Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-6316/2024 19.12.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı ““Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21- 2-9/2-23532/2024 nömrəli Qərarın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı X4 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı ““Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21- 2-9/2-23532/2024 nömrəli Qərarın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X2 cavabdeh vergi orqanının “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21- 2-9/2-23532/2024 nömrəli Qərarına əsasən 2024-cü ilin yanvar ayına ƏDV üzrə 78,423.55 manat əlavə vergi məbləği hesablanmışdır. Mübahisələndirilən qərarda hesablamaya səbəb olaraq göstərilmişdir ki, “Sair: Bu dövr üzrə analoji qaydada vergi məbləği hesablanmışdır.”. Aşağıda qeyd olunanlara əsasən cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-9/2-23532/2024 nömrəli qərarı qanunsuz və əsassız hesab edirik. Qeyd edir ki, cavabdeh vergi orqanı iddiaçını xx.xx.2024-cü il tarixli ******* nömrəli “Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat” Bildirişinə əsasən həmin tarixdə məcburi qaydada ƏDV-nin məqsədləri üçün qeydə almış və qeydiyyatın qüvvəyə minmə tarixini xx.xx.2024-cü il tarixi müəyyən etmişdir. Belə ki, vergi orqanı tərəfindən iddiaçıya məxsus təsərrüfat subyektində xx.xx.2024-cü il tarixdə vergi orqanı tərəfindən operativ vergi nəzarəti tədbirləri həyata keçirilmiş və vergi nəzarəti tədbirləri nəticələrinə əsasən mal qalığı aşkar edilməmişdir. Daha sonra vergi orqanı “ƏDV məqsədləri üçün qeydiyyat haqqında” Bildiriş göndərərək, Baza məlumatlarına əsasən 2022-ci və 2023-cü illərdə invoys dəyərlə 275,479.3 manat, statistik dəyərlə 561,351.3 manat dəyərində mallar idxal edildiyinin müəyyən olunduğunu, həmin əməliyyatı da Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən təqdim edilən malların bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab olunduğunu göstərmişdir. Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200 000,0 manatdan artıq olduqda, bu əməliyyat ƏDV tutulan əməliyyat sayılır, buna görə də iddiaçı xx.xx.2024-ci il tarixdən ƏDV-nin məqsədləri üçün məcburi qaydada qeydiyyata alınmışdır. İddia ərizəsinə əlavə edilmiş yük gömrük bəyannamələri barədə məlumata əsasən müəyyən edilir ki, idiaçı 2022-2023-cü illər ərzində ümumilikdə 473,729.94 manat məbləğində mallar idxal etmiş və həmin mallara görə 85,271.39 manat əlavə dəyər vergisi ödəmişdir. Bununla bağlı qeyd edirik ki, iddiaçı malları idxal etdiyi tarixlərdə ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmədiyindən (sadələşdirilmiş verginin ödəyicisi olduğundan) aldığı mallara görə ödədiyi ƏDV məbləğlərini Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərinə əsasən əvəzləşdirmək hüququ olmamışdır. Göstərilənlərə əsasən iddiaçı 2022-2023-cü illər ərzində idxal etdiyi mallara görə ƏDV ödədiyi halda, onları Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərinə müvafiq olaraq əvəzləşdirmək hüququna malik olmamışdır ki, nəticə etibarilə həmin malların satışı ƏDVyə cəlb olunan əməliyyat hesab edilə və ƏDV-yə cəlb edilə bilməzdi. İddiaçı hesab edir ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-9/2-23532/2024 Qərar vergi qanunvericiliyinin tələblərinin pozuntusu nəticəsində qəbul edildiyindən ləğv edilməlidir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Şifahi məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-6316/2024 nömrəli sərəncamına əsasən iddiaçı X1 (VÖEN: **********) 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsinin surəti Baş İdarəyə göndərilərək iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb edilmişdir. Cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi aşağıda göstərilənlərə əsasən iddia tələbini əsassız hesab edir: Məlumat üçün bildiririk ki, Baş idarədə vergi ödəyicisi kimi qeydiyyatda olan X2 (VÖEN: **********) 2024-cü ilin yanvar ayı əlavə dəyər vergisi bəyannaməsinə kameral vergi yoxlamasına əsasən 78423.55 manat vergi məbləği hesablanmışdır. Bildirirlər ki, Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanının bu Məcəllə ilə müəyyənedilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə bilər. İddiaçının sahibkarlıq fəaliyyəti baza məlumatlarına əsasən araşdırılmışdır. Araşdırma zamanı xx.xx.2024-cü il tarixdə keçirilən OVN tədbiri zamanı sahibliyinizdə mal qalığı müəyyən edilməmişdir. İddiaçı tərəfindən 2022-ci və 2023-cü illərdə invoys dəyərlə 275479.3 manat, statistik dəyərlə 561351.3 manat dəyərində mallar idxal etdiyi müəyyən olunmuşdur. 2023-cü ilin aprel-may aylarında hüququ olmadığı halda 2022- 2023-cü il üzrə GV bəyannamələri təqdim etmiş, eyni zamanda həmin dövrlər üzrə təqdim edilmiş SV bəyannamələrindəki dövriyyəni sıfırladığı müəyyən olunmuşdur. Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir. Qeyd olunanları və sadələşdirilmiş vergiyə cəlb olunacaq dövriyyələri (47241,3 manat) nəzərə alınmaqla 78423.55manat (561351,3-47241,3 )/118% *18% dəyərində əlavə dəyər vergisi hesablanaraq xx.xx.2024-cü il tarixli **********204400 nömrəli qərar göndərilmişdir. Vergi ödəyicisi xx.xx.2024-cü İİ tarixdə 2024-cü ilin yanvar ayı əlavə dəyər vergisi bəyannaməsinə heç bir dövriyyəsi olmayan (boş bəyannamə) dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim etdiyindən, xx.xx.2024-cü il tarixli **********403400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarla azaldılmış vergi məbləği bərpa edilərək vergi ödəyicisinə göndərilmişdir. Vergi Məcəlləsinin 37.1 -ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Vergi Məcəlləsinin 16.1.3, 16.1.6 və 16.1.7-ci maddələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasım təmin etmək vergi ödəyiclərinin vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 67.1-ci, 67.1.3-cü, 67.1.6-cı və 67.1.9-cu maddələrinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri və vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlardan, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62- ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilir. Həmin Məcəllənin 37.5-ci maddəsinə əsasən bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar. Göstərilənlərə əsasən, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Həmin sənədlərə: Əlavə dəyər vergisi bəyənnaməsi; xx.xx.2024-cü il tarixli 3-21-2-9/2-23532/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar və digər sənədlər daxildirlər.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü:
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1)subyektiv hüququnun olub-olmamasını, 2)cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub- olmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ barəsində vergi orqanı tərəfindən vergi borcunu hesabladığı vaxtdan yaranmış olur. Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq 2 saylı Ərazi Vergilər Baş İdarəsi hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, mübahisə predmeti olan qərar Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmişdir, cavabdeh təşkilatın hüquqi ünvanı ünvan 1t göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə vergi yığımları 2 saylı Ərazi Vergilər Baş İdarəsinin səlahiyyətlərinə aiddir. Belə olduğu tədqirdə 2 saylı Ərazi Vergilər Baş İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, hazır ki, iddia tələbi mübahisələndirmə iddia tələbi növünə aid olduğuna görə məhkəmədə iddia tələbi qaldırmadan öncə qərarın ləğv edilməsi ilə bağlı Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət etməsinə, yəni pretenziya qaydasına riayət olunmasına zərurət yoxdur. Mübahisələndirmə növündə iddia tələbi üzrə prosessual müddətlərə riayət olunması imperativ xarakter daşıyır. İş materiallarından məlum olur ki, iddiaçı X4 barəsində 2 saylı Ərazi Vergilər Baş İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-21-2-9/2-23532/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarından məhkəmədə iddia qaldırmaq üçün nəzərdə tutulmuş prosessual müddət ötürülməmişdir. İddia tələbinin məhkəmə aidiyyatının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanı Sumqayıt şəhəri olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. İş materialarına əlavə edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-9/2-23532/2024 nömrəli Qərarına əsasən iddiaçı X2 2024-cü ilin yanvar ayına ƏDV üzrə 78,423.55 manat əlavə vergi məbləği hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli **********0 nömrəli “Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat” Bildirişinə əsasən iddiaçı xx.xx.2024-cü il tarixdə məcburi qaydada ƏDV-nin məqsədləri üçün qeydə aınlmış və qeydiyyatın qüvvəyə minmə tarixi xx.xx.2024-cü il tarixi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş idxal barədə cədvələ əsasən iddiaçı 2022-ci ilin noyab-dekabr və 2023-cü ilin yanvar aylarında invoys dəyəri üzrə ümumilikdə 190,060.56 manat dəyərində mallar idxal etmiş və həmin mallara görə gömrük orqanına 85,271.39 manat ƏDV məbləği ödəmişdir. İş materiallarına əlavə edilmiş sənədlərə və cavabdeh vergi orqanının etirazına əsasən müəyyən edilir ki, cavabdeh vergi orqanı iddiaçıya məxsus təsərrüfat subyektində xx.xx.2024-cü il tarixdə operativ vergi nəzarəti tədbiri həyata keçirmiş və vergi nəzarəti tədbirinin nəticələrinə əsasən mal qalığı aşkar etməmişdir. Bu səbəbdən də iddiaçının idxal etdiyi malları bir əqd üzrə təqdim edilmiş mallar kimi qiymətləndirmişdir. Nəticədə cavabdeh vergi orqanı idxal edilmiş malların 561,351.30 manat gömrük dəyərini əsas götürərək və sadələşdirilmiş vergiyə cəlb edilmiş dövriyyəni (47,241.30 manat) nəzərə alaraq, iddiaçıya 78,243.55 manat ((561,351.3 – 47,241.30) /1.18 * 18%) ƏDV hesablamışdır. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdeh vergi orqanının həyata keçirdiyi hesablama vergi qanunvericiliyinin tələblərinə zidd olmuşdur. Hesablamaya münasibətdə məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı 2022-ci ilin noyabr-dekabr və 2023-cü ilin fevral aylarında invoys dəyəri 190,060.56 manat (ƏDVsiz), gömrük dəyəri isə 475,932.56 manat (ƏDV-siz) olan malları idxal edən zaman ödədiyi ümumilikdə 85,271.39 manat ƏDV məbləğini əvəzləşdirmək hüququna malik olmamışdır. Belə ki, iddiaçı xx.xx.2024-cü il tarixdən ƏDV-nin məqsədləri üçün qeydə alındığından və malların idxal edildiyi tarixdə sadələşdirilmiş verginin ödəyicisi olduğundan onun ödənilmiş ƏDV məbləğini əvəzləşdirmək hüququ olmamışdır. Bu isə o deməkdir ki, həmin malların iddiaçı tərəfindən təqdim edilməsi ƏDV-nin məqsədləri üçün vergitutulan əməliyyat sayıla və ƏDV hesablana bilməzdi. Vergi Məcəlləsinin: 154.1-ci maddəsinə əsasən ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir. 154.2-ci maddəsinə əsasən qeydiyyatdan keçən şəxs qeydiyyatın qüvvəyə mindiyi andan etibarən vergi ödəyicisi olur. Qeydiyyata dair ərizə verməli olan, lakin qeydiyyatdan keçməmiş şəxs qeydiyyata dair ərizə vermək öhdəliyinin yarandığı dövrdən sonrakı hesabat dövrünün başlanğıcından etibarən vergi ödəyicisi sayılır. 153.1-ci maddəsinə əsasən Əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. 159.7-ci maddəsinə əsasən bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən, bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır. Verilmiş kreditin təminatı kimi bankın və ya digər kredit təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmiş və hərrac yolu ilə bankın və ya digər kredit təşkilatının mülkiyyətinə keçmiş, habelə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə uyğun olaraq əldə olunmuş əmlakın təqdim edilməsi verilmiş kreditlər üzrə ödənilməyən əsas borc dəyəri həddində vergi tutulan əməliyyat sayılmır. 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. 175.10-cu maddəsinə əsasən gömrük orqanları tərəfindən verilmiş idxalda ƏDV-nin ödənildiyini göstərən idxal sənədləri ödənişin formasından asılı olmayaraq bu maddənin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas verir. Sadalanan normaların birgə təhlilinə əsasən məhkəmə qeyd edir ki, ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmiş vergi ödəycisi hesabat dövrü (təqvim ayı) ərzində vergiyə cəlb edilən dövriyyədən hesablanan ƏDV-nin məbləği ilə həmin hesabat dövrü (təqvim ayı) üzrə elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirmək hüququ olan ƏDV məbləği arasındakı fərqi dövlət büdcəsinə ödəməyə borcludur. Lakin əgər vergi ödəyicisinin idxal etdiyi və ya elektron qaimə-faktura əsasında aldığı mallar üzrə ödədiyi ƏDV məbləğini əvəzləşdirmək hüququ yoxdursa, həmin malların təqdim edilməsi (satışı) ƏDV-nin məqsədləri üçün vergiyə cəlb edilən əməliyyat hesab edilmir. İş materiallarından göründüyü iddiaçının 2022-ci ilin noyabr-dekabr, 2023-cü ilin fevral ayları ərzində idxal etdiyi mallar üzrə ödədiyi 85,271.39 manat ƏDV məbləğini əvəzləşdirmək hüququ olmadığından, həmin malların daha sonra təqdim edilməsi Vergi Məcəlləsinin 159.7-ci maddəsinin tələblərinə müvafiq olaraq vergiyə cəlb edilən əməliyyat hesab edilə bilməz. Belə ki, bu halda iddiaçı həm malların idxalı zamanı, həm də satışı zamanı iki qat ƏDV məbləği ödəməli olur. Halbuki, Vergi Məcəlləsinin 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Bundan başqa, məhkəmə qeyd edir ki, cavabdeh vergi orqanı iddiaçının ƏDV-yə cəlb olunan dövriyyəsini idxal edilmiş malların faktiki alış (invoys) dəyəri əsasında deyil, gömrük dəyəri əsasında hesablamışdır ki, bu da vergi qanunvericiliyinin tələblərinə zidd olmuşdur. Belə ki, Vergi Məcəlləsinin 139.2-ci və 143-cü maddələrinin tələblərinə əsasən, əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Həmçinin, aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər daxil edilir. Yəni vergitutma məqsədləri üçün mallar invoys dəyəri ilə uçotda əks etdirilməlidir. Lakin cavabdeh istinad edilən normaların tələblərinə zidd olaraq malların invoys dəyəri ilə alışını nəzərə almamışdır. Bundan əlavə, cavabdeh tərəfindən oxşar mübahisələrə dair işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi də nəzərə alınmamışdır. Həmin hüquqi mövqeyə görə, cavabdeh tərəfindən statistik dəyər əsasında vergilərin hesablanması barədə qəbul edilmiş qərarlar qanunsuz sayılmalı və ləğv olunmalıdır (bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-177/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-199/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-180/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)- 1255/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-1264/2024 nömrəli qərarları). Vergi Məcəlləsinin: 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin X4 barəsində qəbul edilmiş xx.xx.2024cü il tarixli 3-21-2-9/2-23532/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı ləğv edilməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfiondən X4 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-21-2-9/2-23532/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva