Məhkəmə qərarları › İş №e-2-1(118)-7136/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-7136/2025

16.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-7136/2025 16.01.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: şəhid statusu adı və müvafiq arayışın verilməsi) GİRİŞ HİSSƏ X15-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Məhərrəmova Türkan Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “şəhid statusu adı və müvafiq arayışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 16 yanvar 2026-cı il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vəfatı xidməti vəzifə borcu ilə bağlı olmuş, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşmüş 17 avqust 2001-ci ildə vəfat etmiş X7 “Şəhid” adının, ailəsinə isə “Şəhid ailəsi” statusunun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1987-ci il tarixində xx.xx.1963-cü il təvəllüdlü X13 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Onların birgə nikahından iki övladları vardır. xx.xx.1988-ci il təvəllüdlü X10 və xx.xx.1990-cı il təvəllüdlü X14. X3 N saylı hərbi hissənin motoatıcı tabor komandirinin tərbiyəvi işlər üzrə müavini vəzifəndə xidmət göstərmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı HH bildirişindən də göründüyü kimi, X8 ölüm səbəbi vəzifə borcunun icrası ilə əlaqədar xx.xx.2001-ci ildə ezamiyyətdə olan zaman vəfat etmişdir, vəfatı xidməti vəzifə borcu ilə bağlı olduğu qeyd olunur. Həmçinin, N saylı Hərbi Hissənin şəxsi heyətin geri qaytarılmayan itkilərinin adlı siyahısında da X8 adı qeyd olunmuşdur. Göründüyü kimi, X1 vəfatı xidməti vəzifə borcu ilə bağlı olmuşdur, lakin X9 şəhid statusu verilməmişdir. Onu da qeyd edək, İddiaçı TSEK tərəfindən verilən arayışa əsasən, 2 (ikinci) qrup əlilliyi mövcuddur və əmək qabiliyyəti itirilmiş hesab edilir. X2 şəhidlik statusunun ailə üzvlərinə isə şəhid ailəsi statusunun verilməsi üçün cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət olunsa da, müraciətə aşağıdakı məzmunda imtina cavabı verilmişdir: “Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə ünvanladığınız müraciətə (mərhum kapitan X7 “Şəhid” adının, ailəsinə isə “Şəhid ailəsi” statusunun verilməsi barədə) Müdafiə Nazirliyinin Şəxsi heyət Baş İdarəsinin Kadrlar İdarəsində və Hüquq İdarəsində baxılmışdır. Məlumat üçün bildirirəm ki, Azərbaycan Respublikası müdafiə nazirinin 25 dekabr 2001-ci il tarixli müvafiq şəxsi heyət üzrə əmrindən çıxarışında mərhum kapitan Y.Ə. Yusifovun xx.xx.2001-ci il tarixdə ezamiyyətdə olarkən infarkt nəticəsində vəfat etməsi göstərilsə də, N nömrəli hərbi hissə komandirinin xx.xx.2001-ci il tarixli 299 nömrəli nizami hissə üzrə əmrində xx.xx.2001ci il tarixdə müddətli məzuniyyətdə olduğu zaman vəfat etdiyi üçün şəxsi heyətin siyahısından çıxarılması qeyd olunmuşdur. Əlavə olaraq bildirirəm ki, sənədlərdə olan məlumatlar arasında aşkar edilmiş uyğunsuzluğun mövcudluğu Y.Ə. Yusifova “Şəhid” adının, ailəsinə isə “Şəhid ailəsi” statusunun verilməsi məsələsi üzrə hüquqi rəyin bildirilməsini mümkünsüz etmişdir.”. Bu səbəblə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 4.1-ci bəndinə görə, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Həmin maddədə isə göstərilir ki, müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır. İddiaçının mərhum həyat yoldaşı kapitan X11 1991-2001-ci illərdə Azərbaycan Silahllı Qüvvələrdə həqiqi hərbi xidmət keçmiş və Azərbaycan Respublikası müdafiə nazirinin 25 dekabr 2001-ci il tarixli müvafiq əmri ilə N nömrəli hərbi hissənin motoatıcı tabur komandiri kapitan Y.Ə.Yusifov vəfat etdiyi üçün 17 avqust 2001-ci İl tarixdən Silahllı Qüvvələrin zabit heyəti siyahısından çıxarılmış hesab edilmişdir. N nömrəli hərbi hissə komandirinin N oktyabr 2001-ci il tarixli 299 nömrəli əmrində motoatıcı tabur komandirinin tərbiyəvi işlər üzrə müavini kapitan Y.Ə.Yusifov qısamüddətli məzuniyyətdə olduğu zaman 17 avqust 2001-ci il tarixdə vəfat etdiyi üçün məzuniyyətdən silinmiş və bütün növ təminatlardan azad edilməsi qeyd edilmişdir. Yuxarıda qeyd olunanlardan görünür ki, iddiaçının mərhum həyat yoldaşı kapitan X6 vəfat etməsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə bağlı deyil, o, qısamüddətli məzuniyyətdə olduğu zaman vəfat etmişdir. Belə ki, iddiaçının ərinin şəhid hesab edilməsi üçün müvafiq arayışın verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın tələblərinə uyğun deyil.

4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

6. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

II. İddianın növü və mümkünlüyü

7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

10. İddia tələbi şəhid statusu adı və müvafiq arayışın verilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

11. İddia mümkündür.

III. Məhkəmə tərəfindən tədqiq olunan sübutlar:

12. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən verilmiş məlumatdan görünür ki, X13 xx.xx.2001-ci ildə ezamiyyətdə olan zaman vəfat etmişdir, vəfatı xidməti vəzifə borcu ilə bağlıdır.

13. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar idarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2815 nömrəli arayışdan görünür ki, İddiaçı həyat yoldaşı mərhum X3 Azərbaycan Respublikasının Silahlı Qüvvələrində qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmayıb.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: Şəxsin Soyadı: YUSİFOVA Adı: CƏMİLƏ Ata adı: BÖYÜKAĞA QİZİ Doğum tarixi: xx.xx.1965 Doğulduğu yer: Azərbaycan Respublikası, Sumqayıt şəhəri

1. Əri (arvadı): X11 (xx.xx.1963) (VƏFAT EDİB)

2. Qızı: X12 (xx.xx.1988)

3. Qızı: X14 (xx.xx.1990)

15. Məhkəmənin sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X3 barəsində N №-li hərbi hissə komandirinin xx.xx.2001-ci il tarixli 159 №-li, xx.xx.2001-ci il tarixli 164 №-li, xx.xx.2001-ci il tarixli 225 №-li, xx.xx.2001-ci il tarixli 299 №-li nizami hissə üzrə əmrlərindən Arxiv Çıxarışları ünvanınıza göndərilir. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin xx.xx.2001-xx.xx.2001-ci il, xx.xx.2001-xx.xx.2001-ci il, xx.xx.2001-xx.xx.2001-ci il və xx.xx.2001-xx.xx.2001-ci il tarixədək olan nizami hissə üzrə əmrlərində X3 barəsində əlavə məlumat aşkar olunmamışdır.

IV. Tətbiq edilən hüquq

16. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”:

1. Şəhid anlayışı 1.1. Şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: ... 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; ...

4. Şəhid və şəhid ailəsi statusunun verilməsi 4.1. Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. ... Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X4 Xidmətinin, X5 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. ...

8. Bu Qanunun tətbiqi ilə əlaqədar məsələlərin həlli üçün zəruri aktlar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq olunmuş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları"nın (bundan sonra mətndə - Qaydalar) 1.1-ci bəndinə əsasən şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşmüş və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir.

18. Həmin Qaydaların 4.1-ci bəndinə görə, şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi" nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında" Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir.

19. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilir. V. Məhkəmənin mövqeyi

20. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

21. Məhkəmə qeyd edir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsinə əsasən, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 4.1-ci bəndinə görə şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi’’nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir.

23. Həmin maddədə isə göstərilir ki, müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin 1) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, 2) habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların verinə yetirilməsi, yaxud 3) dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır.

24. Göründüyü kimi, X9 “Şəhid” adının, iddiaçıya “Şəhid ailəsi” statusunun verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud deyildir.

25. Bu səbəbdən, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Ona görə də iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir.

26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

NƏTİCƏVİ HİSSƏ

27. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilmir. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

X15-Abbaszadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar