Məhkəmə qərarları › İş №e-2-1(118)-971/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-971/2025

04.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-971/2025 04.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə pensiya) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “iddiaçının 52 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və əmək pensiyası məbləğinin “Əmək Pensiyaları haqqında” Qanunun 32.1-1 maddəsinin tələblərinə uyğun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və əmək pensiyası məbləğinin “Əmək Pensiyaları haqqında” Qanunun 32.1-1 maddəsinin tələblərinə uyğun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin peşələrin, vəzifələrin və göstəricilərin 2 №li Siyahısı”-na uyğun olaraq yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün xahiş etmişdir. Cavabdeh orqan güzəştli şərtlərlə pensiya təyin etməkdən imtina etmiş və imtina ərizəsində bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 21 avqust 2023-cü il tarixində daxil olmuş müraciətə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bildirilmişdir ki, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) azı 10 ilini işlərdə çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi vardır. Əmək Pensiyası haqqında Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajının asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Bundan başqa cavabdeh inzibati orqan bildirmişdir ki, Mərkəzi filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan görünür ki, iddiaçının ümumi iş stajı 25 ildə az (19 il 5 ay 10 gün (xx.xx.1981-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1998-ci il, xx.xx.1999xx.xx.2001-ci il və xx.xx.2002-xx.xx.2002-ci il tarixləri arasındakı dövrləri)) təşkil edir. Bundan başqa fərdi hesabının sıorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəində qeydə alınan pensiya kapitalı cəmi 18006,93 manat təşkil edir. Qeyd edilənlərə əsasən İddiaçı Hacığulu qızına güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvriciliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Cavabdehin bu imtina məktubu ilə İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiya təminatı hüququ pozulmuşdur. Beləki ki cavabdehin imtina məktubundan görünür ki cavabdeh İddiaçı əmək tacının 19 il 5 ay 10 gün olduğunu qəbul edir. Və güzəştli şərtlərə görə olan 10 il əmək stajını da mübahisələndirmir. Cavabdeh 20 il ümumi stajın tamamlanmadığını bildirir. Lakin cavabdeh nəzərə almalı idi ki, İddiaçı xx.xx.1989-cu il tarixdə körpə südəmər uşağına baxmaq üçün işdən çıxmışdır. Və yenidən xx.xx.1989-cu il tarixdə yenidən işə qəbul olmuşdur. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı hesablanarkən 2006-cı il yanvarı 1-dək olan dövr üzrə işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən müəyyən edilmişdir. xx.xx.1998-ci il tarixli əmrlə məhz xx.xx.1998-ci il tarixdən İddiaçı ixtisarla əlaqədar işdən azad olunmuşdur. Cavabdeh isə bu halı nəzərə almadan pensiya təyin edilməsindən imtina etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçıya pensiyanın hansı yaşdan təyin edilməsi məsələsinə münasibətdə nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8- ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İddiaçıya pensiyanın hansı yaşdan təyin edilməsi məsələsinə münasibətdə nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı xx.xx.1964-cü il tarixdə doğulmuş, xx.xx.2016-cı il tarixdə 52 yaşı tamam olmuşdur. İddiaçı təqdim edilmiş imtinanın hüquqi əsasını “Əmək pensiyaları haqqında” Qanunun 9.1 -ci maddəsi təşkil etmişdir. İddiaçı müraciət etdiyi tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin birlikdə ödənilməsi tələb olunurdu: İddiaçının 58 il 6 ay yaşı tamam olmalıdır (yaş tələbi); İddiaçı iş stajının ən azı 10 ilini müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplamalıdır (güzəştli iş stajı tələbi); İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Bu şərt təmin olunmadığı halda isə iddiaçı ən azı 25 il ümumi sığorta stajına malik olmalıdır (pensiya kapitalı və ya ümumi iş stajı tələbi). İddiaçının işlədiyi dövrlərin güzəştli iş stajı hesab edilməsi üçün bir sıra hallar nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. İşin faktiki hallarından da məlum olur ki, iddiaçı T.X2 müraciət edərkən "xxxx" MMCdən iş stajı ilə bağlı arayış təqdim etmişdir. Sözügedən müəssisənin xx.xx.2023-cü il tarixli 24 nömrəli arayışında qeyd edilən məlumatlara əsasən İddiaçı həmin müəssisədə iş stajı 11 il 4 ay 11 gün təşkil edir və bu staja xx.xx.1989-cu il tarixdən xx.xx.1998-ci il tarixədək və xx.xx.1999-cu il tarixdən 3.09.2001-ci il tarixədək olan dövrlər daxildir. Əlavə olaraq İddiaçı təqdim etdiyi sənədlərə əsasən ümumi iş stajı 19 il 5 ay 10 gün (xx.xx.1981-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1998-ci il, 5.01.1999-xx.xx.2001-ci il və xx.xx.2002-xx.xx.2002-ci il tarixləri arasındakı arasındakı dövrlər) təşkil edir. Həmçinin İddiaçı müraciət etdiyi tarixdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 18006,93 manat təşkil edir. Həmin tarixə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40320,00 manat məbləğində hesablanmışdır. İddiaçı iddia ərizəsində xx.xx.1989-cu il tarixdə körpə uşağına baxmaq üçün işdən çıxdığını və xx.xx.1989-cu il tarixdə yenidən işə qəbul olunduğunu, lakin cavabdehin ümumi iş stajını hesablayarkən həmin dövrü nəzərə almadığını bildirmişdir. Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydanın 4.1.1-ci bəndinə görə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı xx.xx.2006-cı il tarixədək olan dövr üzrə aşağıdakılara əsasən müəyyən edilir: işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən. T.X2 ərizə ilə müraciət edərkən sözügedən sənədləri təqdim etməmiş, bu səbəbdən Mərkəzi Filial iddia edilən dövrə münasibət bildirmək imkanına malik olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-omadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Məlumdur ki, cavabdehin imtinasının hüquqi baxımdan qanuni olub-olmadığını müəyyənləşdirmək üçün aşağıdakı hallar yoxlanılmalıdır:

1. İmtinanın hüquqi əsasını təşkil edən səlahiyyətverici normanın dispozisiya şərtlərinin müvafiq iş üzrə mövcud olub-olmaması;

2. Cavabdehin müvafiq norma üzrə yol verilən hüquqi nəticəni seçib-seçməməsi. Mövcud inzibati icraat materiallarına əsasən İddiaçı ümumi iş stajı qanunvericiliklə tələb olunan 25 ildən azdır və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Deməli, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi üzrə pensiya kapitalı və ya ümumi iş stajı ilə bağlı dispozisiya şərti iddiaçıya münasibətdə mövcud olmamışdır. Müvafiq normanın bütün dispozisiya şərtlərinin hazırkı iş üzrə mövcud olubolmadığını yoxladıqdan sonra növbəti mərhələdə cavabdehin düzgün hüquqi nəticəni seçib-seçmədiyi müəyyən olunmalıdır. Mərkəzi Filialın imtinasının hüquqi əsasını təşkil edən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş, güzəştli iş stajı və pensiya kapitalı (və ya ümumi iş stajı) tələbi ilə bağlı qeyd olunan üç şərtin hər biri mövcud olmalıdır. Cavabdeh sadalanan şərtlərdən hətta birinin mövcud olmadığı təqdirdə pensiya təyinatından imtina etməkdə haqlıdır. İddiaçı ümumi iş stajı və pensiya kapitalı müvafiq olaraq tələb olunan müddətdən və məbləğdən az olduğuna görə “Əmək pensiyaları haqqında” Qanunun müddəaları əsasında iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Deməli, Mərkəzi Filial iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Bu səbəbdən Mərkəzi Filialın imtinası qanunauyğundur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər:

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Aztelekom Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 24 saylı arayışında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”na uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən telefonçu vəzifəsində xx.xx.1989-cu il tarixdən (ƏMR № 40/1) xx.xx.1998-ci il tarixinədək, xx.xx.1999-cu il tarixdən (ƏMR 2) xx.xx.2001-ci il tarixinədək “Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyətində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 11 il, 04 ay, 11 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: şəhərlərarası, sifariş, sorğu komutatorlarda və gecəgündüz fəaliyyət göstərən danışıq məntəqələrində mikrotelefon qurğularla daim işləməkdən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı” üzrə 23100000-19093 vəzifə kodunda müəyyən edilmiş vəzifənin xüsusiyyətləri ilə eynidir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı qüvvədən düşmüş hesab edilmişdir. İddiaçının əmək kitabçasının, 434724 saylı doğum haqqında şəhadətnamənin surəti iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Aztelekom Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli məktubu ilə İddiaçı aid əmrərin, əmək haqqı cədvəlindən çıxarışların surəti məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Aztelekom Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli məktubu ilə təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 192№li arayışda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”na uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən telefonçu vəzifəsində xx.xx.1989-cu il tarixdən (ƏMR № 40/1) xx.xx.1998-ci il tarixinədək, xx.xx.1999-cu il tarixdən (ƏMR 2) xx.xx.2001-ci il tarixinədək “Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyətində işləmişdir. (Məlumatlar əmək kitabçasına əsasən tərtib edilmişdir) İşlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 11 il, 05 ay, 24 gün təşkil edir.

Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, iddiaçı T.X2 müraciət edərkən "xxxx" MMC-dən iş stajı ilə bağlı arayış təqdim etmişdir. Sözügedən müəssisənin xx.xx.2023-cü il tarixli 24 nömrəli arayışında qeyd edilən məlumatlara əsasən İddiaçı həmin müəssisədə iş stajı 11 il 4 ay 11 gün təşkil edir və bu staja xx.xx.1989-cu il tarixdən xx.xx.1998-ci il tarixədək və xx.xx.1999-cu il tarixdən 3.09.2001-ci il tarixədək olan dövrlər daxildir. Əlavə olaraq İddiaçı təqdim etdiyi sənədlərə əsasən ümumi iş stajı 19 il 5 ay 10 gün (xx.xx.1981-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1998-ci il, 5.01.1999-xx.xx.2001-ci il və xx.xx.2002-xx.xx.2002-ci il tarixləri arasındakı arasındakı dövrlər) təşkil edir. İddiaçı iddia ərizəsində xx.xx.1989-cu il tarixdə körpə uşağına baxmaq üçün işdən çıxdığını və xx.xx.1989-cu il tarixdə yenidən işə qəbul olunduğunu, lakin cavabdehin ümumi iş stajını hesablayarkən həmin dövrü nəzərə almadığını bildirmişdir. Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydanın 4.1.1-ci bəndinə görə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı xx.xx.2006-cı il tarixədək olan dövr üzrə aşağıdakılara əsasən müəyyən edilir: işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən. T.X2 ərizə ilə müraciət edərkən sözügedən sənədləri təqdim etməmiş, bu səbəbdən Mərkəzi Filial iddia edilən dövrə münasibət bildirmək imkanına malik olmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Hazırki mübahisənin yaranması əsasını iddiaçının qanunvericiliklə tələb olunan 20 il ümumi iş stajının olmaması təşkil edir. İddiaçının güzəştli iş stajı cavabdeh tərəfindən qəbul edilərək işin mübahisələndirilməyən halı olmuşdur. Cavabdeh tərəfindən nəzərə alınan dövrlər 19 il 5 ay 10 gün (xx.xx.1981xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1998-ci il, xx.xx.1999-xx.xx.2001-ci il və xx.xx.2002xx.xx.2002-ci il tarixləri arasındakı arasındakı dövrlər) təşkil edir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı xx.xx.1989-cu il tarixdə körpə südəmər uşağına baxmaq üçün işdən çıxmışdır. xx.xx.1989-cu il tarixdə yenidən işə qəbul olmuşdur. X1 xx.xx.1987-ci il tarixdə doğulması barədə xx.xx.1987-ci il tarixli 434724 saylı doğum haqqında şəhadətnamənin surəti iş materiallarına əlavə edilmişdir Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci bəndində Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı hesablanarkən 2006-cı il yanvarı 1-dək olan dövr üzrə işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən müəyyən edilmişdir. Bundan əlavə, iş materiallarına əlavə edilmiş əmək kitabçasından görünür ki, iddiaçının işdən azad edilməsi əmrinin tarixi xx.xx.1998-ci il olaraq qeyd edilsə də, xx.xx.1998-ci il tarixdə işdən ixtisarla əlaqədar azad edilmişdir. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Aztelekom Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli məktubu ilə təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 192№li arayışda iddiaçının işlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 11 il, 05 ay, 24 gün olaraq qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, şəxsin xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır. Həmçinin, 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Göründüyü kimi istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur. Ananın körpə uşağına qulluq etdiyi dövr (xx.xx.1989-xx.xx.1989-ci il tarixləri) və əmrin verildiyi tarixdən işdən ixtisarla əlaqədar azad edildiyi günə qədər (xx.xx.1998xx.xx.1998-ci il tarixləri) qeyd edilən dövrlər nəzərə alındığı zaman iddiaçının 20 il ümumi iş stajı tamamlanmış olur. (20 il 12gün) Beləliklə, iddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etməkdə haqlı olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçının cavabdeh orqana ilkin müraciəti 21 avqust 2023-cü ildə olmuşdur. Bu halda məhkəmə hesab edir ki, iddiaçının 21 avqust 2020-ci il tarixdən ödənilməmiş əmək pensiyası Qanunun 32.1-1-ci maddəsinə uyğun olaraq ödənilməlidir. Məhkəmə hesab edir ki, qeyd edilənlər iddianın təmin edilməsi üçün kifayət qədər əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və əmək pensiyası məbləğinin “Əmək Pensiyaları haqqında” Qanunun 32.1-1 maddəsinin tələblərinə uyğun ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialın üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar