Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-6807/2025 12.01.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2na qarşı iş üzrə (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh X2na qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları
1. İddiaçı cavabdeh X2na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının 2025-ci ildə ödənilmiş, lakin əvvəlki illərə aid olan sosial sığorta ödənişlərinin də pensiya kapitalına əlavə edilməsini və əmək pensiyasının müvafiq artımla yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, pensiyasının hesablanması zamanı məcburi dövlət sosial sığorta haqlarının hesablandığı tarixlərə uyğun olaraq indeksləşdirilməsi əsasında əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1959-cü il təvəllüdlü İddiaçı xx.xx.1976-cı ildən, yəni 50 ilə yaxın sığortalı iş stajı vardır. Sonuncu iş yeri Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində “Neftqazavtomat" Elmi-İstehsalat Müəssisəsi, sonradan onun bazasında yaradılmış Zireh MMC olmuşdur. İddiaçı 15 noyabr 2024-cü ildə əmək pensiyasına çıxan zaman, işlədiyi müəssisənin DSMF-yə ******* manat borcu olmuşdur. Pensiyaya çıxarkən fərdi şəxsi hesabında olan 54902,88 manat pensiya kapitalına və 29 il 1 ay 9 gün sığorta stajına uyğun pensiya hesablanmışdır. Müəssisə DSMF-yə həmin borcu 29 dekabr 2024-cü ildə (iddiaçı pensiyaya çıxandan bir ay sonra) ödəmişdir. Hazırda iddiaçının hesabında 86813,73 manat pensiya kapitalı vardır. Bu səbəbdən pensiyanın yenidən hesablanması üçün cavabdehə müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə cavabdeh pensiyanın yenidən hesablanmasından imtina etmiş və imtinanı belə əsaslandırmışdır ki, 2010-cu ilin il-İV-cü rübləri, 2011-2015-ci illərin l-İVcü rübləri, 2016-cı ilin l-lİl-cü rübləri, 2020-ci ilin İV-cü rübü, 2021-2022-ci illərin l-İV rübləri, 2023-cü ilin l-lll-cü rübləri, 2024-cü ilin İ-İV-cü rübləri üzrə xeyrinə hesablanmış məcburi dövlət sosial sığorta haqları müvafiq olaraq 2025-ci ildə ödənildiyi üçün sözügedən pensiya kapitalının yaşa görə əmək pensiyanıın yenidən hesablanması zamanı istifadə edilməsi mümkün hesab edilmir. “Əmək pensiyaları haqqında” Qanunun heç bir maddəsində qeyd olunmayıb ki, pensiya təyin olunan günədək qazanılmış sosial sığorta haqları sonradan ödənildikdə onlar pensiya kapitalına daxil edilmir və ya pensiya yenidən hesablanmır. Həmin dövrlər üzrə müəssisə tərəfindən ödənişlərin gecikdirilməsi iddiaçının iradəsindən asılı olmadan baş vermişdir. Bu səbəbdən cavabdehin mövqeyi ilə razılaşmayaraq məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
4. Cavabdeh iddia ərizəsinə etiraz edərək qeyd etmişdir ki, Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir. Həmin Qanunun - 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddənin məzmunundan göründüyü kimi, əmək pensiyası həmin pensiya təyin olunmazdan öncə alınan əməkhaqqlarının kompensasiyası hesabına təyin edilir. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 il yaşına çatmış kişilərin və 60 il yaşına çatmış qadınların (1 iyul 2019 - 30 iyun 2020-ci illər üçün) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1 -dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. xx.xx.2020-ci il tarixdən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1 -ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018- ci ilin 1 iyul tarixə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Belə ki, 2019-2025-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (həmin Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qeyd olunan maddələrin tələblərinə uyğun olaraq iddiaçıya xx.xx.2024-cü il tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Sözügedən Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı həmin Qanunun 22-1.2.1-22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Həmin Qanunun 27-ci maddəsinə əsasən Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Qanunun 10.4-cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının məbləği sığorta hissəsi və yığım hissəsindən ibarətdir: P=SH+YH İddiaçının fərdi şəxsi hesabının yığım hissəsində pensiya kapitalı toplamımadığından iddiaçının pensiyası sığorta hissəsindən ibarət olmaqla Qanunun 10.2-ci maddəsinə uyğun olaraq SH = PSK/T düsturu ilə müəyyən edilir. Burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır (144 ay). İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərə əsasən pensiyasının yenidən hesablanması ilə əlaqədar müraciət etmişdir. İddiaçının pensiya işində olan sənədlərin surətlərinə əsasən xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədek 29 il 1 ay 9 gün sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2024-cü il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 54902,88 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2024-cü il tarixinə 584,98 manat müəyyən edilmişdir. İddiaçının pensiyasının 2024-cü il tarixinə hesablanma qaydası aşağıdakı kimidir: P=203,71 (SH) + 381,27 (SH) = 584,98 manat (xx.xx.2024-cü il tarixinə); Burada, - 203,71 manat - xx.xx.2006-cı il tarixinədək sığorta stajı əsasında hesablanmış əmək pensiyasının sığorta hissəsi (29 il 1 ay 9 gün sığorta stajına uyğun olaraq 29334,24/144) - 381,27 manat-xx.xx.2006-cı il tarixindən xx.xx.2024-cü il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əsasında hesablanmış əmək pensiyasının sığorta hissəsinin 2024-cü il tarixinə müəyyən edilmiş məbləği (SH=PSK/T, SH=54902,88/144=381,27 manat) Qanunun 29.1-ci maddəsinin tələblərinə əsasən əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2025-ci il tarixindən 632,36 manata (584,98+(584,98*8,1%)) çatdırılmışdır. Əlavə olaraq olaraq bildiririk ki, 2010-cu ilin ll-İV-cü rübləri, 2011 -2015-ci illərin İ- İV-cü rübləri, 2016-cı ilin l-lll-cü rübləri, 2020-ci ilin İV-cü rübü, 2021-2022-ci illərin l-İV rübləri, 2023-cü ilin l-lll-cü rübləri, 2024-cü ilin l-İV-cü rübləri üzrə xeyrinizə hesablanmış məcburi dövlət sosial sığorta haqları müvafiq olaraq 2025-ci ildə ödənildiyi üçün sözügedən pensiya kapitalının yaşa görə əmək pensiyasının yenidən hesablanması zamanı istifadə edilməsi mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, İddiaçı yaşa görə əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun hesablanmışdır.
b) Tərəflərin iştirakı və izahatları
5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.
c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
8. X2nın xx.xx.2025-ci il tarixli, 3-17-1/1-Ə-92081/2025 nömrəli ümumi əsaslarlara görə əmək pensiyasının yenidən hesablanması haqqında qərarına əsasən iddiaçıya xx.xx.2024-cü il tarixdə təyin edilmiş əmək pensiyası xx.xx.2025-ci il tarixdə yenidən hesablanaraq 662,17 manat müəyyən edilmişdir.
9. X2nın xx.xx.2025-ci il tarixli, 3-17-1/1-Ə-119214/2025 nömrəli ümumi əsaslarlara görə əmək pensiyasının yenidən hesablanması haqqında qərarına əsasən iddiaçıya xx.xx.2024-cü il tarixdə təyin edilmiş əmək pensiyası xx.xx.2025-ci il tarixdə yenidən hesablanaraq 632,36 manat müəyyən edilmişdir.
10. X2nın xidməti məktubunda qeyd edilmişdir ki, İddiaçı müraciətinin araşdırılması zamanı yaşa görə əmək pensiyasının məbləğində xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək artıqödəmə aşkar edilmişdir. İddiaçı əmək pensiyası təyin olunarkən xx.xx.2026cı il tarixədək sığorta stajı 29 il 1 ay 9 gün olduğu halda, 33 il 18 gün nəzərə alınmışdır.
11. X2nın xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, müraciətin araşdırılması zamanı müəyyən olunmuşdur ki, yaşa görə əmək pensiyası təyin olunarkən xx.xx.2006-cı il tarixinədək sığorta stajı 29 il 1 ay 9 gün olduğu halda, 33 il 18 gün nəzərə alınaraq hesablanıb. Nəticədə əmək pensiyasının məbləğində xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək artıqödəmə müəyyən olunmuşdur. Əlavə olaraq 2010-cu ilin ll- İV rübləri, 2011-2015-ci illərin İ-İV rübləri, 2016-cı ilin l-İİİ rübləri, 2020-ci ilin İV rübü, 2021- 2022-ci illərin l-İV rübləri, 2023-cü ilin l-lll rübləri, 2024-cü ilin l-İV-cü rübləri üzrə xeyrinə hesablanmış məcbur dövlət sosial sığorta haqları müvafiq olaraq 2025-ci ildə ödənildiyi üçün sözügedən kapitalının yaşa görə əmək pensiyasının yenidən hesablanması zamanı istifadə edilməsi mümkün hesab edilmir.
12. Cavabdeh inzibati orqan tərəfindən İddiaçı sığortaolunan hesabından çıxarış (2006 yanvar – 2025 sentyabr dövrləri) məhkəməyə təqdim edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
a) İddianın növü və mümkünlüyü
13. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən də, mümkün hesab edilir.
14. Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair - öhdəliyin icrası haqqında iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
15. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdikdən sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
b) Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. 38-ci maddəsinin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və fərdi şəxsi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. 10.2-ci maddəsinə əsasən Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. 29.1-1-ci maddəsinə əsasən sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 37.3-cü maddəsinə əsasən işləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır.
18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
c) Məhkəmənin mövqeyi
20. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir.
21. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. X2nın xx.xx.2025-ci il tarixli, 3-17-1/1-Ə- 92081/2025 nömrəli və xx.xx.2025-ci il tarixli, 3-17-1/1-Ə-119214/2025 nömrəli ümumi əsaslarlara görə əmək pensiyasının yenidən hesablanması haqqında qərarlarına əsasən iddiaçının əmək pensiyası məbləği yenidən hesablanmışdır. İddiaçıya əmək pensiyası təyin edildikdən sonra onun işlədiyi müəssisə tərəfindən 2010-cu ilin ll-İV rübləri, 2011- 2015-ci illərin İ-İV rübləri, 2016-cı ilin l-İİİ rübləri, 2020-ci ilin İV rübü, 2021-2022-ci illərin l- İV rübləri, 2023-cü ilin l-lll rübləri, 2024-cü ilin l-İV-cü rübləri üzrə xeyrinə hesablanmış məcbur dövlət sosial sığorta haqları müvafiq olaraq 2025-ci ildə ödənilmişdir. İddiaçı sonradan ödənilmiş məcbur dövlət sosial sığorta haqlarının nəzərə alınaraq əək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh məcbur dövlət sosial sığorta haqları müvafiq olaraq 2025-ci ildə ödənildiyi üçün sözügedən kapitalının yaşa görə əmək pensiyasının yenidən hesablanması zamanı istifadə edilməsinin mümkün olmadığını bildirmişdir.
22. Məhkəmə cavabdehin imtinasına münasibətdə qeyd edir ki, iddiaçının işlədiyi müəssisə tərəfindən 2010-cu ilin ll-İV rübləri, 2011-2015-ci illərin İ-İV rübləri, 2016-cı ilin l- İİİ rübləri, 2020-ci ilin İV rübü, 2021-2022-ci illərin l-İV rübləri, 2023-cü ilin l-lll rübləri, 2024cü ilin l-İV-cü rübləri üzrə xeyrinə hesablanmış məcbur dövlət sosial sığorta haqlarının vaxtında deyil, 2025-ci il tarixdə ödənilməsində iddiaçının təqsiri yoxdur. Həmin hərəkətlərin edilməsi iddiaçının deyil, məhz işəgötürən müəssisənin səlahiyyətinə aid olan öhdəlik kimi çıxış etdiyindən, həmin öhdəliyin lazimi qaydada icra edilməməsinin nəticələrinə istinad edilməklə, iddiaçının hüququnun məhdudlaşdırılması halı ilk növbədə inzibati icraat haqqında qanunvericiliyin mütənasiblik prinsipinin tələblərinə zidd olmuş olur.
23. Göründüyü kimi cavabdeh inzibati orqan iddiaçının müraciəti üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmişdir.
24. İddiaçı iddia tələbində əmk pensiyasının hesablanması zamanı məcburi dövlət sosial sığorta haqlarının hesablandığı tarixlərə uyğun olaraq indeksləşdirilməsi əsasında əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Bununla bağlı məhkəmə bildirir ki, məcburi dövlət sosial sığorta haqlarının hesablandığı tarixlərə uyğun olaraq deyil, işəgötürən müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi tarixlərə uyğun olaraq indeksləşdirilməsi əsasında əmək pensiyasının yenidən hesablanmalıdır.
26. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı yaşa görə əmək pensiyasının məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi tarixlərə uyğun olaraq indeksləşdirilməsi əsasında yenidən hesablanması öhdəliyi cavabdeh X2nın üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
27. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddia qismən təmin edilsin. İddiaçı yaşa görə əmək pensiyasının məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi tarixlərə uyğun olaraq indeksləşdirilməsi əsasında yenidən hesablanması öhdəliyi cavabdeh X2nın üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Qəşəm Məmmədli