Məhkəmə qərarları › İş №e-2-1(118)-885/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-885/2024

22.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-885/2024 22.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023- cü il tarixli, **********7499 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2023-cü il tarixli **********7499 saylı qərarı ilə iddiaçı "xxxx" MMC-yə məxsus Sumqayıt şəhəri, Sumqayıt stansiyası, Yük-həyəti ünvanında yerləşən anbarda elektron qaimə-faktura təqdim ediməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 62029,52 manat vergi məsuliyyətinə cəlb edilmişdir.Hesab edir ki, vergi orqanının operativ vergi nəzarət tədbirinin nəticəsi üzrə qəbul etdiyi inzibati akt aşağıdakı səbəblərə görə əsassız və qanunsuzdur. Operativ vergi nəzarətin keçirilməsi haqqında qərar iddiaçıya təqdim edilməmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla) nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və VM-nin 50.1.1-50.1,14-cü maddələrdə nəzərdə tutulan məsələləri əhatə edən vergi nəzarəti formasıdır. Həmin Məcəllənin 50.2-ci maddəsində 1) vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar, 2) vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar, 3) vergi ödəyicisi tərəfindən vergi qanun vericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, 4) vergi orqanlarının bu məcəllənin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarliq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda, 5) vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar kimi təsbit edilmişdir. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir.Həmin Məcəllənin 50.4.-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir.Normaların məzmundan göründüyü kimi, qanunverici operativ vergi nəzarətinin həyata keçirilməsi üçün mütləq qaydada 5 əsas müəyyən etdiyini və həmin qərarın vergi ödəyicisinə təqdim edildiyi müəyyən edilmişdir. Lakin, vergi orqanı nəinki hansı səbəbə operativ vergi nəzarətinin həyata keçirdiyini izah etmiş, hətta qərarın özünü belə təqdim etməmişdir. 2. Məsuliyyətə cəlb edilməsi barədə qərar qanunvericiliyinin imperativ tələblərinə zidd olaraq əsaslandırılmadan qəbul edilmişdir.3. Vergi orqanı operativ vergi nəzarət tədbiri zamanı vergi qanunvericiliyinin maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. ...Cavabdehin hərəkətləri qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı “QARABAĞ AZƏRBAYCANDİR 021" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra MMC) tərəfindən verilmiş iddia ərizəsini aşağıdakı səbəblərdən əsassız hesab edir: Belə ki, Uçot-baza məlumatlarına əsasən MMC-nin xx.xx.2021 -ci il tarixdə ******* fəaliyyət kodu ilə “Avtomobillər üçün hissələrin, qovşaqların və ləvazimatların topdan satışı” (əsas) və ******* fəaliyyət kodu ilə “Malların saxlanması və anbarlara yığılması üzrə fəaliyyəti" üçün vergi ödəyicisi kimi uçota alındığı və xx.xx.2021 -ci il tarixində ******* fəaliyyət kodu ilə “Malların saxlanması və anbarlara yığılması üzrə fəaliyyəti” üçün obyekt qeydiyyatı (sahəsi 100 kv metr) barədə ərizə ilə müraciət etdiyi görünür.İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-ixrac Əməliyyatları üzrə Nəzarət Baş idarəsinin (bundan sonra - Baş idarə) “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********5770 nömrəli qərarı əsasında MMC-nin sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə “Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi” məsələləri üzrə keçirilən operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin sahibliyində mal qalığının olmadığı, elektron qaimə faktura təqdim edilməli olduğu halda 620.295,23 manat dəyərində malların Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinin pozularaq elektron qaimə faktura təqdim edilmədən ayrıayrı vergi ödəyiciləri olan şəxslərə təqdim edildiyi müəyyən edilərək DVX seriyalı 000985 nömrəli akt tərtib edilmiş, həmin akt MMC-nin qanuni nümayəndəsi tərəfindən imzalanmamış və aktın bir nüsxəsini qəbul etməkdən imtina etmişdir. Tərtib edilmiş akt əsasında Baş idarənin "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********7499 nömrəli qərarı ilə MMC-yə 62.029,52 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar və 'Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə Baş idarənin xx.xx.2023-cü il tarixli **********557600 nömrəli məktubu ilə MMC-nin qeydiyyatı haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutuya göndərilmiş, məktub poçtdan geri qayıtmamış, elektron qutuda isə xx.xx.2023-cü il tarixdə saat 13:21 -də oxunmuşdur, (elektron qutuda oxunmanı təsdiq edən sənəd qoşmaya əlavə edilib)MMC-nin rəhbəri Quliyev Ədalət operativ vergi nəzarəti tədbiri zamanı təqdim etdiyi xx.xx.2023-cü il tarixli arayışda qeyd etmişdir ki, “Bildirirəm ki, cəmiyyətə məxsuz təsərrüfat subyekti Sumqayıt səhəri, Sumqayıt stansiyası, Yük həyəti ünvanında yerləşən 29001 kodlu anbardır. Bizə məxsuz digər ünvanda təsərrüfat subyekti və saxlanc verimiz yoxdur. Cəmiyyət tərəfindən satılan malların üzərinə 2-5 % ticarət əlavəsi tətbiq edirik. Cəmiyyətin is vaxtı həftənin altı günü olmaqla, saat 10:00-dan saat 17:00-dəkdir.” Məlumat üçün bildirilir ki, baza məlumatlarına əsasən vergi ödəyicisinin təsərrüfat subyektinin anbar tipli olmasına baxmayaraq oradan NKA ilə satış həyata keçirilməsi vergi ödəyicisinin fəaliyyətində vergidən yayınma hallarının olmasını ehtimal etməyə əsas vermiş, fəaliyyəti geniş şəkildə təhlil edilmiş və Vergi Məcəlləsinin 50.2-ci maddəsinə əsasən operativ vergi nəzarətinin keçirilməsi üçün əsaslar müəyyən edilmişdir. Bu hal Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinə əsasən yoxlamanın keçirilməsinə əsas olmuş və vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********5770 nömrəli qərarla operativ vergi nəzarəti tədbiri təyin edilmişdir. Maliyyə sanksiyasının tətbiq edilməsi əsasları ilə bağlı bildiririk ki, vergi ödəyicisi tərəfindən 570.476,50 manat dəyərində mal idxal olunmuş, e-qaimə ilə mal alınmamış və e- qaimə əsasında 146.460,00 manat dəyərində mal təqdim edilmişdir. Vergi ödəyicisi təsərrüfat subyektinin anbar tipli olmasına baxmayaraq orada NKA quraşdırıb idxal etdiyi malların kassa çeki ilə satışının həyata keçirilməsinə cəhd etmişdir ki, bu da Vergi Məcəlləsinin 58.13- cü maddəsinin tələblərinə ziddir. Bu səbəbdən cəmiyyət tərəfindən vergi məcəlləsinin 58.13- cü maddəsinin tələbləri pozularaq anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirilməklə satılmasına görə vergi ödəyicisinə NKA ilə rəsmiləşdirilmiş 620.295,23 manatın 10 faizi miqdarında 62.029,52 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Nəzər yetirilməli olan məqam operativ vergi nəzarəti həyata keçirilmiş obyektin, yəni təsərrüfat subyektinin “anbar” olmasıdır ki, anbardan pərakəndə satışın həyata keçirilməsi qanunvericiliklə qadağan olunmaqla yanaşı (Vergi Məcəlləsinin 58.13 maddəsi), ümumi formalaşmış və oturuşmuş təcrübəyə əsasən ağlabatan olmamaqla pərakəndə satış fəaliyyətinin xarakterinə uyğun deyildir.Beləliklə, qeyd olunan hallar üzrə malların fiziki şəxslərə nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirilməklə satılması faktiki olaraq topdan qaydada digər sahibkarlıq subyektlərinə və ya qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə sənəd verilmədən (elektron qaimə-faktura tərtib edilmədən) malların satışı əməliyyatının pərdələnməsidir. Göstərilənlərə əsasən, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edilir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara xx.xx.2023- cü il tarixli, **********7499 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının surəti, maliyyə-hesabat sənədlərinin surəti, cavabdehin etirazı və digər sənədlər. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ-ci hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. İş materiallarından görünür ki, cavabdeh tərəfindən iddiaçı barəsində xx.xx.2023cü il tarixli, **********7499 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qəbul edilmişdir. İddiaçı xx.xx.2023- cü il tarixli, **********7499 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi niyyətindədir. Belə ki, iddiaçı qərarın əsassız və qanunsuz olmasını bildirir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh orqan xx.xx.2023cü il tarixdə iddiaçıya məxsus anbarda operativ vergi nəzarəti tədbirləri həyata keçirmişdir. Həmin tarixdə artıq anbarda hər-hansı mal aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş çeklər barədə hesabatdan görsənir ki, iddiaçının ilk tərtib etdiyi çek xx.xx.2022-ci il tarixdə olmuşdur. Sonuncu çek isə xx.xx.2023-cü il tarixdə tərtib edilmişdir.Yoxlama keçirilən zaman anbarda hər-hansı mal aşkar edilməmişdir.Sanksiyanın məbləğinin hesablanmasına gəldikdə cavabdeh orqan iddiaçıya məxsus anbarda bütün fəaliyyəti dövrü ərzində tərtib olunmuş çekləri yəni 620295,23 manat məbləğində xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinə qədər olan dövriyəsinin 10 faizini hesablamaqla, 62029,53 manat maliyyə sanksiyası tətbiq etmişdir. Vergi orqanı yuxarıda qeyd olunan normaların tələblərinə zidd olaraq və maddi hüquq normalarını düzgün tətbiq etməyərək iddiaçının fəaliyyət göstərdiyi təsərrüfat obyektində keçirtdiyi operativ vergi nəzarət tədbiri zamanı sonuncunun, ümumilikdə az qala 2 illik dövrü ərzində nəzarət kassa aparatına mədaxil edilən ümumi məbləğin cəminə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən maliyyə sanksiyası tətbiq etməklə vergi qanunvericiliyinin tələblərini kobud surətdə pozmuşdur. Vergi orqanı buna səlahiyyəti və hüququ olmadığı halda iddiaçının 2 illik dövrünün nəzarət-kassa aparatına vurulan dövriyyəsinə maliyyə sanksiyası tətbiq etmişdir ki, sanki operativ vergi nəzarət tədbiri deyil, səyyar vergi yoxlaması aparmışdır. Belə ki, vergi orqanına 3 il ərzində vergiləri, faizləri və maliyyə sanksiyaları hesablamaq və yenidən hesablamaq hüququ yalnız yoxlamalar çərçivəsində, yəni kameral və ya səyyar vergi yoxlamaları zamanı verilmişdir. Başqa sözlə desək, operativ vergi nəzarət tədbiri zamanı vergi orqanının əvvəlki dövrlərə görə maliyyə sanksiyasını hesablamaq hüququ həmin dövrün vergi qanunvericiliyi ilə nəzərdə tutulmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən qəbul edilmiş qərarlar əsaslı olmamışdır.Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 13.2.81-ci yarımbəndinə əsasən əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar. Həmçinin, məhkəmə qeyd etməyi zəruri bilir ki, formalaşmış məhkəmə təcrübəsinə və Ali Məhkəmənin hüquqi mövqeyinə zidd olaraq, hazırkı iş üzrə də cavabdeh tərəfindən operativ nəzarət tədbiri zamanı yalnız tədbir anında və yoxlama müddətində baş tutan əməliyyatlar üzrə deyil, operativ vergi nəzarəti tədbirindən əvvəlki dövrdə həyata keçirilmiş əməliyyatlar və satış dövriyyələri əsasında iddiaçıya maliyyə sanksiyası hesablanmışdır. Başqa sözlə, vergi orqanı operativ vergi nəzarətinin faktiki olaraq həyata keçirilmədiyi dövr ərzində baş tutmuş əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir və bu da ümumilikdə operativ vergi yoxlamasının mahiyyətinə və xarakterinə uyğun deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2023- cü il tarixli, **********7499 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar ləğv edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin iddiaçı barəsində qəbul xx.xx.2023cü il tarixli, **********7499 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar