əmək kitabçası və hərbi biletin surətinə əsasən mübahisələndirilməyən sığorta stajı (xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu dövr) 23 il 9 ay 16 gün təşkil edir. Belə olan halda iddiaçının qanunvericiliklə tələb olunan 25 il sığorta stajına və ya pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına malik olmadığından onun yaşa görə pensiya almaq hüququ yaranmır. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi şifahi olaraq bildirdi ki, iddiaçının adı pensiya təyin olunacaq şəxslərin siyahısına daxil edilmişdir. Lakin cavabdehin nümayəndəsi bununla bağlı sübut təqdim edə bilməmişdir. İş materiallarına aşağıdakı sənədlər əlavə olunmuşdur: • İşdə olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı xx.xx.1956-cı ildə Kürdəmir rayonunda anadan olmuş, hazırda ünvan 3 ünvanında qeydiyyatdadır. • X1 və X4 hüquqi şəxsin xx.xx.2022-ci il tarixli **********17 nömrəli arxiv arayışına əsasən iddiaçı Bakı şəhəri, Səbail rayonu keçmiş Ticarət və İctimai İaşə İdarəsinin 32 nömrəli mağazasında müdir vəzifəsində işləmişdir. Mərkəzin arxivində iddiaçının 1996- 1997-ci illər üzrə əməkhaqqı cədvəlləri mövcud deyildir. • X1 və X4 hüquqi şəxsin xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən xx.xx.1978-ci ildən 62 nömrəli mağazaya fəhlə qəbul edilmiş, xx.xx.1979-cu ildən həmin mağazada kiçik satıcı vəzifəsinə keçirilmiş, xx.xx.1981-ci ildən satıcı vəzifəsinə keçirilmiş, xx.xx.1984-cü ildən böyük satıcı vəzifəsindən mağazanın müdiri vəzifəsinə keçirilmişdir. xx.xx.1997-ci il tarixdə mağazanın ləğvi ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1999-cu il tarixli sərəncamı ilə həmin idarə (Səbail rayonu Tİİ) arxiv sənədləri DƏK-in “İstehsalat və Təsərrüfat” idarəsinin tabeliyinə verilmişdir. • Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 20 may 2022-ci il tarixli məktubda yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. • İddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının surətinə əsasən iddiaçı xx.xx.1974-xx.xx.1975; xx.xx.1975-xx.xx.1977 (hərbi xidmət); xx.xx.1977-xx.xx.1978; xx.xx.1978-xx.xx.1997; xx.xx.2019-cu ildən bugünədək hərbi xidmət də daxil olmaqla sığorta stajına malik olmuşdur. • Hərbi biletin surətindən görünür ki, iddiaçı 1974-1977-ci illərdə hərbi xidmətdə olmuşdur. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmiş, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddianın əsaslılığı ilə bağlı qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3.1-ci bəndinə əsasən sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı;. Sonuncu müddəadan göründüyü kimi, stajın iki hissəndə ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-ci il tarixinə qədər - ümumi iş stajı, 01 yanvar 2006-cı il tarixdən sonra - sosial sığorta stajı. Maddələrin əlaqəli təhlili o nəticəni yaradır ki, şəxsin 01 yanvar 2006-cı il tarixinə qədər müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən dövrlər onun pensiya hüququ yarandığı 01 yanvar 2006-cı il tarixindən sonra qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin tələbləri baxımından sosial sığorta stajını təşkil etməli və qazanmış pensiya hüququna aiddir. Həmin qərarın 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: Əmək kitabçası; əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı; Hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi; İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt ; sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. Belə ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla ona yaşa görə əmək pensiyası təyin edilməsini istəyir. İddiaçıya məxsus əmək kitabçasında onun işlədiyi dövrlər qeyd edilmişdir. İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh imtinasının əsası kimi iddiaçının ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 il sığorta stajına malik olmamasını, yəni, onun 1996- 1997-ci illər üzrə əmək haqqı cədvəlləri mərkəzin arxivində olmadığından xx.xx.1996xx.xx.1997-ci il tarixinədək olan dövrün sığorta stajına daxil edilməsinin mümkün olmamasını əsas gətirərək ona pensiya təyin etməkdən imtina etmişdir. Beləliklə cavabdeh inzibati orqan iddiaçıya yaşa görə əmək pensiyası təyinatı məsələsinə baxarkən onun xx.xx.1996-xx.xx.1997-ci il tarixinədək Bakı şəhəri, Səbail rayonu keçmiş Ticarət və İaşə İdarəsində işlədiyi dövrləri nəzərə almamışdır. Məhkəmə hesab edir ki, cavabdehin yuxarıda qeyd olunanları əsas gətirərək iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Həmin maddəyə əsasən yaşa görə pensiya hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması şəxsə yaşa görə əmək pensiyası hüququ vermiş olur. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Hazırki iş üzrə iddiaçının mübahisəli illərdə - xx.xx.1996-xx.xx.1997-ci il tarixlərdə Bakı şəhəri, Səbail rayonu keçmiş Ticarət və İaşə İdarəsində işləməsi onun əmək kitabçasında öz əksini tapmışdır. Bundan əlavə X1 və X4 hüquqi şəxsin xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən iddiaçı xx.xx.1978-ci ildən 62 nömrəli mağazaya fəhlə qəbul edilmiş, xx.xx.1979-cu ildən həmin mağazada kiçik satıcı vəzifəsinə keçirilmiş, xx.xx.1981-ci ildən satıcı vəzifəsinə keçirilmiş, xx.xx.1984-cü ildən böyük satıcı vəzifəsindən mağazanın müdiri vəzifəsinə keçirilmişdir. xx.xx.1997-ci il tarixdə mağazanın ləğvi ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir. Yəni, iddiaçının mübahisəli illərdə həmin mağazada işləməsi arayışla da təsdiq edilir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının xx.xx.1974-xx.xx.1975-ci illər, xx.xx.1975-xx.xx.1977-ci illər (hərbi xidmət), xx.xx.1977-xx.xx.1978-ci illər, xx.xx.1978-xx.xx.1978-ci illər, xx.xx.1978-xx.xx.1997-ci il illər və xx.xx.2019xx.xx.2021-ci illərdə ümumilikdə 24 il 11 ay 15 gün əmək stajına malik olması ona məxsus əmək kitabçası ilə müəyyən edilmişdir. Məhkəmə hesab edir iddiaçı 65 yaşı tamam olduğu xx.xx.2021-ci il tarixdə 24 il 11 ay 15 gün əmək stajına malik olduğundan və əmək kitabçasına əsasən hazırkı dövrədək işlədiyindən ona yaşa görə əmək pensiyası 25 il sığorta stajının yarandığı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (58.7). Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir (maddə 52). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə vəzifə olaraq qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı X1 və X4 hüquqi şəxsin arayışına əsasən əmək kitabçasında qeyd olunmuş Səbail rayonu keçmiş Ticarət və İctimai İaşə İdarəsində 1996-1997-ci illər üzrə işlədiyi iş stajının da sosial sığorta stajına daxil edilərək iddiaçıya əmək pensiyası təyin edilməsi vəzifəsi (xx.xx.2022-ci il tarixdən) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar