Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-795/2021 27.08.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Abşeron rayon Qobu Bələdiyyəsinə qarşı “Ondan, xüsusi mülkiyyət hüququ ilə ona məxsus kənd təsərrüfatı təyinatlı torpağa görə 4441 manat 75 qəpik məbləğində borcun müəyyən edilməsi və tutulmasına dair Abşeron rayonu Qobu bələdiyyəsinin 02 fevral 2021-ci il tarixli 10 saylı Qərarının ləğv edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Abşeron rayon Qobu Bələdiyyəsinə qarşı “Ondan, xüsusi mülkiyyət hüququ ilə ona məxsus kənd təsərrüfatı təyinatlı torpağa görə 4441 manat 75 qəpik məbləğində borcun müəyyən edilməsi və tutulmasına dair Abşeron rayonu Qobu bələdiyyəsinin 02 fevral 2021-ci il tarixli 10 saylı Qərarının ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron Rayonu Qobu Bələdiyyəsi əsassız olaraq 02 fevral 2021-ci il tarixli 10 saylı Qərarı ilə xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus kənd təsərrüfatı təyinatlı torpağa görə 3777 (üç min yeddi yüz yetmiş yeddi) məbləğində borcun müəyyən edilməsi və iddiaçıdan tutulmasını müəyyən etmişdir. İddiaçı hesab edir ki, aşağıdakılara əsasən həmin qərar qanunsuz və əsassızdır. Sözügedən 3 ha ölçüsündə torpaq sahəsi iddiaçı tərəfindən alqı-satqı müqaviləsi ilə əldə edilmiş və həmin torpağa dair 04.03.2017-ci il tarixdə DƏDRX tərəfindən ******* saylı Çıxarış verilmişdir. Torpağın əvvəlki sahibləri tərəfindən torpağa dair vergilər tam şəkildə ödənilmişdir. Bundan əlavə, cavabdeh tərəfindən verginin hesablanması düzgün aparılmamış, vergi qanunlara əsasən deyil, səhv şəxsi mülahizələr əsasında müəyyən olunmuşdur. Belə ki, ”Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balların müəyyənləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2000-ci il tarxli 230 saylı Qərarına əsasən "Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla müəyyənləşdirilmiş şərti balları" cədvəli təsdiq edilmişdir. Həmin cədvələ əsasən Torpaq vergisinin hesablanması üçün əkin, dinc və çoxillik əkmələrin altındakı torpaqların 1 hektarının şərti ballarına uyğun olaraq mənə məxsus torpaq sahəsinin şərti balı 85-dir. AR Vergi Məcəlləsinin 206.1-1-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə verginin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilir. Beləliklə vergi aşağıdakı qaydada tutulamalıdır: 85 (bal) x 0,06 (qəpik) x 3 (ha) = 15,30 manat Lakin qeyd etdiyi kimi, cavabdeh tərəfindən vergi hesabanrkən qanuna deyil, şəxsi mülahizələrə əaslanılmışdır. Səhv hesablama cavabdehin Tədiyyə bildirişi və qərarı arasında olan məbləğ fərqindən də görünür. Hesab edir ki, cavabdeh onun fəaliyyətini tənzim edən normativ aktara zidd hərəkət etmiş, müvafiq sənədləşmə işlərini də düzgün yerinə yetirməmişdir. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan RespublikasıQanununun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəəti, yerli əhəmiyyətli tikinti materialları, fiziki şəxslərin əmlakı (tikililər və onların hissələri, avtomobil və özüyeriyən təkərli texnika, su və hava nəqliyyatı vasitələri), habelə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin istifadəsində və (yaxud) mülkiyyətində olan torpaq sahələri müvafiq bələdiyyə vergilərinin vergitutma obyektidir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən Qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarıQanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun 8.0, 8.0.1, 8.0.2, 8.0.3 və 8.0.4-cü maddələrinə əsasən yerli vergilərə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1- 1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi, fiziki şəxslərdən əmlak vergisi, yerli əhəmiyyətli tikinti materialları (kərpic-kirəmit gilləri, tikinti qumları, yüksək möhkəmliyə malik olan çınqıl xammalı) üzrə mədən vergisi, bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərin mənfəət vergisi aiddir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən yerli vergilərin və ödənişlərin yığılmasına, yerli büdcələrə köçürülməsinə və istifadə olunmasına nəzarət bələdiyyələrin müvafiq komissiyaları, habelə seçkili orqanlarda, bələdiyyə qulluğunda işləməyən, yerli məhəllə komitələrinin və vətəndaşların yığıncaqlarında təklif olunan, bələdiyyə iclasında təsdiq olunan nəzarət komissiyaları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli, 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamənin 2.1-ci bəndinə əsasən Bələdiyyələrin vergi xidməti orqanı bələdiyyələrin qərarına əsasən bələdiyyələrin icra aparatının strukturunda yaradılır. Həmin Əsasnamənin 3.3-cü bəndinə əsasən Bələdiyyələrin vergi xidməti orqanı bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdən mənfəət vergisinin, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin, bələdiyyə ərazisində mehmanxanadan və sanatoriyakurort müəssisələrindən alınan yerli ödənişlərin hesablanmasının və ödənilməsinin düzgünlüyünü araşdırmaq məqsədi ilə dövlət vergi orqanlarının keçirdiyi səyyar vergi yoxlamalarında iştirak edə bilər. Bunun üçün bələdiyyə bu bənddə göstərilən səyyar vergi yoxlamalarında bələdiyyənin vergi xidməti orqanının iştirakı barədə dövlət vergi orqanına müraciət etməlidir. Həmin Əsasnamənin 5.1-ci bəndinə əsasən Bələdiyyələrin vergi xidməti orqanı yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödənilməsinə nəzarəti Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda müvafiq yerli (bələdiyyə) vergilərə və ödənişlərə dair müəyyən edilmiş hallarda və qaydada, bu Əsasnaməyə müvafiq bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdə kameral və səyyar vergi yoxlamaları aparmaqla həyata keçirir. “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamənin 5.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir. Həmin Əsasnamənin 5.5-ci bəndinə əsasən ödəyici tərəfindən bələdiyyə vergi xidməti orqanının aktı üzrə yazılı izahat və ya etiraz təqdim edildikdə, həmin akta ödəyicinin və ya (və) onun nümayəndəsinin iştirakı ilə baxılır. Akta baxılmanın yeri və vaxtı haqqında ödəyiciyə vergi xidməti orqanı tərəfindən ən azı 3 iş günü əvvəl məlumat verilməlidir. Ödəyici (onun nümayəndəsi) üzrlü səbəb olmadan müzakirəyə gəlmədikdə, məsələyə onun iştirakı olmadan baxılır. Həmin Əsasnamənin 5.6-cı bəndinə əsasən Bu Əsasnamənin 5.4-cü bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır yaxud belə qərarın çıxarılmasından imtina edir. “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamənin 5.7-ci bəndinə əsasən ödəyiciyə bu Əsasnamənin 5.6-cı bəndinə müvafiq olaraq çıxarılmış qərarın surəti və qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergilər və (və ya) ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödədikdə, bələdiyyə məhkəməyə müraciət edilməsi haqqında qərarını ləğv edir. Həmin Əsasnamənin 5.8-ci bəndinə əsasən Bələdiyyənin qərarının surəti və tələbnamə ödəyiciyə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Həmin Əsasnamənin 5.10-cu bəndinə əsasən Bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamənin 5.11-ci bəndinə əsasən yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların məcburi qaydada alınması, hesablanmış faizlərin alınması və ödəyicilərə maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr öz vergi xidməti orqanının təqdimatı əsasında, bu Əsasnamənin 4 5.7-ci bəndinin ikinci cümləsində müəyyən edilmiş hal istisna olmaqla, məhkəmələrə müraciət edirlər. Bundan başqa, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan RespublikasıQanununun 7.1-ci və 12.1-ci maddələrinin tələblərinə əsasən vergilərin və ödənişlərin düzgün hesablanmasına, yığılmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. İddiaçıya hesablanmış vergi məbləğləri qeyd olunan normaların tələblərinə zidd olaraq cavabdeh Bələdiyyənin vergi xidməti orqanı tərəfindən deyil, Bələdiyyəsinin sədri tərəfindən təkbaşına hesablanmışdır. Bundan əlavə, müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, həmin vergilərin və ödənişlərin alınması ilə bağlı qaydalar “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamənin 5.3, 5.5, 5.6, 5.7 və 5.8-ci bəndlərində öz əksini tapmışdır. Məhkəmə tədqiqatı zamanı cavabdeh tərəfindən mübahisə predmeti olan vergilərin və ödənişlərin iddiaçıdan tələb olunması ilə bağlı qeyd edilən normalarda göstərilən qaydalara riayət edilməməsi müəyyən edilmişdir. Eyni zamanda həmin Əsasnamənin 5.6-cı bəndinin tələbindən göründüyü kimi bələdiyyə ödənilməmiş vergilərin və ödənişlərin alınması ilə bağlı yalnız bələdiyyənin qərarı əsasında məhkəməyə müraciət edə bilər. Hazırki iş üzrə isə cavabdeh qeyd edilən normanın tələbinə zidd olaraq, birbaşa vergilərin və ödənişlərin alınması ilə bağlı məcburi icra tədbirlərinin görülməsi üçün İcra şöbəsinə müraciət edilməsinə dair qanunsuz qərar qəbul etmişdir. Bu qərar “Hesablanmış və qanunla müəyyən edilmiş vaxtda ödənilməyən yerli vergilərə və ödənişlərə görə icra tədbirlərinin tətbiqi üçün Quba rayon İcra şöbəsinə müraciət edilməsi barədə” Qərarı “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli, 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamənin tələblərinin pozulması nəticəsində qəbul edildiyindən ləğv olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanladığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasinin Qanununun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya Ərizəni imzalayan şəxs haqqında məlumat: dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia ərizəsini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı iddia ərizəsində Abşeron rayonu Qobu bələdiyyəsinin 02.02.2021 -ci il tarixli 10 saylı qərar çıxardaraq mülkiyyət hüquqi ilə ona məxsus kənd təsərrüfatı təyinatlı 3.0 ha torpaq sahəsinə görə 2018,2019,2020-ci illər üzrə 3777 manat borcun ödənilməsinə görə qərar çıxararaq və icra olunması üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərmişdir. O qərarla razı olmadığını və həmin qərarın əsassız olduğuna görə ləğv olunmasını məqsədəuyğun hesab etdiyini bildirmişdir. İddiaçının bildirdiyinə görə o , mülkiyyət hüquqi ilə ona məxsus 3.6 ha torpaq sahəsini 04.03.17-ci il tarixdə aparılmış alqı-satqı müqaviləsi əsasında almış və həmin torpağa dair Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX tərəfindən ******* saylı Çıxarış almışdır. Onun qeyd etdiyinə görə, torpağın əvvəlki sahibləri tərəfindən torpağa dair vergilər tam şəkildə ödənilmişdir . Bundan əlavə cavabdeh tərəfindən verginin hesablanması düzgün aparılmamış, vergi qanunlara əsasən deyil səhv şəxsi mülahizələr əsasında müəyyən olunmuşdur. İddiaçı iddiasını onunla əsaslandırır ki, o mülkiyyətində olan 3.0 ha torpaq sahəsinə görə 1 illik torpaq vergisi 85 (şərti bal) x 0.06 manat x 3.0 ha qaydası ilə hesablanmasını bildirmişdir. Onun hesablamalarına görə 3.44 ha torpaq sahəsinə 1 illik 15 manat 30 qəpik torpaq vergisi ödəməlidir. Cavabdeh bildirir ki, iddiaçının iddia ərizəsində göstərdiyi tələblər əsassızdır, onun tələblərini tam və bütövlükdə rədd edirlər. Belə ki, Azerbaycan Respublikası Vergi Məcəlləsinin 206.1.maddəsinə əsasən, bu Məcəllənin 206.1-1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 2 manat müəyyən edilir. (206.1-1. Müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışa əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilir. Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən qayda və meyarlar əsasında müəyyən edilir.) Qobu bələdiyyəsinin 10 fevral 2021-ci il tarixli 07 saylı aktından göründüyü kimi iddiaçı ona məxsus 3.0 ha torpaq sahəsindən təyinatı üzrə istifadə etmir. 206.1.1 maddəsinin tələblərinə iddiaçı tərəfindən əməl edilməmişdir. Ona görə də iddiaçı ona məxsus 3.0 ha torpaq sahəsinə 206.1 maddəsinə əsasən hər 100 kvadratmetrinə görə 2 manat ödəməlidir. İddiaçıya məxsus 3.0 ha torpaq sahəsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin tərkibində X2 tərəfindən yaradılmış BAMS proqramına daxil edilmiş və Azərbaycan Respublikası Vergi məcəlləsinin 206.1 maddəsinə əsasən, hər 100 kvadratmetri üçün 2 manat müəyyən edildiyinə görə iddiaçının 3.6 ha torpaq sahəsi üçün 1 illik torpaq vergisi 1000 manat müəyyən edilmişdir.Ona görədə iddiaçıya 2018/2019/2020-ci illər üçün 777 manat faiz , 3000 manat əsas, ümumilikdə isə 3777 AZN torpaq vergisi hesablanmışdır. İddiaçı vergi borclarını qanunvericiliyin tələblərinə uyğun olaraq illər üzrə vaxtında ödəmədiyinə görə ona faiz hesablanmışdır . Azərbaycan Respublikası Vergi Məcəlləsinin 59.1 maddəsinə əsasən, Vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Maddə 203.1. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyyə şəklində hesablanır. Bildirirlər ki, Abşeron rayon Qobu bələdiyyəsi tərəfindən 19 yanvar 2021 ci il tarixli 01 saylı ümumi iclasında qərar qəbul edilmişdir. Qərara əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə, Yerli(bələdiyyə) vergilər və ödənişlər haqqında Azərbaycan Respublikasının inzibati icraat haqqında qanunun tələblərinə əsasən İddiaçı torpaq vergisinin məcburi qaydada alınması üçün protokoldan çıxarış və müvafiq inzibati akt qəbul edilərək, Abşeron rayon İcra və Probasiya şöbəsinə təqdim edilmişdir . İddiaçı öz tələbində ona məxsus 3.0 ha torpaq sahəsini 04.03.2017-ci il tarixində alqı-satqı qaydasında aldığına görə əvvəlki illərin ödənişlərin ona aid olmadığını bildirmişdir. Bidliririk ki , Azərbaycan Respublikası Vergi Məcəlləsinin 208.5-ci maddəsinə əsasən , torpaq vergisi torpağın əvvəlki sahibi tərəfindən ödənilmədiyi halda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtına həmin torpağın sahibi tərəfindən ödənilir.Maddə 208.1. Torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir.Tikililərin və altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan torpaq sahələrinə görə torpaq vergisi tutulur. Eyni zamanda iddiaçı “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci və 12.1-ci maddələrinin tələblərinə əsasən ergilərin və ödənişlərin düzgün hesablanmasına, yığılmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata seçirildiyini bildirir. Onun bildirdiyinə görə, iddiaçıya hesablanmış vergi məbləğləri qeyd olunan nonnaların tələblərinə zidd olaraq cavabdeh bələdiyyənin vergi xidməti orqanı tərəfindən deyil, bələdiyyənin sədri tərəfindən təkbaşına hesablanmışdır. Bildirlərki, “Bələdiyyələrin statusu haqqında”Azərbaycan Respublikası qanununun 18-ci maddəsinə əsasən bələdiyyənin icra orqanı onun icra aparatıdır.Bələdiyyənin icra aparatının fəaliyyətinə bələdiyyənin sədri rəhbərlik edir. Maddə 19.4 bələdiyyənin sədri əmr və sərancamlar verir, bələdiyyənin qərarlarını imzalayır. Bu maddənin tələbindən göründüyü kimi iddiaçının iddiası bu haldada əsassızdır.Belə ki, vergilərin və ödənişlərin düzgün hesablanmasına, yığılmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilsədə, tərtib edilmiş tədiyyə bildirişi bələdiyyənin sədri tərəfindən imzalanır və möhürlənir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Abşeron Rayonu Qobu Bələdiyyəsinin 02 fevral 2021-ci il tarixli 10 saylı Qərarından görünür ki, xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus kənd təsərrüfatı təyinatlı torpağa görə 3777 (üç min yeddi yüz yetmiş yeddi) məbləğində borcun müəyyən edilməsi və iddiaçıdan tutulması qərara alınmışdır. Kənd Təsərrüfatı Nazirliyinin X3 İnkişaf Mərkəzinin 18 may 2021-ci il tarixli, 03/60 məktubunda qeyd edilmişdir ki, İddiaçı məxsus Abşeron rayon, Qobu qəsəbəsində yerləşən 3 hektar torpaq sahəsi kənd təsərrüfatı təyinatı məqsədilə istifadə istifadə olunur və uzun müddətli qara herik halında dincə qoyulmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsinə münasibətdə qeyd edir ki, mübahisələndirilən qərar inzibati akt hesab olunduğuna görə, iddia mübahisələndirmə haqqında iddiadır. İddiaçı mübahisələndirlən inzibati aktı öyrəndikdən sonra iddia qaldırdığına görə, müddəti ötürməmiş, iddianın digər mümkünsüzlük əsası müəyyən edilməmişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia həmdə əsaslıdır. Belə ki, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasınm Qanununun 18-ci maddəsinə müvafıq olaraq Azərbaycan Respublikasında torpaqdan istifadəyə görə torpaq vergisi tutulur. Mülkiyyətində və istifadəsində torpaq sahəsi olan rezident və qeyri-rezident fiziki şəxslər torpaq vergisi ödəyirlər. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyyə formasında hesablanır. Həmçinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 8.1-ci maddəsinə əsasən fiziki şəxslərin torpaq və əmlak vergisi yerli vergilərə (bələdiyyə vergilərinə) aid edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 206.1-ci maddəsinə əsasən bu Məcəllənin 206.1-1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 2 manat müəyyən edilir. Həmin Məcəllənin 208.1-ci maddəsinə əsasən torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Tikililərin və qurğuların altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan torpaq sahələrinə görə torpaq vergisi tutulur. Həmin Məcəllənin 208.5-ci maddəsinə əsasəən torpaq vergisi bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq ödənilir.Torpaq vergisi torpağın əvvəlki sahibi tərəfindən ödənilmədiyi halda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtına həmin torpağın sahibi tərəfindən ödənilir. Həmin Məcəllənin 208.6-cı maddəsinə əsasən Müəssisələrin və bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi dövlət büdcəsinə, digər hallarda fiziki şəxslərin torpaq vergisi yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir. Həmin Məcəllənin 206.1-1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışa əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilir. Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən qayda və meyarlar əsasında müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Abşeron Rayonu Qobu Bələdiyyəsinin 02 fevral 2021-ci il tarixli 10 saylı Qərarı ilə xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus kənd təsərrüfatı təyinatlı torpağa görə 3777 (üç min yeddi yüz yetmiş yeddi) məbləğində borcun müəyyən edilməsi və iddiaçıdan tutulması qərara alınmışdır. Abşeron rayonu Qobu bələdiyyəsi qeyd olunan qərarın qəbul edilməsinə səbəb kimi iddiaçı tərəfindən torpaq sahəsindən torpaq sahəsindən təyinatı üzrə istifadə edilməməsinə və bu səbəbdən Vergi Məcəlləsinin məhz 206.1-ci maddəsi ilə torpaq vergisinin hesablanmasına istinad etmişdir. Lakin cavabdeh inzibati orqan bu halı sübut edə bilməmiş, eyni zamanda iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Kənd Təsərrüfatı Nazirliyinin X3 İnkişaf Mərkəzinin 18 may 2021-ci il tarixli, 03/60 məktubunda isə qeyd edilmişdir ki, İddiaçı məxsus Abşeron rayon, Qobu qəsəbəsində yerləşən 3 hektar torpaq sahəsi kənd təsərrüfatı təyinatı məqsədilə istifadə istifadə olunur və uzun müddətli qara herik halında dincə qoyulmuşdur. Göründüyü kimi cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsini kənd təsərrüfatı təyinatı üzrə istifadə etməmsi ilə bağlı dəlili öz təsdiqini tapmır. Bu halda isə cavabdeh inzibati orqan düzgün olmayan meyarlar əsasında əsasında vergi hesablamışdır. . Ona görə də məhkəmə hesab edir ki, Qobu bələdiyyəsi tərəfindən qəbul edilmiş 02.02.2021-ci il tarixli, 10 nömrəli qərar əsassız olması səbəbindən ləğv edilməlidir. Lakin məhkəmə qeyd edir ki, hazırda mübahisələndirilən qərarın ləğv edilməsi həmin torpaq sahəsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş torpaq vergisi öhdəliyinin tələb edilməsini istisna etmir. Tərəflərə izah edilsin ki, qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla torpaq vergisi ilə bağlı yeni inzibati icraat başladılması istisna edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xüsusi mülkiyyət hüququ ilə ona məxsus kənd təsərrüfatı təyinatlı torpağa görə 4441 manat 75 qəpik məbləğində borcun müəyyən edilməsi və tutulmasına dair Abşeron rayonu Qobu bələdiyyəsinin 02 fevral 2021-ci il tarixli 10 saylı Qərarı ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №e-2-1(118)-795/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-795/2021
27.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver