Məhkəmə qərarları › İş №e-2-1(118)-5312/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-5312/2025

12.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-5312/2025 12.01.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X3 Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli, 3-21-2-10/2- 29409/2025 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının əsas fəaliyyəti kənd təsərrüfatı sahəsində bağçılıq fəaliyyətindən ibarətdir. Eyni zamanda Quba şəhərində ona məxsus olan torpaq sahəsində Azərbaycan Respublikası Quba rayon İcra Hakimiyyəti başçısının 5-61/2-1-K-xx/xx/2023 nömrəli xx.xx.2023-cü il tarixli Sərəncamına əsasən özü və ailəsi üçün fərdi ev inşa etdirmişdir. 3 il keçdikdən sonra cavabdeh vergi orqanı “X4” üzrə kameral yoxlamanın keçirilməsi ilə əlaqədar 19 mart 2025-ci il tarixli **********220500 nömrəli məktub daxil oldu. Cavab məktubunda fəaliyyətinin ƏDV-li sahəyə aid olmadığını bildirmişdir. Bundan sonra xx.xx.2025-ci il tarixdə mənə 78 101,70 manat məbləğində ƏDV-nin kameral hesablanması barədə №3-21-2-10/2-29409/2025 nömrəli qərarın surəti göndərildi. Həmin qərarda fərdi yaşayış evinin satış qiymətini müəyyən etmək üçün ekspert dəvət edildiyi, ekspertin yüksək qiymət təyin etdiyi və buna əsasən də 78 101,70 manat məbləğində ƏDV hesablandığı bildirilirmişdir. Qanunsuz hesablamalar barədə cavabdeh vergi orqanına etdiyi müraciətlər baxılmamış qalmışdır. Bununla belə cavabdeh vergi orqanı tərəfindən Vergi Məcəlləsinin tələblərini kobud şəkildə pozmaqla qanunsuz hesablamaları barədə aşağıdakıları bir daha diqqətinizə çatdırır. Belə ki, ona məxsus olan evin fərdi yaşayış evi olması evin bütün hüquqi və texniki sənədlərində öz əksini tapmışdır, o cümlədən evin tikintisinə dair Azərbaycan Respublikası Quba rayon İcra Hakimiyyəti başçısının 5-61/2-1-K-xx/xx/2023 nömrəli xx.xx.2023-cü il tarixli Sərəncamında və digər bütün hüquqi sənədlərdə. Göründüyü kimi kameral yoxlama zamanı vergi orqanı tərəfindən rəsmi sənədlərdə qeyd olunan məlumatlar nəzərə alınmamış və ən qəribəsi də budur ki, heç bir müqavilə, satış sənədi və digər hər hansı sənədlər olmadan özünə məxsus olan və hal-hazırda da onun mülkiyyətində olan fərdi evi üçün onun özünə də ƏDV hesablayıblar.Beləliklə Vergi Məcəlləsinin 53.3-cü maddəsinin tələblərini kobud şəkildə pozublar “Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur”. Cavabdeh vergi orqanı tərəfindən çıxarılmış qərarda verginin hesablaması zamanı ekspertin rəyinin əsas götürüldüyü qeyd olunmuşdur. Ekspert rəyinə əsasən verginin hesablanması zamanı vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 44-cü maddəsinin tələblərinin pozulduğu müəyyən olunmuşdur. Belə ki, Vergi Məcəlləsinin 44.6cı maddəsinə əsasən “Ekspertiza keçirilməsi haqqında qərar çıxarmış vergi orqanı həmin qərarla yoxlanılması keçirilən vergi ödəyicisini bu qərarla tanış etməyə və həmin şəxsin bu Məcəllənin 44.7-ci maddəsində nəzərdə tutulan hüquqlarını ona izah etməyə borcludur”. Beləliklə vergi orqanı tərəfindən ekspert cəlb edilməsi zamanı ona heç bir məlumat verilmədiyi və onun (nümayəndəsinin) ekspertizada iştirakını təmin etmədiyi üçün Vergi Məcəlləsinin 44.6 və 44.7-ci maddələrinin tələbləri pozulmuşdur. Bundan başqa Vergi Məcəlləsinin 44.9-cu maddəsinə əsasən “Ekspertin rəyinin surəti və ya onun rəy vermək imkanının olmaması barədə xəbər yoxlanılan şəxsə verilir. Həmin şəxsin izahat vermək, öz etirazlarını bəyan etmək, ekspertə əlavə sualların qoyulmasını, əlavə, yaxud təkrar ekspertizanın təyin edilməsini tələb etmək hüququ vardır”. Göründüyü kimi, vergi orqanı tərəfindən ekspertin verdiyi rəyin surəti ona təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 44.9-cu maddəsinin tələblərinin pozulduğu aydın görünür. Əlavə olaraq bildirir ki, Vergi Məcəlləsinin 12.1-ci maddəsinin tələblərinə əsasən “Vergi o halda müəyyən edilmiş hesab olunur ki, vergitutma obyekti müəyyən edilsin”.Göründüyü kimi hər hansı verginin hesablanması üçün vergitutma obyektinin olması mütləqdir. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən isə ƏDV məqsədləri üçün“Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir”. Göründüyü kimi, heç bir vergitutma obyekti olmadan, heç bir satış əməliyyatı aparılmadan verginin hesablanması Vergi Məcəlləsinin 159-cu maddəsinin birbaşa pozulmasıdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, 3 saylı Ərazi Vergilər İdarəsi aşağıda göstərilənlərə əsasən ərizəni əsassız hesab edir: Belə ki, vergi ödəyicisinin fəaliyyəti üzrə aparılmış araşdırma zamanı, ünvan 1 ünvanında bina tikintisi fəaliyyəti ilə məşğul olduğu və qeyd olunan ünvanlarda yerləşən çoxmərtəbəli yaşayış binasında mənzillərin təqdim edilməsinin həyata keçirildiyi müəyyən edilmişdir.Müvafiq dövr üzrə təqdim edilmiş mənzillərin bazar qiymətlərinin müəyyən edilməsi üçün aparılmış qiymətləndirilmə işi Azərbaycan Respublikası “Qiymətləndirmə fəaliyyəti haqqında” xx.xx.1998-ci il tarixli 510-İQ nömrəli Qanuna, Milli Qiymətləndirmə Standartlarına, eləcə də əmlakın qiymətləndirilməsi üzrə digər beynəlxalq qiymətləndirmə birliklərinin peşəkar qiymətləndirmə qaydalarına uyğun olaraq hazırlanmış ekspert rəyinə əsasən hər kvadrat metrinin 800,0 manat (ƏDV daxil) olduğu müəyyən edilmiş, vergi orqanı tərəfindən keçirilmiş nəzarət tədbirləri məlumatlarına əsasən ünvan 2 ünvanında yerləşən bina üzrə ümumi sahəsi 640 kv.m olmaqla mənzilərin satıldığı müəyyən edilmişdir. 2023-cü ildən bina tikintisi fəaliyyəti ilə məşğul olmağına baxmayaraq, ƏDV-nin məqsədləri üçün ərizə ilə müraciət edilməmiş və ƏDV bəyannamələri təqdim edilməmişdir ki, bu da Vergi Məcəlləsinin 154.6. və 177.2. maddələrinin tələblərinin pozulmasına əsas verir. Əldə edilmiş məlumatlara əsasən vergi ödəyicisi tərəfindən müvafiq dövrlər üzrə vergi bəyannaməsi təqdim edilməməklə 433898,31 manat ((640 * 800) / 1,18) dövriyyə məbləğinin yayındırıldığı müəyyən edilmişdir. Qeyd olunanlara əsasən 2025-ci ilin fevral ayı ƏDV bəyannaməsi üzrə 78101,70 manat (433898,31 * 18%) ƏDV məbləğinin hesablanması qanunamüvafiq hesab edilmişdir. Yuxarıda qeyd edilən kənarlaşmalarla bağlı vergi ödəyicisinə xx.xx.2025-ci il tarixli **********354000 nömrəli Uyğunsuzluq məktubu, həmçinin, xx.xx.2025-ci il tarixli **********925000 nömrəli ƏDV qeydiyyatı haqqında məktub göndərilsə də vergi ödəyicisi tərəfindən əsaslandırılmış izahat və zəruri sənədlər, həmçinin ƏDV qeydiyyatına dair ərizə təqdim edilməmişdir. Vergi ödəyicisi 2023cü ildən bina tikintisi fəaliyyəti ilə məşğul olmağına baxmayaraq, ƏDV-nin məqsədləri üçün ərizə ilə müraciət etməmiş və ƏDV bəyannamələri təqdim etməmişdir və bu da Vergi Məcəlləsinin 154.6. və 177.2. maddələrinin tələblərinin pozulmasına əsas verir. Daşınmaz əmlakın daxili və xarici fotoşəkillərinin vizual araşdırılması zamanı və eyni zamanda hər mənzil üçün ayrıca işıq, su və qaz sayğaclarının quraşdırılması, binanın ətrafının fərdi evlərlə müqayisədə hasarlanmaması, binanın həyətinin ümumi istifadəyə verilməsi, binanın bir bloklu olması, hər mənzilin ayrıca girişinin olması, hər mərtəbənin dəhlizinin ümumi istifadə üçün nəzərdə tutulmuş formada təmir olunması vergi ödəyicisi tərəfindən daşınmaz əmlakın faktiki olaraq satış məqsədi ilə inşa edildiyinə əsas verir. Vergi Məcəlləsinin 154.6-cı maddəsinə əsasən aksizli, məcburi nişanlama ilə nişanlanmalı malların istehsalçıları və bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər ƏDV-nin ödəyiciləri sayılır. Vergi Məcəlləsinin 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyatdır. Vergi orqanları tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı vergi ödəyicisinin vergi üstünlüyü əldə etmək məqsədilə əməliyyatlar həyata keçirdiyi aşkar edildikdə vergilərin faktiki iqtisadi göstəricilər əsas götürülməklə hesablanması vergi orqanı tərəfindən həyata keçirilə bilər. Eyni zamanda bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalara görə yaranan vergi öhdəlikləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada yerinə yetirilməli olduğundan həmin yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı alqı-satqı müqavilələrini təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulmur. Vergi orqanları tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı vergi ödəyicisinin vergi üstünlüyü əldə etmək məqsədilə əməliyyatlar həyata keçirdiyi aşkar edildikdə vergilərin faktiki iqtisadi göstəricilər əsas götürülməklə hesablanması vergi orqanı tərəfindən həyata keçirilə bilər. Bundan elavə coxmənzilli bina ilə əlaqədar olaraq müvafiq dövlət təşkilatlarına sorğular göndərilmişdir. Azəriqaz İB Xaçmaz Regional qaz istismarı İdarəsi tərəfindən göndərilən cavab məktubunda həmin çoxmənzilli binada müxtəlif şəxslərin adına 17 ədəd sayğac quraşdırıldığı qeyd edilmişdir. Azərişıq ASC-dən daxil olan məktubda isə 8 ədəd müxtəlif şəxslər adına olan sayğacın olduğu göstərilmişdir. 3 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-10/2-14228 /2024 nömrəli sorğusuna cavab olaraq Quba Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5-61 /2-2201/2024 nömrəli məktubunda həmin binanın çoxmənzilli bina olduğu qeyd olunmuşdur. Bütün bunlar sübut edir ki, İddiaçı tərəfindən tikilmiş bina fərdi yaşayış üçün deyil, əhalinin mənzil ehtiyacını ödəmək üçün tikilmiş ayrı-ayrı şəxslərə satılan coxmənzilli yaşayış binasıdır. O cümlədən, onu da qeyd etmək istəyirik ki, məhkəmənin iddiaçının xeyrinə qərar qəbul etməsi eyni fəaliyyətlə məşğul olan digər vergi ödəyicilərinə vergidən yayınmaq üçün şərait yarada bilər. Qeyd etmək istərdik ki, 2019-cu il 3 iyun tarixli 719 nömrəli “Şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin müəyyən hissəsinin həmin şəhər və rayonların sərəncamında saxlanılması və istifadəsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Qaydanın 2.2-ci nəzərdə tutulan daxilolmalar istisna olmaqla, şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan digər daxil olmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin 50 faizinin (həmin il üçün dövlət büdcəsinin yerli gəlirlərində vergi orqanlarının nəzarəti ilə təmin olunan vergilərin proqnozlaşdırılan məbləğinin 10 faizindən artıq olmamaqla) yerli icra hakimiyyəti orqanlarının büdcədənkənar gəlirlərinə aid edilən hissəsi başa düşülür.....Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli prosesində iştirak edən cavabdehin nümayəndəsi X2 eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara - “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli, 3-21-2-10/2-29409/2025 nömrəli qərarın surəti, cavabdehin etirazı və digər sənədlər. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir və iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ barəsində vergi orqanı tərəfindən vergi borcunu hesabladığı vaxtdan yaranmış olur. Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq 3saylı Ərazi Vergilər İdarəsi hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, mübahisə predmeti olan qərar Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmişdir, cavabdeh təşkilatın hüquqi ünvanı ünvan 3stərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə vergi yığımları 3 saylı Ərazi Vergilər İdarəsinin səlahiyyətlərinə aiddir. Belə olduğu tədqirdə 3 saylı Ərazi Vergilər İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, hazır ki, iddia tələbi mübahisələndirmə iddia tələbi növünə aid olduğuna görə məhkəmədə iddia tələbi qaldırmadan öncə qərarın ləğv edilməsi ilə bağlı Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə müraciət etməsinə, yəni pretenziya qaydasına riayət olunmasına zərurət yoxdur. Mübahisələndirmə növündə iddia tələbi üzrə prosessual müddətlərə riayət olunması imperativ xarakter daşıyır. İş materiallarından məlum olur ki, İddiaçı barəsində 3 saylı Ərazi Vergilər Baş İdarəsinin tərəfindən qəbul edilmiş “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli, 3-21-2-10/2-29409/2025 nömrəli qərarından məhkəmədə iddia qaldırmaq üçün nəzərdə tutulmuş prosessual müddətlərin ötürülməməsi məlum olur. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Quba şəhəri ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı mülkiyyətində olan əmlakı qanunvericiliyə uyğun olaraq alqı-satqı müqaviləsi əsasında notarial dövlət büdcəsinə vergilərini ödəməklə satmışdır.Vergi Məcəlləsinin 159.1-ci maddəsinə görə Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 161.1. Vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir. Vergi Məcəlləsinin 218.4.3 maddəsinin tələblərinə uyğun olaraq vətəndaş öz şəxsi mülkiyyətində olan əmlakını tam və ya qismən satmasının yalnız sadələşdirilmiş vergi öhdəliyi yaratdığı vergi məcəlləsində göstərilmişdir. Vətəndaş müvafiq alqı-satqı əməliyyatını notariusda edərək mülkiyyəti təsdiq edən reyestrdən çıxarışı notariusa təqdim etmiş, sadələşdirilmiş vergini VM-nin 220.8 maddəsinə uyğun olaraq hesablamış və ödəmişdir. 218.4 maddədə də göstərildiyi kimi VM-nin 218.1 maddəsinin tələblərindən asılı olmayaraq vətəndaşın mülkiyyətindəki əmlakı notarial satması ƏDV-yə deyil sadələşdirilmiş vergiyə cəlb edildiyi qeyd edilmişdir. 218.1. Aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir: 218.1.1. bu Məcəllənin Xİ fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər; 218.1.2. vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər. Yuxarıda göstərilənlərlə əlaqədar VM-nin aşağıdakı maddələrinə əsasən : 2.2. Bu Məcəllənin əsasında və ya onun icrası məqsədi ilə qəbul edilmiş normativ hüquqi aktlar bu Məcəllənin müddəalarına zidd olmamalıdır. 2.3. Vergi qanunvericiliyi aktları ilə digər sahə qanunvericilik aktları arasında bu Məcəllənin 2.7-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, vergitutma və vergi nəzarəti məsələləri üzrə ziddiyyət yarandıqda, vergi qanunvericiliyinin aktları tətbiq edilir. Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları 3.1. Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.2. Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. 3.3. Hər kəsin konstitusiya hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə maneçilik törədən vergilərin müəyyən edilməsinə yol verilmir. 3.4. Azərbaycan Respublikasının vahid iqtisadi məkanını pozan (xüsusilə, Azərbaycan Respublikasının ərazisində malların (işlərin, xidmətlərin) və pul vəsaitlərinin azad yerdəyişməsini bilavasitə və ya dolayısı ilə məhdudlaşdıran və ya digər yolla vergi ödəyicilərinin qanuni fəaliyyətini məhdudlaşdıran, yaxud maneçilik törədən) vergilərin müəyyən edilməsinə yol verilmir. 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. 3.6. Vergilər siyasi, ideoloji, etnik, konfessional və vergi ödəyiciləri arasında mövcud olan digər xüsusiyyətlər əsas götürülməklə müəyyən edilə bilməz və diskriminasiya xarakteri daşıya bilməz. Mülkiyyət formasından və ya fiziki şəxslərin vətəndaşlığından və ya kapitalın yerindən asılı olaraq vergilərin müxtəlif dərəcələrinin müəyyən edilməsi qadağandır. 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.9. Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. Maddə 12. Vergilərin müəyyən edilməsinin əsas şərtləri 12.1. Vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 12.1.1. vergitutma obyekti; 12.1.2. vergitutma bazası; 12.1.3. vergi dövrü; 12.1.4. vergi dərəcəsi; 12.1.5. verginin hesablanması qaydası; 12.1.6. verginin ödənilməsi qaydası və müddəti. 12.4. Vergitutma bazası - vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsidir. Həmin Məcəllənin 37.1-ci maddəsinə görə Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə ilə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Maddə 62. Şikayət verilməsi qaydası 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 62.2. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. 62.3. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində verilir. Vergi ödəyicisi və ya başqa borclu şəxs üzürlü səbəbdən bu maddənin birinci abzasında göstərilən müddəti buraxmışdırsa, yuxarı vergi orqanı və ya yuxarı vergi orqanının vəzifəli şəxsi tərəfindən şikayəti verən şəxsin ərizəsinə əsasən həmin müddət bərpa edilə bilər. Maddə 63. Vergi orqanında şikayətə baxılma 63.1. Vergi ödəyicisinin və ya başqa borclu şəxsin vergi orqanının qərarlarından (aktlarından), vergi orqanının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayətinə yuxarı vergi orqanı və ya onun vəzifəli şəxsi tərəfindən həmin şikayət alındığı gündən 30 gün iş günü müddətində baxılır və şikayət vermiş şəxsə yazılı cavab verilir. Şikayət üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün 30 iş günündən artıq müddət tələb olunduğu hallarda şikayətə baxılması müddəti vergi orqanı tərəfindən bir dəfə 30 iş günü müddətində uzadıla bilər.Müddətin uzadılması barədə şikayət vermiş şəxsə 3 iş günü ərzində məlumat verilir. 63.2. Vergi ödəyicisi ona hesablanmış verginin məbləği ilə razı olmadığı halda, verginin ödənilməsini dayandırmadan bilavasitə vergi nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət verə bilər. Vergi ödəyicisinin şikayətə baxılan müddət ərzində maliyyə sanksiyasını ödəməmək hüququ vardır. 63.3. Vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən vergi orqanına (vəzifəli şəxsə) verilən şikayət, bu Məcəllənin 63.2-ci maddəsinin ikinci abzasında müəyyən edilən hallar istisna olunmaqla, şikayət edilən qərarın (aktın) və ya hərəkətin icrasını dayandırmır. Şikayət edilən qərar (akt) və ya hərəkət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olmadıqda, şikayətə baxan vergi orqanı (vəzifəli şəxsi) onun icrasını tam və ya qismən dayandırır. Qərarın (aktın) və ya hərəkətin icrası tam və ya qismən dayandırmaq barədə qərarı həmin aktı qəbul etmiş vergi orqanının rəhbəri və ya yuxarı vergi orqanı qəbul edir. 63.4. Hesablanmasından və ya tətbiq edilməsindən şikayət edilən verginin, faizlərin və ya maliyyə sanksiyasının məbləği hesablanmaya (tətbiq edilməyə) uyğun şəkildə ödənildiyi və bu şikayətin təmin edilməsi nəticəsində vergi, faizlər və ya maliyyə sanksiyası tamamilə və ya qismən ləğv edildiyi halda, vergi ödəyicisinin aşağıdakılara hüququ vardır: 63.4.1. səhv tutulan məbləğlərə görə bu Məcəllənin 61.2-ci maddəsinə uyğun olaraq kompensasiya almaq; 63.4.2. bu Məcəlləyə müvafiq olaraq həmin məbləğlərdən faizlər almaq. Maddə 64. Məhkəməyə verilmiş şikayətlərə baxılma Vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Təqdim edilən hüquqmüəyyənedici sənədlərdən görünür ki, iddiaçının adına **********22 reyestr nömrəli çıxarışa əsasən Quba şəhəri ərazisində torpaq sahəsi vardır. İddiaçı həmin torpaq sahəsi üzərində Quba rayon İcra Hakimiyyəti başçısının 5-61/2-1-Kxx/xx/2023 nömrəli xx.xx.2023-cü il tarixli Sərəncamına əsasən fərdi yaşayış evi inşa etdirmişdir. Cavabdeh təşkilat tərəfindən iddiaçının həmin torpaq sahəsində inşa etdiyi evin hissələrinin satıldığını qeyd etsə də bununla bağlı hər hansı hüquqmüəyyənedici sənədlər məhkəmə araşdırması zamanı müəyyən edilmədir. Yəni iddiaçı tərəfindən həmin yaşayış evinin hissələrinin digər şəxslərə satılması sübuta yetrilməmişdir. Belə olan halda vergi orqanı tərəfindən iddiaçıdan ƏDV-nin tutulması yolverilməzdir. Belə ki, Vergi Məcəlləsinin 218.4.3 maddəsinin tələblərinə uyğun olaraq vətəndaş öz şəxsi mülkiyyətində olan əmlakını tam və ya qismən satmasının yalnız sadələşdirilmiş vergi öhdəliyi yaradır. Vətəndaş müvafiq alqı satqı əməliyyatını notariusda edərək mülkiyyəti təsdiq edən reyestrdən çıxarışı notariusa təqdim etmiş, sadələşdirilmiş vergini VM-nin 220.8 maddəsinə uyğun olaraq hesablamış və ödəmişdir. 218.4 maddədə də göstərildiyi kimi VM-nin 218.1 maddəsinin tələblərindən asılı olmayaraq vətəndaşın mülkiyyətindəki əmlakı notarial satması ƏDV-yə deyil sadələşdirilmiş vergiyə cəlb edildiyi qeyd edilmişdir. Vergi Məcəlləsində fərdi yaşayış evinin təqdim edilməsinin ƏDV-yə cəlb edilməsi nəzərdə tutulmamışdır.Vergi Məcəlləsinin 150.3-1-ci maddəsinə əsasən notarius Vergi Məcəlləsinin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) əməliyyat günü ərzində dövlət büdcəsinə ödəyir. Bununla yanaşı, yaşayış və ya torpaq sahələrinin təqdim edilməsi zamanı notarius tərəfindən sadələşdirilmiş verginin hesablanması qaydası Vergi Məcəlləsinin 220.8-ci maddəsi ilə müəyyən edilir. Belə ki, 220.8. Bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-1-ci maddəsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün 15 manat olmaqla bu maddə ilə müəyyən edilmiş qaydada hesablanır. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarının 12-ci bəndinə əsasən Fiziki şəxslər tərəfindən torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə müqavilənin (alqı-satqı, bağışlama, dəyişdirmə, renta, habelə mülkiyyət hüququnun keçməsi ilə bağlı digər özgəninkiləşdirmə müqavilələri) notariat qaydasında təsdiqi zamanı notarius Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8-ci, 220.8-1-ci və 220.8-2-ci maddələrinə uyğun olaraq, sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) əməliyyat günü ərzində dövlət büdcəsinə ödəyir və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq Azərbaycan Respublikası Vergilər Nazirliyinin müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına təqdim etməyə borcludur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 150.1.9-cu maddəsinin tətbiqi məqsədləri üçün bina tikintisi fəaliyyəti ilə məşğul olan fiziki şəxs barədə məlumat Azərbaycan Respublikası Vergilər Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi vasitəsilə notariusun verdiyi sorğu əsasında əldə edilir. Yuxarıda qeyd olunan normaların tələblərinə əsasən inzibati orqan qəbul etdiyi inzibati aktı icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmalı və inzibati aktda işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar, o cümlədən nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Belə ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2,53.3 və 54.0.1-ci maddələri) İstinad olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıya kameral vergi yoxlamasının nəticəsi olaraq vergi məbləği hesablanarkən yuxarıda sadalanan pozuntulara yol verildiyindən, inzibati orqan qəbul etdiyi inzibati aktı əsaslandıra, həmçinin onun qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən, mübahisələndirilən “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli, 3-21-2-10/2-29409/2025 nömrəli qərar ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14, 68, 69, 73, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı barəsində qəbul edilmiş “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli, 3-21-2-10/2- 29409/2025 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar