Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-968/2024 11.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “İddiaçı “Enerqoservis” şirkətinin qanuni təmsilçisi kimi Dövlət Vergi Xidmətində qeydiyyatının etibarsız hesab edilməsi və elektron sistemindən bu barədə qeydin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına məhkəmənin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı məhkəməyə ilkin olaraq müraciət edib İddiaçı “Enerqoservis” şirkətinin qanuni təmsilçiliyindən çıxarılması və Vergilər Nazirliyinin sistemindən bu barədə qeydin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbini dəqiqləşdirərək, yuxarıda qeyd edildiyi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ədliyyə Nazirliyi tərəfindən xx.xx.1995-ci il tarixində 25331 saylı şəhadətnamə ilə “Enerqoservis” tam ortaqlıq təsərrüfatı dövlət qeydiyyatına alınmışdır.“Enerqoservis” şirkətinin xx.xx.2005-ci il tarixində nizamnaməsinin 1-ci bölməsinin 1.3 cü bədində olunan dəyişikliyə görə müəssisənin təsisçisi X1 qeydə alınmışdır.Hazırda Hüquqi şəxslərin dövlət reyestrində olan açıq məlumatlara görə Ədliyyə Nazirliyi tərəfindən xx.xx.1995-ci il tarixində 25331 saylı şəhadətnamədə dövlət qeydiyyatına alınmış “Enerqoservis” şirkəti “digər kommersiya təşkilatı” hüquqi-təşkilati formasındadır və qanuni təmsilçisi qismində İddiaçı qeyd olunmuşdur.xx.xx.2023-cü il tarixində iddiaçı tərəfindən Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə xx.xx.1995-ci il tarixli 25331 saylı şəhadətnamə üzrə dövlət qeydiyyatına alınmış “Enerqoservis" şirkətində qanuni təmsilçi kimi İddiaçı heç bir hüquqi əsası olmadığı səbəbdən “Enerqoservis” şirkətinin qanuni təmsilçisi qeydini Hüquqi şəxslərin dövlət reyestrində olan açıq məlumatlardan çıxarılması barədə müraciət olunmuşdur. Həmin dövlət orqanının 16 may 2023-cü il tarixli cavab məktubuna əsasən ərizə təmin edilməmişdir. Ona görə də məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə dəqiqləşmə və əlavə verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixində baş tutan hazırlıq iclasında vergi orqanının nümayəndəsi cavabdeh qismində özünün deyil, hüquqi şəxsin təsisçisinin vərəsələrinin göstərilməli olduğunu iddia etmişdir. Eyni mövqeni cavabdeh iddiaçının ərizəsinə verilən məktubunda da qeyd etmişdir. Məktubda cavabdeh həmçinin göstərir ki, şirkətin qeydiyyat məlumatlarında dəyişikliyin edilməsi üçün təsisçilərin ümumi yığıncağının qərarı (təsisçi və ya təsisçilər vəfat edibsə vərəsələrin ümumi yığıncağının qərarı) və yeni direktorun şəxsiyyət vəsiqəsinin surəti müvafiq ərizəyə əlavə edilərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə təqdim edildikdə məsələyə qanuna müvafiq baxılacaqdır.Bununla bağlı hesab edir ki, bu mübahisənin yaranmasında səbəbkar vergi orqanının özü olmaqla o qanunsuz olaraq iddiaçının ərizəsini təmin etməmişdir.Belə ki, Ədliyyə Nazirliyi tərəfindən xx.xx.1995-ci il tarixində 25331 saylı şəhadətnamə ilə “Enerqoservis” tam ortaqlıq təsərrüfatı dövlət qeydiyyatına alınmışdır. Lakin sonradan tam ortaqlıq təsərrüfat cəmiyyətinin təsisçilərindən biri ortaqlıqdan çıxdığından cəmiyyətin hüquqi təşkilati forması xx.xx.2005ci il tarixində dəyişilməyə məruz qalaraq “Enerqoservis” tam ortaqlıq cəmiyyəti “digər kommersiya təşkilatı” hüquqi-təşkilati formasına keçirilmişdir. Buna əsas Mülki Məcəllənin 81.1-ci maddəsinin tələbləri olmuşdur.Həmin maddəyə əsasən, tam ortaqlıq hu Məcəllənin 59-cu maddəsində göstərilən əsaslar üzrə, habelə ortaqlıq da yeganə bir iştirakçının qaldığı halda ləğv edilir. Həmin iştirakçının ixtiyarı var ki, ortaq lıqda yeganə iştirakçı kimi qaldığı andan altı ay ərzində ortaqhğı bu Məcəllədə müəyyənləşdirilmiş qaydada təsərrüfat cəmiyyətinə çevirsin."Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" xx.xx.2003-cü il tarixli 560-İİQ nömrəli Azərbaycan Respublikasının Qanununun hazırda qüvvədə olan 5.2-ci və yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatım tənzimləyən 5-1-ci maddəsində ərizənin qanuni təmsilçi (qanuni təmsilçilər) tərəfindən imzalanmalı olması müddəasının həmin dövrdə müvafiq normada təsbit olunmaması hüquqi şəxsin dövlət qeydiyyatı və elektron dövlət qeydiyyatı zamanı təsisçi tərəfindən qanuni təmsilçi kimi təyin edilən şəxsin razılığının alınması tələbini istisna edir. Bu da öz növbəsində şəxsin razılığı olmadan onun qanuni təmsilçi qismində təyin edilməsi ilə nəticələnir, faktiki olaraq onun sərbəst iradə ifadəsinə zidd olur ki, bu insan və vətəndaş konstitusion hüquq və azadlıqlarının da pozuntusudur.Bununla belə İddiaçı və “Enerqoservis” şirkətinin hər-hansı iştirakçısı və ya müvafiq nümayəndəsi arasında qanuni təmsilçi vəzifəsinə İddiaçı təyin edilməsi barədə heç bir müqavilə və ya başqa bir sənəd imzalanmayıb. Hansı əsaslarla İddiaçı “Enerqoservis” şirkətinin qanuni təmsilçisi qismində Hüquqi şəxslərin dövlət reyestrində olan açıq məlumatlarda şəxsi məlumatlarının qeyd olunması iddiaçıya məlum deyil.Bundan başqa, ona məxsus 26 may 1977-ci il tarixli N-0514767 saylı əmək kitabçanın surətini təqdim edərək bildirir ki, xx.xx.1977-ci ildən xx.xx.2017-ci ilə qədər olan müddət ərzində müxtəlif dövlət qurumları və müəssisələrdə rəsmi olaraq əsas iş yeri kimi qeydiyyata alınaraq işləmiş, lakin, qeyd olunan əmək kitabçasında İddiaçı “Enerqoservis” şirkətinin direktoru (qanuni təmsilçisi) vəzifəsinə təyin olunması barədə qeyd yoxdur. Daha sonra sözü, gedən şirkətin təsisçisi X2 vəfat etmiş, vərəsələri isə mirası qəbul etməmişlər. İddiaçının nümayəndəsi məhkəmə iclasında qeyd etdiyi kimi rəqəmsal imza forması olan “asan imza” qanunvericiliklə istifadəyə verilənə qədər hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı istənilən şəxsi qanuni təmsilçi kimi qeydə almaq mümkün olub. Belə qurbanlardan biri də iddiaçı olmuş, onun razılığı olmadan adından istifadə edilməsinə məhz vergi orqanının səhlənkarlığı səbəb olmuşdur. Cavabdehin bu hərəkətləri hazırda onun hüquqlarını pozmaqdadır. Bundan başqa, cavabdeh məhkəmə iclası zamanı maraqlı şəxs olduğunu, məhz onun şirkətin təsisçisinin vərəsələrini mirası qəbul etməyə məcbur etməli olduğunu bildirmişdir. Lakin, məhkəmədə də qeyd etdiyi kimi vərəsələrin mirası qəbul edib-etməməsini onun üzərinə vəzifə olaraq qoymaq zəif tərəf olaraq hüquqlarını pozur. Çünki, faktiki olaraq onun həmin şirkətlə heç bir bağlılığı olmadığı üçün onun qarşısında da heç bir öhdəliyi yoxdur. Onun razılığı olmadan adından istifadə edilməsi qanunsuzdur və bu vəziyyətin yaranmasında məhz vergi orqanının özü səbəbkardır.Dövlət qeydiyyatına alınarkən cavabdeh həmin cəmiyyətin təsisçisinin təqdim etdiyi sənədləri araşdırmadan onu icra orqanının rəhbəri kimi qeydə almışdır. O, “Enerqoservis” şirkətinin qanuni təmsilçisi olmağına razılıq verməmiş, bu barədə məlumatı olmamış, əmək kitabçasında da bu barədə qeyd yazılmamışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, aşağıdakı əsaslara görə iddiaçının iddia tələbi əsassızdır və qanunvericiliyə zidd olduğu üçün mümkün sayılmamalıdır: Belə ki, direktor (qanuni təmsilçi) kimi iddiaçının adının kommersiya qurumlarının dövlət reyestri məlumatlarından çıxarılması hüquqi şəxsin reyestr məlumatlarında aparılan dəyişiklik hesab edilir. Bunun üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun (Bundan sonra - Qanun) 9-cu maddəsinə əsasən hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Müvafiq ərizə forması Qanunun 12.12-ci maddəsinə əsasən Dövlət Vergi Xidməti tərəfindən təsdiq edilir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (Bundan sonra - Məcəllə) 49.1-ci maddəsinə əsasən hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər.Odur ki, qanunvericiliyin və Cəmiyyətin nizamnaməsinin tələblərindən göründüyü kimi cavabdeh inzibati orqana öz təşəbbüsü ilə hüquqi şəxslərin dövlət reyestrindəki məlumatları dəyişdirmək səlahiyyəti verilmədiyi üçün reyestr aparan orqan tərəfindən hüquqi şəxsin dövlət reyestrində dəyişiklik edilməsi məsələsi iddianın predmeti ola bilməz. Göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən cavabdeh təşkilatın nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın 16 may 2023-cü il tarixli **********749100 nömrəli imtina məktubu, etirazı, iddiaçıya aid əmək kitabçasının təsdiqlənmiş surəti, hüquqi şəxsin təsis sənədləri və digər sənədlər. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ şirkətə qanuni təmsilçi təyin edildiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq 2 saylı Ərazi Vergilər Baş İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının qanuni təmsilçisi olduğu şirkət 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşmiş və qeyd olunan ərazi üzrə hüquqi şəxslərin vergi yığımlarının qeydə alınması və müvafiq qeydlərin aparılması səlahiyyəti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə aiddir.Belə olduğu tədqirdə 2 saylı Ərazi Vergilər Baş İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı 2 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət etmiş və inzibati orqanın 16 may 2023-cü il tarixli **********749100 nömrəli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. Məhkəmə iddia tələbini araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik qeydiyyata alınmalıdır. Qeyd olunan Qanunun 9.2-ci və Vergi Məcəlləsinin 34.3-cü maddəsinə əsasan isə dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumat verilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. İş materiallarında olan iddiaçıya aid Əmək Kitabçasının təsdiqlənmiş surətindən görünür ki, İddiaçı sözügedən şirkətdə işə daxil edilməmişdir. Nəzərə alınamlıdır ki, işçi ilə müəssisə arasındakı əmək münasibətlərinin yaranması, dəyişməsi və xitamı ilə bağlı münasibətlərə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun deyil, Azərbaycan Respublikası Əmək Məcəlləsinin normalarını tətbiq etmişdir. Şirkətin qanuni təmsilçisi olmadığı təqdirdə, maraqlı şəxsin adının yalnız dövlət reyestrində formal olaraq hüquqi şəxsin qanuni təmsilçisi olaraq qalması əsası ilə cavabdehin dəlilləri əsaslı hesab edilə bilməz. Məhkəmə qeyd etməyi zəruri bilir ki, işçi ilə işəgötürən arasında əmək münasibətlərini əks etdirən sənəd əmək kitabçası olduğuna və həmin əmək kitabçasında olan qeydlərin qeyri-ciddiliyinə dair dəlillər olmadığına görə əmək kitabçasında olan dəlillər mötəbər sayılır. Belə ki, “İnzibati İcraat haqqında” Qanunun 19.1-ci maddəsinə görə İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Göründüyü kimi iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin mötəbərliyini şübhə halına gətirən hər hansı bir dəlil cavabdeh təşkilat tərəfindən məhkəməyə təqdim edilməmişdir. Ona görə məhkəmə hesab edir ki, İddiaçı “Enerqoservis” şirkətinin qanuni təmsilçisi kimi Dövlət Vergi Xidmətində qeydiyyatının etibarsız hesab edilməsi və elektron sistemindən bu barədə qeydin silinməsi öhdəliyinin cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı “Enerqoservis” şirkətinin qanuni təmsilçisi kimi Dövlət Vergi Xidmətində qeydiyyatının etibarsız hesab edilməsi və elektron sistemindən bu barədə qeydin silinməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №e-2-1(118)-968/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-968/2024
11.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver