Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-1(118)-6464/2025 04.12.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrlərin ləğvi” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Silahlı Qüvvələrdən ehtiyata buraxılması barədə Azərbaycan Respublikasının Müdafiə nazirinin 30 may 2025-ci il tarixli, 0364 nömrəli Əmrində əsasın, yəni “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinin (xidməti uyğunsuzluğa görə) “v” bəndinə (xəstəliyə görə) dəyişdirilməsi, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2024-cü il tarixli, 485 nömrəli Əmrinin 3-cü bəndinin ləğv edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia onunla əsaslandırılmışdır ki, 1999-2025-ci illərdə Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. Belə ki, xx.xx.1999-cu il tarixdə Azərbaycan Ali Hərbi Məktəbində məktəb rəisinin 341 nömrəli Əmri ilə “kursant” vəzifəsində, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 0362 nömrəli əmrinə əsasən xx.xx.2004-cü il tarixdən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Dinləyici” vəzifəsində, MN-nin 0347 nömrəli əmrinə əsasən “Tank bölüyünün tank taqımının komandiri” vəzifəsində, xx.xx.2005-ci il tarixdən N nömrəli hərbi hissədə, xx.xx.2007-ci il tarixdən MN-nin 070 nömrəli əmrinə əsasən N nömrəli hərbi hissədə “tank bölüyünün tank taqımının komandiri” vəzifəsində, xx.xx.2007-ci il tarixdən MN-nin 0655 nömrəli əmrinə əsasən N nömrəli hərbi hissədə “tank bölüyünün komandiri” vəzifəsində, xx.xx.2009-cu il tarixdən MN-nin 0576 nömrəli əmrinə əsasən N nömrəli hərbi hissədə “Qərargah rəisinin maddi-texniki təminat üzrə köməkçisi (Q4)” vəzifəsində, xx.xx.2011-ci il tarixdən MN-nin 0175 nömrəli Əmrinə əsasən N nömrəli hərbi hissədə “Qərargah rəisi - tabor komandirinin müavini” vəzifəsində, xx.xx.2012-ci il tarixdən MN-nin 0325 nömrəli Əmrinə əsasən N nömrəli hərbi hissədə “Qərargah rəisi - tabor komandirinin müavini” vəzifəsində, xx.xx.2014-cü il tarixdən Silahlı Qüvvələrin Baş Qərargahının 0684 nömrəli əmrinə əsasən N nömrəli hərbi hissədə “briqada komandirinin maddi - texniki təminat üzrə müavini - maddi-texniki təminat bölməsinin (Q4) rəisi” vəzifəsində, xx.xx.2016-ci il tarixdən SQ-in Baş Qərargah rəisinin 024 nömrəli əmrinə əsasən N nömrəli hərbi hissədə “briqada komandirinin maddi-texniki təminat üzrə müavini - maddi-texniki təminat bölməsinin (Q4) rəisi” vəzifəsində, xx.xx.2016-cı il tarixdən SQ-in Baş Qərargah rəisinin 0424 nömrəli əmrinə əsasən N nömrəli hərbi hissədə “qərargah rəisi - briqada komandirinin müavini” vəzifəsində, xx.xx.2017-ci il tarixdən SQ-in Baş Qərargah rəisinin 0262 nömrəli əmrinə əsasən N nömrəli hərbi hissədə “qərargah rəisi - briqada komandirinin müavini” vəzifəsində, xx.xx.2020-ci il tarixdən MN-in 0974 nömrəli əmrinə əsasən N nömrəli hərbi hissədə “briqada komandiri” vəzifəsində, xx.xx.2022-ci il tarixdən MN-in 0448 nömrəli əmrinə əsasən N nömrəli hərbi hissədə “briqada komandiri” vəzifəsində, xx.xx.2023-cü il tarixdən MN-in 0847 nömrəli əmrinə əsasən N nömrəli hərbi hissədə “briqada komandiri” vəzifəsində, xx.xx.2024-cü il tarixdən MN-in 0966 nömrəli əmrinə əsasən N nömrəli hərbi hissədə “briqada komandiri” vəzifəsində, xx.xx.2024-cü il tarixdən MN-in 01035 nömrəli əmrinə əsasən N nömrəli hərbi hissə komandirinin sərəncamına keçirilmişdir. Ona xx.xx.2024-cü il tarixdə AR Müdafiə Nazirinin 0362 nömrəli əmri ilə “leytenant”, xx.xx.2006cı il tarixdə MN-nin 074 rt nömrəli əmri ilə “baş leytenant”, xx.xx.2010-cu ildə MN-nin 055rt nömrəli əmri ilə “kapitan”, xx.xx.2013-cü il tarixdə MN-in 076rt nömrəli əmri ilə “mayor” (vaxtından əvvəl), xx.xx.2018-ci il tarixdə SQ-in Baş Qərargah rəisinin 079r nömrəli əmri ilə “polkovnik-leytenant” hərbi rütbələri verilmişdir (Xidməti kart iddia ərizəsinə əlavə olunur) Həmçinin xidmət etdiyi müddətdə bir sıra dövlət təltifinə layiq görülmüşdür. Belə ki, 24 iyun 2013-cü il tarixdə “Azərbaycan Respublikası Silahlı Qüvvələrin 95 illiyi” yubileyi medalı, 24 iyun 2014-cü il “Hərbi xidmətdə fərqlənməyə görə” 2-ci dərəcəli medalı, 26 iyun 2015-ci il “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı, 26 iyun 2018-ci il tarixdə “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) yubiley medalı, 26 iyun 2022-ci il tarixdə “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı ilə və 24 iyun 2022-ci il “X2” ordeni ilə təltif olunmuşdur. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli, 2349 nömrəli Sərəncamı ilə “Vətən uğrunda” medalı, 25 dekabr 2020-ci il tarixli, 2362 nömrəli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı, 24 iyun 2021-ci il tarixli, 2712 nömrəli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı, 24 iyun 2021-ci il tarixli 2714 nömrəli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı, 24 iyun 2021-ci il tarixli, 2715 nömrəli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı, 05 noyabr 2022-ci il tarixli, 671s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştiraklçısı” medalı, 07 noyabr 2023-cü il tarixli, 4158 nömrəli Sərəncamı ilə “Döyüşdə fərqlənməyə görə” medalına layiq görülmüşdür(order və medalların vəsiqəsi iddia ərizəsinə əlavə olunur). Məlumatlardan göründüyü kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində (Azərbaycan Ordusunda) zabit rütbəsində 25 ildən artıq müddətdir ki, qüsursuz xidmət etmişdir. Həmçinin 2025-ci ilin yanvar ayında N nömrəli hərbi hissənin komandiri Vilayət Quliyev tərəfindən bu halı təsdiqləyən “Xidməti xasiyyətnamə” də verilmişdir (xasiyyətnamə iddia ərizəsinə əlavə olunur). Lakin, bütün bunlara baxmayaraq, Azərbaycan Respublikasının müdafiə nazirinin 30 may 2025-ci il tarixli, 0364 nömrəli Əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-ci maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən, ehtiyata buraxılmışdır. Həmin Əmrin əsasında, 16 iyun 2025-ci il tarixdə N nömrəli hərbi hissə komandiri general-mayor Vilayət Quliyevin 172 nömrəli Əmrində qeyd olunmuşdur: “N nömrəli hərbi hissə komandirinin sərəncamında olan (N nömrəli hərbi hissənin sabiq komandiri) polkovnik-leytenant İddiaçı, "Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilsin, 2025-ci ilin hesabından 24 (iyirmi dörd) təqvim günü müddətinə növbəti məzuniyyət verilməklə, 10 iyul 2025-ci il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatdan çıxarılsın və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsinə göndərilsin.” Aşağıdakı səbəblərə və hüquqi əsaslara görə hesab edir ki, cavabdeh - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən qəbul olunmuş inzibati aktın «“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən» hissəsi qanunsuz və əsassız olduğundan dəyişdirilməli, həmin əmr «“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən» dəyişdirilməli və bu dəyişikliyə dair öhdəlik cavabdeh - Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Belə ki, cavabdeh orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun vəAzərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə zidd olaraq inzibati akt qəbul edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 162-ci maddəsinə əsasən, hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Həmin maddənin tələblərinə əsasən, İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi- həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 15-ci maddəsinə əsasən, Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların vaxtından əvvəl ehtiyata və ya istefaya buraxılmasına aşağıdakı hallarda yol verilir: xəstəliyə görə — hərbi-həkim komissiyasının rəyinə əsasən. Onunla il söhbətləşmə aparılarkən bildirmişdir ki, səhhətində problemlər var, hətta bu xəstəliklərə görə xidmət etməyə çətinlik çəkir. Belə ki, səhhətində olan problemlərə (xəstəliklərə) görə dəfələrlə və davamlı olaraq müalicə müəssisələrində ambulator və stasionar müalicədə olmuşdur. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Respublika Neyrocərrahiyə Xəstəxanasında stasionar müalicədə, həmçinin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək SQ-in Baş Klinik Hospitalında stasionar müalicədə olmuşdur (bunu təsdiq edən 1254 nömrəli Arayış iddia ərizəsinə əlavə edilir). İlkin söhbətləşmə zamanı səhhəti ilə bağlı yuxarıda qeyd olunan halları bildirərək hərbi həkim komissiyasında şəhadətləndirlməyimə ehtiyac olduğunu bildirmişdir. Buna əsasən, ilkin söhbətdən sonra N nömrəli hərbi hissə komandirinin xx.xx.2024cü il tarixli, 3989 nömrəli göndərişi ilə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına tibbi yoxlanışa göndərilmişdir. Komissyada yoxlanışın nəticəsində görə 25 fevral 2025-ci il tarixdə 1254 nömrəli arayış tərtib olunmuşdur və həmin arayışda göstərilmişdir ki, Stasionar müayinədən sonra şəhadətləndirilməlidir (arayışın surəti iddia ərizəsinə əlavə olunur). Yəni həmin arayışa görə, stasionar müayinəyə göndərilməli idi. Lakin hərbi həkim komissiyasının qərarına baxmayaraq, Müdafiə Nazirliyinin müvafiq vəzifəli şəxsləri (N nömrəli hərbi hissə komandiri) tərəfindən əsassız və qanunsuz olaraq hərəkətsizlik olunmuş, komissiyada qanunamüvafiq qaydada stasionar qaydada tibbi müayinədən keçməyim üçün göndəriş verilməmiş, komissiyaya göndərilməyi və keçməyi təmin edilməmişdir. Daha sonra, komissiyada tam müayinədən keçdikdə və şəhadətləndirildiyində MN-nin Mərkəzi Hərbi Həkim Komissiyyanın 07 aprel 2025-ci il tarixli 2110 nömrəli Qərarına əsasən, “Dinc dövrdə xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmişdir (şəhadətnamənin surəti iddia ərizəsinə əlavə edilir). Lakin, inzibati orqanın (Müdafiə Nazirliyinin) müvafiq vəzifəli şəxsləri (N nömrəli hərbi hissə komandiri) tərəfindən əsassız və qanunsuz olaraq hərbi-həkim komissiyasının rəyi nəzərə alınmadan barəsində səhhətinə görə deyil, xidməti uyğunsuzluğa görə təqdimatı tərtib edilərək inzibati aktın qəbul edilməsi üçün yuxarı komandanlığa göndərilmiş, bununla da inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanununun tələbləri kobudcasına pozulmuşdur. Belə ki, Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 72-ci maddəsinə əsasən, inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Cavabdeh orqan tərəfindən iddiaçının ehtiyata buraxılmağı ilə bağlı inzibati icraat qanunamüvafiq qaydada aparılmış olsaydı, iddiaçı barəsində hərbi həkim komissiyasının rəyi nəzərə alinmalı idi, bu barədə müvafiq təqdimat tərtib edilməli və yuxarı komandanlığa göndərilməli idi, nəticədə SQ-dən ehtiyata buraxılmağı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən deyil, “v” bəndinə (xəstəliyə görə) əsasən təmin olunmalı idi. Yəni Cavabdeh orqan tərəfindən ehtiyata buraxılmağı ilə bağlı inzibati icraat qanunamüvafiq qaydada aparılmadığından qanunsuz və əsassız inzibati akt (Azərbaycan Respublikasının müdafiə nazirinin 30 may 2025-ci il tarixli, 0364 nömrəli Əmri) qəbul edilmişdir. Cavabdeh orqanın (Müdafiə Nazirliyinin) müvafiq vəzifəli şəxsləri (N nömrəli hərbi hissə komandiri) tərəfindən inzibati icraat qanunazidd aparılmış, bunun nəticəsində Azərbaycan Respublikasının müdafiə nazirinin 30 may 2025-ci il tarixli, 0364 nömrəli Əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-ci maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən, ehtiyata buraxılmışdır. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-ci maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən, ehtiyata buraxıldığım üçün bir sıra güzəşt və imtiyazlardan məhrum olmuşdur. Həmçinin Müdafiə Nazirliyinin qanunsuz əmri nəticəsində əmək pensiyası qanunamüvafiq qaydada hesablanmamış və barəmdə düzgün olmayan hesabat məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafi Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına göndərilmişdir. Bundan başqa əgər qanuna uyğun olaraq hərbi xidmətə yararsız olduğuna görə ehtiyata buraxılsaydı, yəni xəstəlik əsası ilə ehtiyata buraxılmış olsaydı, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə müvafiq olaraq əlavə güzəşt və imtiyazlarla təmin oluna bilərdi. Bu səbəbdən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq vəzifəli şəxslərinin (N nömrəli hərbi hissə komandirinin) İddiaçı barəsində Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 2110 nömrəli, 07 aprel 2025-ci il tarixli Qərarının nəzərə alınmamasında və Qərarda göstərilən əsaslarla (xidmətə yararsız olduğuna görə) müvafiq təqdimatın yuxarı komandanlığa göndərilməməsində ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunması, Silahlı Qüvvələrdən ehtiyata buraxılmağı barədə Azərbaycan Respublikasının Müdafiə nazirinin 30 may 2025-ci il tarixli, 0364 nömrəli Əmrində “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-ci maddəsinin “e” bəndinin (xidməti uyğunsuzluğa görə) “v” bəndinə (xəstəliyə görə) dəyişilməsinə dair öhdəliyin cavabdeh - Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə Qərar qəbul edilməsinə zərurət vardır. İİ. Hüquq məsələləri. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşsınlar və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan məhrum etsin və ya onların hüquqlarını məhdudlaşdırsın; buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq surətdə yol verilir. Həmin Qanunun 18-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Həmin Qanunun 22-ci maddəsinə əsasən, Müəyyən olunmuş təminatın qane etməməsi, hərbi qulluqçular barəsində komandirlərin (rəislərin) və ya başqa hərbi qulluqçuların qanunsuz xidməti sərəncamları (hərəkətləri) barəsində, hərbi-xidmət münasibətlərinin başqa məsələləri barəsində şikayətlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrində nəzərdə tutulan qaydada verilir, nəzərdən keçirilir və həll edilir. Hərbi qulluqçular hərbi vəzifəli şəxslərin və hərbi idarə orqanlarının qərar və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 15-ci maddəsinə əsasən, Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların vaxtından əvvəl ehtiyata və ya istefaya buraxılmasına aşağıdakı hallarda yol verilir: xəstəliyə görə — hərbi-həkim komissiyasının rəyinə əsasən. Həmin Əsasnamənin 156-cı maddəsinə əsasən, Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: v) xəstəliyə görə — hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar; Həmin Əsasnamənin 162-ci maddəsinə əsasən, Hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. Gözlənilən buraxılma ilə bağlı söhbətlər aşağıdakı qaydada aparılır: polkovnik-leytenant da daxil olmaqla ona qədər olan hərbi qulluqçularla: hərbi hissədə — bilavasitə rəis və hərbi hissə komandiri tərəfindən; İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən, İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinə əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır və diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən, İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 72-ci maddəsinə əsasən, inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Yəni, iddiaçı barəsində N nömrəli hərbi hissənin təqdimatı Müdafiə Nazilriyinə göndərilərkən iddiaçının xəstəliklərinə görə xidmətə yararsız olduğunu cavabdeh inzibati orqan bildiyi halda, iddiaçının “xəstəliyə görə” yox, “xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılması ilə bağlı icraat aparmışdır. Halbuki, 25 ildən artıq zabit rütbəsində xidmət etmiş və xidmətə yararsız olduğu halda xəstəliyinə görə ehtiyata buraxılması kimi müvafiq hüququ da yaranmışdır. Bu hal da, müvafiq əmrin adekvat addım və qərəzsiz hərəkət kimi qiymətləndirilməsinin əleyhinə çıxış etməklə yanaşı, bununla bağlı cavabdeh inzibati orqanın hərəkətsizliyi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Və inzibati orqanın hərəkətsizliyi nəticəsində mənim (iddiaçı) barəmdə əlverişsiz inzibati akt qəbul edilmişdir. Göstərilən bütün xüsusatların məcmusunda hesab edirik ki, hətta mənim xidməti fəaliyyətində sadalanan nöqsanlar mövcud olsaydı belə, MN-nin Mərkəzi Hərbi Həkim Komissiyasının Qərarı nəzərə alınmadan, araşdırılmadan “xidməti uyğunsuzluğa görə” xidmətdən ehtiyata buraxılması qanuna, o cümlədən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 17ci maddəsində təsbit edilmiş “mütənasiblik prinsipi”nə, 58-ci maddəsinə, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 15, 69-cu maddələrinə, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 33.3, 41-ci maddələrinə zidd olmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirak etmiş, iddianı müdafiə etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, Hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimləmə qaydaları “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikasının 3.10.1997-ci il tarixli 377-1Q nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə müəyyən edilir. Hərbi xidmətə daxil olma və hərbi xidmətdən buraxılma da həmin qanunvericilik aktları ilə tənzimlənir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 168-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. İddiaçının ehtiyata buraxılmasına dair təqdimatdan və sənədlərdən görünür ki, iddiaçı 1999-2025-ci illərdə Azərbaycan Ordusunda həqiqi xidmət xidmət keçmiş, o Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandiri vəzifəsində polkovnik hərbi rütbəsində xidmət keçmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi iddiaçı xx.xx.2023-cü il tarixdən Müdafiə nazirinin müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə komandiri vəzifəsinə təyin olunmuşdur.İddiaçının ehtiyata buraxılması üçün təqdimatdan görünür ki, N nömrəli hərbi hissə komandiri vəzifəsində xidmət edərkən tabelikdə olan bölmələrdə şəxsi heyətin xidməti fəaliyyətinə və hərbi intizamına zəif nəzarət etməsi ağır nəticələrə səbəb olmuşdur. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası müdafiə nazirinin və Müdafiə nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müvafiq qərar və əmrlərinin, eləcə də qanunvericiliyinin, nizamnamələrin tələblərinə dönmədən əməl olunmasının təmin edilməsi, neqativ halların aradan qaldırılması, şəxsi heyətin hərbi intizamın yüksək səviyyədə saxlanılmasının təmin edilməsi məqsədilə xidməti vəzifə borclarının icrasına səhlənkar yanaşaraq, lazımi qaydada yerinə yetirə bilməməsi ağır nəticələrə səbəb olduğuna görə iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156- cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) Ordu sıralarından ehtiyata buraxılması barədə komandanlıq qarşısında vəsatət qaldırılmışdır. İddiaçının göstərilən əsasla ehtiyata buraxılması barədə təqdimat verilmiş, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) və Azərbyacan Respublikası müdafiə nazirinin xx.xx.2025-ci il tarixli müvafiq əmrinə əsasən İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılaraq qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon Şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 2-ci maddəsinə əsasən hərbi qulluqçu hərbi nizamnamələrin tələblərini və öz vəzifələrini yaxşı bilməli və vicdanla yerinə yetirməli, həmçinin hərbi əmlakı və xalq əmlakını qorumalı, hərbi xidmətin bütün çətinlik və məhrumiyyətlərinə mətinliklə dözməlidir. Daxili Xidmət Nizamnaməsinin 7-ci maddəsinə əsasən bütün hərbi qulluqçular hərbi intizamın və ictimai asayişin pozulması ilə bağlı nalayiq hərəkətlərə, eləcə də əxlaq qaydalarına zidd hərəkətlərə görə ictimai təsir tədbirlərinə, hərbi intizamı pozduqlarına görə - Azərbaycan Respublikası Silahlı X1 müəyyən edilmiş qaydada intizam məsuliyyətinə cəlb oluna bilərlər. Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 1-ci maddəsinə əsasən hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 2-ci maddəsinə əsasən hərbi intizam hər bir qulluqçunun hərbi borcunu və öz Vətəni Azərbaycan Respublikasının müdafiəsi üçün şəxsi məsuliyyət daşımasını şüurlu surətdə dərk etməsinə əsaslanır. Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 3-cü maddəsinə əsasən hərbi intizam hər bir hərbi qulluqçunu: - Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi riayət etməyə, hərbi andın və hərbi nizamnamələrin tələblərini dəqiq yerinə yetirməyə, komandirlərin (rəislərin) əmr və sərəncamlarına sözsüz tabe olmağa; - hərbi xidmətin bütün çətinlik və məhrumiyyətlərinə mətinliklə tab gətirməyə, hərbi borcunu yerinə yetirərkən, öz qanını və hətta həyatını belə əsirgəməməyə məcbur edir. Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 5-ci maddəsinə əsasən hər bir komandir (rəis) öz tabeliyində olanları hərbi intizamın bütün tələblərini sözsüz yerinə yetirmək ruhunda tərbiyə etməli, onlarda hərbi şərəfi və hərbi borcu şüurlu inkişaf etdirib möhkəmləndirməli, layiqliləri həvəsləndirməli, intizamı pozanlara qarşı isə ciddi tədbirlər görməlidir. Beləliklə yuxarıda qeyd edilənlərdən göründüyü kimi, iddia tam əsassızdır, iddiaçının hərbi xidmətdən ehtiyata buraxılması hərbi inzibati orqanın xidməti vəzifəsinə məsuliyyətsiz, səhlənkar yanaşan, xidməti vəzifələrinin öhdəsindən gələ bilməyən, intizamsızlıq edən hərbi qulluqçu ilə xidməti münasibətlərinə birtərəfli qaydada son qoymasıdır. İddiaçı barəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi qərar qəbul edilərkən qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə ilkin olaraq iddianın növü ilə bağlı qeyd edir ki, hazırkı iddia mahiyyəti etibarı ilə mübahisələndirmə haqqında iddiadır. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş sənədlərdən iddiaçının Azərbaycan Respublikası müdafiə nazirinin 23 dekabr 2024-cü il tarixli 485 nömrəli əmrindən məlumatlı olduğu müəyyən olunur. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixli söhbət vərəqəsində xidməti vəzifə borclarının icrasına səhlənkar yanaşdığına görə Azərbaycan Respublikası müdafiə nazirinin 23 dekabr 2024-cü il tarixli 485 nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə “xidməti uyğunsuzluğa görə” müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağa təqdim olunduğu diqqətinə çatdırılmış və iddiaçının buna münasibəti soruşulmuşdur. Qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddiaların qaldırılması üçün müəyyən müddətlər nəzərdə tutulmuşdur ki, həmin müddətlərdə məhkəmədə iddia qaldırılmaması iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanunun həmin normasından göründüyü kimi inzibati aktla hüquqları pozulan şəxs bu qərarın ləğv edilməsini ancaq müəyyən müddət ərzində tələb edə bilər. İnzibati icraat haqqında qanunvericiliyə və formalaşmış məhkəmə təcrübəsinə əsasən iddiaçıya şikayət vermək hüququ izah edilmədikdə isə iddia müddəti 6 ay olaraq qəbul edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Lakin iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürməklə 30 iyun 2025-cü il tarixdə məhkəmədə iddia qaldırmışdır. İddiaçının tələbinin digər hissəsi – Azərbaycan Respublikasının Müdafiə nazirinin 30 may 2025-ci il tarixli, 0364 nömrəli Əmrində əsasın, yəni “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinin (xidməti uyğunsuzluğa görə) “v” bəndinə (xəstəliyə görə) dəyişdirilməsinə münasibətdə məhkəmə qeyd edir ki, qeyd edilən əmrin verilməsinə əsas Azərbaycan Respublikası müdafiə nazirinin 23 dekabr 2024-cü il tarixli 485 nömrəli əmri olmuşdur. Həmin əmrin 3-cü bəndində qeyd edilmişdir: “Şəxsi Heyət Baş İdarəsinin rəisi, əvvəllər verilmiş çoxsaylı intizam cəzalarından nəticə çıxarıb xidmətində dönüş yaratmadığından, tabeliyində olan şəxsi heyətin hərbi intizam və davranışlarının nizamnamə qaydalarına uyğun təşkil olunması istiqamətdə lazımi tələbkarlıq göstərmədiyindən, habelə xidməti vəzifə borclarının icrasına səhlənkar yanaşması əmrin təsviri hissəsində qeyd edilən ağır nəticələrə səbəb olduğuna görə N nömrəli hərbi hissənin sabiq komandiri, N nömrəli hərbi hissə komandirinin sərəncamında olan polkovnik-leytenant İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi (xidməti uyğunsuzluğa görə) ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasını təmin etsin.” Göründüyü kimi Azərbaycan Respublikası müdafiə nazirinin 23 dekabr 2024-cü il tarixli 485 nömrəli əmri ləğv edilmədən Azərbaycan Respublikasının Müdafiə nazirinin 30 may 2025-ci il tarixli, 0364 nömrəli Əmrində əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinin (xidməti uyğunsuzluğa görə) “v” bəndinə (xəstəliyə görə) dəyişdirilməsi mümkün deyildir. Belə ki, iddiaçının hüquqi marağı ilkin olaraq Azərbaycan Respublikası müdafiə nazirinin 23 dekabr 2024-cü il tarixli 485 nömrəli əmrinin ləğvidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №e-2-1(118)-6464/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(118)-6464/2025
04.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver