Məhkəmə qərarları › İş №e-2-1(118)-6122/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(118)-6122/2025

11.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-1(118)-6122/2025 11.12.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi ilə İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh (VÖEN: **********) qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra - “iddiaçı”) Cavabdeh (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehin 7 mart 2025-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 1.306,13 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 10.000 manat məbləğində siyahıya alınmış əmlakının ticarət şəbəkələrində satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi (bundan sonra – “VM”) ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də VM-in 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 7 mart 2025-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 7 mart 2025-ci il tarixə yaranan 1.306,13 manat borcuna görə 10.000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 2 aprel 2025-ci il tarixli, **********6 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə VM-in 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə 7 aprel 2025-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 7 mart 2025-ci tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 1.306,13 manat ödənilməmiş borcu qalmışdır Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən, həmçinin məhkəmənin elektron sistemində mövcud olan şəxsin vergi məlumatlarından müəyyən edilir ki, cavabdehin hüquqi ünvanı, yəni vergi uçotuna alındığı yer ünvan 2nvanında yerləşir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli, 1-8-10/2- 2194/2024 nömrəli icmal məktubuna əsasən “Qeyd edilən norma vergi ödəyicilərinin vergi orqanlarına qarşı qaldırdıqları mübahisələndirmə, məcburetmə və öhdəliyin icrası haqqında iddiaların ərazi aidiyyətini müəyyən edir. Bu qəbildən olan iddialara vergilərin hesablanması ilə bağlı inzibati aktların mübahisələndirilməsi, riskli vergi ödəyicisi hesab edilmə barədə qərarın ləğv edilməsi və ya riskli vergi ödəyiciləri siyahısından çıxarılma, artıq ödənilmiş vergilərin qaytarılmasına dair və s. tələbləri aid etmək olar. Normanın birinci cümləsi mübahisələndirmə, məcburetmə və öhdəliyin icrası haqqında iddiaların, bir qayda olaraq, cavabdehin yerləşdiyi yerin məhkəməsinə verilməli olduğunu təsbit edir. Normanın ikinci cümləsi isə həmin qaydadan istisnanı müəyyən edərək cavabdehin səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən orqan olduğu hallarda, hər üç növ iddianın hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılmalı olduğunu müəyyən edir. Bu kontekstdə vergi mübahisələri üzrə vergi ödəyicisinə münasibətdə “yaşayış yeri və ya olduğu yer”in anlayışına aydınlıq gətirilməsinə ehtiyac yaranır. Bunun müəyyənləşdirilməsi üçün isə vergi qanunvericiliyinin müvafiq normalarına müraciət edilməlidir. ... Vergi qanunvericiliyinin məqsədləri baxımından vergi ödəyicilərinin vergi uçotuna alındıqları ünvanın həlledici olduğu nəzərə alınmaqla, ərazi aidiyyətinin həlli məsələsində də İPM-in 8.1.2-ci maddəsinin ikinci cümiəsində nəzərdə tutulmuş “şəxsin yaşayış yeri və ya olduğu yer" ifadəsi vergi ödəyicisinin vergi uçotuna alındığı yer anlamında təfsir olunmalıdır. Odur ki, vergi mübahisələri ilə bağlı cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdikdə, belə iddialara vergi ödəyicisinin iddia verilən anda vergi uçotuna alındığı yerin, yəni uçotda olduğu vergi orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır.” Beləliklə, hazırkı iş üzrə vergi ödəyicisi olan cavabdehin vergi uçotuna alındığı yer Bakı şəhərinə aid olduğu üçün məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 43-cü maddəsinə əsasən inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na görə Bakı şəhəri Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidlərinə daxildir (15-ci bənd). Məhkəmə nəzərə alır ki, zəruri konstitusiya hüquq qaydasının yaradılması məhkəmə hakimiyyətinin səmərəli fəaliyyət mexanizmindən asılıdır. Eyni zamanda, 2023-cü il 6 noyabr tarixli Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” Qərardadında qeyd olunmuşdur: “...

33. Məhkəmələrə müraciət etmək hüququ mütləq deyil, məhdudiyyətlərə məruz qala bilər; belə məhdudiyyətlərə dolayı formada yol verilir, çünki məhkəməyə müraciət etmək hüququ xarakterinə görə dövlət tərəfindən tənzimlənmə tələb edir və belə tənzimləmə cəmiyyətin və fərdlərin ehtiyaclarına və resurslarına uyğun olaraq zamana və məkana görə dəyişilə bilər. Bununla belə, tətbiq edilən məhdudiyyətlər, şəxslərin məhkəməyə müraciət hüququnu, bu hüququn mahiyyətinə xələl gətirəcək formada və ya həddə məhdudlaşdırmamalıdır. Əgər məhdudiyyət legitim məqsəd güdmürsə və istifadə edilən vasitələrlə nail olmaq istənilən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi yoxdursa, məhdudiyyət Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olmayacaqdır (bax, Zubac Xorvatiyaya qarşı (Böyük Palata), xx.xx.2018, No.40160/12, §77-78). ...” İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. İPM-in 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 8.1.1 və 34.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə

qərara aldı:

İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı “cavabdehin 7 mart 2025-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 1.306,13 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 10.000 manat məbləğində siyahıya alınmış əmlakının ticarət şəbəkələrində satılması” tələbinə dair inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar