Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-756/2021 05.08.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının nümayəndə və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin qəbul etdiyi 27.01.2021-ci il tarixli, **********725300 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin ( bundan sonra - vergi orqanı adlandırılacaq ) 27.01.2021-ci il tarixli **********725300 nömrəli qərarına əsasən müəssisəyə kameral qaydada 2020-ci il 3-cü rübü üzrə ödəmə mənbəyində tutulan vergi baxımından qanunsuz əlavə vergi məbləği hesablanmışdır. Aşağıda qeyd edilən hüquqi əsaslara əsasən 27.01.2021-ci il tarixli **********725300 nömrəli qərar qanunsuzdur və bu səbəbdən ləğv edilməlidir: MüəssisəNin əsas fəaliyyəti əhalidən ( fiziki şəxslərdən) metal tullantı və qırıntılarının yığılaraq təkrar emal vəziyyətinə salınması ( tullantıların utilizasiyası ) prosesi təşkil edir. Belə ki, ayrı-ayrı fiziki şəxslər tərəfindən gündəlik həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn məişət tullantıları qismində metal tullantı və qırıntıları (mis qazanlar, samavarlar, elektrik su motorlarının mis məftilləri və latun çərçivələri , məişət elektrik avadanlıqlarının misdən və latundan olan daxili elementləri , latundan olan ev əşyaları və s. yararsız məişət tullantıları ) Vergi Məcəlləsinin 71-2-ci və 130.1-1 -ci maddələrinə uyğun olaraq elektron alış aktı əsasında fiziki şəxslərdən təhvil alınıb emal edilmiş (saflaşdırılmış ) və xaricə ( satılmış ) ixrac edilmişdir. Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinə uyğun olaraq qəbul edilmiş və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası"nın 3.2-ci bəndinə əsasən mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda, “İstehsal ehtiyatlarının alış aktı” və malların alış tarixindən 5 gün müddətində “Malların elektron alış aktı” tərtib edilir. “Malların elektron alış aktı” çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda “Malların alış aktı” tərtib edilmir. “İstehsal ehtiyatlarının alış aktı”nda (“Malların elektron alış aktı”nda) satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Vergi Məcəlləsinin 71-2.3-cü maddəsinə əsasən vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 iyul tarixli 243 -ömrəli Qərarı ilə təsdiq edilmiş "Elektron alış aktının tətbiqi, uçotu və istifadəsi Qaydalarının" 1.2-ci bəndinə əsasən elektron alış aktı bu Qaydalara uyğun olaraq vergi ödəyicisi tərəfindən vergi orqanında uçotda olmayan fiziki şəxsdən malların alışı zamanı elektron formada tərtib edilməklə hazırlanan və təsdiq edilən ilkin uçot sənədidir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən mzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız caşıyıcıda alış aktı tərtib edilmir. Bəhs edilən qanunvericilik aktlarının tələbinə uyğun olaraq əhalidən yığılan məişət metal tullantı və qırıntıları onlar tərəfindən elektron alış aktı ilə rəsmiləşdirilmişdir. Vergi oqanı tərəfindən kameral yoxlama zamanı bəhs edilən elektron alış aktları Vergi Məcəlləsinin 37.3-cü maddəsinə uyğun olaraq tərəflərindən yoxlamaya təqdim edilmişdir. Lakin vergi orqanı tərəfindən 27.01.2021-ci il tarixli **********725300 nömrəli qanunsuz qərar qəbul edilmiş və əsassız əlavə vergi məbləği hesablanmışdır. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən də aydın olduğu kimi əlavə vergi hesablanmasına səbəb olaraq əhalidən yığılan metal tullantı və qırıntılarına görə onlara ödənilən məbləğlərdən ödəmə mənbəyindən verginin tutulmalı olması göstərilmişdir. Bu zaman vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 101.6-cı maddəsinə istinad edilmişdir. Həmin maddənin tələbinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən ə də edilən gəlirlərindən ( bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur.( ödəmə mənbəyində vergi) “Nağdsız hesablaşmalar haqqında” qanunun 3.5-ci maddəsinə əsasən bir sıra mallar, o cümlədən əlvan və qara metal qırıntılarının qəbulu vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən nağd qaydada satın alına bilər. Vergi orqanının yalnış qənaətinə görə Vergi Məcəlləsinin 101.6-cı və "Nağdsız hesablaşmalar haqqında " 3.5-ci maddələrinə uyğun olaraq elektron alış aktı əsasında əhalidən nağd qaydada satın alınan metal tullantılarına görə müəssisə tərəfindən onlara nağd qaydada ödənilən məbləğlərdən ödəmə mənbəyində 2 faiz dərəcəsi ilə vergi tutulmalı idi. Bu səbəbdən 27.01.2021-ci il tarixli **********725300 nömrəli qərar qəbul edilmiş və əhaliyə ödənilən məbləğdən 2 faiz ödəmə mənbəyində vergi məbləği müəssisəmizə hesablamışdır. Mübahisələndirilən qərarın qəbulu zamanı maddi hüquq normalarının tələbi pozulmuş və normalar düzgün tətbiq edilməmişdir. Belə ki, Vergi Məcəlləsinin 101.6-cı maddəsinin dispozisiyasında " ( bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla )" şərti qeyd edilmiş və "Nağdsız hesablaşmalar haqqında" qanunun 3.5-ci maddəsində nəzərdə tutulmasına baxmayaraq Vergi Məcəlləsi ilə vergidən azad edilən gəlirlərin 2 faiz məbləğində vergiyə cəlb edilməsi məhdudlaşdırılmışdır. Başqa sözlə desək, maddəyə əsasən Məcəllə ilə vergidən azad olunan gəlirlərin ödəmə mənbəyində vergiyə cəlb edilməsi istisna edilmişdir. Fiziki şəxslərin vergidən azad olunan gəlirlərinin siyahısı VM-nin 102-ci -addəsində öz əksini tapmışdır. Belə ki, VM-nin 102.1.7-ci maddəsinə əsasən qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından başqa digər daşınan maddi əmlakın təqdim edilməsindən əldə edilən fiziki şəxslərin gəlirləri vergidən azaddır. Aydın olduğu kimi Məcəllənin tələbinə əsasən yalnız qiymətli daş və metalların -habelə onların məmulatlarının təqdim edilməsindən əldə edilən gəlir vergiyə cəlb edilə bilər "Qiymətli metallar və qiymətli daşlar haqqında" qanunun 1.1.1-ci maddəsinə əsasən qiymətli metallar - istənilən şəkildə, vəziyyətdə, o cümlədən külçə və affinaj olunmuş (saflaşdırılmış, təmizlənmiş halda), habelə xammalda, xəlitələrdə, yarımfabrikatlarda, sənaye məhsullarında, kimyəvi birləşmələrdə, zərgərlik və digər məişət tulantılarında, sikkələrdə, qırıntılarda, istehsal və məişət tullantılarında olan qızıl, gümüş, platin və platin qrupu metallarıdır, (palladium, iridium, osmium, rodium və rutenum) Həmin qanunun 1.1.3cü maddəsinə əsasən qiymətli metallardan və : ymətli daşlardan məmulatlar - qiymətli metallardan və onların əlvan metallarla ərintilərin- qiymətli daşlardan xüsusi emal edilmiş qiymətli və ya yarımqiymətli və bəzək daşları ilə bəzədilmiş və ya bəzədilməmiş bədiiestetik, məişət məqsədləri üçün istifadə edilən, bədii incəsənət tərtibatına malik olan zərgərlik və digər məişət əşyalarıdır. Həmin qanunun 1.1.4-cü maddəsinə əsasən qiymətli metalların və qiymətli daşların qırıntıları və tullantıları - fiziki, kimyəvi, mexaniki və sair təsir nəticəsində əsas hissədən ayrılmış və bir qayda olaraq öz ilkin təyinatında istifadə edilə bilinməyəp qiymətli metalların və qiymətli daşların hissələridir. Qanunvericilik aktlarının tələbindən də aydın olduğu kimi qiymətli metal və onların məlumatları kateqoriyasına daxil olan metalların təqdim edilməsindən əldə edilən gəlir VM-nin 102.1.7-ci maddəsi ilə müəyyən edilmiş vergidən azad gəlirlər siyahısına daxil deyildir və VM-nin 101.6-cı maddəsinə uyğun olaraq məhz belə gəlirlər ödəmə mənbəyində vergiyə cəlb edilməlidir. Lakin qiymətli metal və onların məmulatı hesab edilməyən əlvan və qara metalların , habelə onların tullantı və qırıntılarının əhali tərəfindən təqdim edilməsindən əldə edilən gəlirlər VM-nin 102.1.7-ci maddəsinə uyğun olaraq vergidən azad gəlirlər siyahısına daxildir və bu səbəbdən belə ödəmələr VM-nin 101.6-cı maddəsi ilə nəzərdə tutulan ödəmə mənbəyində vergiyə cəlb edilə bilməz. Eyni zamanda VM-nin 15.1.2-ci, 24.0.3-cü və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunun 8.4-cü maddələrinin vəhdət halında tələbinə əsasən yoxlayıcı orqan olan vergi orqanı vergilərin hesablanması və ödənilməsi barədə izahatlar verməyə, vergi ödəyicilərinə onların hüquq və vəzifələrini izah etməyə və qanunvericiliyin tətbiqi ilə bağlı sahibkarlara metodiki köməklik göstərməyə borcludur. Qeyd edilən normaların tələbinə uyğun olaraq əhalidən yığılan metal qırıntı və tullantılara görə gəlirlərin vergiyə cəlb edilib-edilməməsi məsələlərinə dair daha əvvəlki arixlərdə vergi orqanı tərəfindən 07.11.2017-ci il tarixli **********851400 nömrəli, habelə 37.02.2018-ci il tarixli **********959800 nömrəli məktublar ilə hüquqi münasibət bildirilmiş və qiymətli metal olmayan metalların və onların tullantılarının fiziki şəxslər tərəfindən təqdim edilməsi zamanı əldə edilən gəlirin vergidən azad edildiyi bir daha təsdiqlənmişdir. Hazırkı rəsmi məktublar da öz növbəsində iddia tələbimizin əsaslı olduğunu göstərir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndə və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsi aşağıda göstərilənlərə əsasən iddia tələbini əsassız hesab edir: Belə ki, İddiaçınə 2020-ci il 3-cü rüb ödəmə mənbəyində tutulan vergi bəyannaməsi üzrə analoji qaydada 74.869,17 manat vergi məbləği hesablanmışdır. Vergi ödəyicisi tərəfindən 2020ci ilin 9 ayı ərzində əldə edilmiş elektron alış aktlarına əsasən 3743458,40 manat dəyərində metal qırıntılarının qəbul edilməsinə baxmayaraq, 2020-ci ilin 9 ayı üzrə ÖMV bəyannamələrinin 1610-cu sətirlərində məbləğ qeyd edilməmişdir. Kənarlaşma üzrə 3743458,40*2%=74869,17 manat vergidən yayınma riski yaranmışdır. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi bdəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və zahat tələb edə bilər. Yuxarıda qeyd olunanlara əsasən 17.12.2020-ci il tarixli **********667000 nömrəli Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Vergi Məcəlləsinin 16.1.3, 16.1.6 və 16.1.7-ci maddələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, bu məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərini və vergilərin hesablanması və ödənilməsi zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyicilərinin vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 67.1 -ci, 67.1.3-cü, 67.1.6-cı və 67.1.9-cü maddələrinə əsasən bu , məcəllənin 37.4-cü və 50.1.1 -ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış yeri (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və məlumat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri və vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlardan, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Beləliklə, vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba əsaslı münasibət bildirilmədiyi üçün analoji qaydada yoxlama aparılmış, dövr üzrə 74.869,17 manat vergi məbləği hesablanmış və 27.01.2021-ci il tarixli **********725300 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. Azərbaycan Respublikası İPM-nin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara cavabdeh tərəfindən qəbul edilmiş 27.01.2021-ci il tarixli **********725300 nömrəli qərarın surəti, cavabdehin etirazı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 30.06.2021-ci il tarixli, 9/3252 nömrəli ekspert rəyi və digər sənədlər. Həmin materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçındə 2020-ci ilin 9 ayını əhatə edən dövrü üçün vergi orqanı tərəfindən kameral vergi yoxlaması təyin edilmiş və yoxlamanın nəticəsi 17.12.2020-ci ildə kameral vergi yoxlaması aktı tərtib edilməklə rəsmiləşdirilmişdir. Kameral vergi yoxlaması zamanı vergi nəzarəti tədbirləri nəticəsində vergi ödəyicisinə yoxlama aparılmış dövrlər üzrə 74.869,17 manat vergi məbləği hesablanmış və cavabdeh tərəfindən 27.01.2021-ci il tarixli **********725300 nömrəli qərar qəbul edilmişdir. Qərardan narazı qalan iddiaçı qərarın qanunsuz olduğu qənaətinə gələrək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən 27.01.2021-ci il tarixli **********725300 nömrəli qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən məlum olur ki, mübahisələndirilən qərarda əlavə vergi hesablanmasına səbəb olaraq əhalidən yığılan metal tullantı və qırıntılarına görə onlara ödənilən məbləğlərdən ödəmə mənbəyindən verginin tutulmalı olması göstərilmişdir. Bu zaman vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 101.6-cı maddəsinə istinad edilmişdir. Həmin maddənin tələbinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən ( bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur. “Nağdsız hesablaşmalar haqqında” qanunun 3.5-ci maddəsinə əsasən bir sıra mallar, o cümlədən əlvan və qara metal qırıntılarının qəbulu vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən nağd qaydada satın alına bilər. Mübahisələndirilən qərarın qəbulu zamanı maddi hüquq normalarının tələbi pozulmuş və normalar düzgün tətbiq edilməmişdir. Belə ki, Vergi Məcəlləsinin 101.6-cı maddəsinin dispozisiyasında ( bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) şərti qeyd edilmiş və "Nağdsız hesablaşmalar haqqında" qanunun 3.5-ci maddəsində nəzərdə tutulmasına baxmayaraq Vergi Məcəlləsi ilə vergidən azad edilən gəlirlərin 2 faiz məbləğində vergiyə cəlb edilməsi məhdudlaşdırılmışdır. Başqa sözlə desək, maddəyə əsasən Məcəllə ilə vergidən azad olunan gəlirlərin ödəmə mənbəyində vergiyə cəlb edilməsi istisna edilmişdir. Fiziki şəxslərin vergidən azad olunan gəlirlərinin siyahısı Vergi Məcəlləsinin 102-ci -addəsində öz əksini tapmışdır. Belə ki, Vergi Məcəlləsinin 102.1.7-ci maddəsinə əsasən qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından başqa digər daşınan maddi əmlakın təqdim edilməsindən əldə edilən fiziki şəxslərin gəlirləri vergidən azaddır. Aydın olduğu kimi Məcəllənin tələbinə əsasən yalnız qiymətli daş və metalların habelə onların məmulatlarının təqdim edilməsindən əldə edilən gəlir vergiyə cəlb edilə bilər. "Qiymətli metallar və qiymətli daşlar haqqında" qanunun 1.1.1-ci maddəsinə əsasən qiymətli metallar - istənilən şəkildə, vəziyyətdə, o cümlədən külçə və affinaj olunmuş (saflaşdırılmış, təmizlənmiş halda), habelə xammalda, xəlitələrdə, yarımfabrikatlarda, sənaye məhsullarında, kimyəvi birləşmələrdə, zərgərlik və digər məişət tulantılarında, sikkələrdə, qırıntılarda, istehsal və məişət tullantılarında olan qızıl, gümüş, platin və platin qrupu metallarıdır, (palladium, iridium, osmium, rodium və rutenum) Həmin qanunun 1.1.3-cü maddəsinə əsasən qiymətli metallardan və : ymətli daşlardan məmulatlar - qiymətli metallardan və onların əlvan metallarla ərintilərin- qiymətli daşlardan xüsusi emal edilmiş qiymətli və ya yarımqiymətli və bəzək daşları ilə bəzədilmiş və ya bəzədilməmiş bədii-estetik, məişət məqsədləri üçün istifadə edilən, bədii incəsənət tərtibatına malik olan zərgərlik və digər məişət əşyalarıdır. Həmin qanunun 1.1.4-cü maddəsinə əsasən qiymətli metalların və qiymətli daşların qırıntıları və tullantıları - fiziki, kimyəvi, mexaniki və sair təsir nəticəsində əsas hissədən ayrılmış və bir qayda olaraq öz ilkin təyinatında istifadə edilə bilinməyəp qiymətli metalların və qiymətli daşların hissələridir. Qanunvericilik aktlarının tələbindən də aydın olduğu kimi qiymətli metal və onların məlumatları kateqoriyasına daxil olan metalların təqdim edilməsindən əldə edilən gəlir Vergi Məcəlləsinin 102.1.7-ci maddəsi ilə müəyyən edilmiş vergidən azad gəlirlər siyahısına daxil deyildir və Vergi Məcəlləsinin 101.6-cı maddəsinə uyğun olaraq məhz belə gəlirlər ödəmə mənbəyində vergiyə cəlb edilməlidir. Lakin qiymətli metal və onların məmulatı hesab edilməyən əlvan və qara metalların , habelə onların tullantı və qırıntılarının əhali tərəfindən təqdim edilməsindən əldə edilən gəlirlər Vergi Məcəlləsinin 102.1.7-ci maddəsinə uyğun olaraq vergidən azad gəlirlər siyahısına daxildir və bu səbəbdən belə ödəmələr Vergi Məcəlləsinin 101.6-cı maddəsi ilə nəzərdə tutulan ödəmə mənbəyində vergiyə cəlb edilə bilməz. Bundan başqa oda nəzərə alınmalıdır ki, iş materialının 10-cu və 83-cü vərəqələrində vergi orqanının 31.10.2017-ci il tarixli, **********184300 nömrəli münasibət bildirilməsi barədə xidməti məktubunun 2- ci, 3-cü, 4-cü və 5-ci sətirlərində göstərilmişdir ki, vergi qanunvericiliyinə əsasən metalların, qiymətli metal məmulatlarının təqdim edilməsindən əldə olunan gəlirlər fiziki şəxsin gəlir vergisinə cəlb edilir.Qiymətli metal olmayan metalların və onların tullantılarının, o cümlədən mis və qurğuşun tullantılarının təqdim edilməsi fiziki şəxslərin gəlir vergisindən azaddır. Mis və qurğuşun tullantılarını tədarük qaydasında digər şəxslərdən alqı-satqı məqsədləri üçün alaraq qəbul məntəqələrinə və istehsal sahələrinə təhvil verməklə gəlir əldə edən şəxslərin belə fəaliyyəti sahibkarlıq fəaliyyəti hesab olunur.Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs vergi orqanında qeydiyyata alınmaq (VÖEN əldə etmək) üçün ərizəni, sahibkarlıq fəaliyyətini başladığı günədək yaşadığı yer üzrə vergi orqanına verməlidir.Bununla yanaşı mis və qurğuşun tullantılarının ayrı-ayrı şəxslərdən toplayaraq istehsalat müəssisəsinə təqdim edilməsindən əldə olunan gəlirdən vergi ödəyicisi seçdiyi vergitutma metodundan (gəlir vergisi, ƏDV və ya sadələşdirilmiş) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəyir. Malların alışını təsdiq edən ciddi hesabat blankı hesab edilən sənədlər olmadıqda, lakin həmin malların alışını özündə əks etdirən digər ilkin uçot sənədləri mövcud olduqda malların dəyəri uçot sənədləri əsasında gəlirdən çıxılan xərclərə aid edilə bilər. 31.10.2017-ci il tarixli, **********184300 nömrəli münasibət bildirilməsi barədə xidməti məktubdan göründüyü kimi, qiymətli metal olmayan metalların və onların tullantılarının, o cümlədən mis və qurğuşun tullantılarının təqdim edilməsinə görə fiziki şəxslər gəlir vergisindən azaddırlar. Həmçinin həmin məktubdan göründüyü kimi, mis və qurğuşun tullantılarını tədarük qaydasında digər şəxslərdən alqı-satqı məqsədləri üçün alaraq qəbul məntəqələrinə və istehsal sahələrinə təhvil verməklə gəlir əldə edən şəxslərin belə fəaliyyəti sahibkarlıq fəaliyyəti hesab olunur. Lakin qeyd edilir ki, tədqiqata təqdim edilmiş iş materiallarında və vəsatətə cavab olaraq təqdim edilmiş əlavə sənədlərdə qiymətli metal olmayan metalların və onların tullantılarının, o cümlədən mis və qurğuşun tullantılarının tədarük qaydasında digər şəxslərdən alqı-satqı məqsədləri üçün alınaraq qəbul məntəqələrinə və istehsal sahələrinə təhvil verməklə gəlir əldə edən fiziki şəxslərlə (yəni sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər) bağlı sənədlər mövcud deyildir. Belə ki, təqdim edilmiş sənədlərdən (e-alış aktları, kassa-məxaric orderi, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi və VÖEN-ə və ya ada görə vergi ödəyicisinin axtarılması ilə bağlı çıxarışlar və s.) göründüyü kimi, İddiaçı MMC tərəfindən e-alış aktlarına əsasən alınmış 3743458,40 manat dəyərində metal və metal qırıntıları digər şəxslərdən alqı-satqı məqsədləri üçün alınaraq qəbul məntəqələrinə və istehsal sahələrinə təhvil verməklə gəlir əldə etməyən və VÖEN-i olmayan ayrı-yrı fiziki şəxslər tərəfindən satılmışdır. Qeyd olunan mövqe Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 30.06.2021-ci il tarixli, 9/3252 nömrəli ekspert rəyində də öz əksini tapmış və cavabdeh tərəfindən tərtib edilmiş 27.01.2021-ci il tarixli **********725300 nömrəli qərar vergi qanunvericiliyinin tələblərinə uyğun qəbul edilməməsi bildirilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı barəsində qəbul etdiyi 27.01.2021-ci il tarixli **********725300 nömrəli qərarı ləğv olunmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsindən 100 (yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14, 68, 69, 73, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı barəsində qəbul etdiyi 27.01.2021-ci il tarixli **********725300 nömrəli qərarı ləğv olunsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsindən 100 (yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülməlidir. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №e-2-1(118)-756/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-756/2021
05.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver