Məhkəmə qərarları › İş №e-2-1(118)-98/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-98/2024

23.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-98/2024 23.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı ““Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-cı il tarixli **********302300 nömrəli Qərarın ləğv edilməsi” nə dair iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı yuxarıda qeyd edilən iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılır ki, İddiaçı MMC-yə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-cı il tarixli **********302300 nömrəli Qərara əsasən 2021-ci ilə mənfəət vergisi üzrə 424 381,88 manat əlavə vergi məbləği hesablanmışdır. Aşağıda qeyd olunanlara əsasən cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022cı il tarixli **********302300 nömrəli qərarı qanunsuz və əsassız hesab edirlər: İddiaçı tərəfindən 2021-ci il üzrə təqdim edilmiş Mənfəət vergisi bəyannaməsində il ərzində ümumi gəlir 1 057 973.32 manat, ümumi gəlirdən çıxılan xərclər 1 049 174.57 manat (o cümlədən malın dəyəri 1 027 158.57 manat), vergiyə cəlb edilən mənfəət 8 798.75 manat, mənfəət vergisi isə 1 759.75 manat bəyan edilmişdir. Lakin vergi orqanı vergi bəyannaməsində öz əksini tapmış 1 057 973.32 manat gəlir ilə razılaşmamış, həmin gəliri 2 346 353.82 manat artıraraq 3 404 327.14 manat olaraq qəbul etmişdir. Hesablama barədə qərardan və uyğunsuzluq məktubundan aydın olur ki, cavabdeh hesab etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrində ümumi dövriyyə 6 768 421.72 manat göstərildiyi halda, 2021-ci ilin Mənfəət vergisi bəyannaməsində ümumi gəlir 1 057 973.32 manat bəyan edilmişdir ki, bu da vergi orqanı tərəfindən kənarlaşma kimi qiymətləndirilmişdir. Bununla bağlı bildirirlər ki, 2021-ci il ərzində iddiaçı tərəfindən 1 027 158.57 manat dəyərində mallar idxal edilmiş və üzərinə 3 faiz ticarət əlavəsi qoyulmaqla 1 057 973.32 manata təqdim edilmiş və həmin satışdan əldə edilən gəlir Mənfəət vergisi bəyannaməsində tam şəkildə bəyan edilmişdir. Lakin cavabdeh vergi orqanı 2021-ci il Mənfəət vergisi bəyannaməsində göstərilən ümumi gəliri cəmiyyətin bütün fəaliyyəti dövründə - 2019-2021-ci illərin müvafiq ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrinin göstəricilərinin cəmi ilə müqayisə etmişdir ki, bu da qanunvericiliyin tələblərinin pozulması ilə nəticələnmişdir. Çünki, mənfəət vergisi bəyannaməsi illər üzrə təqvim edilir və həmin bəyannamədə cari ilin gəlir və xərcləri barədə göstəricilər əks etdirilir. Bundan başqa, cavabdehin istinad etdiyi ƏDV bəyannamələri üzrə 6 768 421.72 manat dövriyyə iddiaçının özü tərəfindən bəyan edilmiş dövriyyə deyil, əvvəlki tarixdə kameral vergi yoxlaması nəticəsində hesablanmış dövriyyədir ki, həmin hesablamalar tərəfimizdən məhkəmə qaydasında mübahisələndirilmişdir. VM-nin 67.1.1-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri ödənilməli olan verginin məbləği hesablanan zaman vergi orqanı tərəfindən əlaqəli məlumat qismində istifadə edilə bilər. Qeyd olunan normadan aydın olduğu kimi, vergi orqanı kameral vergi yoxlaması zamanı əlaqəli məlumat qismində əvvəlki kameral vergi yoxlamalarının məlumatlarından deyil, vergi ödəyicisinin özü tərəfindən əvvəlki dövrlər üzrə təqdim edilmiş bəyannamə məlumatlarından istifadə edə bilərdi. “İnzibati icraat haqqında” AR Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Sadalanan normalardan aydın olduğu kimi, inzibati orqan inzibati icraat zamanı düzgün, obyektiv və ədalətli qərar qəbul edilməsi üçün bütün faktiki halları, o cümlədən inzibati aktın doğruluğunu şüphə altına ala biləcək hər bir halı hərtərəfli, tam və obyektiv araşdırmağa, təqdim olunmuş sübutlar yetərli olmadıqda isə, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur və bu zaman maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati Prosessual Məcəlləninn 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 3.1-ci maddəsinə əsasən bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İddiaçı iddia ərizəsinə əlavəsində qeyd etmişdir ki, vergi orqanı tərəfindən məhkəməyə təqdim edilmiş “Sorğunun cavablandırılması barədə” ərizədə qeyd edilir ki, cəmiyyət tərəfindən xx.xx.2019-xx.xx.2021 -ci il tarixədək 14 367 594.61 manat (ƏDV-siz) mallar idxal edildiyi halda, müvafiq dövlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində 7 599 172.88 manat (ƏDV-siz) dövriyyə göstərildiyi, idxal edilmiş mallar üzrə 14 253 761.72 manat (ƏDV-siz) dəyərində YGB-nin əvəzləşdirildiyi müəyyən edilmişdir. Qeyd edilən səbəbdən kənarlaşma yaranmışdır. Belə ki, əvvəlki il üzrə mənfəət vergisi bəyannaməsində (2020-ci il üzrə) mal qalığının olmadığı nəzərə alınaraq 6 768 421.72 manat dəyərində malların (14 367 594.61 - 7 599 172.88) təqdim edilməsi kimi qiymətlədırilmişdır. 2021-ci ilin oktyabr ayı üzrə ƏDV bəyannaməsində təqdim edilmə kimi qiymətləndirilmiş malların 2019-2020-ci illərdə (3 699 897.79 + 7 282 069.64) mənfəət vergisinə cəlb edilən hissəsi nəzərə alınmaqla qalan hissəsi 2021-ci ilin mənfəət vergisi bəyannaməsində kameral vergi yoxlaması ilə təqdim edilmə kimi qeyd edilmişdir”. Cavabdan göründüyü kimi, cavabdeh vergi orqanı iddiaçıya məxsus 14 367 594.61 manat dəyərində idxaldan ƏDV bəyannamələrində göstərilən 7 599 172.88 manat (ƏDVsiz) dövriyyəni çıxaraq, yaranan 6 768 421.72 manat fərqi təqdim edilmiş mallar kimi qiymətləndirmiş və həmin fərqə mənfəət vergisi hesablamışdır. Bununla bağlı ilk öncə qeyd edir ki, vergi orqanı müqayisəni əvvəlki illər üzrə təqdim edilmiş mənfəət vergisi bəyannamələri ilə aparmalı olduğu halda, düzgün olmayaraq ƏDV bəyannamələri üzrə aparmışdır. Belə ki, cəmiyyətin mənfəət vergisinə cəlb edilən ümumi gəliri 2019-cu il üzrə 3 699 897.79 manat, 2020-ci il üzrə 7 282 069.64 manat, 2021-ci il üzrə 1 057 973.32 manat, ümumilikdə 12 039 940.75 manat olduğu halda, vergi orqanı ƏDV bəyannamələrinə əsasən cəmiyyətin satış dövriyyəsini 7 599 172.88 manat götürmüşdür. Bundan başqa, vergi orqanı kameral vergi yoxlaması zamanı cəmiyyət tərəfindən idxal edilmiş malların ümumi dəyərini 14 253 761.72 manat qəbul etmişdir. Halbuki, ərizəyə əlavə edilmiş idxal edilmiş mallar barədə məlumat cədvəlindən göründüyü kimi, cəmiyyət 2019-2021- ci illər arasında invoys dəyəri 9 379 145.36 manat olan mallar idxal etmişdir. Lakin vergi orqanı əsassız olaraq hesablama zamanı malların gömrük dəyərini əsas götürmüşdür. Vergi Məcəlləsinin 139-cu və 143-cü maddələrində vergi ödəyicisinin mülkiyyətində olan aktivlərin uçota alınma qaydası və forması tənzimlənmişdir. Həmin Məcəllənin 139.1 -ci maddəsinə əsasən vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəə-material ehtiyatlarına aid etməyə borcludur. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Həmin Məcəllənin 143-cü maddəsinə əsasən aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər və aktivlərin dəyərini artıran digər xərclər (vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin yenidən qiymətləndirilməsindən yaranan artım istisna edilməklə) daxil edilir. Sadalanan normalardan belə nəticə əldə edilir ki, vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malın uçotunu istehsal etdiyi mallara münasibətdə istehsal xərclərinə əsasən, satın aldığı mallara münasibətdə isə faktiki satınalma qiymətlərinə, eləcə də malların gətirilməsinə (nəql olunmasına), saxlanılmasına, quraşdırılmasına və digər gəlirdən çıxmaq hüququna malik olmadığı kapital xarakterli xərclərə əsasən həyata keçirir. “Gömrük tarifi haqqında” AR Qanununun 1.1.5-ci maddəsinə əsasən malların gömrük dəyəri - advalor gömrük rüsumu dərəcəsinin tətbiqi məqsədi ilə malların dəyərinin müəyyən edilməsidir. Həmin Qanunun 4.1 və 4.1.1-ci maddələrinə əsasən advalor - malların Azərbaycan Respublikasında gömrük dəyərinə nisbətən faizlə hesablandığı gömrük rüsumu dərəcələrinin növlərindən biridir. Həmin Qanunun 3.5-ci maddəsinə əsasən gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür. Həmin Qanunun 12-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. Sadalanan normalardan aydın olur ki, gömrük dəyəri gömrük rüsumu dərəcəsinin tətbiqi məqsədilə “Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində təsbit edilmiş üsullardan biri ilə müəyyən edilən göstəricidir. Yuxarıda göstərilənləri ümumiləşdirsək belə nəticə əldə olunur ki, gömrük orqanı tərəfindən gömrük rüsumlarının hesablanması zamanı gömrük dəyərinin hansı üsulla hesablanmasından asılı olmayaraq, vergi ödəyicisi mülkiyyətində və istifadəsində olan malların uçotunu malların gətirilməsinə (nəql olunmasına), saxlanılmasına, quraşdırılmasına və digər gəlirdən çıxmaq hüququna malik olmadığı kapital xarakterli xərcləri nəzərə almaqla, satın alma qiymətinə əsasən həyata keçirir. Göründüyü kimi, cavabdeh vergi orqanı kameral vergi yoxlaması zamanı idxal edilmiş malların dəyərini invoys dəyəri əsasında müəyyən etməli olduğu halda, gömrük rüsumunun hesablanması məqsədilə gömrük orqanı tərəfindən müəyyən edilmiş gömrük dəyərini nəzərə almaqla hesablamışdır ki, bu da nəticədə mal qalığının şişirdilməsi ilə nəticələnmişdir. Eyni zamanda, cavabdeh vergi orqanı 2021-ci ilin Mənfəət vergisi üzrə hesablama apararkən əvvəlki illər üzrə baş tutmuş əməliyyatları nəzərə almışdır ki, vergi qanunvericiliyində belə bir hesablama üsulu nəzərdə tutulmamışdır. Belə ki, 2021-ci il Mənfəət vergisi bəyannaməsində həmin il üzrə gəlir və xərclərə dair göstəricilər öz əksini tapır və vergi orqanı kameral vergi yoxlaması zamanı məhz həmin hesabat ili üzrə qiymətləndirmə apararaq, bəyannamədə öz əksini tapmış gəlir və xərclərin düzgünlüyünü araşdırmalı idi. Bundan başqa, cavabdehin istinad etdiyi ƏDV bəyannamələri üzrə 6 768 421.72 manat dövriyyə iddiaçının özü tərəfindən bəyan edilmiş dövriyyə deyil, əvvəlki tarixdə kameral vergi yoxlaması nəticəsində hesablanmış dövriyyədir kı, həmin hesablamalar tərəfimizdən məhkəmə qaydasında mübahisələndirilmişdir. VM-nin 67.1.1-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri ödənilməli olan verginin məbləği hesablanan zaman vergi orqanı tərəfindən əlaqəli məlumat qismində istifadə edilə bilər. Qeyd olunan normadan aydın olduğu kimi, vergi orqanı kameral vergi yoxlaması zamanı əlaqəli məlumat qismində əvvəlki kameral vergi yoxlamalarının məlumatlarından deyil, vergi ödəyicisinın özü tərəfindən əvvəlki dövrlər üzrə təqdim edilmiş bəyannamə məlumatlarından istifadə edə bilərdi. İddiaçı mülahizəsində qeyd etmişdir ki, vergi orqanı tərəfindən həyata keçirilmiş hesablamanın əsasında iddiaçı tərəfindən idxal edilmiş malların invoys dəyəri ilə statistik (gömrük) dəyəri arasındakı fərq dayanır. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “Sorğunun cavablandırılması barədə” xx.xx.2023-cü il tarixli məktubda kənarlaşmanın səbəbi qismində göstərilmişdir ki, cəmiyyət tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2021 -ci il tarixədək 14,367,594.61 manat (ƏDV-siz) mallar idxal edildiyi halda, müvafiq dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində 7,599,172.88 manat dövriyyənin göstərildiyi müəyyən edilmiş və nəticədə 6,768,421.72 manat məbləğində mallar təqdim edilmiş kimi qiymətləndirilmişdir. Başqa sözlə desək, cavabdeh vergi orqanı hesab edir ki, cəmiyyət 14,367,594.61 manat dəyərində mal idxal etmiş, onun 7,599,172.88 manat hissəsinin satışını təqdim etdiyi bəyannamələrdə əks etdirmiş, lakin geridə qalan 6,768,421.88 manat hissəsini bəyan etməmişdir. Məhz cavabdeh də bu fərqi (kənarlaşmanı) əsas götürərək iddiaçıya əlavə vergi məbləği hesablamışdır. Halbuki, vergi orqanı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli “Vəsatətə baxılması haqqında” məktubda xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasında idxal edilmiş malların invoys dəyərinin 10,903,767.58 manat olduğu qeyd edilmişdir. Bu isə o deməkdir ki, vergi ödəyicisi tərəfindən hər hansı kənarlaşmaya yol verilməmişdir. Belə ki, 2019-2021 -ci illər üzrə təqdim edilmiş mənfəət vergisi bəyannamələrinə əsasən cəmiyyətin mənfəət vergisinə cəlb edilən ümumi gəliri 2019-cu il üzrə 3,699,897.79 manat, 2020-ci il üzrə 7,282,069.64 manat, 2021-ci il üzrə 1,057,973.32 manat, ümumilikdə 12,039,940.75 manat olmuşdur ki, bu da idxal edilmiş malların dəyərindən yüksəkdir. Göründüyü kimi, cavabdeh vergi orqanı hesablama apararkən malların faktiki alış (invoys) dəyərini (10,903,767.58 manat) deyil, düzgün olmayaraq gömrük (statistik) dəyərini (14,367,504.61 manat) əsas götürmüşdür ki, bu da qanunvericiliyin tələblərinin pozulması ilə nəticələnmişdir. Belə ki, gömrük (statistik) dəyəri idxal zamanı gömrük rüsumunun və ƏDV-nin hesablanması məqsədilə gömrük orqanları tərəfindən müəyyən edilən göstəricidir və vergi orqanı vergilərin hesablanması zamanı həmin göstəriciyə istinad edə bilməz. Bundan başqa, Vergi Məcəlləsinin 139 və 143-cü maddələrinə əsasən vergi ödəyicisi malların uçotunu məhz faktiki alış (invoys) dəyərinə əsasən həyata keçirməlidir.

2. Vergi orqanı tərəfindən yol verilən ikinci pozuntu ilə bağlı bildirirlər ki, cavabdeh 2021- ci il üzrə mənfəət vergisini hesablayarkən həmin təqvim ilində baş tutmuş əməliyyatları deyil, məhz əvvəlki 3 il ərzində - 2019-2021-ci illər ərzində baş tutmuş əməliyyatları nəzərə almışdır. Halbuki, Vergi Məcəlləsinin 37.2-ci maddəsinə görə, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusu;; gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Məcəllənin 129-cu maddəsinə əsasən mənfəət vergisi məqsədləri üçün vergi ili təqvim ili sayılır. Məcəllənin 149.2-ci maddəsinə əsasən bu Məcəllənin 149.1 -ci maddəsində göstərilər, rəxslər, o cümlədən rezident müəssisələr (xüsusi notariuslar istisna olmaqla) hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verirlər. Sadananlardan aydın olur ki, mənfəət vergisinin ödəyicisi təqvim ili ərzində əldə etdiyi ümumi gəlirlər və gəlirdən çıxılan xərclərini özündə əks etdirən mənfəət vergisi bəyannaməsini hesab dən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edir və vergi orqanı öz növbəsində həmin bəyannamənin təqdim edildiyi gündən 60 işi günü müddətində kameral vergi yoxlaması həyata keçirir. Hazırki halda, vergi orqanı 2019-2020-ci illər üzrə kameral vergi yoxlamasının həyata keçirilməsi üçün nəzərdə tutulmuş müddəti ötürdüyündən, 2019-2021-ci illər üzrə əməliyyatları ümumiləşdirilərək 2021-ci il üzrə hesablama həyata keçirməyə cəhd etmişdir. Halbuki 2021-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin göstəriciləri üzrə hər hansı kənarlaşma aşkar edilməmişdir. Kənarlaşma 2019-2021-ci illər ərzində idxal edilmiş malların məbləği ilə bağlı olmuşdur ki, bunun əsassızlığını da yuxarıda izah etmişdirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş, analoji işlər üzrə məhkəmə qərarlarını təqdim edərək formalaşmış məhkəmə təcrübəsinin olduğunu bildirmiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, Baş idarədə vergi ödəyicisi kimi qeydiyyatda olan İddiaçınə (VÖEN: **********) 2021-ci il mənfəət vergisi bəyannaməsi üzrə 424381,88 manat kameral qaydada vergi məbləği hesablanmışdır. Belə ki, aparılmış araşdırma zamanı kassa metodu ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində 1057973,32 manat məbləğində gəlir göstərməyinə baxmayaraq, təqvim ilinin müvafiq ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində bu məbləğdən 5710448,40 manat artıq, yəni 6768421,72 manat dövriyyə məbləğləri göstərilmişdir. Bəyannamənin aid olduğu ilin müvafiq dövrlərində 1427864,18 manat məbləğində mallar idxal edilməsinə və e- qaimə əsasında mallar (işlər, xidmətlər) alınmasına baxmayaraq bəyannamənin 1 №li Əlavəsində “Dövr ərzində daxil olmuşdur” xanasında göstərilmiş 1027158,57 manat məbləğ vergi orqanının məlumat bazasında olan göstəricilərin cəmindən 400705,61 manat az əks etdirildiyindən kənarlaşma aşkar edilmişdir. Yaranmış kənarlaşma üzrə 424381,88 manat mənfəət vergisi hesablanması nəzərdə tutulmuşdur. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Yuxarıda qeyd olunanlara əsasən xx.xx.2022-ci il tarixli **********526500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktublarla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Vergi Məcəlləsinin 16.1.3, 16.1.6 və 16.1.7-ci maddələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyiclərinin vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 67.1-ci, 67.1.3-cü, 67.1.6-cı və 67.1.9-cü maddələrinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri və vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlardan, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Lakin vergi ödəyicisi tərəfindən qeyd edilən məktuba heç bir əsaslı münasibət bildirilmədiyi üçün tərəflərindən kameral vergi yoxlaması aparılaraq 2021-ci il mənfəət vergisi bəyannaməsi üzrə 2121909,4*20%=424381,88 manat kameral qaydada vergi məbləği hesablanılmış və vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********302300 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etirazı müdafiə etmiş, analoji işlər üzrə məhkəmə təcrübəsinin olduğunu etiraf etmişdir.

Əsaslandırma hissəsi:

Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddia mübahisələndirmə haqqında iddiadır, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilmir. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, İddiaçı MMC-yə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-cı il tarixli **********302300 nömrəli Qərara əsasən 2021-ci ilə mənfəət vergisi üzrə 424 381,88 manat əlavə vergi məbləği hesablanmışdır. İddiaçı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-cı il tarixli **********302300 nömrəli Qərarın ləğv edilməsini istəyir. İddiaçının nümayəndəsinin xx.xx.2022-ci il tarixdə elektron kabinet vasitəsilə daxil olmuş vəsatətinə əsasən cavabdeh vergi orqana aşağıdakı suallar üzrə müvafiq sorğunun qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər:

1. İddiaçı MMC-nin 2021-ci il Mənfəət vergisi üzrə vergiyə cəlb edilən dövriyyəsi hansı səbəbdən kameral vergi yoxlaması nəticəsində 2,346,353.82 manat artıraraq 3,404,327.14 manat müəyyən edilmişdir?

2. Vergilərin hesablanması barədə 01,07.2022-cı il tarixli **********302300 nömrəli Qərarda göstərilən ƏDV bəyannamələri üzrə cəmi 6,768,421.72 manat dövriyyə cəmiyyətin hansı illər üzrə dövriyyəsini təşkil edir?

3. Cəmiyyətin 2021-ci il Mənfəət vergisi üzrə vergiyə cəlb edilən gəliri müəyyən edilərkən 2019-2021-ci illərin ƏDV bəyannamələri üzrə kameral vergi yoxlaması nəticəsində müəyyən edilmiş dövriyyə əsas götürülmüşdürmü? İşin tam və obyektiv araşdırılması məqsədilə cavabdeh vergi orqanına müvafiq sorğu göndərilmiş, cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, vergi ödəyicisi "X4 Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 14367594,61 manat (ƏDV-siz) məbləğində mallar idxal edildiyi halda, müvafiq dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində 7599172,88 manat (ƏDV-siz) dövriyyə göstərildiyi, idxal edilmiş mallar üzrə 14253761,72 manat (ƏDV-siz) dəyərində YGB-nin əvəzləşdirildiyi müəyyən edilmişdir. Qeyd edilən səbəbdən kənarlaşma yaranmışdır. Belə ki, əvvəlki il üzrə mənfəət vergisi bəyannaməsində (2020-ci il üzrə) mal qalığının olmadığı nəzərə alınaraq, 6768421,72 manat dəyərində malların (14367594,61- 7599172,88) təqdim edilməsi kimi qiymətləndirilmişdir. 2021-ci ilin oktyabr ayı üzrə ƏDV bəyannaməsində təqdim edilmə kimi qiymətləndirilmiş malların 2019-2020-ci illərdə (3699897,79+7282069,64) mənfəət vergisinə cəlb edilən hissəsi nəzərə alınmaqla qalan hissəsi 2021-ci ilin mənfəət vergisi bəyannaməsində kameral vergi yoxlaması ilə təqdim edilmə kimi qeyd edilmişdir.

İddiaçının xx.xx.2023-cü il tarixdə daxil olmuş vəsatətinə əsasən cavabdeh vergi orqana aşağıdakı suallar üzrə müvafiq sorğunun qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər:

1. Oktavia Group” MMC tərəfindən xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasında idxal edilmiş malların invoys (faktura) və gömrük (statistika) dəyəri ayrı-ayrılıqda nə qədər təşkil edir?

2. İddiaçı MMC tərəfindən 2021-ci il ərzində idxal edilmiş malların invoys (faktura) dəyəri nə qədər təşkil edir?

3. 2021-ci ilin Mənfəət vergisi üzrə kameral vergi yoxlaması idxal edilmiş malların invoys (faktura) yoxsa gömrük (statistik) dəyəri əsasında həyata keçirilmişdir?

4. İddiaçı MMC tərəfindən 2019-2021-ci illər üzrə təqdim edilmiş Mənfəət vergisi bəyannamələri üzrə malların təqdim edilməsindən əldə edilən gəlir ümumilikdə nə qədər təşkil edir?

5. İddiaçı MMC tərəfindən təqdim edilmiş 2020-ci ilin Mənfəət vergisi bəyannaməsi üzrə həyata keçirilmiş kameral vergi yoxlaması nəticəsində cəmiyyətin hesabat dövrünün sonuna mallar üzrə qalığı (Əlavə 1, sətir 1.3.2) nə qədər müəyyən edilmişdir?

6. 2019-2021-ci illər ərzində baş tutmuş əməliyyatların kameral vergi yoxlaması nəticəsində ayrı-ayrı illər üzrə deyil, ümumiləşdirilərək məhz 2021-ci il üzrə vergiyə cəlb edilməsi Vergi Məcəlləsinin hansı maddəsinə əsasən həyata keçirilmişdir?

İşin tam və obyektiv araşdırılması məqsədilə cavabdeh vergi orqanına müvafiq sorğu göndərilmiş, cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, “Oktavia Group" MMC tərəfindən xx.xx.2019 - xx.xx.2021-ci il tarixləri arasında idxal edilmiş malların invoys (faktura) dəyəri 10903767,58 manat (məzənnə fərqinə görə kənarlaşma ola bilər) və gömrük (statistik) dəyəri 14384003,54 manat təşkil etmiş, 2021-ci il ərzində idxal edilmiş malların invoys (faktura) dəyəri 1025549,87 manat (məzənnə fərqinə görə kənarlaşma ola bilər) təşkil etmiş, 2021-ci ilin mənfəət vergisi üzrə kameral yoxlaması malın dəyərini ümumilikdə 1251602,98 manat nəzərə alınmış, 2019- 2021-ci illər üzrə təqdim edilmiş mənfəət vergisi bəyannamələri üzrə malların təqdim edilməsindən əldə edilən gəlir (xərclər nəzərə alınmadan) ümumilikdə 14386294,57 manat təşkil etmiş, təqdim edilmiş 2020-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə keçirilmiş kameral vergi yoxlaması nəticəsində cəmiyyətin hesabat dövrünün sonuna mallar üzrə qalığı (Əlavə 1, sətir 1.3.2) sıfır müəyyən edilmiş, iddiaçı tərəfindən əldə edilən mallar vergi bəyannamələrində 2021-ci il üzrə tam bəyan edilmədiyindən əlaqəli məlumatlar əsasında hesablama aparılmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 139-cu maddəsinə əsasən: 39.1. Vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəə-material ehtiyatlarına aid etməyə borcludur. 139.2. Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. 139.3. Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi mənəvi cəhətdən köhnəlmiş və ya dəbdən düşmüş qüsurlu malın, yaxud digər səbəblər üzündən istehsalına çəkilmiş xərclərdən (satınalma qiymətindən) yüksək qiymətə satıla bilməyən malın (məhsulun) dəyərini onların satıla biləcəyi qiyməti əsas götürməklə qiymətləndirə bilər. 139.4. Vergi ödəyicisi onun ixtiyarında olan malların fərdi uçotunu aparmırsa, o, əmtəə-material ehtiyatlarının uçotunu orta maya dəyəri ilə qiymətləndirmə metodundan istifadə etməklə aparmaq hüququna malikdir. Məcəllənin 162-ci maddəsinə əsasən : 162.1. Vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. 162.2. Bu Məcəllənin 171.2-ci maddəsinə uyğun olaraq idxalın bir hissəsi kimi sayılan xidmət göstərildikdə, onun ƏDV nəzərə alınmadan dəyəri bu Məcəllənin 162.1-ci maddəsində göstərilən dəyərə əlavə edilir. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.5-ci maddəsinə əsasən malların gömrük dəyəri - advalor gömrük rüsumu dərəcəsinin tətbiqi məqsədi ilə malların dəyərinin müəyyən edilməsidir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında gömrük rüsumu dərəcələrinin aşağıdakı növləri tətbiq edilir: 4.1.1. advalor - malların gömrük dəyərinə nisbətən faizlə hesablanan; Həmin Qanunun 3.5-ci maddəsinə əsasən 3.5. Gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. 12.2. Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. 12.3. Bəyannaməçinin seçimi əsasında dəyərin çıxılması üsulu və dəyərin toplanması üsulu istənilən ardıcıllıqla tətbiq edilir. 12.4. Gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair qaydalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. Həmin Qanunun 13.1-ci maddəsində göstərilir ki, gömrük ərazisinə gətirilən malların gömrük dəyəri, bu Qanunun 13.2-ci maddəsinə müvafiq qiymət tənzimlənməsi aparılmaqla, Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymət sövdələşmə qiyməti hesab olunur. Həmin Qanununun 13.3-cü maddəsinə görə mallar üçün ödənilmiş və ya ödənilməli olan qiymətdən ayrı müəyyənləşdirilmiş aşağıdakı xərclər gömrük dəyərinə daxil edilmir: 13.3.1. sənaye qurğuları, maşın və avadanlıq kimi mallar idxal edildikdən sonra həmin mallarla əlaqədar tikinti-inşaat, yığılma, quraşdırma, istismar və texniki yardım xərcləri; 13.3.2. malların gömrük ərazisində daşınması ilə əlaqədar yaranan əsaslandırılmış xərclər; 13.3.3. gömrük ərazisində ödənilməli olan rüsum və digər ödənişlər; Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən, idxal olunan malların mədaxil dəyəri həmin malların alış dəyəri (invoys dəyəri), rüsumlar və vergilər, habelə həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri daxil olmaqla faktiki ödənilmiş məbləğlər əsasında müəyyənləşdirilir. Həmçinin, qeyd olunmalıdır ki, mallar Azərbaycan Respublikasına idxal olunarkən gömrük orqanları tərəfindən malların statistik dəyərinin hesablanması yalnız gömrük məqsədləri üçün istifadə olunur. Beləliklə, ölkə ərazisinə idxal edilmiş malın faktiki satınalma (invoys) dəyərinə uyğun olaraq vergi ödəyicisi tərəfindən ƏDV ödənilmiş, lakin vergi orqanı malın satılma dəyərinə münasibətdə deyil, həmin malın gömrük dəyərinə əsasən ƏDV hesablamışdır. Yuxarıda qeyd olunan maddi hüquq normalarında da müəyyən edildiyi kimi vergi orqanı gətirilmiş malın gömrük dəyərinə əsasən ƏDV-nin hesablanmasında haqlı olmamışdır.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən: Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüquqlarına aid edilmişdir. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72- ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə ilə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Göründüyü kimi inzibati orqan tərəfindən iddiaçıya münasibətdə əlverişsiz inzibati aktın qəbul edilməsinə və mübahisənin yaranmasına səbəb idxal olunmuş malların invoys dəyəri yox gömrük dəyərinin əsas götürülməsi olmuşdur. Formalaşmış məhkəmə təcrübəsi ilə müəyyən edilmişdir ki, vergi öhdəlikləri hesablanan zaman malların invoys dəyəri əsas götürülməlidir. Bu hal isə iddianın təmin edilməsi üçün əsas təşkil edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-cı il tarixli **********302300 nömrəli Qərar” qanunsuz inzibati akt olmaqla ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-cı il tarixli **********302300 nömrəli Qərar” ləğv edilməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-cı il tarixli **********302300 nömrəli Qərar” ləğv edilsin. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar