Məhkəmə qərarları › İş №e-2-1(118)-765/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-765/2022

05.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-765/2022 05.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı İddiaçı 06.02.2018-ci il tarixdən təyin edilmiş ikinci dərəcə əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı İddiaçı 06.02.2018-ci il tarixdən təyin edilmiş ikinci dərəcə əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1973-cü ildə doğulmuşdur. O, Sumqayıt ŞHK tərəfindən Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmək üçün hərbi xidmətə çağrılmış və döyüş zonasında xidmət keçərkən 27.05.1994-cü ildə yaralanmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 750 №-li, 19.04.2017-ci il tarixli Qərarı ilə onun 27.05.1994-cü ildə yaralanması ilə bağlı olaraq Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasında müayinə və müalicə olunmuşdur. İddiaçıya “Döş qəfəsinin sol yarısının qəlpə yarası. Hər iki ayağın donmadan sonrakı vəziyyət” diaqnozu qoyulmuşdur. Travmanın səbəbi “Hərbi travmadı, Azərbaycan Respublikasının Müdfiəsi zamanı alınmışdır” qeyd edilmişdir. Tibbi Sosial Ekspert Komissiyası onu yenidən müayinə etmiş və 4110003AAC5A nömrəli, 06.02.2018-ci il tarixli Forma 88 tərtib edərək 06.02.2023-cü ilədək ona 2-ci qrup əlillik təyin etmişdir. Adıçəkilən göndərişdən görünür ki, iddiaçıya təyin edilmiş diaqnoz “Ətraf arteriyaların aterosklerozu, hər iki ayağın donvurmasından sonra obliterasiyaedici endoarterüti. Xroniki arterial çatmamazlıq İİ-İİİ dərəcə. Sol baldırın trofiki yarası. Sol ayağın V barmağının donvurmasından sonra amputasion güdülü. Aşağı ətrafın başqa rubrikalarda təsnif olunmayan xorası, Sol baldırın trofiki yarası. Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Döş qəfəsinin sol yarısının dəlib keçən güllə yaralanmasından sonra ağciyərin obstruksiya xəstəliyi. Tənəffüs çatmamazlığı İİ dərəcə”dir. Yuxarıda sadalanan sənədlərdən göründüyü kimi iddiaçıya 4110003AAC5A nömrəli, 06.02.2018-ci il tarixli Forma 88 əsasında 06.02.2023-cü ilədək 2-ci qrup əlillik təyin edilmişdir. İddiaçı daha sonra müxtəlif vaxtlarda müayinələrdən keçmiş və əlilik arayışında qeyd olunan diaqnoz öz təsdiqini tapmışdır. Sonradan iddiaçıya məlum olmuşdur ki, ona təyin olunmuş pensiya dayandırılmışdır. Həmin halı araşdıran zaman məlum olmuşdur ki, əlilliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin «Əlillik» altsistemində etibarsız hesab edilmişdir. Ətraflı şəkildə məlumat əldə etmək və əlilliyinin bərpası üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə cavab olaraq aparılmış əlillik təyinatlarının müəyyən risk qrupuna görə araşdırılması məqsədi ilə DİN-nin və AR ƏƏSMN-i tərəfindən aparılmış birgə araşdırmaların nəticəsi üzrə iddiaçıya dair rəsmiləşdirilmiş 4110003AAC5A nömrəli göndəriş etibarsız hesab edilmiş və bu səbəbdən də həmin göndərişin əsasında təyin edilmiş əlillik təyinatının “Əlillik” altsistemində etibarsız hesab edildiyi bildirilmişdir. Cavabdeh inzibati orqanın imtina məktubunda qeyd edilənlər əsassızdır. Hesab edir ki, cavabdehin bu hərəkətləri nəticəsində iddiaçının sosial təminat hüququ pozulmuşdur. Sadalanan faktlardan göründüyü kimi, əlillik təyin olunması üçün müayinədən keçərkən iddiaçıya qoyulmuş diaqnoz ilə müxtəlif vaxtlarda qoyulmuş diaqnozlar eynilik təşkil edir. Həmçinin iddiaçıya təyin edilmiş əlillik etibarsız hesab edilsə də, etibarsız hesab ediləcəyi barədə əvvəlcədən iddiaçıya heç bir məlumat verilməmişdir. Yəni cavbabdeh bu hərəkət və hərəkətsizliyi ilə “İnzibati İcraat haqqında” AR Qanununun tələblərini pozmuşdur. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin iddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək iddiaya iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 03.02.2018-ci il tarixli 4110003AAC5A saylı göndərişi əsasında baxılmış və “Səbəbi : Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ70-İ79 - Arteriyalar, arteriolalar və kapilyarların xəstəlikləri => İ70 - Ateroskleroz => İ70.2 - Ətraf arteriyalarının aterosklerozu; Diaqnozun mətni: Ətraf arteriyalarının aterosklerozu, Hər iki ayağın donvurmasından sonra obliterasiyaedici endoarteriiti.Xroniki arterial çatmamazlıq ll-lll dərəcə. Sol baldırın trofiki yarası. Sol ayağın V barmağının donvurmasından sonra amputasion güdülü. Aşağı ətrafın başqa rubrikalarda təsnif olunmayan xorası, Sol baldırın trofiki yarası. Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Döş gəfəsinin sol yarısının dəlib keçən güllə yaralanmasından sonra ağciyərin obstruksiya xəstəliyi. Tənəffüs çatmamazlığı İİ dərəcə.; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ - İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9)” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 18.11.2019-cu il tarixli 029-3854-1219/5 saylı məktubu ilə İddiaçı Daxili İşlər Nazirliyinə aidiyyətinin olmadığı və ona göndərişin əsassız rəsmiləşdirildiyi üçün etibarsız hesab edildiyi bildirilmişdir. Bununla əlaqədar əlillik altsistemində iddiaçıya aid qiymətləndirmə etibarsız edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsinə əsas verən göndərişin, göndərişi rəsmiləşdirən tibb idarəsi tərəfindən əsassız rəsmiləşdirildiyi bildirilmişdir. Buna görə də Əlillik altsistemində aid qiymətləndirmə etibarsız edilmişdir. Bundan əlavə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65.1.2-ci maddəsinə uyğun olaraq, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı və cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə olunmuşdur: - Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatından görünür ki, İddiaçı 06.02.2018-ci il tarixdə ikinci qrup əlillik dərəcəsi təyin edilmiş və “Ətraf arteriyalarının aterosklerozu, Hər iki ayağın donvurmasından sonra obliterasiyaedici endoarteriiti. Xroniki arterial çatmamazlıq ll-lll dərəcə.Sol baldırın trofiki yarası.Sol ayağın V barmağının donvurmasından sonra amputasion güdülü. Aşağı ətrafın başqa rubrikalarda təsnif olunmayan xorası, Sol baldırın trofiki yarası. Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Döş gəfəsinin sol yarısının dəlib keçən güllə yaralanmasından sonra ağciyərin obstruksiya xəstəliyi.Tənəffüs çatmamazlığı İİ dərəcə”. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin 22 fevral 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 2018-ci ildə aparılmış araşdırmalar nəticəsində DİN-nin poliklinikalarında tibbi qeydiyyatda durmayan, XHK-sı tərəfindən şəhadətləndirilməyən vətəndaşlar barəsində tərtib edilmiş göndərişlər əsasında əlillik təyinatlarının aparıldığının aşkarlanmasına dair məlumat ƏƏSMN-nə verilmiş, bu səbəbdən qeyd olunan göndərişlər etibarsız hesab edilmiş və X2 müvafiq əmri ilə poliklinikaların bu işə məsul vəzifəli şəxsləri daxili işlər orqanlarında xidmətdən xaric edilmişlər. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçıya ümumi xəstəllik səbəbi ilə 05 illik müddətə İİ dərəcə əlillik təyin edilmişdir. Lakin cavabdehin iddia ərizəsinə etirazından, habelə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı 18 noyabr 2019-cu il tarixli məktubundan görünür ki, göndərişi rəsmiləşdirən tibb idarəsi tərəfindən əsassız rəsmiləşdirildiyi səbəbindən göndərişlər etibarsız hesab edilmişdir. Beləliklə iddiaçıya təyin edilmiş İİ dərəcəli əlilliyin cavabdeh tərəfindən etibarsız hesab edilməsinin səbəbi, məhz Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin sözügedən məktubu olmuşdur. Halbuki həmin məktubda hər hansı bir maddi hüquq normasına istinad edilmədən sadəcə olaraq göstərilir ki, müraciətə əlavə edilmiş siyahıda adları qeyd olunan şəxslərin Daxili İşlər Nazirliyinə aidiyyatı yoxdur və onlara Nazirliyin tibb müəssisələri tərəfindən göndərişlər əsassız olaraq rəsmiləşdirilmişdir. Beləliklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsində bu məsələ ilə bağlı konkret və mötəbər faktlar yoxdur, ancaq göndərişlərin əsaslılığına şübhələr vardır. Digər tərəfdən iddiaçının İİ dərəcəli əlilliyinin əlillik altsistemində etibarsız hesab edilməsi ilə əlaqədar olan məsələ sadəcə yuxarıda göstərilmiş yazışmalarla (məktublarla, yazılı cavablarla) həll olunmuşdur, yəni bu məsələyə dair işdə hər hansı bir rəsmi qərar yoxdur. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnaməsinin 4.1-ci bəndinə görə şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Həmin Əsasnamənin 4.9-cu bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 Sosial Ekspertiza və X3 (bundan sonra - TSERAS) ötürülür. Həmin Əsasnamənin 4.16-cı bəndinə müvafiq olaraq TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Həmçinin məhkəmə qeyd edir ki, Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli, 11 saylı qərarı ilə Nazirlər Kabinetinin 05.02.2016-cı il tarixli, 36 nömrəli qərarında dəyişiklik edilərək “Əlilliyin qiymətləndirilməsi” Qaydası təsdiq edilmişdir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Həmin Qaydanın 3.1-ci bəndinə müvafiq olaraq Əlillik səbəbi Xidmət tərəfindən aşağıdakı hallarda dəyişdirilir: -3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; -3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. Həmin Qaydanın 3.2-ci bəndinə görə əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Xidmətə təqdim olunur. Xidmət daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. Həmin Qaydanın 3.3-cü bəndinə əsasən əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. Həmin Qaydanın 3.4-cü bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Həmin Qaydanın 3.5-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Xidmət tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. Həmin Əsasnamənin 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir Həmin Qaydanın 3.8-ci bəndinə müvafiq olaraq xidmətin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. Göründüyü kimi, qanunvericilikdə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının etibarsız hesab edilməsi yox, ləğvi nəzərdə tutulmuşdur. Belə olan halda, cavabdeh orqan iddiaçının əlilliyinin əsaslarını mötəbər hesab etmədiyi halda belə, həmin qərarın etibarsız hesab edilməsi barədə deyil, ləğvi barədə qərar qəbul edə bilərdi. Yenə həmin normaların məzmununa əsasən əlilliyin ləğvi barədə nəticə müayinənin nəticələrinə istinad edilməklə qəbul edilə bilər. Hazırkı halda isə cavabdeh tərəfindən belə müayinə aparılmadığından əlilliyin ləğvi də qanunsuz olardı. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Hazırkı işin sadalanan hallarından isə məlumdur ki, cavabdeh inzibati orqan tərəfindən belə bir icraat aparılmamış, iddiaçıya təyin edilmiş əlillik cavabdeh orqan tərəfindən etibarsız sayılsada, bunun səbəbləri qanunvericiliyin maddələrinə istinad edilməklə əsaslandırılmamışdır. Beləliklə, əlilliyin etibarsızlığı inzibati icraatın prinsiplərinin pozulması ilə aparıldığından, o cümlədən iddiaçıya təyin edilmiş əlillik zamanı qoyulmuş diaqnozlar iş materialları ilə öz təsdiqini tapdığından cavabdehin əlilliyin etibarsızlığı ilə bağlı hərəkəti qanunsuz olmuş, apellyasiya instansiya məhkəməsi isə bu hallara qiymət vermədən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul etmişdir. Bundan başqa Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin Halbuki, “İnzibati icraat haqqında” Qanunun 21,24,25-ci maddələri baxımından inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir. İnzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. Cavabdeh orqan isə həmin normaların tələbinə əməl etməyərək pensiyanın dayandırımasından öncə inzibati icraatın başlanması barədə qərar qəbul etməmiş, inzibati icraat barədə tərəflərə məlumat verməmiş, inzibati icraatda iddiaçının iştirakını təmin etməmiş, yalnız Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumatına istinad etməklə iddiaçının əlilliyini etibarsız hesab etmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 06.02.2018-ci il tarixdən təyin edilmiş ikinci dərəcə əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə vəzifə olaraq qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 06.02.2018-ci il tarixdən təyin edilmiş ikinci dərəcə əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh küçəsi 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar