Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-1(118)-5279/2025 27.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsi üzərində icarə hüququnun dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC (bundan sonra - “iddiaçı”) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 16 nömrəli, 30 yanvar 2014-cü il tarixli sərancamı ilə Abşeron rayonu dövlət ehtiyat torpaq fondunda saxlanılmış torpaqlardan keçmiş 2 saylı sovxoz ərazisində yerləşən kənd təsərrüfatı məqsədilə iddiaçıya ayrılmış 10 ha torpaq sahəsi üzərində icarə hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu dövlət ehtiyat torpaq fondunda saxlanılmış torpaqlardan keçmiş 2 saylı sovxoz ərazisindən kənd təsərrüfatı məqsədilə 10 ha 99 il müddətinə icarə qaydasında iddiaçıya ayrılmış, bu barədə icarə müqaviləsi tərtib edilmişdir. Bundan əlavə torpaq sahəsinin icarəyə götürülməsinə dair zəruri sənədlər tərtib edilmiş, möhürlənərək imzalanmışdır. Belə ki, hazırda həmin hüquqi şəxsin istifadəsində olan torpaq sahəsinə dair icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması zərurəti yaranmışdır. Buna görədə torpaq sahəsi üzərində hüquqların qeydə alınmasının cavabdeh vasitəsilə təmin edilməsi nəzərdə tutulmuş, bu barədə cavabdehə ərizə ünvanlamış, lakin cavabdeh tərəfindən ərizəyə üzərindən 35 gün keçməsinə baxmayaraq baxmamış, nəticəsinə dair hər hansı məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 30 yanvar 2024-cü il tarixli, 16 saylı sərəncamı ilə kənd təsərrüfatı məqsədilə iddiaçıya ayrılmış 10 ha torpaq sahəsi üzərində iddiaçının icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin 7 yanvar 2026-cı il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmənin 18 dekabr 2025-ci il tarixli, 2-1(118)-5279/2025 nömrəli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi (bundan sonra - “cavabdeh”) ilə əvəz edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 28 yanvar 2026-cı il tarixli, 3-21-3-32/2-1951/2026 nömrəli məktubundan görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 30 yanvar 2014-cü il tarixli, 16 saylı sərəncamı ilə iddiaçıya ayrılmış 2 saylı sovxoz ərazisində yerləşən 10 ha torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli sərəncamı ilə Abşeron Rayonu İcra Hakimiyyətinin idarəçiliyində saxlanılmış, keçmiş 2 saylı Tərəvəzçilik Sovxozu ərazisinin hüdudları daxilində yerləşir və inzibati olaraq Bakı şəhərinə (Sabunçu rayonu) aid edilmişdir. Göründüyü kimi, mübahisə predmeti olan 10 ha torpaq sahəsinin Abşeron Rayonu İcra Hakimiyyətinin idarəçiliyində saxlanıldığı, keçmiş Tərəvəzçilik sovxozunun hüdudları daxilində və Bakı şəhəri, Sabunçu rayonun inzibati ərazisində yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahat verərək, hazırkı inzibati işin aidiyyəti üzrə baxılması üçün səlahiyyətli məhkəməyə göndərilməsinə etiraz etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək, işin baxılması üçün aidiyyəti üzrə səlahiyyətli məhkəməyə göndərilməsinə etiraz etməmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Beləliklə, mübahisələndirilən torpaq sahəsinin inzibati olaraq Bakı şəhərinə (Sabunçu rayonu) aid olduğu üçün məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 43-cü maddəsinə əsasən inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na görə Bakı şəhəri, Sabunçu rayonu Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidlərinə daxildir (15.9-cu bənd). Məhkəmə nəzərə alır ki, zəruri konstitusiya hüquq qaydasının yaradılması məhkəmə hakimiyyətinin səmərəli fəaliyyət mexanizmindən asılıdır. Eyni zamanda, 2023-cü il 6 noyabr tarixli Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” Qərardadında qeyd olunmuşdur: “...
33. Məhkəmələrə müraciət etmək hüququ mütləq deyil, məhdudiyyətlərə məruz qala bilər; belə məhdudiyyətlərə dolayı formada yol verilir, çünki məhkəməyə müraciət etmək hüququ xarakterinə görə dövlət tərəfindən tənzimlənmə tələb edir və belə tənzimləmə cəmiyyətin və fərdlərin ehtiyaclarına və resurslarına uyğun olaraq zamana və məkana görə dəyişilə bilər. Bununla belə, tətbiq edilən məhdudiyyətlər, şəxslərin məhkəməyə müraciət hüququnu, bu hüququn mahiyyətinə xələl gətirəcək formada və ya həddə məhdudlaşdırmamalıdır. Əgər məhdudiyyət legitim məqsəd güdmürsə və istifadə edilən vasitələrlə nail olmaq istənilən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi yoxdursa, məhdudiyyət Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olmayacaqdır (bax, Zubac Xorvatiyaya qarşı (Böyük Palata), xx.xx.2018, No.40160/12, §77-78). ...” İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. İPM-in 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 8.1.1 və 34.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “Abşeron Rayon İcra Hakimiyyəti başçısının 30 yanvar 2024-cü il tarixli, 16 saylı sərəncamı ilə kənd təsərrüfatı məqsədilə iddiaçıya ayrılmış 10 ha torpaq sahəsi üzərində iddiaçının icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.
Hakim Könül Həbibova