Məhkəmə qərarları › İş №e-2-1(118)-944/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-944/2022

20.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-944/2022 20.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı Oktay oğlunun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Oktay oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********7382 nömrəli qərarının ləğv edilməsi tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Oktay oğlu cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia qaldıraraq “cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********7382 nömrəli qərarının ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı aidiyyəti üzrə vergi orqanında vergi ödəyicisi kimi qeydiyyata alınmış və ona VÖEN: ********** verilmişdir. İddiaçı kənd təsərrüfatı məhsullarının idxalı və ixracı fəaliyyət növü üzrə pərakəndə satışla məşğul olur və heç bir mövcud qanunvericilik və qadağan olunmuş fəaliyyəti yoxdur. Eyni zamanda iddiaçının sahibkarlıq fəaliyyəti dövründə heç bir vergi ödənilməsindən yayınma faktları aşkarlanmamışdır. İddiaçı barəsində tərtib edilmiş akt və onun əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********7382 nömrəli vergi məsuliyyətinə cəlb edilməsi qərarı düzgün tərtib edilməmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli **********7382 nömrəli vergi məsuliyyətinə cəlb edilməsi qərarı poçt vasitəsilə xx.xx.2022-ci il tarixdə rəsmi qaydada çatdırılmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsi kimi qeyd olunmuşdur. Hazırki mübahisə üzrə iddiaçı tərəfindən vergi qanunvericiliyinin tələbinə əsasən gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotu aparılır. Həmin Məcəllənin 16.1.11-6. aşağıdakı şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsi olaraq qeyd olunmuşdur. Həmin Məcəllənin 16.1.11-7-ci maddəsinə əsasən pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti zamanı malların (işlərin, xidmətlərin) alıcılarına onların tələbinə əsasən nəzarət-kassa aparatının çeki ilə yanaşı elektron qaimə- faktura təqdim etmək, yuxarıda 16.1.11-6-cı maddəyə əsasən istisna təşkil edir. Həmin maddənin tələbindən də açıq görünür ki, əgər alıcı tərəfindən elektron qaimə tələb olunduğu halda elektron qaimə-faktura təqdim etmək vəzifəsi vergi ödəyicisinin üzərinə qoyulmuşdur. Azərbaycan Respbublikası Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən Bu Məcəlləyə əsasən elektron qaimə- faktura təqdim edilməli olduğu halda malların elektron qaiməfaktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmin maddənin tələbinə əsasən elektron qaimə-faktura tələb edilməli olduğu halda tələb edilməkdə VM-nin 58.13- cü maddəsinin tərkib hissəsi yaranır və yalnız bu halda vergi ödəyicisinə qarşı sanksiya tətbiq edilə bilər. Hazırki halda isə, mübahisələndirilən qərar qəbul olunarkən cavabdeh tərəfindən, vergi ödəyicisinə malların satışı zaman alıcının elektron qaimə tələb etməsi faktını təsdiq edən sübutlar vergi ödəyicisinə təqdim edilməmişdir. X3 orqanı tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, seriya DVX № 002471 nömrəli aktda qeyd olunmuşdur ki, 1483538.60 manat dəyərində malin ayrı-ayrı vergi ödəyicisinə satılması faktı qeyd olunsa da, həmin vergi ödəyicilərinin kim olduğu, həmin vergi ödəyicilərinin, adı, soyadı, atasının adı və VÖEN nömrəsi qeyd olunmamışdır. Hesab edirəm ki, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozması faktı barədə akt, dəqiq səlis və aydın tərtib edilməlidir. Bu xüsusat, həmin aktın qeyd hissəsində öz əksini tapmışdır. Bu da öz-özlüyündə tərtib edilmiş aktın və bunun nəticəsində qəbul edilmiş qərarın ləğvinə gətirib çıxarır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil Şahmar oğlu iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd olunmuşdur ki, iddia ərizəsində qanun pozuntusu halına yol verilmədiyi göstərilərək Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən tətbiq edilmiş 1483538,60 manat məbləğində maliyyə sanksiyasının əsassız olduğunu bildirilmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi dəlillər vergi qanunvericiliyinin tələblərinə uyğun olmadığına görə əsassız hesab edirlər. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********4919 nömrəli qərarına əsasən iddiaçının Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Xoçasən yolu 57 ünvanında yerləşən təsərrüfat subyektində (anbarında) malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı iddiaçı tərəfindən ümumi dəyəri 14835386,0 manat məbləğində olan malların elektron qaimə-faktura təqdim edilmədən satışının həyata keçirildiyi müəyyən edilərək qanun pozuntusu faktı xx.xx.2021-ci il tarixli akt tərtib edilməklə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 454-VQD nömrəli qanunu ilə Vergi Məcəlləsinə əlavə edilmiş və xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş 13.2.63-cü maddəyə əsasən topdansatış-malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti hesab edilir. Eyni zamanda həmin qanunla Vergi Məcəlləsinə əlavə edilmiş 71-1-ci maddəyə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim etməlidir: 71-1.1.1. bu Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 71-1.5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda - mallar göndərilən (verilən) vaxt; 71-1.1.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə - malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində; 71-1.1.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə - işlərin görüldüyü xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində; 71-1.1.4. bu Məcəllənin 71-1.5.2-ci, 71-1.5.3-cü və 71-1.5.6-cı maddələrində nəzərə tutulmuş hallarda - malların qaytarıldığı və vergi tutulan dövriyyənin dəqiqləşdirildiyi vaxtdan 3 gün müddətində. 71-1.2. Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeyd edilənlərə əsasən topdansatış fəaliyyəti göstərən iddiaçının pərakəndə satış qaydasında və həmçinin də vergi uçotu olmayan alıcılara ödəniş çeki verilməklə malları təqdim etməsi istinad edilən qanunvericilik normalarının tələblərinin pozulmasıdır və Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə iddiaçı qanuni olaraq vergi məsuliyyətinə cəlb edilmişdir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinin sanksiyasına görə malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiqi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən ümumi dəyəri 14835368,0 manat dəyərində olan malların elektron qaimə-faktura təqdim edilmədən satışına təqvim ili ərzində belə hala birinci dəfə yol verilməsinə görə təqdim edilmiş malların satış qiymətinin 10 faizi miqdarında 1483538,60 maliyyə sanksiyası tətbiq edilmişdir. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı malların topdansatışı fəaliyyəti ilə məşğuldur və malları təqdim edərkən Vergi Məcəlləsinin 13.2.63-cü və 71-1-ci maddələrinin tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi haqqında xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, iddiaçıdan “Nəzarət kitabçası, malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasını və ya mədaxilini, malların elektron qaimə-faktura əsasında təqdim edilməsini, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsini təsdiq edən sənədlər və digər zəruri vəsaitlərin təqdim olunması haqqında tələbnamə göndərilmişdir. - “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaiməfaktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında DVX seriyalı, 002471 saylı, 16 noyabr 2021-ci il tarixli aktdan görünür ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı Oktay oğlunun fəaliyyəti üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2021-ci il tarixdə saat 12:00-da vergi ödəyicisinə məxsus obyektdə heç bir mal qalığının mövcud olmadığından ümumi dəyəri 14835380 manat olan malların elektron qaimə faktura əsasında təqdim edilməli olduğu halda (topdansatış fəaliyyəti) pərakəndə qaydada təqdim edildiyinin müəyyən olunması barədə akt tərtib edilmişdir. - “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********7382 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, görünür ki, İddiaçı Oktay oğlu Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 1483538,60 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. İş materialları ilə müəyyən olunur ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı Oktay oğlunun fəaliyyəti üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2021-ci il tarixdə saat 12:00-da vergi ödəyicisinə məxsus obyektdə heç bir mal qalığı mövcud olmadığından ümumi dəyəri 14835380 manat olan malların elektron qaimə faktura əsasında təqdim edilməli olduğu halda (topdansatış fəaliyyəti) pərakəndə qaydada təqdim edildiyinin müəyyən olunması barədə akt tərtib edilmişdir. Həmin akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********7382 saylı xx.xx.2021-ci il tarixli qərar qəbul olunmuş və iddiaçı 1483538,60 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Cavabdeh vergi orqanı tərəfindən iddiaçının vergi məsuliyyətinə cəlb edilməsinin əsası kimi onun Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaiməfaktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsi göstərilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın mübahisələndirilən qərarı əsassız olduğundan ləğv edilməlidir. Belə ki, məhkəmə ilkin olaraq qeyd edir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********7382 saylı xx.xx.2021-ci il tarixli qərarı qanunvericiliyin tələblərinə uyğun olmayaraq qəbul edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən həmin məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququ olaraq müəyyən edilmişdir. Həmin məcəllənin 50.2-ci maddəsinə əsasən operativ vergi nəzarətinin həyata keçirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Göründüyü kimi qanunverici vergi orqanına operativ vergi nəzarətini həyata keçirmək səlahiyyətinin diskression sərhədlərini Vergi Məcəllənin 50.2-ci maddəsi ilə məhdudlaşdırmışdır. Lakin hazırkı işdə Vergi Məcəllənin 50.2-ci maddəsində göstərilən əsasları vergi orqanı özünün “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********7382 saylı xx.xx.2021-ci il tarixli Qərarında əsaslandırmamış, eyni zamanda məhkəmə prosesi gedişində də bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, Operativ vergi nəzarətinin qanunvericiliyin tələblərinə uyğun təyin edilməməsindən başqa, Operativ vergi nəzarətinin aparılması da qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Belə ki, operativ vergi nəzarətinin mahiyəti və məqsədi Vergi Məcəlləsinin 50.1-ci maddəsi ilə müəyyən edilmişdir. 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.2. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; 50.1.2-1. nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyriqanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət edilməsi; 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.4. valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi; 50.1.6. xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi; 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.1.8. istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi; 50.1.9. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara əməl olunmasına nəzarət edilməsi; 50.1.10. bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; 50.1.12. pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi; 50.1.14. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi. Göründüyü kimi operativ vergi nəzarətinin mahiyyəti nəzarət həyata keçirilən dövrdə vergi ödəyicisi tərəfindən yuxarıda sadalanan halların aşkar edilərək müəyyən edilməsindən ibarətdir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi, cavabdeh vegri orqanı yoxlamanı qanunsuz təyin etmiş, yoxlama zamanı araşdırmalı olduğu halları araşdırmayaraq, qanunvericiliyin tələblərinə uyğun omlayan yoxlama keçirilmiş və eyni zamanda müəyyən etdiyi halları düzgün qiymətləndirməyərək əsassız qərar qəbul etmişdir. Belə ki, vergi orqanı qeyd edir ki operativ vergi yoxlaması zamanı iddiaçı ümumi dəyəri 14835380 manat məbləğində malların elektron qaimə-faktura təqdim etmədən satışının olması müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən elektron qaiməfaktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən qanun pozuntusuna yol verildiyi üçün barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********7382 saylı xx.xx.2021-ci il tarixli nömrəli qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, vergi orqanının gəldiyi bu nəticədə əsaslı hesab edilə bilməz. Vergi orqanının iddiaçıya maliyə sanksiyası tətbiq etməsinin hüquqi əsasını Vergi Məcəlləsinin 58.13-cü maddəsi təşkil edir. Həmin normaya əsasən bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Vergi orqanı hesab etmişdir ki, vergi ödəyicisi elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilmişdir. Halbuki, vergi orqanı vergi ödəyicisinin elektron qaimə-faktura təqdim etməli olduğu halı düzgün müəyyən etməmişdir. Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin məcəllənin 13.2.63-cü maddəsinə əsasən topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin məcəllənin 16.1.11-7-ci maddəsinə əsasən pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti zamanı malların (işlərin, xidmətlərin) alıcılarına onların tələbinə əsasən nəzarət-kassa aparatının çeki ilə yanaşı, qaimə-faktura və ya elektron qaiməfaktura və ya elektron vergi hesab-faktura təqdim etmək vergi ödəyicisinin vəzifəsi olaraq müəyyən edilmişdir. Göründüyü kimi pərakəndə ticarət fəaliyyəti zamanı malların (işlərin, xidmətlərin) alıcılarına onların tələbinə əsasən nəzarət-kassa aparatının çeki ilə yanaşı, elektron elektron vergi hesab-faktura təqdim etmək vergi ödəyicisinin vəzfəsi olaraq müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, maliyyə sanksiyası tətbiq olunmuş dövriyyə ilə bağlı iddiaçıdan elektron vergi hesab-faktura tələb edilməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Cavabdeh inzibati orqan operativ vergi yoxlaması zamanı iddiaçı ümumi dəyəri 14835380 manat məbləğində malların elektron qaimə-faktura təqdim etmədən satışının olmasını topdan satış kimi qiymətləndirmiş, lakin bu qiymətləndirmənin hüquqi əsasını göstərə bilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********7382 nömrəli Qərar ləğv edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********7382 nömrəli Qərarı ləğv edillsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar