Məhkəmə qərarları › İş №e-2-1(118)-785/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-785/2025

26.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-785/2025 26.08.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyatına alınaraq çıxarışın verilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, mütəxəssis X2, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyatına alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 27 avqust 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. "xxxx" MMC-nin 22 aprel 2021-ci il tarixli, 034-7.2016 nömrəli, İddiaçı adına verilmiş Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF Park” yaşayış massivinin A kompleksi saylı küçəsində inşa edilən bina 1, mərtəbə 6, mənzil 38 üçün aylıq ödənişə dair “Maliyyə arayışı”.

2. “Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında” 30 iyun 2013-cü il tarixli, B(b)/034 nömrəli müqavilədən görünür ki, satıcı "xxxx" MMC Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus “AAAF-Park” yaşayış massivindəki A kompleksində inşa edilmiş 1 saylı, 6 mərtəbəli yaşayış binası, mənzil 38 ünvanda yerləşən mənzili alıcı İddiaçı satmağı, alıcı isə müqavilədə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini ödəməyə öhdəsinə götürmüşdür.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin 2 fevral 2024-cü il tarixli, 32/332/2-Q-0287/8 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, aparılan araşdırma zamanı ünvan 4 ünvanında yerləşən 38 saylı mənzilə dair notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinin hazırkı müraciətinə əlavə olunmadığı müəyyən edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilməsi məqsədə müvafiq hesab edilmişdir.

4. "xxxx" MMC-nin 11 iyul 2024-cü il tarixli, HŞ/386 nömrəli məktubu ilə aşağıdakı sənədlərin surəti göndərilmişdir: - Abşeron Rayon İcra Hakimiyyətinin 8 iyul 2016-cı il tarixli, 030/4 nömrəli icazəsindən görünür ki, həmin icazə Xırdalan şəhəri, H.Əliyev prospekti, “AAAF-Park” yaşayış kompleksində 12 ədəd zirzəmili, beş mərtəbəli, mansardlı yaşayış binasına dair verilmişdir. - “Qeyri-dövlət qurumları, fiziki şəxslər tərəfindən inşa edilmiş (yenidən qurulmuş) bina və tikililərin (qurğuların) istismara qəbul edilməsi haqqında” 27 avqust 2015-ci il tarixli, "xxxx" MMC-yə səkkiz ədəd düz, dörd ədəd oval beş mərtəbəli zirzəmili, mansardlı yaşayış binasına dair verilmiş Akt.

Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

5. Abşeron Rayon İcra Hakimiyyətinin 31 may 2024-cü il tarixli, 5-29/1-1519/2024 nömrəli məktubundan görünür ki, məktubda “AAAF Park” yaşayış kompleksində yerləşən 1 saylı binanın icra hakimiyyəti tərəfindən istismara qəbul edilib-edilməməsi və həmin binanın altında yerləşən torpaq sahəsinin mülkiyyətçisi haqqında məlumatın təqdim edilməsi xahiş olunmuşdur. Bildirilmişdir ki, sözügedən binanın istismar aktının olmadığı və qeyd olunan 1 saylı binanın altında yerləşən torpaq sahəsinin xüsusi mülkiyyət hüququnun “AAAF Park” yaşayış kompleksinə məxsus olduğu müəyyənləşdirilmişdir.

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 2 iyul 2024-cü il tarixli, 3-21-3-32/2-8705/24 nömrəli və 23 may 2025-ci il tarixli, 3-21-3-32/2-8268/2025 nömrəli məktublarından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanında “AAAF” park yaşayış kompleksi tərəfindən inşa edilmiş yaşayış binası üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı aşkar edilmişdir.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia ərizəsinin dəlilləri:

7. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində “AAAF-Park” yaşayış massivindəki A kompleksində inşa edilən 1 saylı, 6 mərtəbəli yaşayış binasından ümumi sahəsi 92,7 kv.m olan, 3 otaqdan ibarət 38 saylı mənzilə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 30 iyun 2013-cü il tarixdə "xxxx" MMC ilə B(b)/034 saylı müqavilə bağlayaraq Xırdalan şəhəri, H.Əliyev prospektində “AAAF Park” yaşayış massivindəki A kompleksində inşa edilən 1 saylı, 6 mərtəbəli yaşayış binasından ümumi sahəsi 92,7 kv.m olan, 3 otaqdan ibarət 38 saylı mənzil əldə etmişdir. Həmin mənzilin yerləşdiyi bina dövlət tərəfindən istismara qəbul olunmuşdur. Mənzilin dəyəri tam ödənilmiş, buna dair maliyyə arayışı əldə olunmuşdur. Cavabdeh inzibati orqana ərizə ilə müraciət olunmuşdur. İddia ərizəsinə əlavə edilmiş xəbərnamədən görünür ki, cavabdeh inzibati orqan həmin müraciəti almışdır. Buna baxmayaraq cavabdeh inzibati orqan müraciətə cavab verməmişdir.

9. İddia tələbinin maddi hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.6-cı maddələrinə istinad olunmuşdur.

10. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

11. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri:

12. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

13. Etiraz onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan səhəri, Heydər Əliyev prospekti, “AAAF-Park” yaşayış massivi, bina 1 ünvanında yerləşən 38 nömrəli mənzilə dair notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsinin təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi müəyyən olunmuşdur.

14. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139, 139-1, 146, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1, 9, 11.1, 15, 23-cü maddələrinə istinad edilmişdir.

c) Tərəflərin iştirakı və izahatları:

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasında iştirak etməmişdir.

16. Məhkəmə iclaslarında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi izahat verərək, etirazın dəlillərini müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, hazırkı iş üzrə alqısatqı müqaviləsi mövcud deyildir, mənzilə dair çıxarışın verilməsi üçün bina qeydiyyata alınmalıdır.

17. Məhkəmə iclasında iştirak edən mütəxəssis bildirmişdir ki, bina kənd təsəsrrüfatı təyinatlı torpaq sahəsinin üzərində inşa edilmişdir və qeydiyyata alınmamışdır. Binanın istismara verilməsi və qeydiyyata alınması üçün Fövqəladə Hallar Nazirliyinin rəyi, müvafiq aktlar, eskiz planı və sərəncam mövcud olmalıdır. Qeyd etmişdir ki, qeydiyyata alınmamış binada yerləşən mənzillərə çıxarışın verilməsi qanunaziddir.

18. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

19. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Bildirişdə həmçinin, İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

20. Bundan əlavə, iddiaçı tərəfindən məhkəməyə göndərilmiş 27 iyun 2024-cü iln tarixli teleqramda işə onun iştirakı olmadan baxılması, iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur.

21. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

22. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək, iddia tələbinin dəlillərini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ

a) İddianın mümkünlüyü:

23. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

24. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

25. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

26. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

27. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

b) Tətbiq edilən hüquq:

28. Azərbaycan Respublikasının Konstitusiyası:

Maddə 13. Mülkiyyət Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. (-)

Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. (-)

29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.

Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.

Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. (-)

Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr.

Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi (-) 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. (-)

Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-)

30. MM-in müvafiq müddəalrında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. ...”

31. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”

32. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

33. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

Maddə 58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-)

Maddə 68. Məhkəmə qərarının əsası

68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-)

c) Məhkəmənin mövqeyi

34. Məhkəmə iddiaçı tərəfin vermiş olduğu izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, onlara göstərilən qanunvericilik normaları ilə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir.

35. Belə ki, yuxarıda sadalanan normalardan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə olan əsaslardan biri əlavə edilməlidir. Cavabdeh orqan isə yalnız adıçəkilən Qanunun 15-ci maddəsindəki əsaslardan biri olduğu halda daşınmaz əmlak üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasından imtina edə bilər.

36. İddiaçı tələbinin əsası kimi tərəfindən iddia olunan mənzilin "xxxx" MMC ilə alqısatqı nəticəsində əldə edilməsini, dəyərinin tam həcmdə ödənilməsini, lakin cavabdeh tərəfindən mülkiyyət hüquqlarının qeydiyyata alınmasından əsassız olaraq imtina edilməsini bildirir.

37. Cavabdeh isə iddia tələbinə qarşı etiraz edərək, Abşeron rayonu, Xırdalan səhəri, Heydər Əliyev prospekti, “AAAF-Park” yaşayış massivi, bina 1 ünvanında yerləşən 38 nömrəli mənzilə dair notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsinin mövcud olmadığını bildirir.

38. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, “Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında” 30 iyun 2013-cü il tarixli, B(b)/034 nömrəli müqaviləsinə əsasən Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus “AAAF-Park” yaşayış massivindəki A kompleksində inşa edilmiş 1 saylı, 6 mərtəbəli yaşayış binası, mənzil 38 ünvanda yerləşən mənzil "xxxx" MMC tərəfindən iddiaçıya satılmışdır.

39. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Lakin iddiaçı tərəfindən təqdim edilmiş mübahisələndirilən mənzilə dair alqısatqı müqaviləsinin qanunvericiliklə nəzərdə tutulmuş notariat qaydasında təsdiq edilməməsi müəyyən olunmuşdur.

40. Bundan əlavə, məhkəmə tərəfindən araşdırılma aparılaraq, sorğular göndərilmiş, nəticədə Abşeron Rayon İcra Hakimiyyəti və cavabdeh tərəfindən təqdim edilmiş məlumat ilə “AAAF Park” yaşayış kompleksində yerləşən 1 saylı binanın istismar aktının olmadığı, üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı aşkar edilmişdir.

41. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş Abşeron Rayon İcra Hakimiyyətinin 8 iyul 2016-cı il tarixli, 030/4 nömrəli icazəsi və “Qeyri-dövlət qurumları, fiziki şəxslər tərəfindən inşa edilmiş (yenidən qurulmuş) bina və tikililərin (qurğuların) istismara qəbul edilməsi haqqında Akt” beş mərtəbəli binalara dair tərtib edilmiş, lakin iddiaçı ilə "xxxx" MMC arasında müqavilə 30 iyun 2013-cü il tarixdə 6 mərtəbəli yaşayış binasında yerləşən mənzilə dair bağlanılmışdır.

42. Beləliklə, məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını və qeyd edilənləri işin faktiki hallarına tətbiq etmiş, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. İmtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz.

NƏTİCƏVİ HİSSƏ

43. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar