Məhkəmə qərarları › İş №e-2-1(118)-5200/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-5200/2024

17.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-5200/2024 17.12.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: qeydiyyatdan çıxarılma) GİRİŞ HİSSƏ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdehnə qarşı (X10, X2, X1, X16, X19, X17, X5, X18 və X8 üçüncü şəxslər qismində cəlb edilməklə) “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə inzibati işə 17 dekabr 2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, şifahi qaydada açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları:

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 2 oktyabr 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Xaçmaz şəhəri, 20 Yanvar küçəsi, ev 39 ünvanında yerləşən əmlak İddiaçı xüsusi mülkiyyətindədir, həmin mülkiyyətin tam payının sahibidir.

2. “Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumat”dan elektron çıxarışdan görünür ki, Xaçmaz şəhəri, 20 Yanvar küçəsi, ev 39 ünvanında X10, X2, X1, X16, X19, X17, X5, X18 və X12 qeydiyyatdadırlar.

3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Cavabdeh 25 iyun 2024-cü il tarixli, 79/2-17597/2024 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, X1, X6 və qeyrilərinin müikiyyətində olan ünvan 3 ünvanda yerləşən yaşayış sahəsindən qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunur. Göstərilən şəxslərin qeydiyyatdan çıxarılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarını (qətnaməsini) təqdim edildiyi təqdirdə onların həmin ünvandan qeydiyyatdan çıxarılması təmin olunacaqdır.

4. Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Xaçmaz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 16 dekabr 2024-cü il tarixli, 3638 nömrəli arayışından görünür ki, İddiaçı Xaçmaz şəhəri, 20 Yanvar küçəsi, ev 39 ünvanında yaşayır və X10, X2, X1, X16, X19, X17, X5, X18 və X12 onun qohumları və yaxın qohumlarıdır.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

5. İddiaçı (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdehnə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xüsusi mülkiyyətində olan Xaçmaz şəhəri, 20 yanvar küçəsi, ev 39 ünvanda yerləşən fərdi yaşayış evindən X10, 24 oktyabr 1989-cu il təvəllüdlü X2, 13 yanvar 2018-ci il təvəllüdlü X9, 28 aprel 1963-cü il təvəllüdlü X1, 12 sentyabr 2001-ci il təvəllüdlü X16, 20 noyabr 1995-cı il təvəllüdlü X19, 16 may 2020-ci il təvəllüdlü X17, 27 oktyabr 1974-cü il təvəllüdlü X5, 8 iyul 2022-ci il təvəllüdlü X7, 1 dekabr 1996-cı il təvəllüdlü X18, 7 dekabr 1997ci il təvəllüdlü X8 pasport qeydiyyatından çıxarılması öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi işin hallarına (§1-4) istinad edilərək onunla əsaslandırılmışdır ki, Həmin şəxslər iddiaçının qohumlarıdı, lakin hər birinin ayıca mülkiyyətində evləri var və heç biri ona məxsus evdə yaşamırlar. Adları qeyd olunan şəxslərin hansı qaydada pasport qeydiyyatına düşməsi barədə məlumatı yoxdur. Mənzili tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur və qeyd olunan şəxslər həmin evdə yaşamır.

7. İddia tələbinin maddi hüquqi əsası kimi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9, prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 2.2, 33.1-cı maddələrinə istinad olunmuşdur.

8. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

9. Məhkəmənin 21 noyabr 2024-cü il tarixli, e-2-1(118)-5200/2024 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə X10, X2, X1, X16, X19, X17, X5, X18 və X8 üçüncü şəxslər qismində (zəruri cəlb etmə) (bundan sonra – “üçüncü şəxslər”) inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.

10. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə və üçüncü şəxsə təqdim edilmişdir.

c) İddia tələbinə qarşı etirazın dəlilləri

11. Cavabdeh tərəfindən məhkəməyə iddiaya qarşı etiraz bildirilməmişdir.

d) Tərəflərin iştirakı və izahatları:

12. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və onun təmin olunmasını məhkəmədən xahiş etmişdir.

13. Cavabdeh məhkəməyə məktub ilə müraciət edərək, məhkəmə iclasının onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasında təmsil olunmamışdır.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır. ...

42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

16. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

17. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.

18. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin səlahiyyətli nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

19. Məhkəmə iş materialında olan sənələri araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.

20. İPM-in 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

21. İşin faktiki hallarından görünür ki, iddiaçı Xaçmaz şəhəri, 20 Yanvar küçəsi, ev 39 ünvanında yerləşən əmlakın mülkiyyətçisidir. İddiaçı mülkiyyət hüququ ilə ona məxsus mənzildə qeydiyyatda olan üçüncü şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin tələblərini rəhbər tutmaqla müraciətin təmin edilməsindən imtina etmişdir. Hazırda iddiaçı həmin üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi irəli sürmüşdür.

22. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun:

23. 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir;

24. 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;

25. 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur.

26. Məhkəmə qeyd edir ki, İPM inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 27 avqust 2020-ci il tarixli Qərarı). Konstitusiyanın mülkiyyət hüququnu nəzərdə tutan normalarını inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirmişdir. Belə ki, Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

28. Konstitusiya Məhkəməsi Plenumu adıçəkilən Qərarında yekunda bu nəticəyə gəlmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

29. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Bunun məntiqi davamıdır ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır.

30. Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırkı növ iddialara baxılarkən hər bir halda qeydiyyatdan çıxarılması tələb olunan şəxsin (şəxslərin) həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsi araşdırmalıdır.

31. İşin araşdırılması nəticəsində məhkəmə müəyyən etmişdir ki, üçüncü şəxslər iddiaçının qohumları və yaxın qohumlarıdır.

32. Lakin üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana əmlak hüquqlarının yaranıb-yaranması, hazırda mövcud olub-olmaması (xitam verilməsi və ya itirilmiş hesab edilməsi) məsələsi inzibati mühakimə icraatı qaydasında baxılan hazırkı məhkəmə tədqiqatının predmeti ola bilməz. Çünki, bu hüquqlar əmlak hüquqi xarakterli olub, mülki hüquq münasibətlərindən meydana gəlməklə, mülki mühakimə icraatı qaydasında baxılan işlərin predmeti ola bilər. İnzibati mühakimə icraatı qaydasında isə iddiaçının həmin şəxslər barəsində hüququna inzibati orqanın müdaxiləsinin qanuni olub-olmaması məsələləri araşdırıla bilər.

33. Qeyd olunan mövqedən çıxış edərək hesab edilir ki, hazırkı tələb inzibati orqan olan rayon polis idarəsinə qarşı yönəldiyindən, qeydiyyatdan çıxarılması tələb olunan şəxslərin mübahisəli mənzilə dair hər hansı əmlak hüququna, o cümlədən istifadə hüququna sahib olubolmamasını müəyyənləşdirmək və bu əsasdan şəxsləri mənzilə əmlak hüququ olmayan şəxslər kimi tanıyaraq onları iddiaçının tələbi əsasında qeydiyyatdan çıxarmaq cavabdeh inzibati orqanın hazırkı inzibati icraat çərçivəsində baxıb öz qiymətləndirməsi ilə həll edə biləcəyi məsələ deyildir.

34. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının tələbi təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

35. Şərh edilənlərə əsasən və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdehnə qarşı “Xaçmaz şəhəri, 20 yanvar küçəsi, ev 39 ünvanda yerləşən fərdi yaşayış evindən X10, 24 oktyabr 1989-cu il təvəllüdlü X2, 13 yanvar 2018-ci il təvəllüdlü X9, 28 aprel 1963-cü il təvəllüdlü X1, 12 sentyabr 2001-ci il təvəllüdlü X16, 20 noyabr 1995-cı il təvəllüdlü X19, 16 may 2020-ci il təvəllüdlü X17, 27 oktyabr 1974-cü il təvəllüdlü X5, 8 iyul 2022-ci il təvəllüdlü X7, 1 dekabr 1996-cı il təvəllüdlü X18, 7 dekabr 1997-ci il təvəllüdlü X8 pasport qeydiyyatından çıxarılması öhdəliyini cavabdehin üzərinə qoyulması” tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar