Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-1(118)-9562/2025 28.01.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ X4 Təşəkkül oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, Qeydiyyat və Reyestr Baş İdarəsinə qarşı “sənədlərin alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, Qeydiyyat və Reyestr Baş İdarəsinə qarşı “sənədlərin alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının hüquqi marağı mərhum atasından miras qaldığını iddia etdiyi daşınmaz əmlaklara aid vərəsəlik sənədlərinin və qohumuna aid tərtib edilmiş iddia etdiyi saxta sənədlərin alınmasından ibarətdir. İddiaçı tərəfindən mübahisəli əmlaklarla bağlı hər hansı hüquqmüəyyənedici sənədlər təqdim etməmişdir. Məhkəmə prosesində müvafiq sənədlərin hansı qaydada, hansı orqanlardan alınmasına dair iddiaçıya hüquqi yardım göstərilmiş, lakin iddiaçı iddia tələbinə mahiyyəti üzrə baxıb qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iddiaçının təqdim etdiyi 2 saylı Sumqayıt regional “ASAN” xidmət mərkəzində Notariat Ofisinin 643 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçı xx.xx.2009-cu ildə vəfat etmiş X1 vərəsələri sırasına daxil edilmişdir. Sözügedən Notariat ofisi tərəfindən İsmayıllı rayonu, Quşencə kəndi ünvanda yerləşən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin verilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin İsmayıllı rayon şöbəsindən istənilmişdir. Göründüyü kimi iddiaçının notariusla əlaqədar hüquqları müvafiq notariat orqanları tərəfindən tanınmışdır. İddiaçı iddia edir ki, torpaq sahəsi atasına məxsus olmuş və sözügedən torpaq sənədləri saxtalaşdırılaraq əmisi oğlunun adına rəsmiləşdirilmişdir. İddiaçının iddia etdiyi sənədlərin saxtalaşdırılması məsələsinin aydınlaşdırılması üçün iddiaçı tərəfindən mübahisəli daşınmaz əmlaklar haqqında daşınmaz əmlakın dövlət reystrini qeydə alan orqana müracitlərindən sonra öz həllini tapa bilər. Bu səbəbdən iddiaçının indiki halda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, Qeydiyyat və Reyestr Baş İdarəsinə hansı müraciətinin öz həllini tapmaması məlum deyildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, Qeydiyyat və Reyestr Baş İdarəsinin xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, iddiaçının notariat orqanlarına aidiyyəti müraciətləri cavablandırılmışdır. Belə olan halda iddiaçının iddia etdiyi qeyri-müəyyən sənədlərin baş idarədən alınması anlaşılan deyildir.İddiaçının mərhum atasının vərəsəlik işi ilə əlaqədar müvafiq Notariat ofisi tərəfindən zəruri notariat hərəkətlərinin aparılması həyata keçirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,"Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Eyni zamanda müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. X5
Məhkəmə qərarları › İş №e-2-1(118)-9562/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(118)-9562/2025
28.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver