Məhkəmə qərarları › İş №e-2-1(118)-8027/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(118)-8027/2025

30.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-1(118)-8027/2025 30.01.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mahmudlu-Abbaszadə Mehriban Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Məhərrəmova Türkan Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “təkrar sertifikatlaşdırmanın nəticəsinin ləğv edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8 iyun 2024-cü il tarixində İddiaçı iştirakı ilə keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra, iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ilə əvəz olunmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 33 (otuz üç) il Sumqayıt şəhəri Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimov adına 28 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi fənni üzrə müəllimə kimi qüsursuz pedaqoji fəaliyyət göstərərək dövlətinə, xalqına xidmət etmişdir. 519/CK/2024 saylı 06 noyabr 2024-cü il tarixli vəkil sorğusuna cavab olaraq, “Sumqayıt Tibb Mərkəzi” 1 nömrəli Şəhər Xəstəxanasının poliklinika şöbəsinin müdiri Aynur Məmmədova bildirmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixində Sumqayıt 1 nömrəli şəhər Xəstəxanasının poliklinika şöbəsində həkimhematoloqun qəbulunda olmuşdur, xəstə laborator müayinə olunmuşdur. Ona “Spanomeqaliya (R16.1). Dalaqda 1 sm böyümə müşahidə olunması diaqnozu təyin edilmişdir. Həmin gün, yəni xx.xx.2023-cü il tarixdə müəllimə İddiaçı Sumqayıt şəhər Polad Həşimov adına 28 nömrəli tam orta məktəbin direktor vəzifəsini icra edən Oktay Abdullayeva həkim müayinəsi nəticəsində ona baş həkim tərəfindən tərtib edilmiş və möhürlənmiş epikrizi, diaqnozun təyin edilməsi ilə bağlı lazımi tibbi sənədlər Təhsil Nazirliyinin Abşeron-Xızı Regional Təhsil İdarəsinə sertifikasiya imtahanında üzrlü səbəblərə görə iştirak edə bilməməsi ilə bağlı məlumatın verilməsi üçün təqdim edilmişdir. Müəllimə İddiaçı üzrlü səbəbdən imtahanda iştirak edə bilməyəndən sonra Sumqayıt şəhəri Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimov adına 28 nömrəli tam orta məktəbdə onun iş yeri növbəti imtahana qədər, yəni bir il müddətinə saxlanılmışdır. “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında 30 aprel 2020-ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin 155 nömrəli Qərarına əsasən, 8 iyun 2024--cü il tarixdə “Azərbaycan dili və Ədəbiyyat” fənni üzrə müəllimlərin sertifikasiya imtahanının test mərhələsi keçirilmişdir. 8 iyun 2024-cü il tarixdə Nazirliyin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X1-Xızı regional təhsil idarəsi təhsil verənlərin müəyyənləşdirilmiş vaxtda təkrar sertifikatlaşdırmada iştirakını təmin etmişdir. “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında 30 aprel 2020-ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin 155 nömrəli Qərarının 3.1 və 3.6-cı maddələrinə əsasən, sertifikatlaşdırma iki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olmaqla və videoçəkiliş təmin edilməklə keçirilir, təhsilverən sertifikatlaşdırmanın keçirilməsi ilə bağlı bu Qayda ilə müəyyən edilmiş tələbləri pozduqda, bu barədə akt tərtib edilir və həmin şəxs sertifikatlaşdırmadan kənarlaşdırılır. Təhsilverən tərəfindən bu Qaydanın tələblərinin pozulması hallarısertifikatlaşdırma başa çatdıqdan sonra videomüşahidə kameralarının məlumatları əsasında aşkar edilərsə, həmin təhsilverənin sertifikatlaşdırma nəticələri Sertifikatlaşdırma Şurası tərəfindən ləğv edilir. Bu bəndlərdən görünür ki, sertifikatlaşdırma imtahanı videomüşahidə kameralarının altında keçir. 8 iyun 2024-cü il tarixdə müəllimə İddiaçı sertifikatlaşdırmanın test mərhələsinə 120 dəqiqə vaxt ərzində təqdim edilmiş 60 sualın hamısını fasilə vermədən cavablandırmışdır. İmtahanın 120-ci dəqiqəsində imtahan bitmiş hesab olunur. Həmin vaxt müəllimə “BİTİR” düyməsini basmalıdır ki, bundan sonra Qanunun 3.12-ci maddəsində göstərlidiyi kimi də sertifikatlaşdırmanın test mərhələsinin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilsin və təhsilverənin nəticələri test mərhələsi başa çatdıqdan dərhalsonra ona elan edilmiş olsun. İddiaçı isə komputer texnologiyasını həmin vaxt zəif bilməsi, eyni zamanda həyəcanlı olması “BİTİR” düyməsini sıxmamış, lakin ekran “33” bal görmüşdür. Bundan sonra, imtahan zalını tərk etmişdir. Müəllimə öz evinə döndüyü zaman ona Təhsil və Elm Nazirliyindən zəng daxil olmuşdur, bildirilmişdir ki, “hansı səbəbdən “BİTİR” düyməsi basılmamış, məhz ona görə də, sistemdə texniki problem yaranmışdır. Bundan sonra, müəllimə narahat olmuş, işlədiyi məktəbin direktoruna müraciət etmişdir. Bu zaman bildirilmişdir ki, yaradılmış “şəxsi kabinetdə” nəticələri gözləsin. “Şəxsi kabinet” vasitəsi ilə daxil olandan sonra orada Azərbaycan dili və ədəbiyyat fənni üzrə imtahan nəticəsi “22” bal göstərilmişdir. Bu halın həqiqətə uyğun olmadığını və sistemdə yaranmış texniki nasazlıq ilə bağlı müəllimə müraciət etmişdir. Elm və Təhsil Nazirliyinə, lakin süründürməçilikdən başqa nəticə verməmişdir. Müəlliməyə bildirmişlər ki, onunla əlaqə qurub yaranmış texniki nasazlığı aradan qaldıracaqlar. Lakin sonradan məlum olmuşdur ki, guya müəllimə imtahandan “22” bal toplamışdır. İddiaçı hesab edir ki, keçirilmiş imtahanın nəticələri “elektron sistemdə” nasazlıq olduğundan səhv, həqiqətə uyğun olmayan, təhrifedilmiş məlumatları göstərmişdir. 27 iyun 2024-cü il tarixli, 70 nömrəli əmrə əsasən, Sumqayıt şəhər Polad Həşimov adına 28 nömrəli tam orta məktəbin direktoru Araslan Rzayev 8 iyin 2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 27 iyun 2024-cü il tarixli, 3-29-69/3-2-13 F/2024 nömrəli əmrinə əsasən, Sumqayıt şəhər Polad Həşimov adına 28 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi 27 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndini rəhbər tutaraq ləğv edilmişdir. Bundan sonra, müəllimə X5 narazı qalaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə X1-Xızı regional təhsil İdarəsinə sertifikatlaşdırma imtahanın nəticlərinin ləğv edilməsi ilə bağlı müraciət etmiş, lakin heç bir nəticə verməmişdir. Bundan sonra, yenə həmin İdarəyə müvəqqəti, yəni növbəti MİQ imtahanına qədər sosial işlə təmin edilməsi barədə həmin müəssisənin müdiri İlhamə Abdullayevaya müraciət etsə də, müəlliməni qəbul etməmişlər. Ona görə də, vəkil sorğusuna cavab olaraq, Sumqayıt şəhəri Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimov adına 28 nömrəli tam orta məktəbin direktoru Araslan Rzayev cavab məktubunda bildirməsi ki, guya ki AXRTİ-nin X3 tərəfindən aylıq əmək haqqı 500 (beş yüz) azn olmaqla sosial pedaqoq işi təklif olunmuş, lakin İddiaçı israrla imtina etmiş və fədailiyini müəllim kimi davam etdirmək istədiyini bildirməsi həqiqətiəks etdirmir. Onu da qeyd etmək lazımdır ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin nümayəndəsi qeyd etmişdir ki, 2024-cü il tarixdə 7 nəfər müəllimə imtahandan uğur qazanmamışdır və onlar sosial iş ilə təmin edilmişdilər. Lakin İddiaçı 2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı heç bir məlumatları yoxdur və ona görə də, ona sosial iş təklif olunmamışdır. Eyni zamanda, nümayəndə qeyd etmişdir, cənab Nazirin şifahi tapşırığı üzrə imtahandan müvəffəqiyyət qazanmayan müəllimlərə hər il 10 vakant sosial iş yerləri verilir. Lakin ona iş də təklif edilməmişdir.

4. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı 8 iyun 2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırma imtahanından aşağı bal toplamış və onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 27 iyun 2024-cü il tarixli, 3-29-69/3-2-13 F/2024 saylı əmrinə əsaslanmaqla ləğv edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli, 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.2-ci bəndinə əsasən, üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Həmin Qaydanın 5.3-cü bəndinə əsasən isə təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar və eynilə həmin qaydanın 5.4-cü maddəsinə əsasən, təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi nəzərdə tutulduğundan, iddiaçının təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edilməklə, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilməsi qanuna uyğundur. İddiaçı hesab edir ki, keçirilmiş imtahanın nəticələri “elektron sistemdə” nasazlıq olduğundan səhv, həqiqətə uyğun olmayan, təhrif edilmiş məlumatları göstərmişdir. Lakin bildiririk ki, iddiaçının imtahan zamanı ekranda 33 bal gördüyü, lakin sonradan şəxsi kabinetində nəticənin 22 bal kimi əks etdirildiyi barədə iddiası obyektiv sübutlarla təsdiqini tapmamışdır. Sertifikatlaşdırma imtahanı elektron sistem üzərindən həyata keçirilmiş, namizədlərin hər bir sual üzrə verdiyi cavablar, cavablandırma ardıcıllığı, vaxt göstəriciləri və nəticələrin formalaşması sistemdə avtomatik olaraq qeydə alınmışdır. Aparılmış texniki yoxlama zamanı iddiaçının imtahan prosesində cavablandırdığı suallara dair sistem qeydləri (loglar) araşdırılmış və şəxsi kabinetdə əks etdirilən nəticənin həmin qeydlər əsasında formalaşdırıldığı müəyyən edilmişdir. Elektron sistemdə hər hansı texniki nasazlıq, məlumatların təhrif edilməsi və ya nəticələrin dəyişdirilməsi halı aşkar edilməmişdir. Bu baxımdan, iddiaçının subyektiv müşahidəsinə əsaslanan iddiası hüquqi əhəmiyyət kəsb edən sübutlarla təsdiqlənmədiyindən əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli, 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.3-cü bəndinə əsasən, təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş. hesab olunduqlarından və həmin qərarın 5.4-cü maddəsinə əsasən, təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi nəzərdə tutulduğundan, iddiaçının təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edilməklə, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilməsi qanuna uyğundur.

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir.

7. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinin tələbinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

II. İddianın mümkünlüyü

8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3); İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5); İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9).

10. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.

11. Göründüyü kimi, iddia müddətlərinə riayət edilməsi iddianın mümkünlüyü komponentlərindən biridir.

12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.

13. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx.xx.2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

14. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir.

15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən, buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2-ci maddəsinə görə, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır.

17. Həmin Məcəllənin 24.4-cü maddəsinə görə isə təbii fəlakət və digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.

18. Məhkəmə qeyd edir ki, iddiaçı 8 iyun 2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsinin ləğv edilməsini xahiş edir. İddia ərizəsi isə məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir.

19. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X2-Xızı Regional Təhsil idarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubda qeyd olunur ki, İddiaçı işlə təmin olunması ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə ünvanladığınız xx.xx.2025-ci il tarixli, 128/25/KC nömrəli müraciətinizə (daxilolma № TN-107; xx.xx.2025) aidiyyəti üzrə Məktəbəqədər və Ümumi Təhsil üzrə X1-Xızı Regional Təhsil İdarəsində baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli, 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.4-cü bəndinə əsasən, təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Qeyd olunan əsasla əmək müqaviləsi ləğv edilmiş işçilər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 19 oktyabr 2023-cü il tarixli, KQ-05 №-li Qərarı ilə təsdiq edilmiş Müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları”na uyğun olaraq müəllimlərin işə qəbulu müsc oiqəsində iştirak edə bilərlər. Təkrar sertifikatlaşdırmada uğur qazana bilməyən təhsilverənlərlə bağlı komissiya tərəfindən müraciətiniz qeydə alınmışdır. İddiaçı sosial həsasslıq statusu, təhsili, ixtisası və əmək stajı nəzərə alınmaqla işlə təmin olunması məsələsinə müvafiq vakansiyalar olduğu təqdirdə baxıla bilər.

20. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı əmək müqaviləsi ləğv edildiyi zaman həmin nəticələrdən xəbərdar olmuşdur (27 iyun 2024-cü il). İPM-in 24.4-cü maddəsinə görə isə təbii fəlakət və digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.

21. Göstərilənlərə əsasən, işin hallarına qiymət verərək məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.

22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmır. Qərardaddan rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.

X4-Abbaszadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar