Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-697/2022 10.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil oğlunun (Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili, ünvan 1 ünvanında yaşayan) Cavabdehin nümayəndələri X6 (Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş idarəsinin Müraciətlərə baxılması və hüquq şöbəsində dövlət vergi müfəttişi işləyən, ünvan 2 ünvanında yaşayan) və X2 (Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsi Operativ nəzarət şöbəsində baş dövlət vergi müfəttişi işləyən, ünvan 4 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş idarəsinə qarşı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 26.11.2021-ci il tarixli **********7730 nömrəli qərarının ləğv edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş idarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 26.11.2021-ci il tarixli **********7730 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” 06.10.2021-ci il tarixli **********2511 nömrəli qərarı əsasında 19.10.2021-ci il tarixdə iddiaçının istifadəsində olan Sumqayıt şəhəri, Bakı- Rostov şossesi, Sumqayıt maşın bazarında yerləşən anbarda (**********-29001) keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 01.01.2020-ci il tarixdən 06.10.2021-ci il tarixədək olan zaman kəsiyində iddiaçı tərəfindən əldə edilmiş mallardan 2099151,78 manat dəyərində malın e-qaimə təqdim edilmədən topdansatış qaydasında satılması faktı aşkar edilmiş və qeyd olunan hal eyni tarixli Seriya DVX № 005860 nömrəli aktla rəsmiləşdirilmişdir. Həmin akta baxılmasının nəticələrinə dair cavabdeh təşkilat tərəfindən 26.11.2021-ci il tarixli **********7730 nömrəli “Vergi ödəyicisinin Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmiş və iddiaçının barəsində 209915,18 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı qəbul edilmiş qərarı əsassız hesab edir. Belə ki, İddiaçı MMC avtomobil ehtiyyat hissələrinin satışını həyata keçirir. Müəssisənin Sumqayıt şəhəri, Bakı-Rostov yolu, Sumqayıt maşın bazarı ərazisində 4 ədəd anbarı, 1 ədəd anbar-mağazası və Bakı şəhəri, Biləcəri qəsəbəsi, ünvan 5 ünvanda yerləşən mağazası mövcuddur. Müəssisənin əsas satış obyekti Biləcəri qəsəbəsində yerləşən mağazasıdır və mağazada malların pərakəndə qaydada satışı həyata keçirilir. Yoxlamanın aparılması zamanı aşağıdakı hüquq pozuntularına yol verilmişdir. “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” 06.10.2021ci il tarixli **********2511 nömrəli qərar əsaslandırılmamışdır. Qərar Vergi Məcəlləsinin 50.3-cü maddəsinin ziddinə olaraq əsaslandırılmamış, həmin Məcəllənin 50.2-ci maddəsinə göstərilən əsaslardan hər hansı biri qeyd olunmamışdır. Bundan başqa aparılan yoxlama operativ ver4gi nəzarəti növündə keçirilməsinə baxmayaraq iddiaçının 01.01.2020-ci il tarixdən 06.10.2021-ci il tarixədək olan dövr ərzində fəaliyyəti yoxlanılmışdır. Cavabdeh tərəfindən 6 obyekt üzrə yoxlama aparılmasına baxmayaraq yalnız bir obyelt üzrə rəsmiləşdirmə aparılmışdır. Göstərilən mallar pərakəndə ticarət qaydasında satılmış və malların dəyəri nəzarət kassa aparatına mədaxil edilmişdir. Cavabdehin iddiaçınn topdansatış fəaliyyətlə məşğul olaraq elektron qaimə faktura tərtib etməsinə dair hər hansı sübutu yoxdur. Məhkəmə iclasında iddiaçınn nümayəndəsi Vəkil oğlu iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X11 iddianı qəbul etməyərək izah etdi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən İddiaçı MMC-yə məxsus olan Sumqayıt şəhəri, Bakı-Rostov şosesi, maşın bazarı ünvanında yerləşən anbarda malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə 06.10.2021-ci il tarixdən 29.10.2021-ci il tarixədək (29.10.2021-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarəti həyata keçirilmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı 19.10.2021-ci il tarixdə Baş İdarə tərəfindən İddiaçı MMC-yə məxsus olan Sumqayıt şəhəri, Bakı-Rostov şosesi, maşın bazarı ünvanında yerləşən anbarda Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq e-qaimə tələb olunduğu halda heç bir e-qaimə verilmədən 2099151,78 manat məbləğində malların topdan qaydada satılması faktı aşkar olunmuş və 19.10.2021-ci il tarixli 005860 nömrəli akt tərtib edilmişdir. 19.10.2021-ci il tarixli 005860 nömrəli akt İddiaçı MMC-nin rəhbəri X7 təqdim edilsə də, rəhbər aktı qəbul etməkdən və imzalamaqdan imtina etmişdir və imtina etməsi barədə Baş İdarənin əməkdaşları tərəfindən 19.10.2021-ci il tarixli akt tərtib edilmişdir. Nəticədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən İddiaçı MMC-də keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında 19.10.2021-ci il tarixli 005860 nömrəli akta, eləcə də Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olmaması üzrə tərtib edilmiş akta və digər sənədlərə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 58.13-cü və 71-1-ci maddələrinin tələblərinin pozulduğu müəyyən edilmiş və İddiaçı MMC-nin 209915,18 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. İddiaçı MMC-nin rəhbəri X1-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə təqdim etdiyi 06.10.2021-ci il tarixli arayışda qeyd etmişdir ki, “MMC-yə məxsus olan təsərrüfat subyektləri aşağıdakılardır: 1.Sumqayıt şəhəri, Bakı-Rostov şosesi, maşın bazarı (29004); 2.Sumqayıt şəhəri, Bakı-Rostov şosesi, maşın bazarı (29003); 3.Sumqayıt şəhəri, Bakı-Rostov şosesi, maşın bazarı (29001); 4.Sumqayıt şəhəri, Bakı-Quba yolu, maşın bazarı (29005); 5. Sumqayıt şəhəri, Sumqayıt stansiyası, yük həyəti (29002); 6. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ, Ordubadi, ev21A (10002). Bu ünvanlarda yerləşən bütün mallar onlara məxsusdur. Digər yerdə malı, anbarı, saxlanc yeri yoxdur. Malların üzərinə 10% ticarət əlavəsi qoymaqla satış edirlər. MMC-nin iş vaxtı yoxlama zamanı saat 10:00-dan 17:00-dəkdir, ümumilikdə MMC-nin əsas iş vaxtı şənbə və bazar günləridir”. 19.10.2021-ci il tarixli 005860 nömrəli akt 22.10.2021-ci il tarixdə vergi ödəyicisinə elektron qaydada göndərilmiş və 26.10.2021-ci il tarixdə elektron qutuda oxunmuşdur. Yəni, iddiaçı tərəfin iddia ərizəsində qeyd etdiyi kimi 27.10.2021-ci il tarixdə deyil, 26.10.2021-ci il tarixdə akt MMC-yə təqdim edilmiş hesab edilir. Vergi Məcəlləsinin 39.5-ci maddəsinə əsasən, Vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. Yəni, vergi ödəyicisi 25.11.2021-ci il tarixədək vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilərdi. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında 06.10.2021-ci il tarixli **********2511 nömrəli Qərarda göstərilmiş müddət, yəni 06.10.2021-ci il tarixdən 29.10.2021-ci il tarixədək (29.10.2021-ci il tarixi daxil olmaqla) olan müddət vergi orqanı tərəfindən yoxlamanın keçiriləcəyi müddəti bildirir, vergi ödəyicisinin həmin müddətləri əhatə edən fəaliyyətinin yoxlanılmasını ifadə etmir. Bundan əlavə İddiaçı MMC tərəfindən 2020-ci ilin fevral ayından 2021-ci ilin avqust ayınadək vergi orqanına təqdim etdiyi bəyannamələrdə satış yalnız topdan satış fəaliyyəti üzrə göstərilmişdir (2020-ci il fevral ayında topdansatış fəaliyyəti üzrə 94100 manat; mart ayı üzrə 124300 manat; aprel ayı üzrə 72430 manat; may ayı üzrə 135720 manat; iyun ayı üzrə 82430 manat; iyul ayı üzrə 67950 manat; avqust ayı üzrə 119340 manat; sentyabr ayı üzrə 127820 manat; oktyabr ayı üzrə 114210 manat; noyabr ayı üzrə 58160 manat; dekabr ayı üzrə 38660 manat; 2021-ci ilin fevral ayı üzrə 97830 manat; mart ayı üzrə 257500 manat; aprel ayı üzrə 149600 manat; may ayı üzrə 137300 manat; iyun ayı üzrə 128730 manat; iyul ayı üzrə 109260 manat; avqust ayı üzrə 122570 manat satış olduğu göstərilmişdir). Cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək H.Həsənovun izahatına uyğun izahat verdi. İş materiallarına əlavə edilmiş : - - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş idarəsi tərəfindən qəbul edilmiş 06.10.2021-ci il tarixli **********2511 nömrəli qərardan görünür ki, “Progres ADF “MMC-yə məxsus obyektdə 06.10.2021-ci il tarixdən 29.10.2021-ci il tarixədək operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən aparılan Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, İddiaçı MMC-yə məxsus obyektdə növbədənkənar operativ vergi nəzarəti barədə qərar reyestrdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş idarəsinin **********2422 nömrəli tələbnaməsindən görünür ki, Progres ADF “MMC –dən operativ vergi nəzarətinin keçirilmısi üçün zəruri olan sənədlər tələb edilmişdir. -19.10.2021-ci il tarixli 005860 saylı operativ vergi nəzarətinin nəticəsi haqqında aktdan görünür ki, iddiaçıya məxsus obyektdə idxal olunmuş və e-qaimə ilə alınmış mallardan 1617220,17 manat dəyərində olan malların üzəriə 10 % ticarət əlavə və 18 % ƏDV tətbiq etməklə 2099151,78 manat dəyərində malın e-qaimə təqdim edilmədən topdansatış qaydasında satılması faktı müəyyən edilmişdir. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş idarəsi tərəfindən qəbul edilmiş 26.11.2021-ci il tarixli **********7730 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.13–cü maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə 209915,18 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır:..... 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi. Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsasların dəqiq və qapalı siyahısı təsbit edilmişdir. İstinad olunan normaya görə yalnız həmin əsaslardan (vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; vergi orqanlarının bu Məcəllənin 50.1- ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda) hər hansı birinin mövcud olduğu təqdirdə operativ vergi nəzarəti həyata keçirilə bilər. Hazırkı iş üzrə cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 06.10.2021-ci il tarixli **********2511 nömrəli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmişdir. Qeyd edilməlidir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Əlavə olaraq, yuxarıda qeyd edildiyi kimi, cavabdeh vergi orqanı bu və ya digər növ yoxlamanı seçməkdə , həmçinin VM-nin 50.2-ci maddəsində sadalanan əsaslardan hər hansı biri üzrə operativ vergi yoxlamasının keçirilməsi ilə bağlı qərar qəbul etməkdə diskresion səlahiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Qeyd olunanlar baxımından hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz operativ vergi nəzarətinin təyin edilməsi qaydasında həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Belə ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər, inzibati orqan operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü və 14.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. Hazırkı iş üzrə cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 21.09.2021-ci il tarixli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş, beləliklə də, cavabdeh tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu yuxarıda istinad olunan normalara uyğun olaraq əsaslandırılmamışdır. Bu hal cavabdeh tərəfindən Vergi Məcəlləsinin 50.3-cü maddəsinin birinci cümləsindən və “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərindən irəli gələn əsaslandırma öhdəliyinin pozulması kimi qiymətləndirilməlidir. Vergi Məcəlləsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır (maddə 50.1). Həmin Məcəllənin 50.1.13-cü maddəsinə əsasən, malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsinin aşkar edilməsi üçün operativ nəzarət tədbiri həyata keçirilir. Göründüyü kimi, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilibedilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir. Hazırkı mübahisəyə münasibətdə isə cavabdehin keçirdiyi operativ yoxlamanın müddəti 06.10.2021-ci ildən 29.10.2021-ci ilədək müddəti əhatə etsə də, nəzarət tədbiri zamanı tədbirin keçirildiyi anda deyil, 01.01.2020-ci il tarixdən 06.10.2021-ci ilədək olan dövr üzrə aparılmış əməliyyatlar əsasında iddiaçıya maliyyə sanksiyası hesablanmışdır. Başqa sözlə, vergi orqanı operativ vergi nəzarətinin faktiki həyata keçirilmədiyi dövr üzrə baş tutmuş əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Məhkəmə qeyd edir ki, cavabdeh vergi orqanı mübahisələndirilən qərarın qəbul edilməsi üçün əsası kimi iddiaçı müəssisənin topdansatış qaydada satış həyata keçirdiyi halda alıcı subyektin vergi ödəyicisi olub-olmamasını yoxlamaması və malları elektron qaimə-faktura tərtib edilmədən verməsini göstərmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçının topdansatış fəaliyyəti ilə məşğul olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədi. Cavabdeh vergi orqanı yalnız ehtimallara əsaslanaraq iddiaçının topdansatış fəaliyyətlə məşğul olması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə görə pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin Məcəllnin 13.2.63-cü maddəsinə əsasən topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Məhkəmə hesab edir ki, vergi ödəyiciinin elektron qaimə faktura göndərmək vəzifəsi yalnız vergi ödəyicisi kimi uçotda olan şəxslərə münasibətdə aid edilməlidir. Bu halda iddiaçının pərakəndə satış nöqtəsi kimi alıcı - fiziki çəxslərin sahibkarlıq subyekti olub-olmaması və onların vergi ödəyicisi kimi uçota alınıb-alınmamasını yoxlamaq kimi bir vəzifəsi yoxdur. Belə ki, iddiaçı pərakəndə qaydada satış həyata keçirdiyindən belə bir vəzifə daşımamışdır və kassa aparatının çekini verməklə kifayətlənmişdir. Vergi Məcəlləsinin 16.1.11-7-ci maddəsinə əsasən pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti zamanı malların (işlərin, xidmətlərin) alıcılarına onların tələbinə əsasən nəzarət-kassa aparatının çeki ilə yanaşı, elektron qaimə-faktura təqdim etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Məhkəmə hesab edir ki, müəssisə istehsalat ərazisində satış mağazası təşkil etməklə və buradan istehsal etdiyi malların eyni zamanda pərakəndə satışını təmin etməklə qanunvericiliyin tələblərini pozmamışdır. İddiaçı tərəfindən satış mağazasında hazır məhsulları satan zaman alıcı fiziki şəxslərin özlərini vergi ödəyicisi kimi uçotda olan şəxs qismində təqdim etməməsi və ya həmin uçota alınmamasına görə məsuliyyət daşımamalıdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, operativ vergi nəzarəti yoxlaması zamanı istinad edilən çeklərə malların sahibkarlıq və ya qeyri-sahibkarlıq subyektlərinə satılması müəyyən edilməmişdir ki, bu halda iddiaçının vergi məsuliyyətinə cəlb edilərək barəsində maliyyə sanksiyasının tətbiq edilməsi əsassız hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Həmin Məcəllənin 53.3-cü maddəsinin dördüncü bəndində qeyd edilir ki, vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarına və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Göstərilən Məcəllənin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş idarəsinin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 26.11.2021-ci il tarixli **********7730 nömrəli qərarı ləğv edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş idarəsinin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 26.11.2021-ci il tarixli **********7730 nömrəli qərarı ləğv edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №e-2-1(118)-697/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-697/2022
10.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver