Məhkəmə qərarları › İş №e-2-1(118)-889/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(118)-889/2025

12.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-1(118)-889/2025 12.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3, Üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı "Əlilliyə görə əmək pensiyasının yenidən ödənilməsi, ödənilməmiş qalıq məbləğin birdəfəlik verilməsi" tələbi barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbənin pensiya təyin edən komissiyasının xx.xx.1993-cü il tarixli 80 nömrəli qərarı ilə iddiaçıya İİ qrup Çernobil AES əlili kimi əmək pensiyası təyin edilmişdir. Daha sonra əmək pensiyasının yenidən hesablanmasını şöbədən xahiş etmişdir. Lakin imtina cavabı aldığı üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə qarşı Çernobıl AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar 1987-ci ildə Slavutiç şəhərinin tikintisində iştirakı zamanı aldığı əmək haqqının indeksləşdirilərək, xx.xx.2008-ci tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(85)-520/2018 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərar Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(105)-145/2018 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(102)-828/2018 nömrəli qərarı ilə apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərar xx.xx.2018-ci il tarixdə icra edilməsi üçün cavabdeh inzibati orqana göndərilmişdir. xx.xx.2018-ci il tarixdə DSMF-nun Abşeron rayon şöbəsi göstərilən məhkəmə qərarının icra edildiyini bildirmişdir. 30 iyun 2022-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondu X13n Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2-1(85)-520/2018 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2023-cü il tarixli, 2-1(105)-218/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2-1(85)- 520/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-1311/2023 nömrəli qərarı ilə təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2023-cü il tarixli, 2-1(105)-218/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Hələ yeni açılmış hallar üzrə ərizənin məhkəmənin icraatına daxil olduğu dövrdən əvvəl, 2022-ci ilin 1 yanvar tarixindən aldığı əlilliyə görə əmək pensiyası tam dayandırılmışdır. Dayandırmanın səbəbləri barədə rəsmi məlumat verilməmiş, şifahi sorğularına isə işin araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi əsas göstərilmişdir. Yalnız bunda sonra tərəfindən təqdim edilmiş əmək haqqı cədvəlləri bilə-bilə saxtalaşdırılması barədə cavabdehdə şübhələrinin olması və sözügedən faktın mötəbərliyinin müəyyən olunması məqsədi ilə X10 müvafiq sorğu göndərilməsi, ƏƏSMN-yə xx.xx.2021-ci il tarixdə daxil olmuş X9 Çerniqov bölgəsindəki Baş idarəsinin xx.xx.2021-ci il tarixli 1583 nömrəli pensiyaların təyin edilməsi (yenidən hesablanması) üçün verilmiş arayışlar üzrə iş faktının etibarlığının və əsaslığının qarşılıqlı yoxlanılması aktına əsasən, Çerniqov şəhər Şurasının Arxiv şöbəsi tərəfindən arxiv arayışı verilməməsi və imzalanmaması barədə qeydin olması ona məlum olmuşdur. Onun pensiyasının ödənilməsinin tam dayandırılmasından yarım il sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ünvanlanmışdır. Həmin ərizə təmin edilməmiş, Sosial Ödənişlərin təyinatı üzrə mərkəzi filialı yuxarı instansiya məhkəmələrinə şikayətlər verdiyindən icraat uzanmış, nəhayət 10 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin yekun qərarı qəbul edilmişdir. Lakin bu dövrdə də qanunsuz olaraq pensiyasının ödənişi həyata keçirilməmişdir. Nəhayət, xx.xx.2024-cü il tarixdə cavabdehə yazılı surətdə müraciət edərək iddiaçının 2021-ci ilin dekabr ayından dayandırılmış əlilliyə görə əmək pensiyasının ödənişlərini bərpa ediməsini və ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdəona “Vətəndaşların müraciətləri haqqında” Qanunun tələblərinə uyğun olaraq əsaslandırılmış cavab verilməmiş, müraciətin baxılmamış saxlanılması, qismən təmin edilməsi və ya rədd edilməsi barədə qərar qəbul edilməsi, müraciət edənə cavab məktubunda həmin qərardan şikayət verilməsi qaydası izah edilməmişdir. Həmçinin, telefonuna məlumat xarakterli SMS də göndərilmiş, mesajda “sizin əlilliyinizi təsdiq edən sənəd X11 aşkarlanmadı. Əlilliyinizin sistemdə yerləşdirilməsi ilə bağlı Tibbi Sosial Ekspertiza Və Reabilitasiya agentliyinə müraciət etməyiniz tövsiyyə olunur” sözləri qeyd olunmuşdur. Ona cavab məktubu deyil, məlumat xarakterli SMS göndərilmiş, ərizəsində qeyd etdiyi dayandırılmış əlilliyə görə əmək pensiyasının ödənişlərini bərpa edilməsini və ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi xahişinə heç bir münasibət bildirilməmişdir. Beləliklə, onun məhkəməyə müraciət etmək, sosial təminat almaq kimi konstitusion hüquqlarına bir növ maneə yaradılmışdır. Onun Çernobıl AES-də qəzanın nəticələrinin ləğvi ilə bağlı 2-ci dərəcə müddətsiz əlilliyinin təyin edilməsinə dair Quba rayon Həkim-Əmək Ekspert Komissiyasının vermiş olduğu xx.xx.1994-cü il tarixli arayışla təsdiqini tapır. Həmçinin 2022-ci ilin 01 yanvar tarixinədək əlilliyə görə əmək pensiyasını almağı bir daha sübut edir ki, əlilliyini sübut edən sənədlər cavabdeh orqanda olmuşdur. Həmin sənədin də altsistemdə yerləşdirilməsinə məsul olan qurum cavabdehin özüdür. Ona görə də cavabdehin ərizə üzrə aparmış olduğu icraat da qanunazidd olmaqla, bürokratik əngəllərin yaradılmasına xidmət edir. Cavadehin qanunsuz hərəkərləri nəticəsində artıq iki ildən artıqdır ki, iddiaçı pensiya almaq hüququndan faktiki olaraq məhrum edilmişdir. Pensiyası kəsilən zaman hər hansı bir icraat aparılmamış, bu barədə ona heç bir məlumat verilməmiş, pensiyanın təyin edilməsi dövründə qəbul edilmiş qərar da ləğv edilməmişdir. Əmək pensiyasının dayandırılması zamanı cavabdeh tərəfindən inzibati akt qəbul edilməmiş, ümumiyyətlə, pensiyanın dayandırılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edilməmiş, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılmamış, inzibati icraatda iştirakım təmin olunmamış, həmçinin dinlənilmə hüququm təmin edilməmiş, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilməsi həyata keçirilməmiş, başqa sözlə, aparılan icraat “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparılmamışdır. Yəni, cavabdeh inzibati orqan məni inzibati icraata dəvət etmədən, araşdırmanı mənim iştirakımla aparmadan, mənim məzmununa etimad göstərdiyim pensiya təyinatı ilə bağlı inzibati aktı qüvvədə olduğu halda, onun icrasının dayandırılması barədə ayrıca inzibati akt qəbul etmədən, bununla da, pensiya təyinatı üzrə ödənişin dayandırılması barədə faktiki xarakterli hərəkətlər etməklə mənim qanunla qorunan pensiya təminatı hüququma qanunsuz olaraq müdaxilə etmişdir. Pensiya ödənişinin dayandırılması barədə məsələni həll edən zaman cavabdeh həm “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır. Mənim pensiyama nə əlavə hesablanmamışdır, nə də pensiya təyin olunan zaman isə onun verilmə şərtlərinə uyğun olmayan hal müəyyən edilməmişdir. Beləliklə, nə “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması ilə bağlı normasının, nə də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə alın6mamışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, məhkəmə tərəfindən hüquqi yardım edilmiş, mümkün hüquq müdafiə vasitələri izah edilmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli 2-1(85)-520/2018 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 09 fevral tarixli 2-1(105)-145/2018 nömrəli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin qeyd olunan qərarından kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin İnzibati-İqtisadi Kolegiyasının 22 may 2018-ci il tarixli 2-1(102)- 828/2018 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 fevral tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İşin faktiki hallarına əsasən Şöbənin pensiya təyin edən komissiyasının xx.xx.1993cü il tarixli 80 nömrəli qərarı ilə xx.xx.1959-cı il təvəllüdlü İddiaçı İİ qrup ÇAES əlili kimi pensiya təyin edilmişdir. A.lskəndərovun şöbəyə daxil olmuş arxiv arayışı əsasında 1987-ci il avqust ayı üzrə 9161,18 rubl, sentyabr ayı üzrə 7412,53 rubl və oktyabr ayı üzrə 7915,27 rubl əməkhaqqı əsas götürülməklə əmək pensiyası yenidən hesablanmışdır. Digər aylara münasibətdə əməkhaqqı cədvəlləri qeyd edilməmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli 2-1(85)- 520/2018 nömrəli qərarı icra edilmişdir. Lakin 2021-ci ildə bir çox şəxslərə münasibətdə pensiya işlərinin monitorinqi aparılmış və təqdim olunmuş arayışın yoxlanılması məqsədilə X10 sorğu ünvanlanmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə xx.xx.2021-ci il tarixdə daxil olmuş X9 Çerniqov bölgəsindəki Baş İdarəsinin xx.xx.2021-ci il tarixli 1583 nömrəli pensiyaların təyin edilməsi (yenidən hesablanması) üçün verilmiş arayışlar üzrə iş faktının etibarlılığının və əsaslılığının qarşılıqlı yoxlanılması aktına əsasən Çerniqov şəhər Şurasının Arxiv şöbəsi tərəfindən arxiv arayışı verilməmiş və imzalanmamışdır. Bundan əlavə A.lskəndərovun müvafiq sənədlərinin saxtalaşdırılması yolu ilə yüksək məbləğdə pensiya alması faktına hüquqi qiymətin verilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq materiallar Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən E.Eyvazovun 2017- 2021-ci illər ərzində bank kartına 175.500,53 manat pul vəsaitinin əsassız olaraq köçürülməsi və nağdlaşdırılması barədə 02/2-280c-21 saylı material üzrə cinayət işinin başlanması haqqında qərar qəbul edilmişdir. Daxil olmuş materiallar əsasında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində cinayət işi açılaraq istintaqı aparılır. Məhz sözügedən hallara əsasən, iddiaçıya təyin edilmiş əlilliyə görə pensiyanın ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmış və iş aydınlaşdırma mərhələsindədir. Əlavə olaraq inzibati orqan öz səlahiyyəti çərçivəsində pensiya ödənişini dayandırmağa haqlıdır. Xüsusən o halda ki, “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Sözügedən maddədə “qanunda başqa hallar nəzərdə tutulmamışdırsa’’ ifadəsindən istifadə edilir. Yəni inzibati orqan qanunla birbaşa nəzərdə tutulan hallarda maraqlı şəxsləri və ya onun nümayəndələrini dinləməkdən imtina edə bilər. Həmin hallar “İnzibati icraat haqqında” Qanunun 21.3-cü maddəsi ilə tənzimlənir. Belə ki, həmin maddənin tələblərinə əsasən inzibati orqan aşağıdakı hallarda maraqlı şəxsl&ri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. Yuxarıdan qeyd edilən hallardan ikisi, yəni ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti və ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi sosial münasibətlər sferasının bir qolu olan pensiya hüquq münasibətlərinin təminatını həyata keçirən inzibati orqanların praktikasında bir qayda olaraq rast gəlinən hallardır. Bu baxımdan nəzərə alınmalıdır ki, ictimai və dövlət maraqlarının qorunması cəmiyyətin və dövlət hakimiyyəti strukturlarının başlıca məqsədlərindən biridir. Çünki hər iki amil bütöv toplum üçün vacib əhəmiyyət daşıyır. İctimai maraq konkret fərdin deyil, çoxluğun marağını üstün sayan anlayışdır, bu maraq da dövlət maraqları ilə birbaşa bağlı olmaqla dövlət orqanları tərəfindən müdafiə olunmalıdır. Həmçinin sosial təminat hüququnun məzmununa nəzər salsaq, həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Bundan əlavə, yuxarıda qeyd etdiyimiz kimi, “İnzibati icraat haqqında" Qanunun 21.3.4-cü maddəsi icazə verir ki, şəxslərə münasibətdə qəbul edilmiş inzibati aktlar, yəni ümumi xarakterli sərəncamlar və ya avtomatik qurğuların vasitəsilə və ya çoxlu sayda identik məzmunlu inzibati aktların qəbul edilməsi zamanı inzibati orqan dinləmədən imtina etsin. Qanunda belə bir müddəanın nəzərdə tutulması zərurətdən irəli gəlir. Pensiya hüquq münasibətləri çərçivəsindən yanaşdıqda, bu kateqoriyadan olan şəxslərin dairəsi geniş olduğu üçün həmin şəxslərin hamısının dinləmək faktiki cəhətdən mümkün olmur. Eyni zamanda hesab edirik ki, formal (prosessual) hüquqi təlablərin pozulmasına görə inzibati akt o zaman lağv olunmalıdır ki, hamin pozuntu qarara təsir etsin, yəni həmin tələblərə riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Odur ki, maddi hüquq normaları cəhətdən şəxslərə pensiya təyinatı düzgün aparılmadığı və ya düzgün hesablanmadığı hallarda inzibati orqanın yenidən hesablama barədə mübahisələndirilən qərarları formal tələblərin (prosessual) gözlənilməməsi əsası ilə ləğv edilə bilməz. Hesab edirik ki, sözügedən işdə məhkəmə müdaxilənin qanunuliyi məsələsinə onun mütənasibliyi (ədalətli tarazlığa riayət edilməsi) ilə bir yerdə qiymət verməlidir. Belə ki, vətəndaşın hər hansı pozulmuş hüququnun bərpasına xidmət etməyən qərarlar, eyni zamanda dövlət büdcəsindən səmərəsiz istifadəyə gətirib çıxarır. Qanunsuz əlverişli inzibati aktın ləğvi ilə əlaqədar: “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən inzibati orqan tərəfindən maraqlı şəxslərin əlverişli mövqeyinə olan etimadı qorunmalıdır. Buna görə də qanunverici məhkəmələrə tam səlahiyyət verir ki, 67.5-ci maddənin ilkin şərtlərinin ödənilib- ödənilmədiyini yoxlasınlar. Başqa sözlə qanunsuz əlverişli inzibati akt “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları nəzərə alınmaqla ləğv edilə bilər. Bu müddəalarda müəyyən edilmiş qanunçuluq və hüquqi sabitlik, yəni etimad hüququnun qorunması prinsipləri arasında ortaq mövqe tapılmalı və bu iki prinsipin izlədiyi mövqe tarazlaşdırılmaqla qərar qəbul edilməlidir. Bu nöqteyi-nəzərdən yanaşdıqda görürük ki, 67.5- ci maddədə etimad hüququna istinad edilə bilməyən hallan müəyyən edən şərtlər də nəzərdə tutulur. Məhkəmələr təyin edilmiş əmək pensiyasının dayandırılması barədə qərarlar qəbul edərkən həmin istisna halları da hər bir halda nəzərə almalıdırlar. Sözügedən maddənin məzmununun təhlili nəticəsində belə bir qənaətə gəlmək olar ki, aşağıda göstərilən iki halda qanunsuz əlverişli inzibati akt ləğv edilə bilər:

1. həmin inzibati akt başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına ziyan vurduqda;

2. həmin inzibati akt dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurduqda. Bundan başqa, “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsinə əsasən aşağıdakı hallarda da maraqlı şəxs etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Eyni zamanda etimad hüququnun qorunması prinsipi beynəlxalq hüquqda hamılıqla qəbul olunmuş “bona fides” prinsipinə əsaslanan, ondan irəli gələn bir prinsipdir. Qanunvericilikdə “vicdanlılıq” kimi qeyd olunan həmin prinsip, əslində latınca "bona fides", yəni yaxşı niyyəti ifadə edən anlayış qismində qəbul olunur. Hüquqi anlamda vicdanlılıq iki formada -“qanunsuzluğu bilməmə” və “dürüst davranma” formasında ifadə olunur. “Qanunsuzluğu bilməmə” maraqlı şəxsin normal diqqət göstərdiyi halda belə qanunsuzluğu bilməməsini ifadə edir. “Dürüst davranma” isə hüquqi münasibətlərdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1 -ci maddəsində təsbit edilmiş qaydada davranışın həyata keçirilməsini ehtiva edir. Belə ki, qeyd edilən normaya əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və həmin Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmçinin şəxsin dürüst davranma öhdəliyi qanunun müvafiq normalarının təfsirində, şəxsin iradə ifadəsinin və açıqlamasının qiymətləndirilməsində, hüquqdan suiistifadənin müəyyən edilməsində böyük əhəmiyyətə malikdir. Həm dürüst davranma öhdəliyi, həm də hüquqdan sui-istifadənin yolverilməzliyi hüququn ümumi prinsipləri olduğuna görə, məhkəmələr əmək pensiyasının qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablanması (pensiya məbləğinin azaldılması ilə nəticələnmiş yenidən hesablama qərarının qəbul edilməsi) ilə bağlı işlərə baxılması zamanı “etimadın qorunması” prinsipinə və etimadın qorunması hüququnu istisna edən halların mövcud olmadığına istinad edərkən qeyd edilənləri nəzərə almalıdırlar. Belə ki, dövlətin maraqlarına toxunan qanunsuz inzibati aktın hüquqi nəticələrinin ömürlük bərpa edilməsi haqqında nəticəyə gəlinməsi düzgün yanaşma kimi qəbul olunmamalıdır. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iştirak etmiş, etirazı müdafiə etmişdir. "Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi" X13 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxsin 04 avqust 2025-ci il tarixli, 3-17-4/2-19801/2025 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyəti barədə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində məlumat aşkar edilməmişdir. Bununla əlaqədar, Agentliyin arxiv sənədləri arasında araşdırılmış və vətəndaşa dair xx.xx.1993-cü il tarixli Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəbindən bir il müddətinə ikinci dərəcə ilkin və xx.xx.1994-cü il tarixli Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəbindən ikinci dərəcə müddətsiz təkrar TSEK arayışları aşkar edilmişdir. Sənədlər həmin dövrlərin protokolları ilə üzləşdirilmiş və məlumatlar eynilik təşkil etmişdir. Lakin Çernobıl AES-də baş vermiş qəzanın ləğvi işləri ilə əlaqələndirilməsi üzrə Səhiyyə Nazirliyinin Respublika X1 rəyi, həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirmə reyestr”ində vətəndaş barədə məlumat olmadığından, əlillik məlumatlarının "Əlillik" altsisteminə daxil edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi X4 iştirak etmiş, izahatında bildirmişdir ki, iddiaçının əlillik vəziyyəti barədə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində məlumat aşkar edilməmişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 05 saylı qərarınının 1.1.-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə, iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Ali Məhkəmənin Plenum Qərarında həmçinin vurğulanır ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (6.1, 6.2 və 7-ci bəndlər). Nəzərə almaq lazımdır ki, iddianın mümkünlük şərtləri prosessual qanunvericiliyin tələblərindən irəli gəlir və mümkünlük şərtləri yoxlanılarkən həmçinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olub-olmaması da müəyyən olunmalıdır. Belə ki, qeyd edilən məhkəmə aktının olması iddianın mümkünlüyünə təsir edən faktordur. İnzibati iş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(85)-520/2018 nömrəli qərarı ilə iddiaçı X6 cavabdeh DSMF-nun Abşeron rayon şöbəsinə qarşı iddiaçının Çernobıl qəzasının nəticələrinin ləğvi ilə əlaqədar 1987-ci ilə Slavutiç şəhərinin tikintisində iştirakı zamanı aldığı əmək haqqını indeksləşdirərək, xx.xx.2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası təmin edilmiş, həmin qərar Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(105)- 145/2018 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(102)-828/2018 nömrəli qərarı ilə apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ərizəsi Sumqayıt İnzibati Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2-1(85)-520/2018 saylı qərardadı ilə təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2023-cü il tarixli, 2-1(105)-218/2023 saylı qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1311/2023 saylı qərardadı ilə apellyasiya instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 saylı Qərarında qeyd olunmuşdur ki, İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. İPMin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Məhkəmə qərarının preyudisiallığı prinsipi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı) Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2020-ci il 14 fevral tarixli Qərarı) Təqdim edilmiş inzibati icraat materiallarından görünür ki, iddiaçıya təyin edilmiş əlilliyə görə pensiyanın ödənişi Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində cinayət işinin açılması ilə əlaqədar olaraq xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 116.2-ci maddəsinə əsasən, məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. Həmin Məcəllənin 120.1-ci maddəsinə əsasən, bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi inzibati məhkəmə icraatı iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Həmin Məcəllənin 120.2-ci maddəsinə əsasən, bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Məhkəmə hesab edir ki, icraya yönəldilmiş məhkəmə qərarı mövcud olduğundan və mübahisənin yaranmasının əsası həmin qərarın icrası ilə bağlı olduğundan, hazırkı işə ayrıca iddia tələbi kimi deyil, məhkəmə qərarının icrasına nəzarət qaydasında baxılmalıdır. İddiaçının əlillik məlumatlarının “Əlillik” altsistemində aşkar edilməməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının əlillik məlumatlarının “Əlillik” altsisteminə daxil edilməsi ilə bağlı "Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi" X12 müraciət etmək, inzibati orqanın imtina və ya hərəkətsizliyindən məhkəmədə iddia qaldırmaq hüququ vardır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar