Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-1(118)-6850/2025 26.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı ““müraciətini nəzərə alaraq müraciət etdiyi tarixdən yəni xx.xx.2025-ci tarixindən ailəsinə 1 il müddətinə 985 manat pul məbləğində ünvanlı dövlət sosial yardımının təyin olunması, xx.xx.2025- ci il tarixinə qədər 6 aylıq müddət üzrə ödənilməli olan 5910 manat pul məbləğindən, 4 aylıq müddət üzrə qismən ödənilmiş 1898,12 manat pul məbləğini çıxmaqla qalıq qalan 4011,88 manat pul məbləğinin cavabdehdən tutulması, xx.xx.2025-ci il tarixindən təyin olunmuş müddətin sonuna kimi hər aylıq sosial yardımın ödənilməsi və vəzifə səhlənkarlığına yol vermiş şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) Ərizə onunla əsaslandırılmışdır ki, ailəsinə ünvanlı dövlət sosial yardımının təyin olunmasından ötəri xx.xx.2025-ci il tarixində müraciət olunmuşdur. Lakin müraciətinə baxılmayaraq ailəmizə ünvanlı dövlət sosial yardımı təyin olunmamışdır. Məhkəməyə müraciət olunduqdan sonra cavabdeh tərəfindən məhkəmədən kənar qaydada 474,53 manat pul məbləğində ünvanlı dövlət sosial yardımı təyin olunmuşdur. Təyin olunmuş sosial yardımın may, iyun, iyul və avqust ayları üzrə ödənişi ödənilmiş, aprel ayının ödənişi isə ümumiyyətlə ödənilməmişdir. Bundan əlavə aylıq faktiki olaraq 985 manat pul məbləğində sosial yardım təyin olunmalı olduğu halda xeyli az miqdarda yəni 474,53 manat pul məbləğində sosial yardım təyin olunmuşdur. 17 sentyabr tarixində isə ünvanlı dövlət sosial yardımın verilməsi dayandırılmışdır. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, İddiaçı təmsilçi qismində ünvanlı dövlət sosial yardımın təyin edilməsi (bundan sonra - sosial yardım) bağlı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə daxil etdiyi 30.11,2024-cü il tarixli **********8577-1 nömrəli müraciəti əsasında ailəyə xx.xx.2025-ci il tarixindən aylıq 474,53 manat məbləğində sosial yardım təyin edilmişdir. Təyin edilmiş sosial yardımın qurumlarla yoxlanılması nəticəsində ailənin əmək qabiliyyətli üzvünün orta aylıq gəlirinin özündən asılı olan səbəblərə görə sıfıra bərabər olması müəyyən edilmişdir. Bu səbəbdən Sosial Yardımın verilməsi xx.xx.2025-ci il tarixindən dayandırılmışdır. Daha sonra iş üzrə əldə edilmiş məlumatlara əsasən İddiaçı xx.xx.2025-ci il tarixindən 6 (altı) ay müddətində aylıq 440 manat olmaqla işsizlikdən sığorta ödənişinin təyin edilərək ödənildiyi və xx.xx.2025-ci il tarixindən dayandırıldığı, eyni zamanda xx.xx.2025-ci il tarixindən 3 (üç) ay müddətində aylıq 400 manat olmaqla yenidən sığorta ödənişi təyin edildiyi müəyyən edilmişdir. Bununla bağlı olaraq İddiaçı təyin edilmiş sosial yardım dayandırıldığı xx.xx.2025-ci il tarixdən bərpa edilmişdir. İddiaçının hazırki iddia tələbinin əsasını təşkil edən müraciəti ona ödənilən sosial yardımın dayandırıldığı dövrə (artıq bərpa edilmişdir) təsadüf etmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi iddiaçıya 2025-ci ilin yanvar ayından etibarən 1 illik müddətə təyin edilmiş Sosial Yardımın ödənişi hazırda davam etdirilir. Belə olan təqdirdə iddiaçının Sosial Yardım aldığı təqdirdə yenidən ona təyinat aparılması ilə bağlı subyektiv hüququ mövcud deyil və belə bir hal qanunvericiliklə mümkün hesab edilə bilməz. “Ünvanlı dövlət sosial yardım haqqında” Qanunun 8.1-ci maddəsinə əsasən Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyədair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 №-li Qərarında qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddainın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericiliklə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM- in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığının yoxlanılması qaydasında aparmamalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “A.Kərimov və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 iyul 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. Məhkəmə qərarının preyudisiallığı prinsipi də qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Qeyd edilənlərə əsasən iddianın mümkün hesab edilməməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iştirak etmiş, izahatında bildirmişdir ki, iddiaçı tərəfindən aparılmış hesablamanın hansı qaydada aparılması qeyrimüəyyəndir. Həmçinin eyni tələblə bağlı məhkəmə mübahisəsinin artıq mövcud olduğunu bildirərək iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 05 saylı qərarınının 1.1.-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Nəzərə almaq lazımdır ki, iddianın mümkünlük şərtləri prosessual qanunvericiliyin tələblərindən irəli gəlir və mümkünlük şərtləri yoxlanılarkən həmçinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmə mübahisəsinin olubolmaması da araşdırılmalı olan hallardandır. Belə ki, qeyd edilən məhkəmə mübahisəsinin artıq mövcud olması iddianın mümkünlüyünə təsir edən faktordur. İddiaçıya ünvanlı sosial yardım xx.xx.2025-ci il tarixdən 1 il müddətinə təyin edilmişdir. İnzibati iş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı ünvanlı sosial yardımın təyin olunması tələbi barədə e-2-1(118)-4099/2025 saylı inzibati iş Sumqayıt İnzibati Məhkəməsinin icraatındadır. Qeyd edilən inzibati iş materiallarından müəyyən edilir ki, iddiaçı xx.xx.2024-cü il tarixindən 1 il müddətinə, aylıq olaraq 985 manat pul məbləğində ünvanlı sosial yardımın təyin olunmasını, xx.xx.2025-ci il tarixinə qədər ödənilməli olan 9850 manat pul məbləğindən, 7 ay üzrə qismən ödənilmiş olan cəmi olaraq 3321.71 manat pul məbləği çıxılmaqla, qalıq qalan 6528,29 manat pul məbləğinin cavabdehdən tutulması və cari ilin sentyabr, oktyabr aylarının sosial ödənişinin hər aylıq olaraq ödənilməsi və vəzifə səhlənkarlığına yol vermiş şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hazırki iddia tələbində isə iddiaçı müraciətini nəzərə alaraq müraciət etdiyi tarixdən yəni xx.xx.2025-ci tarixindən ailəsinə 1 il müddətinə 985 manat pul məbləğində ünvanlı dövlət sosial yardımının təyin olunması, xx.xx.2025- ci il tarixinə qədər 6 aylıq müddət üzrə ödənilməli olan 5910 manat pul məbləğindən, 4 aylıq müddət üzrə qismən ödənilmiş 1898,12 manat pul məbləğini çıxmaqla qalıq qalan 4011,88 manat pul məbləğinin cavabdehdən tutulması, xx.xx.2025-ci il tarixindən təyin olunmuş müddətin sonuna kimi hər aylıq sosial yardımın ödənilməsi və vəzifə səhlənkarlığına yol vermiş şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Göründüyü kimi yaranmış mübahisə artıq təyin edilmiş ünvanlı sosial yardımın məbləği ilə bağlıdır və hazırki iddia tələbi e-2-1(118)-4099/2025 saylı inzibati iş üzrə iddia tələbi ilə tam əhatə edilmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 saylı Qərarında qeyd olunmuşdur ki, İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. İPMin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Məhkəmə qərarının preyudisiallığı prinsipi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı) Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2020-ci il 14 fevral tarixli Qərarı) Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №e-2-1(118)-6850/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(118)-6850/2025
26.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver