Məhkəmə qərarları › İş №e-2-1(118)-6668/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-6668/2025

12.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-6668/2025 12.01.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2na qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh X2na qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları

1. İddiaçı cavabdeh X2na iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya xx.xx.2023-cü güzəştli şərtlərlə əmək pensiyası təyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1963-cü il tarixdə Cəbrayıl rayonun Papı kəndində anadan olmuşdur. Əmək fəliyyətinə xx.xx.1982-ci il tarixdə X2 Üzvü Sintez zavodunda başlamışdır. xx.xx.1983-cü il tarixdə həmin zavodda işləmişdir. 1984-cü ilin yanvar ayından 31 avqust 1984-cü il tarixə kimi Cəbrayıl rayonu, Avtonəqliyyat müəssisəsində fəhlə işləmişdir. xx.xx.1986-cı il taridən xx.xx.1990-cı il tarixədək isə Cəbrayıl rayonu X1 elektrik qaynaqçısı işləmiş, 07 noyabr 1990- cı il tarixdən isə 23 avqust 1993-cü il tarixədək Nəriman Nərimanov adına kolxozunda baş mühasib işləmişdir. xx.xx.1993-cü il tarixdə X2 Üzvü Sintez zavodunda yenidən fəliyyətə başlamış və xx.xx.1994-cü il tarixə kimi orada işləmişdir. SOCAR “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunda xx.xx.1994-cü il taridən xx.xx.1996-cı il tarixədək İİ dərəcəli nəzarətçi vəzifəsinə qəbul olunmuşdur. xx.xx.2012-xx.xx.2019-cu il tarixində “X9” MMC-də Qaz kəsici vəzifəsində çalışmışdır. xx.xx.2019-cu il tarixdən isə pensiya hüququ yaranan vaxta kimi "xxxx"ASC-nin “Bakı Sukanal” İdarəsində qaz kəsici kimi fəliyyət göstəmişdir. Belə ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Azərikmya” İB-nin “Etilen-Polietilen” zavodunun 2-ci arxiv fondunun sənədlərinə əsasən xx.xx.1963-cü il təvəllüdlü İddiaçı əmək fəaliyyəti aşağıdakı qeyd olunduğu kimi göstərilir: xx.xx.1994-cü il tarixli 260/K saylı əmrə əsasən xx.xx.1994-cü il tarixindən HMD (hərbi mühafizə dəstəsinə) İİ dərəcəli nəzarətçi vəzifəsinə qəbul olunmuşdur. xx.xx.1996-cı il tarixli 73 saylı əmrə əsasən xx.xx.1996-cı il tarixindən Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Güzəştli şərtlərlə şərtlərlə yaşa görə əmək pensiyasına çıxma hüququnun müəyyənləşdirilməsi haqqında arayışdan görünür ki, İddiaçı həqiqətən “X9” MMC-də xx.xx.2012 - xx.xx.2019 tarixində Qaz kəsici vəzifəsində çalışmışdır. İddiaçı “X9” MMC-də “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 Yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 35-ci bölməsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən Qaz kəsici peşəsində altı il yeddi ay doqquz gün işləmişdir. Güzəştli şərtlərlə şərtlərlə yaşa görə əmək pensiyasına çıxma hüququnun müəyyənləşdirilməsi haqqında xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iddiaçı həqiqətən "Azərsu” ASC-nin "Bakı Sukanal" İdarəsinin Magistral xətlərdə təmir-tikinti, qəza-bərpa və quraşdırma sahəsində xx.xx.2019-cu ildən hazırki dövrədək qazla kəsən peşəsində işləyir. İddiaçı "Bakı Sukanal" İdarəsində “Güzəştli şərtlərlə yaşa gorə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 35-ci bölməsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən qazla kəsən peşəsində üç il üç ay on dörd gün işləmişdir. İddiaçı güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün Dövlət Sosial Müdafiə fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına müraciət etmiş və onlar pensiya təyinatından imtina edərək qeyd etmişlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “ Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftinqazılması və hasilatı, neft, qaz, kondensatı, kömür və şistin emalı bölməsinin (10) qazma bəndində buruqlara xidmət üzrə çilingərlər və bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçi çilingərlər vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının xx.xx.2006-xx.xx.2009-cu il tarixləri arsında “Bula” X6 İdarəsində qazma avadanlığına xidmət edən çilingər yazılmışdır. Göründüyü kimi işlədiyi qazma avadanlığına xidmət edən çilingər vəzifəsi yuxarıda yuxarıda qeyd olunan buruqlara xidmət üzrə çilingərlər və bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçi çilingərlər vəzifəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçının 12 il 6 aydan az (doqquz il 6 ay 21 gün (xx.xx.2013-cü il tarixdən bu günədək)) təşkil edir. Cavabdehin imtinası əsassızdır. Belə ki, cavabdehin verdiyi imtinada vergüldən və nöqtədən söhbət gedir. Qazma avadanlığına xidmət edən çilingərlə, buruqlara xidmət üzrə çilingərlər və bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçi çilingər arasında heç bir fərq yoxdur. Əgər iddiaçı buruqlarda avadanlıqlara xidmət edən çilingər işləyirsə, deməli o, həmin qurğunu təmir edir, xidmət göstərir. İddiaçının şlədiyi yer Xəzər Dənizinin ortasıdır. Çətin şəraitdə işləyir. Avadanlığın təmirə ehtiyacı olduqda təmir edir. Çünki əgər iddiaçı orada xidmət göstərirsə, deməli təmiri də edir. Orada vəzifənin adının düz göstərilməməsi iddiaçının günahı deyil və o buna cavabdeh deyil. Sadəcə olaraq araşdırmadan əsassız olaraq pensiya təyin olunmasından imtina edilmişdir. Bundan əvvəl əmək stajının müəyyən edilməsi barədə olan mülki işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçilərin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçasıdır. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, ümumi iş stajı 25 ildən az (21 il 4 ay 25 gün (xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1982- xx.xx.1983-cü il, xx.xx.1986- xx.xx.1990-cı il, xx.xx.1993-xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər və 2007-2023-cü illər üzrə 12 il 5 ay)) təşkil etmişdir. Hazırda isə həmin idarə məktubla 29 aprel 2025-ci il tarixdə imtina edərək bildirmişdir ki, iddiaçının Mərkəz filialına təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən güzəştli iş stajı 12 il 6 aydan az (9 il 10 ay 15 gün(xx.xx.2012xx.xx.2019-cu il, xx.xx.2019- xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Əlavə olaraq qeyd etmişlər ki, 17 sentyabr 1986-cı il tarixli əmək kitabçasında xx.xx.1986xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində Kommunal Müəssisələri Kombinatında elektrik qaynaqçısı peşəsində işlədiyi qeyd olunub. Lakin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə işləməyinə dair iş yerinin arayışı tərəfimdən Mərkəz Filiala təqdim edilmədiyi üçün həmin dövrün güzəştli olub-olmamasını müəyyən etmək mümkün deyildir. İddiaçı hesab edir ki, iki imtina bir birinə tamamilə ziddir. Belə ki, birinci imtinada güzəştli iş stajının 12 il beş ay olduğunu qeyd edirlər (əslində belə deyil, həmin hesablamalara görə 13 ildən artıqdır. İdarələr tərəfindən verilmiş güzəştli arayış və əmək kitabçası ilə bunu müəyyən etmək olur. Nəzərə almaq lazımdır ki, Kommunal Müəssisələri Kombinatı Cəbrayıl rayonunda fəliyyət göstərmişdir. Cavabdeh orqanda bunu yaxşı bilir ki, Cəbrayıl rayonunun sənədləri işğal zonasında qalmışdır. Həmin arayışı gətirmək iddiaçı tərəfindən mümkün deyildir. Hazırda Cəbrayıl rayonu, işğaldan azad edilsə də orada daş üstə daş qalmadığı məlum oldu. Belə bir vəziyyətdə həmin sənədin gətirilməsi mümkünsüzdür. Lakin buna baxmayaraq həmin işin güzəştli olması qanunvericiliklə müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Ümumi peşələrə bölməsində(35) elektrik qaynaqçıları peşəsi nəzərdə tutulmuşdur. Göründüyü kimi həmin dövrdə olan iddiaçının işlədiyi peşə olan elektrik qaynaqçısı peşəsi güzəştli şərtlərlə pensiya təyin edilməsinə hüquq verən peşədir. Bunu cavabdeh özü də imtina məktubunda etiraf etmişdir. Hazırda sənədlərdən müəyyən edilir ki, iddiaçının ümumi stajı 25 ildən çox olmaqla onun 14 il 12 gün güzəştli əmək stajı mövcuddur. Eyni zamanda qeyd edir ki, iddiaçının 1984-cü ilin yanvar ayından 31 avqust 1984-cü il tarixə kimi Cəbrayıl rayonu, Avtonəqliyyat müəssisəsində fəhlə işləməyi və 07 noyabr 1990-cı il tarixdən isə 23 avqust 1993-cü il tarixədək Nəriman Nərimanov adına kolxozunda baş mühasib işləməyi barədə əmək kitabçasında qeyd edilmədiyindən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1830/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə həmin müəyyən edilmiş və əmək stajına əlavə edilmişdir. Sonradan həmin qətnamədən şikayət verilsə də Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsininn qərarı ilə qüvvədə saxlanılmışdır. Həmin qərardan sonra başqa bəhanə ilə imtina edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 3.1.1-ci maddəsinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Normaların məzmunundan göründüyü kimi qanunvericilik yalnız əmək kitabçasına əsasən əmək stajının müəyyən edilməsinə dair imperativ norma nəzərdə tutmamış, həmçinin iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericilik müəyyən sənədlərə əsasən əmək stajının müəyyən edilməsi qaydasını nəzərdə tutduğundan iddiaçının arxiv arayışı ilə təsdiq olunan işlədiyi dövr onun sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Göründüyü kimi iddiaçının 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) güzəştli peşələrdə iş stajı minimum 12 il 6 ay olmalı; 2) ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajları 60 yaşına çatanadək mövcud olmalıdır.İddiaçı hesab edir ki, iş materialları ilə, o cümlədən cavabdehin imtina məktubu və etirazı ilə müəyyən edilir ki, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə işlərdə 12 il 6 ay iş stajının 60 yaşa çatanadək mövcudluğu işin mübahisələndirilməyən halıdır. İddiaçı qeyd edir ki, bu staj 60 yaşdan sonra çatsa belə həmin tarixdən iddiaçıya pensiya təyin olunmalıdır. İmtina məktubunun tarixi 29 aprel 2025-ci il tarixi göstərilsədə, iddiaçıya poçt vasitəsilə çatmamışdır, 01 İyul 2025-ci il tarixində idarədən götürmüşdür. Eyni zamanda iddiaçı qeyd edir ki, Cəbrayıl rayonundan məcburi köçkün kimi Sumqayıt şəhərində məskunlaşdığından və Komitənin yerli şöbəsinin arayışı ilə bu təsdiq olunduğundan əsaslı olaraq aidiyyət üzrə düzgün olaraq Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1.1, 9.1, 9.8, iddia tələbinin prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1, 33.2, 35.1, 73.1-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, "Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 ilini çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatdıqda (65-5=60 yaş), 2) azı 25 il sığorta stajı olduqda, 3) stajın 12 il 06 ayını əmək şəraiti zərərli və ağır işlərdə işlədikdə. Bildirilir ki, qeyd olunan normaya əsasən üçüncü şərti ödənilmir. Belə ki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəii Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısf’nm Ümumi peşələr bölməsində (35) elektrik qaynaqçıları peşəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiaia təqdim edilən sənədlərə əsasən isə İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az 9 il 10 ay 15 gün təşkil edir. xx.xx.1986-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində Kommunal müəssisələri Kombinatında elektrik qaynaqçısı işləməsinə baxmayaraq müvafiq dövr üzrə güzəştli arayış təqdim edilməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun qeyd olunan maddəsinə görə yeralti işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, şəxsin zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) dəqiq göstərilməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki. iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq iazımdır ki, məhkəmə iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. İşə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Göründüyü kimi iş yerindən güzəştli arayışın olması mütləqdir. Əlavə olaraq İddiaçı iddia ərizəsində Mərkəzi Filial tərəfindən xx.xx.2023-cü il tarixdə 3-17-1/2-Ə-146156/2023 nömrəli imtina məktubunda güzəştli iş stajının 12 il 5 ay təşkil etdiyinin qeyd olunduğunu bildirmişdir. Lakin sözügedən imtina məktubunun məzmununa diqqət yetirən zaman qeyd edilən 12 il 5 ay stajın 2007- 2023-cü illəri əhatə edən ümumi staj olduğu aydın görünür. Belə ki, İddiaçı iddia etdiyi kimi imtinalar arasında hər hansı bir ziddiyyət mövcud deyildir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur.

b) Tərəflərin iştirakı və izahatları

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.

c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

8. İddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1986-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində Kommunal müəssisələri Kombinatında elektrik qaynaqçısı işləmişdir.

9. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1830/2024 nömrəli qətnaməsinə əsasən İddiaçı 1984-cü ilin yanvar ayından 31 avqust 1984-cü ilə tarixə qədər Cəbrayıl rayonu Avtonəqliyyat müəssisəsində fəhlə, 07 noyabr 1990-cı il tarixdən 23 avqust 1993-cü ilə tarixədək Nəriman Nərimanov adına kolxozunda baş mühasib işləməyi müəyyən edilməklə əmək münasibətlərində olma faktı müəyyən edilmişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)-676/2025 nömrəli qətnaməsinə əsasən ərizəçi İddiaçı hüquqi əhəmiyyəti oolan faktın müəyyən edilməsinə dair ərizəsi ilə bağlı kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1331/2024 nömrəli 0910.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. X2 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, ümumi iş stajı 25 ildən az (21 il 4 ay 25 gün (xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1986-xx.xx.1990-cı il, xx.xx.1993-xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər və 2007-2023-cü illər üzrə 12 il 5 ay)) təşkil edir. Bundan başqa fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə kir hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 36087,03 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

12. X2 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən güzəştli iş stajı 12 il 6 aydan az (9 il 10 ay 15 gün (xx.xx.2012-xx.xx.2019-cu il, xx.xx.2019xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. 17 sentyabr 1986-cı il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1986-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində Kommunal müəssisələri Kombinatında elektrik qaynaqçısı peşəsində işlədiyi qeyd edilib. Lakin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməyinə dair iş yerinin arayışı Mərkəzi Filiala təqdim edilmədiyi üçün həmin dövrün güzəştli olub-olmamasını müəyyən etmək mümkün deyil.

13. “X10 Cəmiyyəti “Bakı Sukanal” İdarəsinin xx.xx.2023-cü il tarixli güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxma hüququnun müəyyənləşdirilməsi haqqında arayışında qeyd olunmuşdur ki, İddiaçı "xxxx" ASC-nin “Bakı Sukanal” İdarəsinin Magistral xətlərdə təmir-tikinti, qəza-bərpa və quraşdırma sahəsində xx.xx.2019-cü ildən hazırkı döbrədək qazla kəsən peşəsində işləmişdir. İddiaçı “Bakı Sukanal” İdarəsində “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzfələrin və göstəricələrin siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12nömrəli qərarının 35-ci bölməsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən qazla kəsən peşəsində 3 il 3 ay 4 gün işləmişdir.

14. “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen Zavodunun xx.xx.2023-cü il tarixli, 34 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı 22.12..1994-cü il tarixli 260/K saylı əmrə əsasən xx.xx.1994-cü il tarixdən HMD İİ dərəcəli nəzarətçi vəzifəsinə qəbul olunmuşdur. xx.xx.1996-cı il tarixli 73 aylı əmrə əsasən xx.xx.1996-cı il tarixindən Azərbaycan Respublikası ƏQDM-nin 37-ci maddəsinə əsasən xx.xx.1996-cı il tarixindən Azərbaycan Respublikası ƏQDM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir.

15. “X9” MMC-nin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxma hüququnun müəyyənləşdirilməsi haqqında arayışında qeyd edilmişdir ki, İddiaçı “X9” MMC-də xx.xx.2012-xx.xx.2019 tarixində Qaz kəsici vəzifəsində çalışıb. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 35-cibölməsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən Qaz kəsici peşəsində altı il yeddi ay doqquz gün işləmişdir.

16. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Sumqayıt şəhəri X11 Şabran və Siyəzən rayonları bölməsinin xx.xx.20025-ci il tarixli, 012237 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı ünvan 1 ünvanında müvəqqəti məskunlaşmışdır.

17. xx.xx.2025-ci il tarixli xidməti məktubdan görünür ki, iddiaçının ümumi stajı 30 il 4 ay 2 gün təşkil edir.

ƏSASLANDİRMA HİSSƏSİ:

a) İddianın növü və mümkünlüyü

18. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir.

19. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Hər bir tələbə ayrılıqda nəzər salaq:

20. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ güzəştli şərtlərlə əmək pensiyası yaşının tamam olması və müvafiq sosial sığorta stajının olmasından yaranmış olur.

21. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı həmin inzibati orqanın xidmət göstərdiyi ərazinin sakinidir və sosial müavinətlərin, o cümlədən əmək pensiyalarının vətəndaşlara verilməsi DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının səlahiyyətlərinə aiddir. Belə olduğu tədqirdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir.

22. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş və cavabdehin xx.xx.2023-cü il və xx.xx.2025-ci il tarixli məktubları ilə onun müraciətinin təmin olunmasından imtina edilmişdir.

23. Məhkəmə iddianın mümükünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir.

24. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının olduğu yer Sumqayıt şəhəri olduğuna görə məhkəmə hesab edir ki, ərazi aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır.

25. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

b) Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. 38-ci maddəsinin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

27. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (əvvəlki -“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununu qüvvəyə minənədək olan redaksiyada) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; ... 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018- ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1-ci maddəsinə əsasən 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1–22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir.

28. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

29. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının: 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. 2.1-ci bəndinə əsasən əmək kitabçalarının hazırlanması və işəgötürənlərə verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. 3.1-ci bəndinə əsasən əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. 3.5-ci bəndinə əsasən işə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyridəqiq yazılır aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. İş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. 3.2a bəndində müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 yerli qurumları tərəfindən aparılır.

30. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır . 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. inzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

31. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” əsasında müəyyən edilir.

32. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.

33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

c) Məhkəmənin mövqeyi

34. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

35. Belə ki, iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş və sonuncu tərəfindən iddiaçının müraciətinin icrasından xx.xx.2023-cü il və xx.xx.2025-ci il tarixli məktublarla imtina etmişdir. Sonuncu imtina məktubunda qeyd edilmişdir ki, Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən güzəştli iş stajı 12 il 6 aydan az (9 il 10 ay 15 gün (xx.xx.2012xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. 17 sentyabr 1986-cı il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1986-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində Kommunal müəssisələri Kombinatında elektrik qaynaqçısı peşəsində işlədiyi qeyd edilib. Lakin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməyinə dair iş yerinin arayışı Mərkəzi Filiala təqdim edilmədiyi üçün həmin dövrün güzəştli olub-olmamasını müəyyən etmək mümkün deyil.

36. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 3 şərt ödənilməlidir: 1) 60 yaşı tamam olmalı 2) 25 il ümumi iş stajı olmalı və 3) həmin müddətin 12 il 6 ayı güzəştli iş stajı hesab edilməlidir.

37. İddiaçının xx.xx.1963-cü il təvəllüdlü olmaqla, xx.xx.2023-cü il tarixdə 60 yaşına çatması və 25 il ümumi iş stajını toplaması işin mübahisəsiz hallarıdır. Bu halları cavabdeh inzibati orqan da mübahisələndirməmişdir. Cavabdehin imtinasının əsası iddiaçının 12 il 6 ay güzəştli iş stajı şərtini ödəməməsi ilə bağlıdır.

38. Cavabdeh inzibati orqan iddiaçının 9 il 10 ay 15 gün (xx.xx.2012-xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər) güzəştli iş stajının mövcud olmasını mübahisələndirməmiş, xx.xx.1986-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində Kommunal müəssisələri Kombinatında elektrik qaynaqçısı peşəsində işlədiyi dövrə dair güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməyinə dair iş yerinin arayışı təqdim edilmədiyindən həmin dövrü güzəştli iş stajı kimi nəzərə almamışdır.

39. Məhkəmə cavabdehin imtinasına münasibətdə qeyd edir ki, iddiaçının xx.xx.1986-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində işlədiyi Kommunal müəssisələri Kombinatı vaxtilə işğal edilmiş Cəbrayıl rayonunda yerləşmiş və bu səbəbdən də müəssisəyə aid sənədlərin işəgötürən müəssisə tərəfindən arxivə təhvil verilməsi mümkün olmamışdır. Sənədlərin arxivləşdirilməsi iddiaçının deyil, məhz işəgötürən müəssisənin səlahiyyətinə aid olan öhdəlik kimi çıxış etdiyindən, həmin öhdəliyin obyektiv səbəblərdən lazimi qaydada icra edilməməsinin nəticələrinə istinad edilməklə, iddiaçının hüququnun məhdudlaşdırılması halı ilk növbədə inzibati icraat haqqında qanunvericiliyin mütənasiblik prinsipinin tələblərinə zidd olmuş olur.

40. Həmçinin iddiaçının işlədiyi peşə elektrik qaynaqçısı olmuş və həmin peşənin güzəştli şərtlərlə pensiya hüququ verən peşəyə aid olması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında öz əksini tapmışdır. Nəticə etibarilə məhkəmə hesab edir ki, iddiaçının elektrik qaynaqçısı peşəsində işlədiyi dövrlər güzəştli şərtlərlə pensiya hüququ verən peşə olduğundan, həmin dövrlər güzəştli iş stajı kimi nəzərə alındığından, iddiaçıya münasibətdə qanunla tələb olunan 12 il 6 ay güzəştli iş stajına aid şərt ödənilmiş olur.

41. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuş, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır.

42. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 10 mart 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh X2nın üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ:

43. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 10 mart 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh X2nın üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Qəşəm Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar