Məhkəmə qərarları › İş №e-2-1(118)-780/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-780/2021

29.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-780/2021 29.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı oğlunun cavabdeh Abşeron rayon Qobu bələdiyyəsinə qarşı “xüsusi mülkiyyət hüququ ilə ona məxsus kənd təsərrüfatı təyinatlı torpağa görə 4441 manat 75 qəpik məbləğində borcun müəyyən edilməsi və tutulmasına dair Abşeron rayon Qobu bələdiyyəsinin 02 fevral 2021-ci il tarixli 08 saylı qərarının ləğv edilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı oğlu cavabdeh Abşeron rayon Qobu bələdiyyəsinə qarşı iddia qaldıraraq “xüsusi mülkiyyət hüququ ilə ona məxsus kənd təsərrüfatı təyinatlı torpağa görə 4441 manat 75 qəpik məbləğində borcun müəyyən edilməsi və tutulmasına dair Abşeron rayon Qobu bələdiyyəsinin 02 fevral 2021-ci il tarixli 08 saylı qərarının ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayon Qobu bələdiyyəsi əsassız olaraq 02 fevral 2021-ci il tarixli 08 saylı qərarı ilə xüsusi mülkiyyət hüququ ilə ona məxsus kənd təsərrüfatı təyinatlı torpağa görə 4441 manat 75 qəpik məbləğində borcun müəyyən edilməsi və ondan tutulmasını müəyyən etmişdir. Sözügedən 3,44 ha torpaq sahəsi onun tərəfindən 10.10.2020-ci il tarixdə alqı-satqı müqaviləsi ilə əldə edilmiş və həmin torpağa dair 27.11.2020-ci il tarixdə DƏDRX tərəfindən **********31 saylı çıxarış verilmişdir. Torpağın əvvəllki sahibləri tərəfindən torpağa dair vergilər tam şəkildə ödənilmişdir. Bundan əlavə cavabdeh tərəfindən verginin hesablanması düzgün aparılmamış, vergi qanunlara əsasən deyil, səhv şəxsi mülahizələr əsasında müəyyən olunmuşdur. Belə ki, “Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balların müəyyənləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2000-ci il tarixli 230 saylı qərarı “Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla müəyyənləşdirilmiş şərti balları” cədvəli təsdiq edilmişdir. Həmin cədvələ əsasən Torpaq vergisinin hesablanması üçün əkin, dinc, çoxillik əkmələrin altındakı torpaqların 1 hektarının şərti ballarına uyğun olaraq ona məxsus torpaq sahəsinin şərti balı 85-dir. Vergi Məcəlləsinin 206.1.1-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə verginin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilir. Beləliklə vergi aşağıdakı qaydada tutulmalıdır. 85(bal)x0,06(qəpik)x3,44(ha)=17,54 manat. Lakin qeyd etdiyi kimi, cavabdeh tərəfindən vergi hesablanarkən qanuna deyil, şəxsi mülahizələrə əsaslanılmışdır. Səhv hesablama cavabdehin tədiyyə bildirişi və qərarı arasında olan məbləğ fərqindən də görünür. Cavabdeh onun fəaliyyətini tənzim edən normativ aktlara zidd hərəkət etmiş, müvafiq sənədləşmə işlərini də düzgün yerinə yetirməmişdir. “Yerli vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.1 və 12.1-ci maddələrinin tələblərinə əsasən vergilərin və ödənişlərin düzgün hesablanmasına, yığılmasına və tam vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. İddiaçıya hesablanmış vergi məbləğləri qeyd olunan normaların zidd olaraq cavabdeh Bələdiyyənin vergi xidməti orqanı tərəfindən deyil, bələdiyyənin sədri tərəfindən təkbaşına hesablanmışdır. Bundan əlavə, müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, həmin vergilərin və ödənişlərin alınması ilə bağlı qaydalar “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamənin 5.2, 5.5, 5.6 və 5.8-ci bəndlərində öz əksini tapmışdır. Məhkəmə tədqiqatı zamanı cavabdeh tərəfindən mübahisə predmeti olan vergilərin və ödənişlərin iddiaçıdan tələb olunması ilə bağlı qeyd edilən normalarda göstərilən qaydalara riayət edilməməsi müəyyən edilmişdir. Eyni zamanda həmin Əsasnamənin 5.5-cı bəndinin tələbindən göründüyü kimi bələdiyyə ödənilməmiş vergilərin və ödənişlərin alınması ilə bağlı yalnız bələdiyyənin qərarı əsasında məhkəməyə müraciət edə bilər. Hazıki iş üzrə isə cavabdeh qeyd edilən normanın tələbinə zidd olaraq, birbaşa ödənişlərin və vergilərin alınması ilə bağlı məcburi icra tədbirlərinin görülməsi üçün Quba rayon icra şöbəsinə müraciət edilməsinə dair qanunsuz qərar qəbul etmişdir. “Hesablanmış və qanunla müəyyən edilmiş vaxtda ödənilməyən yerli vergilərə və ödənişlərə görə icra tədbirlərinin tətbiqi üçün Quba rayon icra şöbəsinə müraciət edilməsi barədə” qərar “Yerli vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli, 478-İİQ nömrəli qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” əsasnamənin tələblərinin pozulması nəticəsində qəbul edildiyindən ləğv olunmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil oğlu iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı münasibətində bildirilmişdir ki, iddiaçı iddia ərizəsində Abşeron rayonu Qobu bələdiyyəsinin 02.02.2021-ci il tarixli 08 saylı qərar çıxardaraq mülkiyyət hüququ ilə ona məxsus Qobu bələdiyyəsi ərazisində yerləşən 3.44 ha torpaq sahəsinə görə 2018, 2019, 2020-ci illər üzrə 4441 manat 75 qəpik borcun ödənilməsinə görə qərar çıxararaq və icra olunması üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərmişdir. O qərarla razı olmadığını və həmin qərarın əsassız olduğuna görə ləğv olunmasını məqsədəuyğun hesab etdiyini bildirmişdir. İddiaçının bildirdiyinə görə o, mülkiyyət hüququ ilə ona məxsus 3.44 ha torpaq sahəsini 10.10.2020ci il tarixdə aparılmış alqı-satqı müqaviləsi əsasında almış və həmin torpağa dair 27.11.2020-ci il tarixində Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX tərəfindən **********31 saylı Çıxarış almışdır. Onun qeyd etdiyinə görə torpağın əvvəlki sahibləri tərəfindən torpağa dair vergilər tam şəkildə ödənilmişdir. Bundan əlavə cavabdeh tərəfindən verginin hesablanması düzgün aparılmamış, vergi qanunlara əsasən deyil səhv şəxsi mülahizələr əsasında müəyyən olunmuşdur. İddiaçı iddiasını onunla əsaslandırır ki, o mülkiyyətində olan 3.44 ha torpaq sahəsinə görə 1 illik torpaq vergisi 85 (şərti bal) x 0.06 manat x 3.44 ha qaydası ilə hesablanmalıdır. Onun hesablamalarına görə 3.44 ha torpaq sahəsinə 1 illik 17 manat 54 qəpik torpaq vergisi ödəməlidir. İddiaçının iddia ərizəsində göstərdiyi tələblər əsassızdır, onun tələblərini tam və bütövlükdə rədd edirlər. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 206.1.maddəsinə əsasən, bu Məcəllənin 206.1-1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 2 manat müəyyən edilir. (206.1-1. Müvafiq hakimiyyət orqanının verdiyi arayışa əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal 0,06 manat müəyyən edilir. Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən qayda və meyarlar əsasında müəyyən edilir.) Qobu bələdiyyəsinin 10 fevral 2021ci il tarixli 5 saylı aktından göründüyü kimi iddiaçı ona məxsus 3.44 ha torpaq sahəsindən təyinatı üzrə istifadə etmir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 206.1.1-ci maddəsinin tələblərinə iddiaçı tərəfindən əməl edilməmişdir. Ona görə də iddiaçı ona məxsus 3.44 ha torpaq sahəsinə 206.1 maddəsinə əsasən hər 100 kvadratmetrinə görə 2 manat ödəməlidir. İddiaçıya məxsus 3.44 ha torpaq sahəsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin tərkibində X1 tərəfindən yaradılmış BAMS proqramına daxil edilmiş və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, hər 100 kvadratmetri üçün 2 manat müəyyən edildiyinə görə iddiaçının 3.44 ha torpaq sahəsi üçün 1 illik torpaq vergisi 1176 manat müəyyən edilmişdir. Ona görədə iddiaçıya 2018/2019/2020-ci illər üçün 913 manst 75 qəpik faiz , 3528 manat əsas, ümumilikdə isə 4441,75 AZN torpaq vergisi hesablanmışdır. İddiaçı vergi borclarını qanunvericiliyin tələblərinə uyğun olaraq illər üzrə vaxtında ödəmədiyinə görə ona faiz hesablanmışdır . Azərbaycan Respublikası Vergi Məcəlləsinin 59.1 maddəsinə əsasən, vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Maddə 203.1-ə əsasən orpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyyə şəklində resablanır. Abşeron rayon Qobu bələdiyyəsinin 19 yanvar 2021-ci il tarixli 01 saylı ümumi iclasında qərar qəbul edilmişdir. Qərara əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə, Yerli(bələdiyyə) vergilər və ödənişlər haqqında Azərbaycan Respublikasının inzibati icraat haqqında qanunun tələblərinə əsasən İddiaçı torpaq vergisinin məcburi qaydada alınması üçün Protokoldan çıxarış və müvafiq inzibati akt qəbul edilərək, Abşeron rayon İcra və probasiya şöbəsinə təqdim edilmişdir. İddiaçı öz tələbində ona məxsus 3.44 ha torpaq sahəsini 10.10.2020-ci il tarixində alqı-satqı qaydasında aldığına görə əvvəlki illərin ödənişlərinin ona aid olmadığını bildirmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 208.5-ci maddəsinə əsasən, torpaq vergisi torpağın əvvəlki sahibi tərəfindən ödənilmədiyi halda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtına həmin torpağın sahibi tərəfindən ödənilir. AR Vergi Məcəlləsinin 208.1-ci maadəsinə görə torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Tikililərin və qurğuların altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün olan torpaq sahələrinə görə torpaq vergisi tutulur. Eyni zamanda iddiaçı “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci və 12.1-ci maddələrinin tələblərinə əsasən vergilərin və ödənişlərin düzgün hesablanmasına, yığılmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirildiyini bildirir. Onun bildirdiyinə görə, iddiaçıya hesablanmış vergi məbləğləri qeyd olunan normaların tələblərinə zidd olaraq cavabdeh bələdiyyənin vergi xidməti tərəfindən deyil, bələdiyyənin sədri tərəfindən təkbaşına hesablanmışdır. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası qanununun 18-ci maddəsinə əsasən bələdiyyənin icra orqanı onun icra aparatıdır. Bələdiyyənin icra aparatının fəaliyyətinə bələdiyyənin sədri rəhbərlik edir. Maddə 19.4-ə görə bələdiyyənin sədri əmr və sərancamlar verir, bələdiyyənin qərarlarını imzalayır. Bu maddənin tələbindən göründüyü kimi iddiaçının iddiası bu halda da əsassızdır. Belə ki, vergilərin və ödənişlərin düzgün hesablanmasına, yığılmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilsədə, tərtib edilmiş tədiyyə bildirişi bələdiyyənin sədri tərəfindən imzalanır və möhürlənir. Cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına dəvət olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclası cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - ********** qeydiyyat nömrəli, 27.11.2020-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışdan görünür ki, Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 3,44 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. - Abşeron rayon Qobu bələdiyyəsinin 02 fevral 2021-ci il tarixli 08 saylı qərarı ilə vergi ödəyicisi olan fiziki şəxs İddiaçı borc öhdəliklərinin icra olunması üçün Abşeron rayon icra və probasiya şöbəsinə göndərilməsi, hesablanmış borc məbləğinin fiziki şəxsdən tutulub Qobu bələdiyyəsinin yerli büdcəsinə ödənilməsi üçün qanunvericiliyə müvafiq olaraq tədbirlər görülməsi qərara alınmışdır. - **********6086 seriya nömrəli tədiyyə bildirişindən görünür ki, vergi ödəyicisi İddiaçı 2020-ci il üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 206.3-cü maddəsinə əsasən 687.93 manat torpaq vergisi, 2063.79 manat ötən dövrlər üzrə vergi borcu, 559.29 manat faiz borcu, cəmi 2623.08 manat borc hesablanmışdır. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Abşeron X2 Mərkəzinin məhkəməyə daxil olmuş 04 iyun 2021-ci il tarixli məktubunda torpaq sahibinin torpağı qara herik halında saxlanılmasına səbəb kimi torpağın az münbitli və suvarma suyunun olmamasını göstərmişdir. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Abşeron X2 Mərkəzinin 18 may 2021-ci il tarixli arayışında İddiaçı ona məxsus Abşeron rayon, Qobu qəsəbəsində yerləşən (Dövlət reyestr xidmətindən **********31 saylı çıxarışla verilmiş) 3,44 ha torpaq sahəsinin kənd təsərrüfatı təyinatı məqsədi ilə istifadə olunduğu və uzun müddətli qara herik halında dincə qoyulduğu qeyd edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia mübahisələndirmə haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iddiaçının mülkiyyətində Abşeron rayonu Qobu bələdiyyəsində 3,44 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Abşeron rayon Qobu bələdiyyəsinin 02 fevral 2021-ci il tarixli 08 saylı qərarı ilə vergi ödəyicisi olan fiziki şəxs İddiaçı borc öhdəliklərinin icra olunması üçün Abşeron rayon icra və probasiya şöbəsinə göndərilməsi, hesablanmış borc məbləğinin fiziki şəxsdən tutulub Qobu bələdiyyəsinin yerli büdcəsinə ödənilməsi üçün qanunvericiliyə müvafiq olaraq tədbirlər görülməsi qərara alınmışdır. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası «İcra haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə görə inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 1.1-ci bəndinə görə bu Əsasnamə bələdiyyələrin vergi xidməti orqanının fəaliyyətinin ümumi əsaslarını müəyyənləşdirir, onun yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyiciləri ilə qarşılıqlı münasibətlərini tənzimləyir. Əsasnamənin 5.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir. Əsasnamənin 5.4-cü bəndinə görə ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Əsasnamənin 5.5-ci bəndinə görə ödəyici tərəfindən bələdiyyə vergi xidməti orqanının aktı üzrə yazılı izahat və ya etiraz təqdim edildikdə, həmin akta ödəyicinin və ya (və) onun nümayəndəsinin iştirakı ilə baxılır. Akta baxılmanın yeri və vaxtı haqqında ödəyiciyə vergi xidməti orqanı tərəfindən ən azı 3 iş günü əvvəl məlumat verilməlidir. Ödəyici (onun nümayəndəsi) üzrlü səbəb olmadan müzakirəyə gəlmədikdə, məsələyə onun iştirakı olmadan baxılır. Əsasnamənin 5.6-cı bəndinə görə bu Əsasnamənin 5.4-cü bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır yaxud belə qərarın çıxarılmasından imtina edir. Əsasnamənin 5.7-ci bəndinə görə ödəyiciyə bu Əsasnamənin 5.6-cı bəndinə müvafiq olaraq çıxarılmış qərarın surəti və qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergilər və (və ya) ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödədikdə, bələdiyyə məhkəməyə müraciət edilməsi haqqında qərarını ləğv edir. Əsasnamənin 5.10-cu bəndinə görə bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. Əsasnamənin 5.11-ci bəndinə görə yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların məcburi qaydada alınması, hesablanmış faizlərin alınması və ödəyicilərə maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr öz vergi xidməti orqanının təqdimatı əsasında, bu Əsasnamənin 5.7-ci bəndinin ikinci cümləsində müəyyən edilmiş hal istisna olmaqla, məhkəmələrə müraciət edirlər. Əsasnamənin 5.12-ci bəndinə görə məhkəmənin yerli (bələdiyyə) vergi və ödənişlər üzrə borcların, hesablanmış faizlərin və maliyyə sanksiyalarının alınması haqqında qanuni qüvvəyə minmiş qərarlarının icrası qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.3-cü maddəsinə görə ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İnzibati mübahisənin mahiyyəti ilə bağlı məhkəmə hazırkı icraatda tədqiq edilmiş sübutlar və tərəflərin dəlilləri əsasında müəyyən edilmiş aşağıdakı xüsusatları diqqətə çəkir: - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Abşeron X2 Mərkəzinin 18 may 2021-ci il tarixli arayışında İddiaçı ona məxsus Abşeron rayon, Qobu qəsəbəsində yerləşən (Dövlət reyestr xidmətindən **********31 saylı çıxarışla verilmiş) 3,44 ha torpaq sahəsinin kənd təsərrüfatı təyinatı məqsədi ilə istifadə olunduğu və uzun müddətli qara herik halında dincə qoyulduğu qeyd edilmişdir. Görüdüyü kimi İddiaçı qeyd olunan torpaq sahəsindən təyinatı üzrə istifadə etməməsinin səbəbi meliorasiya və digər aqrotexniki çatışmamazlıqlar olmuşdur. Belə olan halda İddiaçı torpaq sahəsinə dair tutulmalı vergilər Vergi Məcəlləsinin 206.1-ci maddəsi ilə deyil 206.1.-1-ci maddəsində qeyd olunan meyarlar əsasında hesablanmalı idi. Həmin normaya əsasən müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışa əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilir. Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən qayda və meyarlar əsasında müəyyən edilir. Qobu bələdiyyəsi isə qeyd olunan halları araşdırmadan torpaq vergisini hər 100 kv.m görə 2 manat olmaqla hesablamışdır. Bu isə iddiaçı tərəfindən ödənilməli olan torpaq vergisinin düzgün hesablanmamasına səbəb olmuşdur. - mübahisələndirilən 02 fevral 2021-ci il tarixli 08 saylı qərarın qəbulu üzrə inzibati icraatda maraqlı şəxs kimi hazırkı iddiaçıya rəsmi məlumat verilməsinə, onun həmin qərarın qəbuluna əsas olmuş aktla tanış olmasına dair hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Odur ki, inzibati icraatda inzibati orqan tərəfindən Abşeron rayon Qobu bələdiyyəsi «İnzibati icraat haqqında» AR Qanununun 25, 51.1-ci maddələrinin, eləcə də «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 5.4 – 5.6-cı bəndlərinin tələbləri pozulmuşdur; - vergi ödəyicisi kimi hazırkı iddiaçıya münasibətdə əlverişsiz inzibati akt olan 02 fevral 2021-ci il tarixli 08 nömrəli qərar onu qəbul edən inzibati orqan Abşeron rayon Qobu bələdiyyəsi tərəfindən aydın və tam şəkildə əsaslandırılmamışdır. Qərarda 2018, 2019, 2020-ci illər üzrə torpaq vergisi hesablansa da, məhkəmə icraatında ayrı-ayrı illər üzrə həmin verginin ödənilməsi ilə bağlı bələdiyyə tərəfindən müvafiq tarixlərdə (avqust ayının 1-dən gec olmayaraq) tədiyə bildirişlərinin vergi ödəyicisi kimi iddiaçıya çatdırılması təsdiqini tapmır. - sözügedən qərarda iddiaçının torpaq sahəsinə görə 2018, 2019 və 2020-ci il üzrə 913 manat 75 qəpik faiz, 3528 manat əsas, ümumilikdə isə 4441 manat 75 qəpik ümumi borcunun olduğu qeyd edilmişdir. Lakin bələdiyyə tərəfindən iddiaçıya hesablanmış vergilərin məbləğinin hansı əsaslarla hesablanması, hesablanmanın istinad edilməli olduğu hüquq norması, torpaq vergisi üzrə ayrı-ayrılıqda vergi borcunun məbləği, illər üzrə ödənilməli olan vergilərin məbləği, vergi hesablanması zamanı torpağın kateqoriyasına uyğun olaraq vergi dərəcəsinin müəyyən edilib-edilməməsi qeyd edilməmiş, ümumilikdə borcun miqdarı qeyd edilmişdir. Halbuki qanunvericilikdə yerli vergilərin müəyyən edilməsinin əsasları müəyyən edilmişdir. Həmin əsaslara vergitutma obyekti, vergitutma bazası, vergitutma dövrü, vergi dərəcəsi, verginin hesablanması qaydası daxildir. - mübahisələndirilən 02 fevral 2021-ci il tarixli 08 nömrəli qərar vergi ödəyicisi kimi iddiaçıya münasibətdə vergi borcunun tutulmasını nəzərdə tutan inzibati akt formasında qəbul oluna bilməz. Çünki, yerli (bələdiyyə) vergilərin sırasına daxil olan “fizki şəxslərin əmlak vergisi”nin hesablanması «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» AR Qanununun 7-ci maddəsinə və «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 5.6-cı bəndinə görə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi barədə birbaşa inzibati aktın yox, bu məsələ üzrə məhkəməyə müraciət edilməsi barədə qərarın qəbulu qaydasında mümkündür. «Normativ hüquqi aktlar haqqında» AR Konstitusiya Qanununun 13-cü maddəsinin tələbləri də nəzərə alınmaqla belə nəticə yaranır ki, cavabdeh inzibati orqan tərəfindən «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin qeyd olunan müddəasının (5.6-cı bəndinin) tələblərinə riayət edilməmişdir. - bundan başqa cavabdeh 02 fevral 2021-ci il tarixli 08 nömrəli qərarında borcun hesablanmasının əsası kimi yalnız “Bələdiyyə torpaqlarının idarəedilməsi haqqında” Qanunun 19.1-ci maddəsinə istinad etmişdir. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir. Qeyd olunan normadan göründüyü kimi həmin norma verigilərin ödənilməsi əsaslarını, şərtlərini müəyyən edən norma deyildir. Həmin norma ilə torpağın icarə haqqının anlayışı verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh Abşeron rayon Qobu bələdiyyəsinin 02 fevral 2021-ci il tarixli 08 nömrəli qərarı qanunsuzdur və onun qəbulu İddiaçı hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bununla belə məhkəmə vurğulayır ki, mübahisə predmeti olan 01 fevral 2021-ci il tarixli 08 nömrəli qərarın qanunsuz sayılması, qeyd olunan nöqsan və çatışmazlıqlar aradan qaldırılmaqla, eyni zamanda vergiyə cəlb olunma ilə bağlı qanunla müəyyən edilmiş müddətlərə əməl edilməklə hazırkı iddiaçıya münasibətdə müvafiq verginin tutulması ilə əlaqədar yenidən inzibati icraatın aparılmasına maneə deyil. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə məhkəmə qeyd olunanlara əsaslanaraq və qanunvericiliyin sadalanan normalarının, o cümlədən AR Vergi Məcəlləsinin 70.1-ci maddəsinin, «İnzibati icraat haqqında» AR Qanununun 67.1, 67.2-ci maddələrinin, «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 5.10-cu bəndinin, İPM-in 70.1-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia təmin edilərək cavabdeh Abşeron rayon Qobu bələdiyyəsinin 02 fevral 2021-ci il tarixli 08 nömrəli qərarı ləğv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Abşeron rayon Qobu bələdiyyəsinin 02 fevral 2021-ci il tarixli 08 nömrəli qərarı ləğv edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. Abşeron rayon Qobu bələdiyyəsinin 02 fevral 2021-ci il tarixli 08 nömrəli qərarı ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar