Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-1(118)-712/2025 23.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X5 Ərazi Bölmələrini İdarəetmə Birliyi Füzuli Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin 10 avqust 2022-ci il tarixli, 10-08/74/1 nömrəli arayışından görünür ki, həkim-stomatoloq İddiaçı geniş miqyaslı əks hücum əməliyyatların həyata keçirilməsi zamanı 44 günlük vətən müharibəsi dövründə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərindən yaralı hərbiçilərə X3 Mərkəzində nümunəvi tibbi xidmət göstərmişdir. Qeyd edilmişdir ki, 27 sentyabr 2020-ci il tarixdən 1 dekabr 2020-ci il tarixə kimi X3 Mərkəzi Vətən müharibəsi ilə əlaqədar olaraq Hərbi Hospital kimi fəaliyyət göstərmişdir.
2. "xxxx" MMC-nin 4 oktyabr 2020-ci il tarixli “Ezamiyyətə göndərilməsi haqqında” məktubundan görünür ki, "xxxx" MMC-nin həkim xidməti üzrə mütəxəssisi (üz-çənə cərrəhı) İddiaçı 10 gün müddətində Füzuli rayonunda yerləşən Füzuli rayon Tibb Mərkəzinə ezam olunmuşdur. Əsas “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda apardığı mücadilədə yaralananlara könüllü olaraq yardım etməsi üçün müraciəti” olaraq qeyd edilmişdir.
3. “X4” MMC-nin 4 oktyabr 2020-ci il tarixli “Ezamiyyətə göndərilməsi haqqında” məktubundan görünür ki, “X4” MMC-nin “Assistans” xidməti üzrə mütəxəssisi (üz-çənə cərrəhı) İddiaçı 10 gün müddətində Fizuli rayonunda yerləşən Fizuli rayon Tibb Mərkəzinə ezam olunmuşdur. Əsas “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda apardığı mücadilədə yaralananlara könüllü olaraq yardım etməsi üçün müraciəti” olaraq qeyd edilmişdir.
4. Azərbaycan Respublikası Müdafiə nazirinin katibliyinin 5 iyun 2023-cü il tarixli, 4/3- 5173 nömrəli məktubundan görünür ki, İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 4 aprel 2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 nömrəli, 22 sentyabr 1995-ci il tarixli Qərarının tələblərini əsas tutaraq, döyüş əməliyyatları aparılan dövrdə 27 sentyabr 2020-ci il – 10 noyabr 2020-ci il tarixlərdə Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və müəssisələrdə xidmət etmədiyinə, işləmədiyinə, habelə həmin hərbi hissə və bölmələrə ezam olunmadığına görə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.
Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
5. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Füzuli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 2 iyul 2024-cü il tarixli, 18- 1-36/2-710/2024 nömrəli məktubundan görünür ki, İddiaçı 44 günlük Vətən müharibəsi zamanı Füzuli Mərkəzi rayon Xəstəxanasına (keçmiş X3 Mərkəzinə) ezam olunmuşdur. Vətən müharibəsi zamanı Bakıdan bir çox özəl xəstəxanalardan tibbi briqadalar Füzuli rayonuna ezam olunmuşdur. Vətən müharibəsi başlayandan 27 sentyabr 2020-ci il tarixdən 1 dekabr 2020-ci il tarixə kimi Füzuli Mərkəzi rayon Xəstəxanasında (keçmiş X3 Mərkəzi) mülkü şəxslər deyil, yalnız yaralı hərbi qulluqçulara tibbi xidmət göstərilmişdir.
6. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin 19 iyul 2024-cü il tarixli, 18-1/2-664/2024 nömrəli məktubundan görünür ki, 44 günlük “Vətən müharibəsi” zamanı “Füzuli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə (X3 Mərkəzi) yalnız TƏBİB tabeli tibb müəssisələrindən həkim-mütəxəssislər ezam olunmuşdur. Özəl tibb müəssisələrində çalışan mütəxəssislər X3 Mərkəzinə TƏBİB tərəfindən ezam edilməmişdir. Lakin bəzi həkimlər öz şəxsi təşəbbüsləri ilə könüllü olaraq yaralılara xidmət göstərmişdir. Əlavə olaraq qeyd edilir ki, X3 Mərkəzində müharibə dövründə yalnız yaralı hərbi qulluqçulara tibbi xidmət göstərilmişdir.
Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
7. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun müharibə veteranı statusu və vəsiqəsi verilən şəxslərin siyahısına daxil edilərək, həmin siyahının Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Füzuli rayon Mərkəzi xəstəxanasının müvafiq arayışı və məktubu ilə iddiaçı tərəfindən 4 oktyabr 2020-ci il tarixdən 17 oktyabr 2020-ci il tarixinədək Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərində yaralı hərbçilərə X3 Mərkəzində nümunəvi tibbi xidmət göstərilmişdir. İddiaçıya məxsus hərbi biletdə də qeyd edilmişdir ki, o, həqiqətən X3 Mərkəzində 4 oktyabr 2020-ci il tarixdən 17 oktyabr 2020-ci il tarixədək Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərində yaralı hərbiçilərə X3 Mərkəzində tibbi xidmət göstərmişdir. Bununla bağlı ona TƏBİB tərəfindən təşəkkürnamə və X3 Mərkəzi tərəfindən Fəxri Fərman da təqdim edilmişdir. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, iddiaçının müraciətinin təmin olunmasından 5 iyun 2023-cü il tarixli məktubla imtina edilmişdir.
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - “İPM”) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
10. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.
İddia tələbinə qarşı etirazın dəlilləri
11. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək, imtina məktubunda göstərilən hallara (§4) istinad edərək, iddiaçının iddia tələbinin mümkün hesab edilməməsini xahiş etmişdir.
12. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 nömrəli, 22 sentyabr 1995-ci il tarixli Qərarına istinad edilmişdir.
Tərəflərin iştirakı və izahatları:
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir.
14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh öz səlahiyyətli nümayəndəsi ilə məhkəmə iclasında təmsil olunmamışdır.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır. ...
42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
16. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
17. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.
18. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
19. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır.
20. Məhkəmə ilk öncə qeyd edir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli, 5 saylı Qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
21. İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur.
22. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir.
23. Belə ki, “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 nömrəli, 22 sentyabr 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə tənzimlənir.
24. Əsasnamənin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri (döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur) üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.
25. Qeyd edilən normanın məzmunundan müəyyən edilir ki, “müharibə veteranı” adı döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların (tibbi təminat daxil olmaqla) yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə onların ezam olunduqları yerdən asılı olaraq, yəni xidmət keçdiyi, qulluq etdiyi, işlədiyi inzibati orqanın müvafiq komissiyasının rəyinə əsasən verilməlidir.
26. İş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı öz müraciətinə əsasən könüllü olaraq yardım etməsi üçün "xxxx" MMC və “X4” MMC tərəfindən 10 gün müddətində Füzuli rayonunda yerləşən Füzuli rayon Tibb Mərkəzinə ezam olunmuşdur.
27. Göründüyü kimi, hazırkı halda iddiaçı ilə cavabdeh arasında hər-hansı rəsmi əmək (xidməti) münasibəti mövcud deyildir.
28. Bu səbəbdən də, yuxarıda qeyd edilmiş qanunvericilik normalarının məzmununu nəzərə alaraq, hazırkı iş üzrə iddiaya cavab verməli olan orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi deyildir.
29. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.
30. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı statusu və vəsiqəsi verilən şəxslərin siyahısına daxil edilərək, həmin siyahının Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.
Hakim Könül Həbibova