Məhkəmə qərarları › İş №e-2-1(118)-5216/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-5216/2025

12.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-5216/2025 12.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı X3 cavabdeh X2nə qarşı iş üzrə (Açar sözlər: qərarın ləğv edilməsi) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Misirxanova Ayşən Valeh qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı X3 cavabdeh X2nə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları

1. İddiaçı X11 cavabdeh X2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli **********6614 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2nin əməkdaşları tərəfindən fiziki şəxs X1 fəaliyyəti göstərdiyi obyektdə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Operativ vergi nəzarəti tədbirinin keçirilməsi haqqında qərar xx.xx.2025-ci il tarixdə açılmasına baxmayaraq vergi orqanının əməkdaşları tərəfindən operativ vergi nəzarəti tədbiri xx.xx.2025-ci il tarixdə keçirilmişdir. Operativ vergi nəzarəti tədbirinin keçirilməsi haqqında qərar və operativ vergi nəzarəti tədbiri sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilməmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və sahibkarlıq sahəsində aparılan yoxlamalarla bağlı qanunvericiliyə əsasən vergi yoxlamaları müvafiq qərar verildikdən sonra və qanunvericilikdə müəyyən edilmiş qaydada aparılmalıdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir yoxlama mütləq qaydada vahid məlumat reyestrinə daxil edilməlidir. Əgər operativ vergi nəzarəti tədbiri bu reyestrə daxil edilməyibsə, bu, yoxlamanın qanunsuz aparıldığını göstərir və sahibkarın hüquqlarının pozulması kimi qiymətləndirilir. Qeyd edilənlərə əsasən xx.xx.2025-ci il tarixli, **********6614 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ləğv edilməlidir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, iddia tələbinin prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 38.1-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli **********91258 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən Vergi Məcəlləsinin 50.1.1-ci, 10.1.2-ci, 50.1.3-cü, 50.1.7-ci və 50.1.14-cü maddələrinə nəzərdə tutulmuş məsələlər üzrə Sumqayıt şəhər ərazisində operativ vergi nəzarət tədbiri təyin edilmişdir. xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhər 3-cü mikrorayon, Heydər Əliyev prospekti, ev 24, 1 -ci mərtəbəsi, Mübariz şadlıq evi yaxınlığı ünvanında yerləşən tikiş sexində sahibkarlıq fəaliyyəti ilə məşğul olunduğu müəyyən edilmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə qeyd edilən ünvanda həyata keçirilmiş müşahidə-baxış işləri zamanı həmin ünvanda “tikiş sexinin fəaliyyət göstərdiyi, lakin Dövlət Vergi Xidmətinin hesabat-axtarış elektron informasiya sistemində mövcud olan uçot məlumatları əsasında araşdırma ilə yuxarıda qeyd edilmiş ünvanda hər hansı vergi ödəyicisi tərəfindən tikiş sexi və ya oxşar fəaliyyət ilə məşğul olmaq üçün obyekt vergi orqanında qeydiyyata qoyulmadığı aşkar edilmişdir. Eyni zamanda qeyd olunan ünvanda 13 (on üç) nəfər fiziki şəxsin, o cümlədən ütüçü vəzifəsində X5 (fin kod: 32DPUAM), X14 (fin kod: 2N6A73V), dərzi vəzifəsində X15 (fin kod: 50U1VVF), X6 (fin kod: 1MY2U3G), X10 (fin kod: 2DVD2P9), X24 (fin kod: 3GQFUCU), X18 (fin kod: 5CGZ7PP), X19 (fin kod: 15BKK5X), X7 (fin kod: 3Q67MZH), X12 (fin kod: 52HFRDL), Namazova (Abdullayeva) Könül Dilqəm qızı (fin kod: 4KXLRHT), parça sərimçisi vəzifəsində X13 (fin kod: 4XGAK1C) və kəsimçi vəzifəsində X4 (fin kod: 21PE8WA), Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi aşkar edildi. Operativ vergi nəzarətinin daha dolğun və ətraflı aparılması məqsədi ilə əmək müqaviləsi bağlamadan işlərin yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin izahatları alınmışdır. Qeyd olunan şəxslər izahatlarında Bağırov Cavanşir adlı şəxs tərəfindən 2024-cü ilin dekabr - 2025-ci il ərzində işə götürüldüklərini, əmək haqqı aldıqlarını, əmək müqaviləsi bağlamadan işlədiklərini qeyd etmişlər. Aşkar edilmiş hüquq pozuntuları xx.xx.2025-ci il tarixli DVX seriyalı 100954 nömrəli "Vergi Məcəlləsinin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və (və ya) təsərrüfat subyektinin (obyektinin) sahəsi barədə təhrif olunmuş məlumat təqdim edən vergi ödəyicilərinin aşkar edilməsi barədə” və xx.xx.2025-ci il tarixli DVX seriyalı 005393 nömrəli "Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktlar tərtib edilmişdir. X2 obyektə yaxınlaşaraq həmin obyektin sahibkarlıq fəaliyyəti həyata keçirilməsi üçün icarəyə götürdüyünü, obyekt sahibi ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli icrarə müqaviləsini operativ vergi nəzarəti həyata keçirən vergi orqanının əməkdaşlarına təqdim etmişdir. Həmçinin, X11 izahatında Sumqayıt şəhəri, 3-cü mikrorayon, Heydər Əliyev prospekti, ev 24-ün birinci mərətəbəsində yerləşən tikiş sexində vergi orqanında qeydiyyata qoymadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, sahibkarlıq fəaliyyətindən 3000 manata yaxın gəlir əldə etdiyini, fəaliyyət göstərdiyi müddət ərzində 13 nəfər fiziki şəxslərin əmək müqaviləsi bağlamadan işlərin yerinə yetirilməsinə cəlb etdiyini bildirdirmişdir. Operativ vergi nəzarətinin daha dolğun və əhatəli həyata keçirilməsi məqsədilə fərdi sahibkar X1 fəaliyyəti məqsədləri üçün istifadə edilən əraziyə (yerlərə, obyektə), habelə sənədlərinə baxış keçirilmişdir. Həyata keçirilmiş baxış hərəkətləri zamanı xüsusi texniki vasitələr ilə foto və video çəkilişlər aparılmış və nəticəsi xx.xx.2025ci il tarixli DVX seriyalı 000046 nömrəli "Vergi ödəyicisinin ərazisinə və binalarına, habelə sənədlərinə və əşyalarına baxışın keçirilməsi barədə” protokolla rəsmiləşdirilmişdir. Lakin fərdi sahibkar X11 hər hansı əsaslı səbəb göstərmədən tərtib edilmiş protokola imza etməkdən və protokolun surətini almaqdan imtina etmişdir. Vergi Məcəlləsinin 50.1.1 -ci və 50.1.7-ci maddələrinə əsasən bu Məcəllənin 33.2-ci maddəsinə uygun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan vergi ödəyicilərinin aşkar edilməsi və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi operativ vergi nəzarəti formasıdır. Həmçinin Vergi Məcəlləsinin 50.4-1-ci maddəsinə əsasən bu Məcəllənin 50.1-ci maddəsi üzrə operativ vergi nəzarəti bu Məcəllənin 56.1-ci və 85.4-cü maddələrində nəzərdə tutulan dövr üzrə həyata keçirilir. Fərdi sahibkar X3 (və ya etibarnamə əsasında çıxış edən nümayəndəsinin) operativ vergi nəzarətinin nəticəsinin rəsmiləşdirilməsi prosesində obyektdə olmaması (gələ bilməməsi) səbəbindən onu Baş İdarənin xx.xx.2025-ci il tarixli, **********1258 nömrəli nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarı və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli, KY252276806 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışla və Baş İdarənin xx.xx.2025-ci il tarixli, **********1761 nömrəli "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərarla həmçinin Baş İdarənin xx.xx.2025-ci il tarixli, **********1323 nömrəli "Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” tələbnamə ilə onu tanış etdirmək və tələbnamənin bir nüsxəsini ona təqdim etmək mümkün olmamışdır. Həmçinin fərdi sahibkar X3 obyektdə olmaması səbəbindən operativ vergi nəzarətinin nəticələri tərtib edilmiş xx.xx.2025-ci il tarixli DVX seriyalı 100954 nömrəli "Vergi Məcəlləsinin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və (və ya) təsərrüfat subyektinin (obyektinin) sahəsi barədə təhrif olunmuş məlumat təqdim edən vergi ödəyicilərinin aşkar edilməsi barədə” və xx.xx.2025-ci il tarixli DVX seriyalı 005393 nömrəli "Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktlarla onu tanış etdirmək, aktlara imza etdirmək və tərtib edilmiş aktların bir nüsxələrini (əlavələri ilə) ona təqdim etmək mümkün olmamışdır. Tərtib edilmiş aktlar əsasında vergi ödəyicisi barəsində xx.xx.2025-ci il tarixli **********6614 nömrəli məsuliyyət qərarı qəbul edilmişdir. Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır.

Tərəflərin iştirakı və izahatları

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.

c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

8. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********8325 nömrəli qərarına əsasən Sumqayıt şəhəri ərazisində vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən şəxslərin aşkar edilməsi məsələsi üzrə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır.

9. X3 xx.xx.2025-ci il tarixli izahatında qeyd edilmişdir ki, qeyd olunan obyekti vergi orqanında qeydiyyata almadan sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Belə fəaliyyətdən təqribən 3000 manat gəlir əldə etmişdir. Sahibkarlıq fəaliyyəti göstərdiyi müddətdə işlərin yerinə yetirilməsinə 13 nəfər fiziki şəxs fəaliyyət göstərir. Həmin şəxslərlə işləyəcəyi təqdirdə qısa müddət ərzində hər biri ilə ayrı-ayrılıqda əmək müqaviləsi bağlayacaqdır.

10. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********1258 nömrəli qərarına əsasən X8 məxsus Sumqayıt şəhər 3-cü mikrorayon, Heydər Əliyev prospekti, ev 24-ün 1 -ci mərtəbəsi, Mübariz şadlıq evi yaxınlığı ünvanında yerləşən tikiş sexində xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır.

11. xx.xx.2025-ci il tarixli, KY252276806 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, yoxlama yoxlamaların vahid məlumat reyestrindən qeydiyyatdan keçirilmiş, yoxlama müddəti xx.xx.2025xx.xx.2025-ci il qeyd edilmiş (yoxlanılan dövr: cari fəaliyyyət) və yoxlamanın predmeti və hüquqi əsası kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi göstərilmişdir.

12. xx.xx.2025-ci il tarixli 005393 nömrəli operativ vergi nəzarətinin nəticəsi haqqında aktdan görünür ki, Baş İdarənin xx.xx.2025-ci il tarixli **********1258 nömrəli və xx.xx.2025ci il tarixli **********8325 nömrəli qərarlarının icrası ilə əlaqədar tikiş sexində operativ vergi nəzarəti gedişatı prosesi zamanı vergi ödəyicisinin sahibkarlıq məqsədləri üçün istifadə etdiyi əraziyə habelə sənədlərə baxış həyata keçirilmiş, izahat işləri aparımış və nəticəsi protokolla rəsmiləşdirilmişdir.

13. xx.xx.2025-ci il tarixli, **********967400 nömrəli qanunamüvafiq tədbirlərin götürülməsi barədə xidməti məruzədə qeyd edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2025-ci tarixli **********8325 nömrəli operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarına əsasən Vergi Məcəlləsinin 50.1.1-ci, 50.1.2-ci, 50.1.3-cü, 50.1.7-ci və 50.1.14 maddələrində nəzərdə tutulmuş məsələlər üzrə Sumqayıt şəhəri ərazisində operativ vergi nəzarəti tədbiri təyin olunmuşdur. Qərarın icrası ilə əlaqədar xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanda həyata keçirilmiş müşahidə baxış tədbirləri zamanı fərdi sahibkar X3 (VÖEN: **********) “dərzi sexində sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmişdir. Belə ki, dərzi sexində müşahidə - baxış işləri zamanı obyektdə 13 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi, həmçinin Dövlət Vergi Xidmətinin Hesabat və Axtarış elektron informasiya sistemində mövcud olan uçot məlumatları əsasında araşdırma ilə yuxarıda qeyd edilmiş ünvanda hər-hansı vergi ödəyicisi tərəfindən dərzi sexi, o cümlədən oxşar və ya eyni fəaliyyət növü ilə məşğul olmaq üçün obyekt (təsərrüfat subyekti) vergi orqanında qeydiyyata qoyulmadığı müəyyən edildi. Operativ vergi nəzarətinin daha dolğun və əhatəli aparılması məqsədilə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin yazılı izahatları alındı. X2 (fin kod: 12UAVJ6) obyektə (dərzi sexinə) yaxınlaşaraq həmin obyekti sahibkarlıq fəaliyyəti məqsədləri üçün özünün istifadə etdiyini bildirməklə obyekt sahibi ilə onun arasında bağlanmış xx.xx.2024cü il tarixli icarə müqaviləsini operativ vergi nəzarətini həyata keçirən vergi orqanı əməkdaşlarına təqdim etdi. Daha sonra araşdırma ilə müəyyən edildi ki, X11 xx.xx.2004cü il tarixdə vergi orqanında qeydiyyata durmuş və ********** nömrəli VÖEN (fiziki şəxsin şəhadətnaməsi) əldə etmişdir. Aparılmış araşdırma ilə o da müəyyən edildi ki, fərdi sahibkar X11 (VÖEN: **********) tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edilən obyektin (təsərrüfat subyektinin) vergi orqanında olduğu yer üzrə uçota alınmadığı və onun tərəfindən 13 nəfər fiziki şəxsin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi məlum olmuşdur.

14. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2025-ci il tarixli, **********6614 nömrəli qərara əsasən X11 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 13 nəfər fiziki şəxsin işlərinin yerinə yetirilməsinə cəlb etdiyinə görə 26000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb olunmuşdur.

15. xx.xx.2024-cü il tarixli icarə müqaviləsindən görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi X20 tərəfindən X8 icarəyə verilmişdir.

16. Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin olduğu yer üzrə uçota alınması haqqında **********1 nömrəli arayışdan görünür ki, X3 ünvan 2 ünvanında yerləşən obyekti xx.xx.2025-ci il tarixdə uçota alınmışdır.

17. Cavabdeh inzibati orqan tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb olunmuş 13 nəfər fiziki şəxsin izahatları məhkəməyə təqdim edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

a) İddianın növü və mümkünlüyü

18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını; 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar.

19. İddia tələbi İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir.

20. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə qeyd edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan həmin növ iddianın xüsusi mümkünlük şərti kimi İnzibati- Prosessual Məcəllənin 38-ci maddəsinə əsasən iddia müddətinə riayət edilməklə verilibverilməməsi yoxlanılmalıdır.

21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Yəni, bu iddianın xüsusi mümkünlük şərti iddianın prosessual müddətə cavab verməklə qərarın təqdim edilməsi tarixindən 30 gün ərzində mübahisələndirilməsidir. Belə ki, mübahisəli qərar xx.xx.2025-ci il tarixdə qəbul edilmiş, iddiaçı xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində məhkəməyə müraciət edilmişdir.

b) Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikasının Konstitusiyasının: 73-cü maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.

23. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 41.1-ci maddəsinə əsasən vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. 41.2-ci maddəsinə əsasən bu Məcəllənin 41.1-ci maddəsi ilə müəyyən edilmiş foto və (və ya) video çəkilişin nəticələri vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə məhkəmə və ya inzibati icraat çərçivəsində istifadə edilir. Foto və (və ya) video çəkilişin nəticələri üçüncü şəxslərə yalnız vergi ödəyicisinin yazılı razılığı əsasında açıqlana bilər. 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

24. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3-cü maddəsinə əsasən işəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. 5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra – əmək müqaviləsi) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 7.2-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. 44 1-ci maddəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda kağız daşıyıcıda, digər hallarda isə elektron sənəd formasında bağlanılır. 44.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. 44.3-cü maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. 49.1-ci maddəsinə əsasən bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir.

25. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 08 may 2023-cü il tarixli, **********083400 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi və digər nəzarət tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın: 1.4-cü bəndinə əsasən operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.2-ci maddəsində və bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən nəzərdə tutulmuş əsaslardan biri olduqda, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin təsdiq etdiyi formada vergi orqanının əsaslandırılmış qərarına və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq vahid məlumat reyestrindən çıxarışa (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) əsasən həyata keçirilir. Qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 9.2-ci bəndinə əsasən operativ vergi nəzarəti tədbiri zamanı barəsində nəzarət tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmiş vergi ödəyicisinin adı (hüquqi şəxs olduqda hüquqi şəxsin tam adı, rəhbərinin soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri, fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri), VÖEN-i, səlahiyyətli nümayəndəsi olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilir. Vergi orqanının vəzifəli şəxsi tərəfindən vergi nəzarətinə başlamazdan əvvəl müvafiq elektron informasiya sistemindən əmək müqaviləsi bildirişləri barədə məlumat əldə edilməlidir. 9.3-cü bəndinə əsasən operativ vergi nəzarəti tədbirinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamə vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilir və onlardan birinin iştirakı ilə vergi ödəyicisinə məxsus obyektdə yerinə yetirilən işlər (xidmətlər) müəyyənləşdirilir. Tələbnamə bu Qaydaların əlavəsində göstərilən formada tərtib edilməli və həmin Tələbnamə ilə nəzarət kitabçası, əmək müqavilələri, işəgötürənin və işçilərin, habelə işəgötürənin səlahiyyətli nümayəndəsi olduqda onun şəxsiyyət vəsiqələrinin surətləri, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumat, habelə həmin obyektdə Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər barədə müvafiq məlumatları əks etdirən sənədlər (işlərə /xidmətlərə/ cəlb edilmə ilə bağlı müvafiq sənədlər /müqavilələr/, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi haqqında qəbz”lərin surətləri) və digər zəruri sənədlər vergi ödəyicisindən tələb edilməlidir. 9.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və fiziki şəxslərin Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi haqqında qəbz” olmadan məşğul olduğu halları aşkar edilərsə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə həmin fiziki şəxslərin sayı və mümkün olduğu təqdirdə bu şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri əldə olunmalı, yaxud soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilməli, fiziki şəxslərin aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat obyektində çalışan digər şəxslərin soyadı, adı, atasının adı barədə məsələlər aydınlaşdırılmalı, habelə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi haqqında qəbz” olmadan fəaliyyət göstərən fiziki şəxslərin izahatları alınmalıdır. Azərbaycan Respublikasında fəaliyyət göstərən əcnəbilərin izahatları alınarkən zəruri hallarda onların tərcüməçi xidmətindən istifadə hüququ təmin edilməlidir. 9.6-cı bəndinə əsasən operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslərdən alınan izahatda həmin şəxslərin hansı tarixdən və kim tərəfindən işə (xidmətə) cəlb edilməsi, əmək müqaviləsi bildirişinin olub-olmaması, işəgötürən tərəfindən həmin şəxslərə əmək müqaviləsi bildirişinin və bu bildirişin qeydiyyata alınması haqqında məlumatın surətinin verilib-verilməməsi, aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat subyektində (subyektlərində) çalışan digər şəxslərin soyadı, adı, atasının adı, onların hansı tarixdən işə (xidmətə) cəlb edildikləri barədə məlumatlar, eyni zamanda izahatın alınma tarixi və saatı əks etdirilməlidir. İşəgötürəndən alınan izahatda əmək münasibətləri rəsmiləşdirilməmiş fiziki şəxslərin hansı tarixdən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri, sayı, adı, soyadı, atasının adı və əmək haqları müəyyənləşdirilməlidir. Operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) muzdlu işlə çalışan işçilərlə yanaşı xidməti müqavilə əsasında və ya Vergi Məcəlləsinin 220.10-cu maddəsində göstərilən şəxslər fəaliyyət göstərdikdə onların müvafiq sənədlərinin olması yoxlanılır və bu barədə aktda qeyd edilir. 9.7-ci bəndinə əsasən operativ vergi nəzarəti tədbirinin nəticələri üzrə bu Qaydalara uyğun olaraq akt və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin həmin aktın əlavəsinə müvafiq olaraq siyahısı tərtib olunur.

26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

c) Məhkəmənin mövqeyi

28. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir.

29. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********8325 nömrəli qərarına əsasən Sumqayıt şəhəri ərazisində vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən şəxslərin aşkar edilməsi məsələsi üzrə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. X3 xx.xx.2025-ci il tarixli izahatında qeyd edilmişdir ki, qeyd olunan obyekti vergi orqanında qeydiyyata almadan sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Belə fəaliyyətdən təqribən 3000 manat gəlir əldə etmişdir. Sahibkarlıq fəaliyyəti göstərdiyi müddətdə işlərin yerinə yetirilməsinə 13 nəfər fiziki şəxs fəaliyyət göstərir. Həmin şəxslərlə işləyəcəyi təqdirdə qısa müddət ərzində hər biri ilə ayrı-ayrılıqda əmək müqaviləsi bağlayacaqdır. Həmin tarixdə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işləyən fikizi şəxslərin də izahatları alınmış və onlar əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlədiklərini etiraf etmişlər.

30. Bundan sonra Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********1258 nömrəli qərarına əsasən X8 məxsus Sumqayıt şəhər 3-cü mikrorayon, Heydər Əliyev prospekti, ev 24-ün 1 -ci mərtəbəsi, Mübariz şadlıq evi yaxınlığı ünvanında yerləşən tikiş sexində xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. Həmin qərar yoxlamaların vahid məlumat reyestrindən qeydiyyatdan keçirilmişdir. Operativ vergi nəzarətinin nəticəsi haqqında xx.xx.2025-ci il tarixli 005393 nömrəli akt tərtib edilmişdir. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2025-ci il tarixli, **********6614 nömrəli qərar qəbul edilərək X11 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 13 nəfər fiziki şəxsin işlərinin yerinə yetirilməsinə cəlb etdiyinə görə 26000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb olunmuşdur.

31. İddiaçı tərəf iddia ərizəsində “operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarın xx.xx.2025-ci il tarixdə qəbul edildiyini, lakin yoxlamanın həmin qərar qəbul edilməmişdən əvvəl, yəni xx.xx.2025-ci il tarixdə həyata keçirildiyini qeyd etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********8325 nömrəli qərarına əsasən Sumqayıt şəhəri ərazisində vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən şəxslərin aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. Həmin qərarın icrası ilə bağlı Sumqayıt şəhəri ərazisində operativ vergi nəzarətinin həyata keçirilmiş və iddiaçı tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işlərinin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilmişdir.

32. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yoxlama keçirilən zaman iddiaçıya məxsus tikiş sexi təsərrüfat subyekti kimi uçota alınmamışdır. Həmin obyekt iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə icarəyə götürülməsinə baxmayaraq, yoxlama keçirildikdən sonra, yəni xx.xx.2025-ci il tarixdə vergi orqanında uçota alınmışdır.

33. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən mübahisələndirilən qərarın ləğvinə dair sübutlar təqdim edilməmiş və belə sübutlar müəyyən olunmamışdır. Həmçinin həm iddiaçı, həm də onun tərəfindən işlərinin yerinə yetirilməsinə cəlb edilən fiziki şəxslər əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işləmə faktını öz izahatları ilə təsdiq etmişlər.

34. Göründüyü kimi hazırkı işdə olan sübutlarla mübahisələndirilən qərarın qəbuluna əsas olmuş hal olan iddiaçı tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10cu maddəsinin tələbinin pozulması, yəni Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 13 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb edilməsi tam təsdiq edilmişdir.

35. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçının hüquqlarının pozulması istiqamətində cavabdehin hərəkətləri olmamış və cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qərar qanunvericiliyin tələbləri çərçivəsində olmuşdur.

36. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı X3 cavabdeh X2nə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

37. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddiaçı X3 cavabdeh X2nə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Qəşəm Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar