Məhkəmə qərarları › İş №e-2-1(118)-6586/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-6586/2025

28.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-6586/2025 28.01.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı X2 cavabdeh X3nə qarşı iş üzrə (Açar sözlər: qərarın ləğv edilməsi) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı X2 cavabdeh X3nə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları

1. İddiaçı X5 cavabdeh X3nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə xx.xx.2025-ci il tarixli 3-21-2-9/2- 122381/2025 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X3 xx.xx.2025-ci il tarixli, 3-21-2- 9/2-122381/2025 nömrəli “vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” Qərara əsasən 2023-cü ilin sentyabr ayına ƏDV üzrə 162352 manat əlavə vergi məbləği hesablanmışdır. xx.xx.2025-ci il tarixli 3-21-2-9/2-122381/2025 nömrəli qərarda hesablamanın əsası kimi qeyd edilmişdir ki, araşdırma zamanı fəaliyyətə başladığı vaxtdan idxal etdiyi mallara görə 903155 manat ƏDV-ni ƏDV bəyannamələrində əvəzləşdirdiyi, fəaliyyət göstərdiyi dövr ərzində təqdim etdiyi mallara görə 740803,9 manat ƏDV hesabladığı müəyyən edilmişdir. Təqdim etdiyi gəlir və ƏDV bəyannamələrinə əsasən mal qalığı və debitor borcları müəyyən edilməmişdir. Vergi orqanında aktiv təsərrüfat subyekti olmadığı üçün operativ vergi nəzarəti tədbirinin həyata keçirilməsi mümkün olmamışdır. Təqdim etdiyi mallarla idxal etdiyi və əvəzləşdirdiyi malların arasında yaranan 162352 manat (ƏDV) fərqə görə əlavə hesablamanın aparılması nəzərdə tutulmuşdur. Aşağıda qeyd olunanlara əsasən xx.xx.2025-ci il tarixli 3-21-2-9/2-122381/2025 nömrəli “vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” qərarını qanunsuz hesab edir. İş materiallarından göründüyü kimi, 2023-cü ilin sentyabr ayına kameral vergi yoxlaması ilə hesablama aparılarkən iddiaçının idxal etdiyi malların dəyəri invoys yox, gömrük dəyəri əsasında hesablanmışdır ki, bu da vergi qanunvericiliyinin tələblərinin kobud pozuntusudur. Belə ki, vergi ödəyicisi idxal etdiyi malları invoys dəyəri əsasında uçota almalı, gəlir və xərclərini həmin dəyər əsasında hesablamalıdır. Gömrük dəyəri isə yalnız malların idxal zamanı vergi və rüsumların hesablanması məqsədilə gömrük orqanı tərəfindən müəyyən edilən dəyərdir. Qeyd edilir ki, cavabdeh tərəfindən oxşar mübahisələrə dair işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi də nəzərə alınmamışdır. Həmin hüquqi mövqeyə görə, cavabdeh tərəfindən statistik dəyər əsasında vergilərin hesablanması barədə qəbul edilmiş qərarlar qanunsuz sayılmalı və ləğv olunmalıdır. Qeyd edilir ki, vergi orqanı iddiaçıya vergi məbləği hesablayarkən iddiaçının 2023-cü ilin sentyabr ayında fəaliyyətinin olmamasını nəzərə almamışdır. Halbuki, Vergi Məcəlləsinin 67.8-ci maddəsinə əsasən həmin Məcəllənin 16.2ci maddəsinə uyğun olaraq sahibkarlıq fəaliyyəti, əmlakının, torpağının və vergi tutulan əməliyyatının olmaması barədə vergi orqanına arayış təqdim etmiş vergi ödəyicilərinə əlaqəli məlumatlar əsasında vergilər hesablanmır. İşin sənədlərinə əlavə edilmiş vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə məktubdan görünür ki, X1 fəaliyyətinin onun özünün xx.xx.2023-cü tarixli müraciəti əsasında xx.xx.2023-cü il tarixindən xx.xx.2028-ci il tarixinədək dayandırılması təmin edilmişdir. Nəticə olaraq, müvafiq vergi orqanının sahibkarlıq fəaliyyətini dayandırmış bir fərdi sahibkar üzərində təqdim edilmiş bəyannamə və hesabatlar olmadan, yalnız əlaqəli sənədlərlə kameral vergi yoxlamasını həyata keçirməsi tamamilə qanunsuz haldır. Həmçinin cavabdeh vergi orqanı 2023-cü ilin sentyabr ayına hesablamanı məhz əvvəlki təqvim illərinin müvafiq aylarında aparılmış əməliyyatlar ilə bağlı həyata keçirmişdir. Halbuki, Vergi Məcəlləsinin 12.1-ci maddəsinin tələblərinə əsasən vergitutma elementlərindən biri də vergi dövrüdür və vergi bəyannamələri də məhz müvafiq vergi dövrləri üzrə təqdim edilir. Bu isə o deməkdir ki, kameral vergi yoxlaması da məhz müvafiq hesabat dövrü ərzində baş vermiş əməliyyatları özündə əks etdirən vergi bəyannamələri üzrə həyata keçirilməlidir. Vergi Məcəlləsinin 77.1-ci maddəsinə əsasən vergi orqanına hər hesabat dövrü üçün ƏDV-nin bəyannaməsini verməyə və bəyannamənin verilməsi üçün müəyyən edilən müddətdə hər hesabat dövrü üzrə vergini büdcəyə ödəməyə vergi ödəyicisi borcludur. Həmin Məcəllənin 177.2-ci maddəsinə əsasən ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir. Həmin Məcəllənin 178-ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Göstərilənlərdən aydın olur ki, vergi ödəyicisi müvafiq hesabat dövrü (indiki halda ay üzrə) ƏDV bəyannaməsi təqdim edir və həmin bəyannamədə məhz həmin təqvim ayı ərzində baş tutmuş əməliyyatları əks etdirir. Odur ki, vergi orqanı 2023-cü ilin sentyabr ayı üzrə kameral vergi yoxlaması həyata keçirdiyi və hesablama apardığı zaman, həmin bəyannamənin əhatə etdiyi hesabat dövründə, yəni 2023-cü ilin sentyabr ayı ərzində baş vermiş əməliyyatları əsas götürməlidir. Göründüyü kimi, ƏDV bəyannaməsində ay ərzində baş vermiş əməliyyatların dəyəri öz əksini tapır. Lakin vergi orqanı 2023-cü ilin sentyabr ayı üzrə kameral vergi yoxlaması həyata keçirən zaman sadəcə həmin ay ərzində baş vermiş əməliyyatları deyil, əvvəlki təqvim illərinin müvafiq aylarında baş vermiş əməliyyatları əsas götürmüşdür. Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən ƏDV bəyannaməsi üzrə kameral vergi yoxlaması bəyannamə təqdim edildiyi tarixdən 30 iş günü ərzində həyata keçirilə bilər. Qeyd olunanlar onu göstərir ki, əvvəlki aylar üzrə ƏDV bəyannamələrinin təqdim edildiyi tarixdən 30 iş günü ötdüyündən cavabdeh vergi orqanı həmin hesabat dövrləri üzrə əməliyyatları 2023-cü ilin sentyabr ayına aid edərək hesablama həyata keçirmişdir ki, bu da vergi qanunvericiliyinin kobud pozuntusu ilə nəticələnmişdir. Qeyd edir ki, cavabdeh vergi orqanı əvvəlki təqvim ayları üzrə vergi nəzarətini yalnız səyyar vergi yoxlaması qaydasında həyata keçirə bilərdi. Göründüyü kimi, mübahisələndirilən qərar vergi qanunvericiliyinin müddətlə bağlı tələbi kobud şəkildə pozularaq qəbul edilmişdir. Göstərilənlərə əsasən hesab edir ki, xx.xx.2025-ci il tarixli, 3-21-2-9/2-122381/2025 nömrəli “vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” qərar qanunvericiliyin tələblərinin kobud pozuntusu nəticəsində qəbul edildiyindən ləğv edilməlidir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 60, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.4, 54.0.1-ci maddələrinə, iddia tələbinin prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə istinad olunmuşdur.

4. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, Baş idarədə vergi ödəyicisi kimi qeydiyyatda İddiaçına 2023-cü ilin sentyabr ayına götə ƏDV bəyannaməsi üzrə 162352 manat kameral qaydada vergi məbləği hesablanmışdır. Belə ki, araşdırma zamanı vergi ödəyicisinin fəaliyyətə başladığı vaxtdan idxal etdiyi mallara görə 903155 manat ƏDV-ni ədv bəyannamələrində əvəzləşdirdiyi, fəaliyyət göstərdiyi dövr ərzində təqdim edilmiş mallara görə 740803,9 manat ƏDV hesablandığı müəyyən edilmişdir. Təqdim edilmiş gəlir və ƏDV bəyannamələrinə əsasən mal qalığı və debitor borclar müəyyən edilməmişdir. Vergi orqanında qeydiyyatda olan aktiv təsərrüfat subyekti olmadığı üçün operativ vergi nəzarəti tədbirinin həyata keçirilməsi mümkün olmamışdır. Təqdim edilmiş mallarla idxal edilmiş və əvəzləşdirdiyi malların arasında yaranan 162352,0 manat (ƏDV) fərqə görə əlavə hesablamanın aparılması nəzərdə tutulmuşdur. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2025-ci il tarixli **********519600 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktublar göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamə təqdim edilərək kənarlaşma aradan qaldırılmadığı üçün kameral vergi yoxlaması ilə 162352,0 manat 2023-cü ilin sentyabr ayına 162352,0 manat ƏDV hesablanmış və vergi ödəyicisinə vergi orqanının "vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 19 iyun 2025-ci il tarixli **********717300 nömrəli qərarı göndərilmişdir. Göründüyü kimi, bu müddəaların heç birində vergi ödəyicisinin gömrük dəyəri ilə vergini əvəzləşdirməsi və invoys dəyəri ilə malların uçotunu aparması bildirilmir. Uçot invoys dəyəri ilə aparılırsa vergi əvəzləşməsi də ona uyğun olmalı, malların təqdim edilməsi və uçotu da invoys dəyəri ilə aparılmalıdır. İddiaçı isə təqdim etdiyi ƏDV bəyannamələrində ƏDV-ni gömrük dəyəri ilə əvəzləşdirmiş, malların təqdim edilməsini isə invoys dəyəri ilə bəyan etmişdir. Bu səbəbdən şəxsi hesab vərəqəsində əsassız artıq ödəmə yaranmışdır. Yaranmış kənarlaşma kameral vergi yoxlaması ilə aradan qaldırılmışdır.

Tərəflərin iştirakı və izahatları

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.

c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

8. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli 3-21- 2-9/2-122381/2025 nömrəli qərarına əsasən iddiaçıya 2023-cü ilin sentyabr ayı üzrə əlavə dəyər vergisi üzrə 162352 manat məbləğində vergi məbləği hesablanmışdır.

9. Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə məktubundan görünür ki, X2 xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən fəaliyyəti xx.xx.2023-cü il tarixdən xx.xx.2028-ci il tarixədək dayandırılmışdır.

10. xx.xx.2025-ci il tarixli, 3-21-2-9/2-113014/2025 nömrəli kameral vergi yoxlaması üçün zəruri sənədlərin təqdim edilməsi haqqında məktubunda qeyd edilmişdir ki, kameral vergi yoxlamasının başa çatdırlması üçün 5 iş günü ərzində müvafiq hesabt dövrü üzrə cari əlavə dəyər vergi bəyannaməsi, qeyd olunanlarla bağlı təsdiqedici sənədlər əlavə edilməklə müvafiq izahat məktubu, araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlərin təqdim olunması tələb edilir.

11. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəyində qeyd edilmişdir ki, Vergi ödəyicisi kimi 2 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatda olan fiziki şəxs X3 (VÖEN 3********) 2023-cü ilin sentyabr ƏDV bəyannaməsi üzrə analoji qaydada 162352 manat kameral qaydada əlavə vergi hesablanmışdır. Araşdırma zamanı vergi ödəyicisinin fəaliyyətə başladığı vaxtdan idxal etdiyi mallara görə 903155,0 manat ƏDV-ni ədv bəyannamələrində əvəzləşdirdiyi, fəaliyyət göstərdiyi dövr ərzində təqdim etdiyi mallara görə dövlət büdcəsinə 740803,9 manat ƏDV hesabladığı müəyyən edilmişdir. Təqdim edilmiş gəlir və ƏDV bəyannamələrinə əsasən mal qalığı və debitor borclar müəyyən edilməmişdir. Vergi ödəyicisinin vergi orqanında aktiv təsərrüfat subyekti olmadığı üçün operativ vergi nəzarəti tədbirinin həyata keçirilməsi mümkün olmamışdır. Təqdim edilmiş mallarla idxal edilmiş malların arasında yaranan 162352,0 manat (ƏDV) fərqə görə əlavə hesablamanın aparılması nəzərdə tutulmuşdur. Yaranmış kənarlaşma ilə bağlı vergi ödəyicisinə xx.xx.2025-ci il tarixli **********519600 nömrəli uyğunsuzluq məktubu göndərilmiş, uyğunsuzluğa münasibət bildirilmədiyi üçün mövcud qanunvericiliyin tələblərinə əsasən xx.xx.2025-ci il tarixli **********717300 nömrəli qərar əsasında 162352 manat əlavə vergi hesablanmışdır.

12. İddiaçı tərəfindən 2021-2023-cü illər üzrə yük gömrük bəyannamələrindən çıxarışlar məhkəməyə təqdim edilmişdir. İdxal edilmiş malların gömrük dəyəri 4354407,93 manat ƏDV 903154,98 manat, invoys dəyəri isə 2539586,32 manat, ƏDV 579098,84 manat təşkil edir.

13. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-924/2025 nömrəli qərarına əsasən iddiaçı X2 cavabdeh X3nə qarşı “X2 şəxsi hesab vərəqəsində mövcud olan vergilər üzrə 158.159,24 manat artıq ödəmənin qaytarılması barədə rəyin verilməsi öhdəliyinin cavabdeh vergi orqanının üzərinə qoyulması” tələbinə dair iddia təmin edilmişdir.

14. Məhkəmənin sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli məktuba X5 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli 3-21-2-9/2-122381/2025 nömrəli qərarın qəbul edilməsinə əsas olmuş sənədlər əlavə olunmuşdur.

ƏSASLANDİRMA HİSSƏSİ:

a) İddianın növü və mümkünlüyü

15. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını; 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar.

16. İddia tələbi İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir.

17. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə qeyd edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan həmin növ iddianın xüsusi mümkünlük şərti kimi İnzibati- Prosessual Məcəllənin 38-ci maddəsinə əsasən iddia müddətinə riayət edilməklə verilibverilməməsi yoxlanılmalıdır.

18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Yəni, bu iddianın xüsusi mümkünlük şərti iddianın prosessual müddətə cavab verməklə qərarın təqdim edilməsi tarixindən 30 gün ərzində mübahisələndirilməsidir. Belə ki, mübahisəli qərar xx.xx.2025-ci il tarixdə qəbul edilmiş, iİddiaçı xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində məhkəməyə müraciət edilmişdir.

b) Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Konstitusiyasının: 73-cü maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.

20. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 3.1-ci maddəsinə əsasən vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.3-cü maddəsinə əsasən hər kəsin konstitusiya hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə maneçilik törədən vergilərin müəyyən edilməsinə yol verilmir. 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 16.1-ci maddəsinə əsasən vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək. 24.1.1-ci maddəsinə əsasən vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludur. 24.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 36.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 67.8-ci maddəsinə əsasən bu Məcəllənin 16.2-ci maddəsinə uyğun olaraq sahibkarlıq fəaliyyəti, əmlakının, torpağının və vergi tutulan əməliyyatının olmaması barədə vergi orqanına arayış təqdim etmiş vergi ödəyicilərinə əlaqəli məlumatlar əsasında vergilər hesablanmır. 139.2-ci maddəsinə əsasən əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. 143-cü maddəsinə əsasən aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. 166.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: 166.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.1.8-ci maddəsində göstərilən, nəzarət-kassa aparatı tətbiq edilməli olan fəaliyyət növləri istisna olmaqla digər fəaliyyət növləri üzrə nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin onun bank və digər ödəniş hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt; 166.1.1-1. bu Məcəllənin 16.1.8-ci maddəsində göstərilən, nəzarət-kassa aparatı tətbiq edilməli olan fəaliyyət növləri üzrə ödənişlə (nağd və ya nağdsız) bağlı nəzarətkassa aparatı çekinin vurulduğu tarix. 166.7-ci maddəsinə əsasən bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin və ya ƏDV məbləğinin ödənilməsi nəzərdə tutulur. 177.2-ci maddəsinə əsasən ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir. Vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin fəaliyyətinə xitam verildikdə, ƏDV bəyannaməsi bu Məcəllədə nəzərdə tutulmuş müddətdən gec olmamaq şərti ilə 30 gün müddətində vergi orqanına təqdim edilməlidir. Bu zaman vergi dövrü hesabat dövrü sayılan müddətin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir. 178-ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır.

21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

c) Məhkəmənin mövqeyi

23. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

24. Belə ki, hazırkı iş üzrə iddiaçı tərəfindən Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli 3-21-2-9/2-122381/2025 nömrəli qərarı mübahisələndirilir. Həmin qərarda hesabat dövrü 2023-cü ilin sentyabr ayı və hesabat növü ƏDV olaraq göstərilmişdir.

25. Qərar onunla əsaslandırılmışdır ki, Araşdırma zamanı vergi ödəyicisinin fəaliyyətə başladığı vaxtdan idxal etdiyi mallara görə 903155 manat ƏDV-ni ədv bəyannamələrində əvəzləşdirdiyi, fəaliyyət göstərdiyi dövr ərzində təqdim etdiyi mallara görə dövlət büdcəsinə 740803,9 manat ƏDV hesabladığı müəyyən edilmişdir. Təqdim edilmiş gəlir və ƏDV bəyannamələrinə əsasən mal qalığı və debitor borclar müəyyən edilməmişdir. Vergi ödəyicisinin vergi orqanında aktiv təsərrüfat subyekti olmadığı üçün operativ vergi nəzarəti tədbirinin həyata keçirilməsi mümkün olmamışdır. Təqdim edilmiş mallarla idxal edilmiş malların arasında yaranan 162352 manat (ƏDV) fərqə görə əlavə hesablamanın aparılması nəzərdə tutulmuşdur.

26. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, vergi ödəyicisinin 2023-cü ilin sentyabr ayında hər hansı vergi tutulan əməliyyatı olmamışdır. Həmçinin vergi ödəyicisinin fəaliyyəti xx.xx.2023-cü il tarixdən xx.xx.2028-ci il tarixədək dayandırılmışdır. Bundan başqa vergi orqanı tərəfindən 2021-2023-cü illər ərzində olan dövr üzrə araşdırma aparılmışdır. Lakin hesablama 2023-cü ilin sentyabr ayı üzrə aparılmışdır. Yəni 2023-cü ilin sentyabr ayında hər hansı vergi tutulan əməliyyatı olmamasına baxmayraq həmin ay üzrə hesablama aparılmışdır.

27. Qanunvericiliyin tələblərinə görə ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir və ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Hazırkı işdən göründüyü kimi 2023-cü ilin sentyabr ayınadək olan dövr üzrə aparılmış əməliyyatlara görə həyata keçirilmiş kameral vergi yoxlaması ilə əlavə ƏDV hesablanmışdır. Məhkəmə qeyd edir ki, kameral vergi yoxlaması qanunvericiliyə müvafiq olaraq müvafiq hesabat dövründə aparılan əməliyyatlar üzrə keçirilir. Kameral vergi yoxlaması zamanı müvafiq hesabat dövründən əvvəlki və ya sonrakı əməliyyatların nəzərə alınması yolverilməzdir.

28. Məhkəmə hesablamanın mahiyyətinə gəldikdə isə qeyd edir ki, cavabdeh vergi orqanı iddiaçının ƏDV-yə cəlb olunan dövriyyəsini idxal edilmiş malların faktiki alış (invoys) dəyəri əsasında deyil, gömrük dəyəri əsasında hesablamışdır ki, bu da vergi qanunvericiliyinin tələblərinə zidd olmuşdur. Vergi Məcəlləsinin 139.2-ci və 143-cü maddələrinin tələblərinə əsasən əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər daxil edilir. Yəni vergitutma məqsədləri üçün mallar invoys dəyəri ilə uçotda əks etdirilməlidir.

29. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, X3nin “vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması” barədə xx.xx.2025-ci il tarixli 3-21-2-9/2- 122381/2025 nömrəli qərarı ləğv edilməlidir.

NƏTİCƏVİ HİSSƏ:

30. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı: İddia təmin edilsin. X3nin “vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması” barədə xx.xx.2025-ci il tarixli 3-21- 2-9/2-122381/2025 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Qəşəm Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar