Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-7317/2025 20.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış, plan və ölçü sənədinin verilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq, çıxarış, plan və ölçü sənədinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 20 noyabr 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Şamaxı rayon şöbəsinin 12 iyul 2006-cı il tarixli, 17/7-414 nömrəli rəyindən görünür ki, İddiaçı həyətyanı məqsədi üçün satılmış 0,12 ha torpaq sahəsi Çuxuryurd bələdiyyəsinin mülkiyyətindədir. Satılan torpaq sahəsinin kəndin perspektiv inkişafına aiddir, İddiaçı satılması məqsədəmüvafiqdir.
2. Azərbaycan Respublikası Çuxuryurd bələdiyyə başçısının 14 iyul 2006-cı il tarixli, 12 saylı qərarından görünür ki, Şamaxı rayonu Çuxuryurd bələdiyyə perspektiv inkişaf ehtiyat fondundan İddiaçı həyətyanı məqsədi üçün 0,12 ha torpaq sahəsi satılmışdır.
3. 14 iyul 2006-cı il tarixdə Çuxuryurd bələdiyyəsinin nümayəndəsi, torpaq alan İddiaçı və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsinin müdirinin iştirakları ilə Çuxuryurd bələdiyyəsinin 14 iyul 2006-cı il tarixli, 12 saylı qərarı ilə satılmış 0,12 ha torpaq sahəsinə dair tərtib edilmiş 436 nömrəli “Torpaqların alqı-satqısına dair Akt”.
4. 16 fevral 2006-cı il tarixli, BYB seriyalı, 72 nömrəli “Kassa mədaxil orderinin qəbzi”ndən görünür ki, İddiaçı 115 manat məbləğində torpaq sahəsinin alqı-satqısı məqsədilə Çuxuryurd bələdiyyəsinin hesabına pul köçürmüşdür.
5. Şamaxı rayonu Çuxuryurd bələdiyyəsi torpaqlarının yerquruluşu layihəsindən çıxarış (miqyas 1:10.000).
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin 9 iyul 2025-ci il tarixli, 3-21-3-41/2-S-0026-8/2025 nömrəli göndərilmiş məktubundan görünür ki, sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən, Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin 14 iyul 2006-cı il tarixli, 12 saylı qərarı ilə İddiaçı həyətyanı məqsədilə satılmış 0,12 ha torpaq sahəsinin yerləşdiyi ərazi baza məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı su tutarı torpaqlarına aiddir.
Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
7. X4 Filialının 11 sentyabr 2025-ci il tarixli, 3-48-DA-11F/2-359-34-25 nömrəli məktubu ilə aşağıdakı sənədlərin surəti qoşma şəklində göndərilmişdir: - Azərbaycan Respublikası Çuxuryurd bələdiyyə başçısının 14 iyul 2006-cı il tarixli, 12 saylı qərarı (§2); - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Şamaxı rayon şöbəsinin 12 iyul 2006-cı il tarixli, 17/7-414 nömrəli rəyi (§1); - 14 iyul 2006-cı il tarixli, 436 nömrəli “Torpaqların alqı-satqısına dair Akt” (§3); - Şamaxı rayonu Çuxuryurd bələdiyyəsi torpaqlarının yerquruluşu layihəsindən çıxarış (§5).
8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin 20 noyabr 2025-ci il tarixli, 3-21-3-41/2-3540/2025 nömrəli məktubu ilə göndərilmiş mütəxəssis rəyindən aşağıdakılar müəyyən olunur: - Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin 14 iyul 2006-cı il tarixli, 12 saylı qərarı ilə satılmış 0,12 ha torpaq sahəsinin yerini sənəd üzrə müəyyən etmək mümkün olmamışdır (ilkin torpaqayırma sənədlərinin yerquruluşu qaydasında hazırlanmadığından). - Ərazi İdarəsinin arxivində və baza məlumatlarında Çuxuryurd bələdiyyəsinin 14 iyul 2006-cı il tarixli, 12 saylı qərarı ilə satılmış 0,12 ha torpaq sahəsinə dair hər hansı bir məlumat aşkar olunmamışdır. - İddiaçı naturada istifadəsində olan 0,12 ha torpaq sahəsinin 0,0886 ha hissəsi elektron baza məlumatlarına (DWJ) əsasən xüsusi mülkiyyətə aid torpaq sahəsinə, 0,0314 ha hissəsi bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinə aiddir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUİS) yaradılması ilə əlaqədar tərtib olunmuş xəritə məlumatlarında naturada istifadəsində olan torpaq sahəsi bələdiyyə mülkiyyəti kimi qeyd olunmuşdur. - Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarına əsasən naturada istifadəsində olan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla su tutarlar (arx) kimi qeyd edilmişdir. - mübahisəli torpaq sahəsi elektron baza məlumatlarında kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi qeyd edilmişdir. - mübahisəli torpaq sahəsinin üzərindən yüksək gərginlikli elektrik xətti və digər kommunikasiya xətləri çəkilməmişdir. - DWJ və DBF vahid elektron baza məlumatlarında sözügedən torpaq sahəsi barədə hər hansı bir məlumat aşkar olunmamışdır. - Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarına (DWJ) əsasən naturada istifadəsində olan torpaq sahəsinin 0,0886 ha hissəsi reyestr nömrəsi **********96 olan çıxarışla üst-üstə düşür. Torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUİS) yaradılması ilə əlaqədar tərtib olunmuş xəritə məlumatlarında naturada istifadəsində olan torpaq sahəsi hər hansı bir şəxsin torpaq sahəsi ilə üst-üstə düşmür və iddiaçının özü tərəfindən istifadə olunur. - Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin 14 iyul 2006-cı il tarixli, 12 saylı qərarı ilə satılmış 0,12 ha torpaq sahəsinin sxemi yerquruluşu qaydasında hazırlanmadığından (hər hansı istinad nöqtəsindən ayrılmış torpaq sahəsinə qədər olan məsafənin göstərilməməsi, yan ölçülərinin qeyd olunmaması, koordinatlar olmadığından) naturada göstərdiyi torpaq sahəsinin sənəd üzrə olan sahəsinə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. - Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarına əsasən naturada göstərdiyi olan torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinə yaşayış məntəqələri təyinatlı reyestr nömrələri **********84, **********51 olan və kənd təsərrüfatı təyinatlı **********96 olan çıxarışlar verilmişdir. Torpaq sahəsinin qonşuluğunda yerləşən və üzərində mülkiyyət hüquqi qeydə alınmış torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlər: - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən MA seriyalı, ******* nömrəli, 15 dekabr 2010-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən, yaşayış məntəqələrinin torpaqlarına aid olan **********51 reyestr nömrəli 0,12 ha torpaq sahəsi X1 xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinə dair digər hüquq müəyyənedici sənədlər; - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən MA seriyalı, ******* nömrəli, 5 may 2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən, yaşayış məntəqələrinin torpaqlarına aid olan **********51 reyestr nömrəli 0,12 ha torpaq sahəsi X1 xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinə dair digər hüquq müəyyənedici sənədlər; - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 24 fevral 2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən, kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan **********96 reyestr nömrəli 2,5237 ha torpaq sahəsi X2 xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinə dair digər hüquq müəyyənedici sənədlər. Qoşma şəklində əlavə edilmiş digər sənədlər: - torpaq sahəsinin ortofoto görüntüsü; - 3 iyul 2025-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”ndan görünür ki, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən torpaq sahəsinin ölçüsü hüquq müəyyənedici sənəd üzrə və faktiki 0,12 ha olaraq göstərilmişdir.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia ərizəsinin dəlilləri
9. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin 14 iyul 2006-cı il tarixli, 12 saylı qərarı ilə 0,12 ha torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanmasını öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi işin hallarına (§1-6) istinad edilərək onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan torpaq sahəsinə dövlət reyestrindən çıxarış verilməsi üçün cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin etməkdən imtina etmişdir. Torpaq sahəsi kənd təsərrüfatı təyinatlı su tutarı torpaqlarına aid olsa da, ətrafda olan torpaq sahələrini dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilmişdir.
11. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 154.1, 157.1, 157.8, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 65, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, İPM-in 4.1, 4.3, 16.1, 33.1, 33.2, 38.2, 68.2, 70.1-ci maddələrinə istinad olunmuşdur.
12. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
13. İddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin 14 iyul 2006-cı il tarixli, 12 saylı qərarı ilə 0,12 ha torpaq sahəsinin faktiki yerləşmə vəziyyətinə uyğun iddiaçının daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarış, plan və ölçü sənədlərin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin 20 noyabr 2025-ci il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir.
14. Məhkəmənin 19 avqust 2025-ci il tarixli, e-2-1(118)-7317/2025 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq, çıxarış, plan və ölçü sənədinin verilməsi” tələbinə dair iş üzrə Şamaxı rayon Çuxuryurd bələdiyyəsi üçüncü şəxs qismində (adi cəlbetmə) məhkəmə icraatına cəlb edilmişdir.
15. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri prosess iştirakçılarına təqdim edilmişdir.
İddia ərizəsinə qarşı etirazın dəlilləri
16. Cavabdeh iddia ərizəsinə etiraz və etiraza əlavə təqdim edərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
17. Etiraz onunla əsaslandırılmışdır ki, Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin 14 iyul 2006-cı il tarixli, 12 saylı qərarı ilə ayrılmış 0,12 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı su tutarları torpaqlarına aiddir.
18. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 16.3, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9, 23-cü maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2017-ci il tarixli Plenum Qərarına istinad olunmuşdur.
c) Tərəflərin iştirakı və izahatları
19. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin səlahiyyətli nümayəndələri məhkəmə iclasında iştirak etməmişdir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
22. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
23. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.
24. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ
a) İddianın mümkünlüyü:
25. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
26. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
27. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
28. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
29. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
b) Tətbiq edilən hüquq:
30. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 13. Mülkiyyət Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. (-) Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. (-)
31. TM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri
1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.
2. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.
Maddə 55.Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; (-)
Maddə 66.Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər
1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.
2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
Maddə 67.Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. (-)
Maddə 6 8 . Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
32. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqlarınməhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (-) 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (-)
Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-)
33. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.
Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-)
Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi Hüquqlarındövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir: 10.2. qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. M a d d ə 1 5 . Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-)
34. “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 28 oktyabr 2008-ci il tarixli Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
İX. Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin icarəsində olan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşa edilmiş, habelə bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. X. Bu qanun qüvvəyə minənədək hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş bələdiyyə torpaqları üzərində istifadə müddəti bitdikdən sonra, həmin torpaqlar yalnız açıq torpaq hərracı və ya müsabiqəsi vasitəsilə icarəyə verilə bilər. Xİ. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir (12 dekabr 2008-ci il tarixdə dərc edilmişdir).
35. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; (-)
Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları
6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.
Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.
36. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”
37. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir.
Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; (-)
Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. (-)
Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. (-) Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı (-) 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
38. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
Maddə 58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-)
Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-)
c) Məhkəmənin mövqeyi
39. Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, onlara yuxarıda göstərilən qanunvericilik normaları ilə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir.
40. Yuxarıda sadalanan normalardan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır.
41. İddiaçı iddia tələbinin əsası kimi mübahisələndirilən torpaq sahəsinin iddiaçıya bələdiyyə qərarı ilə ayrıldığını, qonşuluğunda yerləşən torpaq sahələri üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması hallarının mövcud olduğu üçün cavabdehin imtinasında göstərilmiş dəlili əsassız hesab edir.
42. Cavabdeh orqan isə iddia tələbinə qarşı etiraz edərək bildirir ki, mübahisələndirilən torpaq sahəsi elektron baza məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı su tutarları torpaqlarına aiddir.
43. Məhkəmə tərəfindən İPM-in 12-ci maddəsinin tələbləri çərçivəsində iddia tələbinin və etirazın dəlilləri əsasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Çuxuryurd bələdiyyə başçısının 14 iyul 2006-cı il tarixli, 12 saylı qərarı ilə iddiaçıya həyətyanı məqsədi üçün 0,12 ha torpaq sahəsi satılmış, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Şamaxı rayon şöbəsinin rəyi ilə satılması məqsədəuyğun hesab edilmiş, torpaq sahəsi üzərində müvafiq səlahiyyətli şəxslərin və iddiaçının iştirakları ilə alqı-satqıya dair akt tərtib edilərək, dəyəri iddiaçı tərəfindən ödənilmiş, həmçinin, Şamaxı rayonu Çuxuryurd bələdiyyəsi tərəfindən mübahisə predmeti olan torpaq sahəsinin yerquruluşu planından çıxarış tərtib edilmişdir.
44. Qeyd edilən sənədlərin həqiqiliyi X4 Filialı tərəfindən iddiaçıya təqdim etmiş, həmçinin məhkəmənin sorğusuna cavab olaraq göndərmiş sənədlər ilə öz təsdiqini tapmışdır.
45. Eyni zamanda, məhkəmənin sorğusuna münasibətdə cavabdeh tərəfindən təqdim edilmiş mütəxəssis rəyindən müəyyən edilir ki, naturada torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən bələdiyyə mülkiyyətinə, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla su tutarlar sahəsidir, üzərindən yüksək gərginlikli elektrik xətti və digər kommunikasiya xətləri çəkilməmişdir.
46. Mütəxəssis rəyinə əsasən mövcud olan DWJ elektron baza məlumatlarında mübahisə predemti olan torpaq sahəsinin 0,0886 ha hissəsinin reyestr nömrəsi **********96 olan çıxarışla üst-üstə düşdüyü qeyd edilsə də, torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUİS) yaradılması ilə əlaqədar tərtib olunmuş xəritə məlumatlarında iddiaçının naturada istifadəsində olan torpaq sahəsi hər hansı bir şəxsin torpaq sahəsi ilə üst-üstə düşmür və iddiaçı tərəfindən istifadə olunur.
47. Cavabdehin etirazı ilə əlaqədar qeyd edilməlidir ki, mübahisə predmeti olan torpaq sahəsinə dair cavabdeh tərəfindən göndərilmiş ortofotodan, həmçinin tərəflərin təqdim etdiyi qonşuluqda yerləşən torpaq sahələrinə dair hüquq müəyyənedici sənədlərdən görünür ki, həmin ərazidə digər yaşayış evləri mövcuddur, torpaq sahələri üzərində mülkiyyət hüquqları qeydiyyata alınmışdır və torpaq sahələri yaşayış məntəqələrinin torpaqlarına aiddir.
48. Göründüyü kimi, iddia tələbi qanuni əsaslara söykənmişdir. Bu səbəbdən də cavabdeh orqanın iddia tələbinə münasibətdə təqdim etdiyi etirazında bildirdiyi dəlilləri məhkəmə yuxarıda qeyd olunanlara istinadən əsassız hesab edir, həmçinin aşağıdakıları bildirir.
49. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 79-1-ci maddəsinə əsasən, vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır.
50. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2- 1(102)-1842/2023 saylı qərarında qeyd olunmuşdur ki, “27. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir.
28. Belə ki, iddiaçıya münasibətdə bərabərlik prinsipinin pozuntusunun baş verdiyi qənaətinə gələ bilmək üçün məhkəmə, ilk növbədə aydınlaşdırmalıdır ki, iddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunmuşdurmu, yoxsa iddiaçının halında hüququ qeydə alınmış şəxslərlə müqayisədə fərqli başqa hal və ya hallar vardır?
29. Nəzərə almaq lazımdır ki, Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır.
30. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir.
31. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.
32. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır.
33. İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir.”
51. Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, “... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). ...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.”
52. Göstərilənlərdən əlavə olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15 noyabr 2023-cü il tarixli, 2-1(102)-1533/2023 saylı qərarında qeyd olunmuşdur ki, “ ... 38. Bununla bağlı qeyd olunmalıdır ki, şəxsə torpaq sahəsinin ayrılması ilə bağlı müvafiq səlahiyyətli orqanların rəylərinin alınması və ya həmin orqanlarla razılaşdırmaların aparılması torpaq sahəsinin ayrılması üzrə icraatın tərkib hissəsini təşkil edir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin həmin dövrdə qüvvədə olmuş redaksiyasına görə, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bu tənzimələməni nəzərdə tutmaqda qanunvericinin məqsədi ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul olunmasına xidmət edir. Lakin nəzərə almaq lazımdır ki, belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmaq keyfiyyətinə malik deyildir və bu baxımdan inzibati akt kimi qiymətləndirilə bilməz. Nəzərə almaq lazımdır ki, torpaq sahəsinin ayrılması üzrə icraat, eləcə də həmin icraat çərçivəsində alınan rəylər və ya aparılan razılaşdırmalar yalnız torpaq sahəsinin ayrılması ilə bağlı suveren iradənin formalaşması və son nəticədə həmin iradəni ifadə edən inzibati aktın, yəni qərarın qəbul olunması məqsədlərinə xidmət edir. Bununla bağlı həm də nəzərə almaq lazımdır ki, məhz icraatın yekununda qəbul edilən həmin qərar şəxsə münasibətdə hüquqi təsirə malikdir və ona münasibətdə hüquqi nəticə yaradır, yəni ona torpaq sahəsinin ayrılması ilə bağlı məsələni tənzimləyir və həll edir. Başqa sözlə, şəxsə torpaq sahəsinin ayrıldığını, onun həmin sahəyə hüququnun yarandığını müəyyən edən konstitutiv və hüquqmüəyyənedici sənəd qismində məhz həmin qərar çıxış edir. Bu mənada hüququn yaranma anının da həmin qərara bağlı olduğu diqqətə alınmalıdır. 39.Torpaq sahəsinin ayrılması üzrə icraat zamanı qərar qəbul etməyə səlahiyyətli inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması inzibati aktın hüquqi qüvvəsinə hər hansı təsir göstərmir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinin tələbləri baxımından, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. ...
43. Məhkəmə kollegiyası fərqli qurumlar (keçmiş DTXK-nin Abşeron rayon torpaq şöbəsi, Abşeron RİH-in Memarlıq və tikinti şöbəsi) və vəzifəli şəxslər (şöbə müdirləri, bələdiyyə sədrləri) tərəfindən təsdiqlənmiş 2 ədəd “Abşeron rayonu, Mehdiabad Bələdiyyəsinin yerquruluşu planından çıxarış”da ayrılmış torpaq sahəsinin yerləşmə vəziyyətinin və konfiqurasiyasının fərqli göstəricilərinin nəzərdə tutulmasına münasibətdə qeyd edir ki, həmin qüsurların aradan qaldırılması iddiaçının deyil, yerquruluşu planından həmin çıxarışı verməyə səlahiyyətli olan qurumların və vəzifəli şəxslərin məsuliyyət sferasına aid edilməlidir. Bundan başqa, hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması bir vəzifə olaraq “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə cavabdeh inzibati orqanın üzərinə qoyulmuşdur. ...”
53. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olubolmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir.
54. Nəzərə almaq lazımdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları qanunvericilikdə dəqiq təsbit edilmişdir və inzibati orqanlar yalnız həmin əsaslardan hər hansı birinin mövcud olduğu halda hüquqların dövlət qeydiyyatına alınmasından imtina etməkdə haqlı sayıla bilərlər. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir.
55. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu şəkildə qiymət verərək (§ 1-8), qanunvericiliyin normalarını (§30-38), həmçinin yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
56. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi təmin edilsin. Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin 14 iyul 2006-cı il tarixli, 12 saylı qərarı ilə ayrılmış 0,12 ha torpaq sahəsinin faktiki yerləşmə vəziyyətinə uyğun olaraq İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova