Məhkəmə qərarları › İş №e-2-1(118)-624/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-624/2024

10.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-624/2024 10.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Əhmədova Nərgiz Zahid qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdehnə qarşı “Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X3 küçəsi ev 26 ünvanında yaşadığı üçün kirayə haqqının 10 mart 2021-ci il tarixindən 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilməsi və kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi olunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, o, 2000-2021-ci ilərdə Müdafiə Nazirliyində hərbi xidmət keçmiş və hazırda mayor rütbəsində zabitdir. Vətən Müharibəsi iştirakçısıdır. Xəstəliyi ilə əlaqədar olaraq istefaya buraxılmış və hal-hazırda təqüddədir. Eyni zamanda, Abşeron rayonu, Xırdalan şəhəri, N saylı hərbi hissədə daimi qeydiyyatdadır.Abşeron rayonu, Xırdalan şəhəri, N saylı hərbi hissədə daimi qeydiyyatda olsa da onun yaşayış yeri olmadığından Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X3 küçəsi ev 26 ünvanında yaşamaq üçün X1 ilə arasında 10 mart 2021-ci il tarixində Kirayə müqaviləsi bağlamış, Kirayə müqaviləsinin müddəti xx.xx.2031-ci il tarixinədək müəyyən edilmişdir. Eyni zamanda hərbiçi olaraq ev növbəsində uçota alınmışdır.Qeydiyyatda olduğu hərbi hissə Abşeron rayonunun inzibati ərazisində yerləşdiyi üçün müvəqqəti mənzilin kirayəsi üçün kompensasiya məbləği Cavabdeh tərəfindən ödənilir. Kompensasiya məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Hərbi qulluqçulara (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında” qərarına uyğun düzgün hesablanmamışdır. Belə ki, Cavabdeh nağdsız qaydada 100 manat kompensasiya məbləğini ödəyir.Tərəfindən Cavabdehnə müraciət olunaraq kompensasiya məbləğinin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X3 küçəsi 26 ünvanında yaşadığım üçün hər ay 150 manat ödənilməsi xahiş olunmuşdur.Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X3 küçəsi ev 26 ünvanında yaşadığı üçün hər ay 150 manat kompensasiyanın ödənilməsindən imtina etmişdir. Cavabdehin hərəkətləri qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, aşağıda qeyd edəcəyimiz əsaslara görə hesab edirik ki, iddiaçının tələbi əsassız və qanunsuzdur.Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin 4-cü bəndinə əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər.“Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il 174 nömrəli Qərarına əsasən Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: Bakı şəhərində - 150 manat, Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda 100 manat, başqa şəhər və rayon mə\rkəzlərində 75 manat, digər yaşayış məntəqələrində 55 manat məbləğində hər ay nağdsız qaydada kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur.Həmçinin, həmin qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir.Göründüyü kimi Abşeron rayonunda - 100 manat, o cümlədən uçota götürülmüş şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir.Dövlət tərəfindən ayrılan vəsait iddiaçının hansı ərazidə kirayədə yaşaması ilə deyil hansı rayonda mənzil uçotuna götürülməsi ilə tənzimlənir.Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur.Həmin materiallara: Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubunun surəti, kirayə müqaviləsinin surəti, hərbi biletin surəti, cavabdehin etiraz ərizəsi və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin 4-cü bəndinə əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il 174 nömrəli Qərarına əsasən Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: -Bakı şəhərində - 150 manat, -Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda 100 manat, -başqa şəhər və rayon mərkəzlərində 75 manat, -digər yaşayış məntəqələrində 55 manat məbləğində hər ay nağdsız qaydada kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. Həmçinin, həmin qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı Bakı şəhərinin inzibati ərazisində kirayədə qaldığını əsas götürərək, cavabdeh tərəfindən 150 manat miqdarında kirayə pulunun verilməsini tələb etmiş, lakin cavabdeh inzibati orqan onun müraciəti müsbət həll edilməmişdir.Cavabdeh özünün imtinasının əsası kimi Nazirlər Kabinetinin müvafiq qərarına istinad etməsidir. Məhkəmə hesab edir ki, cavabdeh təşkilatın imtinası qanuni olmuşdur. Belə ki, imperativ xarakter daşıyan “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il 174 nömrəli Qərarına əsasən Abşeron rayonunda - 100 manat, o cümlədən uçota götürülmüş şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə kompensasiya ödənilir. Sözügedən qərardan da göründüyü kimi dövlət tərəfindən ayrılan vəsait iddiaçının hansı ərazidə kirayədə yaşaması ilə deyil hansı rayonda mənzil uçotuna götürülməsi ilə tənzimlənir. Belə olan halda iddiaçının tələbinin təmin edilməsi qanuvericiliyə əsasən mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X3 küçəsi ev 26 ünvanında yaşadığı üçün kirayə haqqının 10 mart 2021-ci il tarixindən 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilməsi və kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar