Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-6542/2025 15.01.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: tutulmuş pensiya məbləğinin geri qaytarılması) GİRİŞ HİSSƏ X3-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Məhərrəmova Türkan Elşad qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “tutulmuş pensiya məbləğinin geri qaytarılması” tələbinə dair iddiası üzrə inzibati işə 15 yanvar 2026-cı il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən “Pensiyanın yenidən düzgün hesablanmaması nəticəsində (ilkin 2019-cu ildə yenidən hesablanma zamanı ötən dövr üzrə pensiyamın xx.xx.2017-ci il tarixdən yenidən hesablanmalı olduğu halda 01 iyul 2019-cu il tarixdən ötən dövrü tam əhatə etmədən az hesablanması) vurulmuş zərərin cavabdehdən tutularaq qaytarılması, 2025-ci ilin yanvar ayında işləməyən pensiyaçı statusuna keçməyi ilə əlaqədar fərdi hesabında 91864.04 manat istifadə olunmamış pensiya kapitalının olmasına baxmayaraq pensiyanın yenidən düzgün hesablanması, 2025-ci ilin fevral və mart aylarında heç bir məlumat vermədən qanunsuz olaraq “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 39-cu maddəsinin tələblərini pozaraq təyin olunmuş pensiyamdan hər ay 227.70 (hələ ki, 455.40 manat) manat qanunsuz tutulmaya son qoyulması, pensiyanın fərdi sığorta hesabında 91864.04 manat istifadə olunmamış pensiya kapitalının olması nəzərə alınmaqla yenidən hesablanıb artırılması öhdəliyinin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinin Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi və Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin səlahiyyətli şəxslərinin pensiyanın yenidən (hər iki yenidən hesablama zamanı) hesablanması zamanı “Əmək Pensiyaları haqqında“ Azərbaycan 46-cı maddəsində (Qanunun pozulmasına görə məsuliyyət) nəzərdə tutulan cinayət əməlini, eləcə də mənimsəmə, vəzifədən sui-istifadə etmə, özbaşınalıq kimi cinayət əməllərini törətməsi aşkar göründüyü üçün barələrində Xüsusi Qərardad çıxarılmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(114)-9543/2025 saylı qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.
3. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 683,1198 manat tutulmuş məbləğin geri qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2008-ci ildə DİO-da təqaüdə buraxılmış və müvafiq pensiya təyin edilmişdir. 2017-ci ilin sentyabr-oktyabr aylarında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciətlər edərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 37-ci maddəsinin tələbinə uyğun olaraq, təqaüdə çıxdıqdan sonra digər sahədə 2010-cu ildən (6 ildən cox müddətdə) əmək fəaliyyəti nəticəsində fərdi sığorta hesabında toplanmış istifadə edilməmiş pensiya kapitalına uyğun olaraq pensiyanın yenidən hesablanıb artırılmasını xahiş etmişdir. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2017-ci il tarixli, 03/89/02-587 nömrəli məktubu ilə əsassız olaraq pensiyanın yenidən hesablanıb artırılmasından imtina etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İlk öncə Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin hakimi İsmayıl Babayev (onun Qərarı Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən aidiyyət qaydalarının pozulması səbəbi ilə ləğv edilmiş iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir), daha sonra, Bakı 1 saylı İnzibati–İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-2010/2019 nömrəli (hakimlər Tahirə Əsədova, sonra isə X4), Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(103)- 2231/2019 nömrəli və sonda Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 07 oktyabr 2020-ci il tarixli, 2-1(101)-760/20 nömrəli Qərarı ilə iddia təmin edilmişdi. Belə ki, DSMF-nin Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı İPM-nin mötəbərlik prinsipini pozaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası zamanı qərar tam icra edilmədiyi üçün iddiaçı Bakı İnzibati Məhkəməsinə qərarın izahı ilə bağlı ərizə vermişdir. X4 izahla bağlı ərizəyə baxmış, cavabdehin nümayəndəsi ötən dövr üzrə pensiyanın düzgün hesablanmamasını etiraf etmiş, qalıq məbləği tam ödəyəcəklərini bildirmişdir. Bundan sonra, eləcə də, bununla bağlı cavabdehə ünvanladığı müraciəti ilə bağlı DSMF XŞT üzrə MF 28 sentyabr 2022-ci il tarixli **********5 nömrəli məktubla ”.. həmçinin 1 iyul 2019-cu il tarixdən yenidən hesablanıb. Nəticədə, əlavə ödənilməli olan 4198,60 manat fərq məbləği müəyyən edilib” cavabı verilmişdir. Sonradan qeyd edilən 4198,60 manat fərq məbləği iddiaçının pensiya kartına ödənilmişdir. Əlbəttə, bu məbləğ 01 iyul 2019-cu il tarixindən sonrakı dövrə aiddir. Göründüyü kimi DSMF imtina verdiyi xx.xx.2017-ci il tarixdən 01 iyul 2019-cu il tarixədək hesablamalı olduğu pensiya artımını mənimsəmiş və iddiaçıya ödəməmişdir. Sonuncu dəfə işləməyən əmək pensiyaçısı statusuna keçməyi ilə bağlı (2025-ci ilin yanvar ayında 65 yaşına çatmağı ilə bağlı əmək müqaviləsinə xitam verilmişdir) 2025-ci ilin fevral ayında pensiya yenidən hesablanıb artırıldıqdan sonra təyin olunmuş pensiyadan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 39-cu maddəsinin tələblərini cavabdeh tərəfindən pozularaq təyin olunmuş pensiyadan (artıq hesablanma olmadığı halda, əksinə az hesablanmışdır) 2025-ci ilin fevral və mart ayları üzrə hər ay 227,70 manat (bu günə qədər cəmisi tutulma məbləği 455,40 manatdır) əsassız və qanunsuz olaraq tutulma edirlər. Qanunsuz və əsassız tutulmuş cəmisi 455,40 manat məbləğ iddiaçının maddi durumuna, onun və ailə üzvlərinin xəstəliyi ilə bağlı müalicəni qarşılamaqda çətinlik yaradır və həmin qanunsuz tutulan pulun gələcəkdə geri alınması çətinliklər yaradacaqdır. DSMF-nin XŞT üzrə MF tərəfindən nə vaxta qədər iddiaçıya təyin olunmuş pensiyadan qanunsuz tutulma edəcəkləri, nə qədər tutulma edəcəkləri, tutulmanı hansı əsasla həyata keçirdikləri barədə heç bir məlumat verilməmişdir. Bununla da “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 39-cu maddəsinin tələblərini pozmuşlar və həmin qanunun 46cı maddəsində nəzərdə tutulan əməl törətmişlər. DSMF-nin XŞT üzrə MF tərəfindən iddiaçıya maddi ziyan vurulmuş, sosial sığorta ödənişləri nəticəsində fərdi hesabında toplanmış 91864,04 manat istifadə olunmamış pensiya kapitalının qanunvericiliyə uyğun olaraq 2025-ci ilin yanvar ayında pensiya yenidən hesablanarkən düzgün hesablanmamışdır, iddiaçıya az pensiya təyin edilmişdir.
5. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, İddiaçı Mərkəzi Filial tərəfindən 1 iyun 2008-ci il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5-ci və 20.14.1-ci maddələrinə əsasən, 35 il 6 ay 2 gün (təqvimi xidmət illəri 29 il 1 ay 18 gün, güzəştli xidmət illəri 6 il 4 ay 14 gün) xidmət müddətinə görə təminat xərcliyinin 95 faizi (20 ilə görə 50 faiz, 15 ilə görə 45 (15x3) faiz hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Nəzərinizə çatdırırıq ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edildikdən sonra əmək pensiyasının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalına görə yenidən hesablanması üçün məhkəmədə iddia qaldırmışdır. Məhkəmə çəkişmələri nəticəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 16 sentyabr 2020-ci il tarixli 2-1(102)-760/2020 nömrəli qərarına əsasən iddiası təmin edilərək onun fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyi Mərkəzi Filiala həvalə edilmişdir. Məhkəmə qərarı icra olunaraq iddiaçının əmək pensiyansı vaxtilə yenidən hesablanaraq ona ödənilmişdir. Daha sonra, iddiaçı işləyən əmək pensiyaçısı kimi topladığı pensiya sığorta kapitalına görə pensiyasının yenidən hesablanması üçün 23 yanvar 2025-ci il tarixində Mərkəzi Filiala müraciət etmişdir. Bununla əlaqədar tərəfimizdən aparılmış araşdırma zamanı iddiaçının əmək pensiyasının ilkin hesablanması zamanı onun fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən düzgün hesablanmadığı müəyyən edilmişdir. İlk olaraq nəzərinizə çatdırırıq ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması Ali Məhkəmənin sözügedən qərarının cavabdehə təqdim olunduğu 30 sentyabr 2020-ci il tarixinədək aşağıdakı qaydada aparılmışdır: İddiaçının 1 mart 2018-ci il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən əmək pensiyası 744,05 manat müəyyən edilmişdir. 1 sentyabr 2019cu il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun vəzifə maaşı 420,00 manat, rütbə maaşı 150,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 40 faizi miqdarında əlavə-228,00 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavə-105,00 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 967,00 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən, 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən əmək pensiyanız təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: -20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; -20 ildən artıq xidmət müddətinin (15 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (15x2) təminat xərcliyinin 30 faizi; -natamam ildəki iş stajı aylarının sayına (6 ay) mütənasib olaraq təminat xərcliyinin 1 faizi. Bu səbəbdən, iddiaçının əmək pensiyasının hesablanması üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 81 faiz təşkil etmişdir. 1 mart 2018-ci il tarixinədək olan təminat xərcliyi (741,00 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı təminat xərcliyi (967,00 manat) arasındakı fərq məbləğinin (226,00 manat) 81 faizi-183,07 manat 1 mart 2018-ci il tarixinədək olan pensiyasının (703,95 manat) üzərinə əlavə olunmaqla 887,02 manat məbləğində əmək pensiyası müəyyən edilmişdir (30 sentyabr 2020-ci il tarixinədək). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 16 sentyabr 2020- ci il tarixli 2-1(102)-760/2020 nömrəli Qərarına əsasən fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalına uyğun əmək pensiyası yenidən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə əsasən, gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2020-ci il tarixinə kişilər üçün 65 yaş) arasındakı ayların sayı qədər artırılır. Qeyd olunanları nəzərə alaraq, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən iddiaçıya vaxtilə pensiya təyin edildikdən sonra fərdi hesabında yığılan 35431,52 manat sığorta kapitalına görə əmək pensiyası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.3-cü bəndinin tətbiqi ilə bağlı həmin bəndin tərkib hissəsi olan 48 nömrəli misalda qeyd edildiyi kimi “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada (35431,52:123 ay (65 il - 60 il 9 ay=51 ay+144 ay-72 ay) 288,06 manat) xx.xx.2020-ci ii tarixindən yenidən hesablanaraq 887,02 manatdan 1175,08 (887,02+288,06) manata artırılmışdır. Sözügedən hesablama birinci instansiya məhkəməsinin qərarının qüvəyə mindiyi 1 iyul 2019-cu il tarixdən aparılmış və nəticədə 1 iyul 2019-xx.xx.2020-ci il aralığında iddiaçıya ödənilməli olan 4198,60 manat fərq məbləği müəyyən edilmişdir.Həmin məbləğ hissə-hissə iddiaçının pensiyasının üzərinə əlavə olunaraq ödənilmişdir. Sonradan iddiaçı 23 yanvar 2025-ci il tarixində Mərkəzi Filiala müraciət etmiş və pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Aparılan araşdırma zamanı iddiaçıya əmək pensiyası təyin edildikdən sonra Mərkəzi Filiala müraciət etdiyi 1 noyabr 2017-ci il tarixinədək işlədiyi müddət ərzində fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan 18998,42 manat (2017-ci ilədək indeksləşdirilməklə) pensiya sığorta kapitalı nəzərə alınaraq pensiyası hesablanmalı olduğu halda, cavabdeh tərəfindən pensiyasının ilki hesablanması zamanı 1 iyul 2019-cu il tarixinədək fərdi hesabında yığılan 35431,52 manat pensiya kapitalının nəzərə alındığı müəyyən olunmuşdur və nəticədə, ilkin hesablama zamanı pensiya məbləğinin daha yüksək məbləğdə müəyyən olunduğu təsbit olunmuşdur. Beləliklə, 18998,42 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 140 aya (iddiaçıya münasibətdə gözlənilən pensiya ödənişi müddəti aylarının sayı) bölünməklə (18998,42:140 ay (63 il 6 ay-57 il 10 ay=68 ay (pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı)+72 ay (144 ay-72 ay))=135,70 manat) həmin tarixədək mövcud olmuş pensiyasının (703,95 manat) üzərinə əlavə edilərək əmək pensiyası həmin tarixdən 839,65 (703,95+135,70) manat məbləğində hesablanmışdır. 1 mart 2018-ci il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşının məbləğinə əsasən əmək pensiyası yenidən hesablanaraq 879,75 manat məbləğində müəyyən olunmuşdur. 1 sentyabr 2019-cu il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğinə əsasən isə əmək pensiyası 1022,72 manat məbləğində hesablanmışdır. Eyni zamanda, Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyası həmin tarixdən 1124,99 (1022,72+10%) manat, Qanunun 29-cu maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən 1290,36 (1124,99+14,7%) manat, 1 yanvar 2024-cü il tarixindən 1434,88 (1290,36+11,2%) manat, 1 yanvar 2025-ci il tarixindən isə 1551,11 (1434,88+8,1%) manat məbləğində müəyyən edilmişdir. İddiaçı əmək pensiyasının 1 noyabr 2017-ci il tarixindən yenidən hesablanmasından sonra 6 il və daha çox işlədiyi üçün Mərkəzi Filiala müraciət etdiyi 23 yanvar 2025-ci il tarixinədək işlədiyi müddət ərzində fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınmış 56256,19 manat (2025-ci il ilədək indeksləşdirilməklə) pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada 72 aya bölünməklə (56256,19:72 ay (144 ay-72 ay))=781,34 manat) həmin tarixədək müəyyən olunmuş pensiyanızın (1551,11 manat) üzərinə əlavə edilərək əmək pensiyanız həmin tarixdən cavabdehin 3-17-1/3-3-7837/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarı ilə 2332,45 (1551,11+781,34) manat məbləğində hesablanmışdır. Beləliklə, sözügedən məhkəmə qərarı nəzərə alınmaqla idddiaçıya xx.xx.2017-xx.xx.2025-ci il tarixləri arasındakı dövr üzrə ümumilikdə 102808,32 manat ödənilməli olduğu halda, 111407,26 manat ödənilmiş və nəticədə artıq ödənilmiş 8598,94 (111407,26-102808,32) manat pul vəsaiti müəyyən edilmişdir. Həmin 8598,94 manat vəsaitin iddiaçının əmək pensiyasından hissə-hissə tutularaq büdcəyə bərpa edilməsi barədə yazılı xəbərdarlıq göndərilmişdir.
6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etirazın məzmununa uyğun olaraq izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
II. İddianın növü və mümkünlüyü
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
12. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
13. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
14. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
15. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəasi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı “Əmək pensiyaları haqqında” Azərbaycan Respubikası Qanununun 9-cu və 20-ci maddələrində nəzərdə tutulan şəxslərin pensiyalarının təyin edilməsini, hərbi qullluqçuların və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq, hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunu və onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsini, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılması mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən, Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır.
16. İddia tələbi əmək tutulmuş pensiya məbləğinin geri qaytarılması ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
17. İddia mümkündür.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar:
18. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-17856/2024 saylı qərarından görünür ki, İddiaçı yenu məlumat vərəqinə əsasən, əmək pensiyasının yenidən hesablanması və 1287,04 manat məbləğində müəyyən edilməsi qərara alınmışdır.
IV. Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. ... Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 39.1 Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
21. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 10.3. Ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. Maddə 10.4. Eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir. Maddə 10.6. Eyni münasibətlər bir neçə norma ilə tənzimlənirsə və həmin normaları eyni vaxtda tətbiq etmək mümkündürsə, bu, normativ hüquqi aktların kolliziyası hesab edilmir.
22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.1. Bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir Maddə 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativhüquqi aktlar göstərilməlidir. Maddə 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: -67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; -67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; -67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Maddə 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.
23. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin Qanunun 39.2-ci maddəsinə görə bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur.
V. Məhkəmənin mövqeyi
24. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
25. Qanunun yuxarıda qeyd edilən müddəalarından görünür ki, artıq ödənilmiş əmək pensiyası və ya əmək pensiyasına əlavə əmək pensiyaçısına hər ay ödənilən əmək pensiyası məbləğindən tutula bilər. Bunun üçün Qanun iki mühüm şərti müəyyən etmişdir: 1.Tutulmanı həyata keçirən orqan əmək pensiyaçısına müraciət etməli, onun razılığını almalıdır. Razılığını aldığı təqdirdə inzibati orqan vəsaitin geri qaytarılması barədə qərar qəbul etməlidir;
2. Əmək pensiyaçısı tutulma barədə razılıq vermədiyi təqdirdə inzibati orqan tutulmanın həyata keçirilməsi üçün məhkəməyə müraciət etməlidir.
26. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanun 39-cu maddəsi inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən edir. Qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsi zəruridir.
27. Hazırki işin hallarına görə, əmək pensiyaçısı olan iddiaçının artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılığının olması iş materialları ilə müəyyən edilmir. Belə olan halda, artıq ödənilmiş pensiya məbləği qanunun tələbinə görə, yalnız məhkəmə qərarı əsasında tutula bilərdi, lakin bu barədə də iş materiallarında heç bir sübut yoxdur və cavabdeh də bu barədə heç bir dəlil təqdim edilməmişdir.
28. Məhkəmə qeyd edir ki, iddiaçıya təyin edilmiş pensiya məbləğinin azaldılmasına dair cavabdehin hərəkətləri qanunsuzdur, inzibati icraat haqqında hüquq normalarının pozulması ilə nəticələnmişdir.
29. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.3-cü maddəsinə əsasən, maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir.
30. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.
31. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
32. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir.
33. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən, qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur.
34. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən, inzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda.
35. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur.
36. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
37. Qanunun 28.1.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsasdır.
38. Həmin Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır.
39. Göründüyü kimi, qanunvericilikdə inzibati icraatın başlanılması üçün əsaslar, onun aparılması və yekunlaşdırılması qaydası ətraflı nəzərdə tutulmuşdur. Lakin hazırki mübahisə üzrə cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun icraat aparılması müəyyən edilməmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı maraqlı şəxs kimi başlanılmış inzibati icraata cəlb edilməli, həmin icraatı iddiaçının dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməli idi. Cavabdeh tərəfindən isə bu tələblərə əməl edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir.
40. Sözügedən Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.
41. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, iddiaçının artıq ödənilmiş pensiya məbləğinin tutulması ilə bağlı sonuncunun razılığı və ya müvafiq məhkəmə qərarı olmadan həyata keçirildiyindən qanunsuz hesab edilməli və iddiaçının pensiyasından tutulmuş ödənişlərin geri qaytarılması vəzifəsi cavabdehə həvalə edilməlidir.
42. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
43. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
44. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
45. Göstərilənlərə əsasən və İPM-in 2.2, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı pensiyasından tutulmuş 683,1198 manat məbləğin iddiaçıya geri qaytarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
X3-Abbaszadə