Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № e-2-1(118)-99/2022 19.01.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, İsmayılova Vəfa Zavrulla qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 23.04.2021-ci il tarixli **********535400 nömrəli və 28.09.2021-ci il tarixli **********967800 nömrəli qərarların ləğv edilməsi tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “iddianın təmin edilməsi, cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 23.04.2021-ci il tarixli, **********535400 saylı qərarın ləğv edilməsi, həmin qərarla İddiaçınə hesablanmış 40.359,95 manat əlavə verginin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 23.04.2021-ci il tarixli **********535400 nömrəli və 28.09.2021-ci il tarixli **********967800 nömrəli Qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh 2 saylı Ərazi Vergilər Xidmətinin Baş İdarəsi tərəfindən qəbul edilmiş “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 23.04.2021-ci il tarixli **********535400 saylı qərar ilə İddiaçınə 2019-cu ilin dekabr ayı üzrə əsassız olaraq 40.359,95 manat əlavə ƏDV vergisi hesablamışdır. Verginin hesablanması tamamilə əsassızdır. Belə ki, İddiaçı tərəfindən bütün məlumatlar düzgün və vaxtı-vaxtında bəyan edilmişdir. Buna görə də əlavə verginin hesablanmasına əsas yoxdur. Vergi orqanının 2019-cu il üzrə “müəyyən etdiyi borcun” 2021-ci ilin aprel ayında hesablaması bunu bir daha təsdiq edir. Mübahisələndirilən qərardan da göründüyü kimi, hesablamanın konkret əsasları həmin qərarla müəyyən edilməmişdir. Belə ki, əvvəllər əsassız şəkildə hesablanan borc məbləği üzrə cavabdeh vergi orqanı müxtəlif dövlərdə eyni məbləği təkrar-təkrar, heç bir əsas olmadan borc kimi (əlavə vergi kimi) hesablayır. Bununla da, fəaliyyəti, demək olar ki, minimuma endirilmiş və hazırkı vəziyyətdə gəlirləri böyük olmayan bir şirkətin borcu əsassız şəkildə gün-gündən suni şəkildə çoxaldılır. Cavabdeh inzibati orqan isə verginin hesablanması üçün əsas olan və həmin hesablamanı zəruri edən halları öz qərarında əks etdirməmişdir. (səbəb isə odur ki, əlavə vergi hesablanması əsassızdır). COVİD-19 pandemiyası ilə əlaqədar iqtisadi şəraitin əhəmiyyətli dərəcədə pisləşməsi Şirkətin fəaliyyətini iflic vəziyyətə salmışdır. Pandemiyanın fəsadlarının ağırlılığı mövcud dövlət siyasəti və dövlət idarəçiliyinin gedişatından da açıq-aşkar bəllidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 19.03.2020-ci il tarixli Sərəncamında “Koronavirus (COVİD- 19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər” nəzərdə tutulmuşdur. Həmin sərəncamda qeyd olunan tədbirlərin icrası qaydasında AR Nazirlər Kabineti və İqtisadiyyat Nazirliyi bir sıra tədbirlər həyata keçirmişdir. Pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində sahibkarlara dövlət tərəfindən 215 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsini nəzərdə tutmuşdur. Pandemiyanın yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar vergi yığımı qaydalarında da dəyişikliklər edilərək, bir sıra sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması ilə bağlı müvəqqəti vergi rejimi tətbiq edilmişdir. Belə ağır şəraitdə vergi orqanının İddiaçınə əsassız vergilərin hesablaması və borc yazması vergi ödəyicisinə, sahibkara həddindən artıq ədalətsiz bir yanaşmanı göstərir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil əlavə olaraq bildirdi ki, "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 28.09.2021-ci il tarixli **********967800 nömrəli Qərarın ləğv edilməsini xahiş etmişdir. Hesablama ilə bağlı bildirim ki, "xxxx" MMC 2019-cu il üzrə dəqiqləşdirilmiş Mənfəət vergisi bəyannaməsi təqdim etmiş və həmin il üzrə ümumi gəlirləri 98923.42 manat, gəlirdən çıxılan xərcləri 189735.24 manat (o cümlədən malın dəyəri 189450.5 manat, bank xidməti üzrə xərclər 65.74 manat, gəlirdən çıxılan vergi və yığımlar isə 219 manat), vergitutma məqsədləri üçün mənfəət 9188.21 manat, ödənilməli olan mənfəət vergisi isə 1837.64 manat bəyan edilmişdir. Belə ki, kassa metodunu tətbiq edən vergi ödəyicisi 2019-cu il ərzində ümumi dəyəri 520708 manat olan malların satışını həyata keçirmiş və bununla bağlı 5 ədəd elektron qaimə fakturanı malların alıcılarına göndərilməsini təmin etmişdir. İl ərzində həmin satışlardan 3-ü üzrə, 07.05.2019-cu il tarixdə 121271.73 manat, 10.05.2019-cu il arixdə 67931.72 manat, 30.05.2019-cu il tarixdə 9720 manat, ümumilikdə isə 198923.45 manat ödəniş cəmiyyətin bank hesabına mədaxil edilmişdir. Cavabdeh vergi orqanı tərəfindən vergi ödəyicisinə göndərilmiş 21.09.2021-ci il arixli **********798200 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında" məktubda qeyd edilir ki, cəmiyyət tərəfindən 2019-cu il ərzində təqdim edilmiş ƏDV bəyannamələrində göstərilən vergiyə cəlb edilən dövriyyə, eləcə də il ərzində göndərilmiş elektron qaimə fakturalarında əks etdirilən satış ümumilikdə 520708,0 manat olduğu halda Mənfəət vergisi bəyannaməsində ümumi gəlir 198923.45 manat bəyan edilmişdir ki, nəticədə 260104,0 manat kənarlaşma yaranmışdır. Göründüyü kimi, vergi orqanı cəmiyyətin 2019-cu il üzrə ümumi gəlirini 18923.45 manat bəyan edilməsinə baxmayaraq, 520708,0 manat müəyyən etmiş və bu əsasla cəmiyyətə 28.09.2021-ci il tarixli **********967800 nömrəli Qərara əsasən 4769.77 manat əlavə vergi məbləği hesablamışdır. Halbuki, yuxarıda qeyd edildiyi kimi cəmiyyətin ümumi gəliri 198923.45 manat olmuşdur. Belə ki, iddiaçı 2019-cu il üzrə kassa metodunu tətbiq etdiyindən yalnızca kassasına və ya bank hesabına mədaxil edilmiş ödənişləri ümumi gəlirinə daxil etmişdir. Vergi ödəyicisi vergilərin uçotunu kassa metodu ilə apardığı halda, gəlirin əldə edilmə vaxtı nağd pul vəsaitini aldığı (kassaya mədaxil edildiyi), nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına daxil olduğu vaxt, xərcin çəkilməsi vaxtı isə nağd pul vəsaitinin ödənildiyi (kassadan məxaric etdiyi), nağdsız ödəmədə isə vergi ödəyicisinin pul vəsaitinin köçürülməsi haqqındakı Tapşırığının bank tərəfindən alındığı vaxt qəbul edilir. İş materiallarından göründüyü kimi, "xxxx" MMC kassa metodu ilə təqdim etdiyi Mənfəət vergisi bəyannaməsində ümumi gəlir olaraq bank hesabına il ərzində mədaxil edilmiş məbləğləri, xərc olaraq isə bank hesabından məxaric edilmiş məbləğləri göstərdiyi halda, vergi orqanı əsassız olaraq iddiaçının ümumi gəlirini hesablama metoduna uyğun olaraq göndərdiyi elektron qaimə fakturalar əsasında hesablamışdır. İş materiallarına əlavə edilmiş "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 23.04.2021-ci il tarixli **********535400 nömrəli Qərardan göründüyü kimi iddiaçıya 2019-cu ilin dekbar ayı üzrə 51462.35 manat ƏDV hesablanmışdır. Hesablamanın əsası "2019-cu ilin yanvar-dekabr ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində göstərilən cəmi 296486.05 manat dövriyyə ilə Mənfəət vergisi bəyannaməsində göstərilən malların təqdim edilməsindən əldə edilən 520708,0 manat gəlir arasındakı 224221.95 manat fərqin yaranması" olmuşdur. Bununla bağlı qeyd edir ki, iddiaçı "xxxx" MMC tərəfindən 2019-cu il ərzində ümumi dəyəri 520708,0 manat olan 5 ədəd elektron qaimə-faktura göndərilmişdir. Həmin elektron qaimə-fakturalardan 1-i ("xxxx" MMC-yə təqdim edilmiş mallara görə göndərilmiş 04.04.2019-cu il tarixli EAAS seriyalı 555775 nömrəli elektron qaimə-faktura) üzrə 260104,0 manat məbləğində ödəniş alıcı tərəfindən avans şəklində 06.12.2018 və 26.12.2018-ci il tarixlərdə ödənilmiş və vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq həmin ödəniş 2018-ci ilin dekabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində bəyan edilərək vergiyə cəlb edilmişdir. Geridə qalan elektron qaimə- fakturalar üzrə 260604 manat ödəniş isə 2019-cu ilin may, noyabr və dekabr ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində əks etdirilərək 18% dərəcə ilə vergiyə cəlb edilmişdir. Göründüyü kimi, iddiaçı "xxxx" MMC 2019-cu il ərzində təqdim edilmiş ümumilikdə 520708,0 manat dəyərində elektron qaimə-fakturaların biri üzrə 260104 manat ödənişi 2018-ci ilin dekabr ayı, digər elektron qaimə-fakturalar üzrə 260604,0 manat ödənişi isə 2019-cu ilin may, noyabr və dekabr ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində əks etdirdiyi halda, vergi orqanı avans şəklində ödənilərək 2018-ci ilin dekabr ayında ƏDV-yə cəlb edilmiş 260104,0 manat ödənişi səhvən 2019-cu ilin dövriyyəsinə daxil edərək cəmiyyətə əsassız əlavə vergi məbləği hesablamışdır. Sonda iddiaçının nümayəndəsi Vəkil iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin 20.05.2021-ci il tarixli e-2-1(118)-1154/2021 nömrəli sərəncamına əsasən iddiaçı “Azkaustik'’ MMC-nin (VÖEN: **********) 2 saylı Ərazi Vergilər Baş idarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 23.04.2021-ci il tarixli, **********535400 nömrəli qərarın ləğv edilməsi” barədə iddia ərizəsinin surəti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə göndərilərək iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb edilmişdir. Baş idarədə vergi ödəyicisi kimi qeydiyyatda olan "xxxx" MMC-yə (VÖEN: **********) 2019-cu il dekabr ayı əlavə dəyər vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə 40359,95 manat vergi məbləği hesablanmışdır. Belə ki, iddiaçı da 2019-cu təqvim ilinin ayları üzrə təqdim edilən ƏDV bəyannamələrinin 305-ci (Əməliyyatlar üzrə CƏMİ) sətirlərinin “Dövriyyə məbləği (ƏDV nəzərə alınmadan)” sütunlarının cəmində 296486,05 manat məbləğ göstərilməsinə baxmayaraq, (cari il ərzində azaldılan və artırılan dövriyyə məbləğləri nəzərə alınmaqla), həmin hesabat ili üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin 200-cü (Malların işlərin, xidmətlərin təqdim edilməsindən gəlir) sətri üzrə 520708,00 manat əks etdirilmiş, bəyannamənin 1 nömrəli əlavəsinin 2.2.1.2-ci (“Alınmış avanslar") sətrinin “Hesabat dövrünün sonuna” olan 3928,41 manat avans məbləği ilə “Hesabat dövrünün əvvəlinə" olan 3928,41 manat avans məbləğinin fərqi 0 manat, cəmi 520708,00 manat məbləğində hesabat dövrü üzrə gəlirlər (ƏDV və aksiz nəzərə alınmadan) əks etdirilmişdir ki, nəticədə də 224221,95 manat məbləğində fərq müəyyən edilmişdir. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Yuxarıda qeyd olunanlara əsasən 30.03.2021-ci il tarixli **********457200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Vergi Məcəlləsinin 16.1.3, 16.1.6 və 16.1.7-ci maddələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyiclərinin vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 67.1-ci, 67.1.3-cü, 67.1.6-cı və 67.1.9-cü maddələrinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri və vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlardan, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Beləliklə, vergi ödəyicisi tərəfindən qeyd edilən məktuba heç bir əsaslı münasibət bildirilmədiyi üçün tərəflərindən 2019-cu il dekabr ayı əlavə dəyər vergisi bəyannaməsi üzrə 40359,95 manat kameral vergi məbləği hesablanılmış və vergi ödəyicisinə 23.04.2021-ci il tarixli **********535400 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. İddiaçı iddia ərizəsində ancaq hesablanan qərarın qanunsuz olmasını vergi orqanının 2019-cu ilin vergi borcunun 2021-ci ilin aprel ayında hesablanması ilə əsaslandırmışdır. Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsəsən Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. İddiaçı vergi orqanına 19.03.2021-ci il tarixdə 2019-cu il dekabr ayı üzrə əlavə dəyər vergisi ilə bağlı dəqiqləşdirilmiş bəyannamə təqdim etmiş, cavabdeh vergi orqanı 30 iş gününü ötürmədən 2019-cu il dekabr ayı əlavə dəyər vergisi bəyannaməsi üzrə 40359,95 manat kameral vergi məbləği hesablanılmış və vergi ödəyicisinə 23.04.2021-ci il tarixli **********535400 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 23.04.2021-ci il tarixli **********535400 nömrəli Qərarından görünür ki, İddiaçı MMC-yə 2019-cu ilin dekabr ayı üzrə 40359.95 manat əlavə dəyər vergisi hesablanmışdır. - “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 28.09.2021-ci il tarixli **********967800 nömrəli Qərarından görünür ki, İddiaçı MMC-yə 2019-cu il üzrə 14769.77 manat mənfəət vergisi hesablanmışdır. - 2019-cu il üzrə iddiaçı tərəfindən kassa metodu ilə təqdim edilmiş Mənfəət vergisi bəyannaməsindən görünür ki, cəmiyyətin həmin hesabat ili üzrə malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) əldə olunan gəliri 198,923.45 manat, gəlirdən çıxılmasına yol verilən xərcləri 189,735.24 manat, vergitutma məqsədləri üçün mənfəəti 9,188.21 manat, ödəməli olduğu mənfəət vergisi isə 1,837.64 manat bəyan edilmişdir. - İş materiallarına əlavə edilmiş İddiaçı MMC tərəfindən göndərilmiş elektron qaiməfakturalar barədə məlumatlara əsasən cəmiyyət tərəfindən "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və “X3 Kompleksi” MMC-yə ümumilikdə 520708,0 manat dəyərində mallar təqdim edilmişdir. - İş materiallarına əlavə edilmiş “X5 Azərbaycan” QSC tərəfindən verilmiş bank hesabından çıxarışlara əsasən İddiaçı MMC-nin hesablaşma hesabına "xxxx" MMC tərəfindən 06.12.2018-ci il tarixdə 130.052,0 manat, 26.12.2018-ci il tarixdə 130.052,00 manat, "xxxx" MMC tərəfindən 07.05.2019-cu il tarixdə 121.271.73 manat, 10.05.2019-cu il tarixdə 67.931.72 manat, “X3 Kompleksi” MMC tərəfindən 30.05.2019-cu il tarixdə 9720.0 manat vəsait mədaxil edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən və tərəflərin izahatlarından belə aydın olur ki, İddiaçı MMC tərəfindən 2019-cu il ərzində ümumilikdə 520708.0 manat dəyərində mallar təqdim edildiyi halda, həmin il üzrə təqdim edilmiş Mənfəət vergisi bəyannaməsində vergiyə cəlb edilən gəlir 198923.45 manat, həmin ilin yanvar-dekabr ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində isə vergitutulan dövriyyə ümumilikdə 296486.05 manat göstərilmişdir ki, bu da vergi orqanı tərəfindən vergidən yayınma halı kimi qiymətlədirilmiş və kameral vergi yoxlaması nəticəsində elektron qaimə-faktura əsasında təqdim edilmiş malların ümumi dəyəri ilə vergi bəyannamələrində göstərilən dövriyyə arasında yaranan fərqə əsasən cəmiyyətə ƏDV və Mənfəət vergisi üzrə əlavə vergi məbləğləri hesablanmışdır. Aşağıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, vergi orqanı elektron qaimə-fakturalar ilə təqdim edilmiş malların dəyərinə əsasən iddiaçıya əlavə vergi öhdəliyi hesablamaqla səhvə yol vermişdir. Belə ki, İddiaçı MMC tərəfindən 2019-cu il ərzində ümumilikdə 520708,0 manat dəyərində malların təqdim edilməsi işin mübahisəsiz hallarındandır. İşin mübahisəli halı həmin satış dövriyyəsinin təqdim edilmiş Mənfəət vergisi və ƏDV bəyannamələrində düzgün şəkildə əks etdirilib-etdirilməməsi ilə bağlı olmuşdur. İddiaçıya mübahisələndirilən 23.04.2021-ci il tarixli inzibati akt ilə hesablanmış 40359.95 manat ƏDV məbləği ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh vergi orqanı kameral vergi yoxlaması zamanı xidməti vəzifəsindən irəli gəldiyi halda işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları tam və hərtərəfli araşdırmamış, obyektiv qərarın qəbul edilməsi üçün zəruri olan sübutları toplamamış və nəticədə iddiaçıya münasibətdə əlverişsiz inzibati akt qəbul etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş “X5 Azərbaycan” QSC tərəfindən verilmiş bank hesabından çıxarışdan görünür ki, iddiaçı tərəfindən "xxxx" MMC-yə təqdim edilmiş 260104,0 manat dəyərində malların dəyəri sonuncu tərəfindən 06.12.2018 və 26.12.2018-ci il tarixlərdə avans şəklində ödənilmişdir. Bu isə o deməkdir ki, həmin ödəniş 2019-cu ilin deyil, 2018-ci ilin ƏDV dövriyyəsinin tərkib hissəsini təşkil edə bilərdi. Başqa sözlə desək, iddiaçı haqlı olaraq təqdim edilmiş 520708.0 manat məbləğində malların 260104,0 manat hissəsini 2018-ci ilin dekabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində, qalan 260604,0 manat hissəsini isə 2019-cu ilin yanvar-dekabr ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində əks etdirmiş, lakin vergi orqanı 520708,0 manat dəyərində satış dövriyyəsini ümumilikdə 2019-cu ilin vergiyə cəlb edilən dövriyyəsi kimi qiymətləndirərək vergi qanunvericiliyinin tələblərini pozmuşdur. Belə ki, Vergi Məcəlləsinin 166.1-ci maddəsinin 01.01.2020-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır. Həmin Məcəllənin 166.2-ci maddəsinin 01.01.2020-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən ödəmə bu Məcəllənin 166.1.1-ci və ya 166.1.2-ci maddələrində göstərilən müddət başlananadək həyata keçirildikdə, ödəmədən sonrakı 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə, vergi tutulan əməliyyat ödəmə həyata keçirildikdə aparılmış sayılır. Vergi tutulan əməliyyat üçün iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Sadalanan normalardan aydın olur ki, ƏDV məqsədləri üçün əməliyyatın vaxtı: - təqdim edilmiş mallara görə ödəmə 30 gün müddətində həyata keçirildikdə, ödəmənin vaxtı, 30 gündən sonra həyata keçirildikdə, elektron vergi hesab-fakturasının vaxtı, - ödəmə malların təqdim edilməsindən əvvəl (avans şəklində) edildikdə və 5 gün ərzində elektron vergi hesab fakturası verildikdə, elektron vergi hesab-fakturasının vaxtı, verilmədikdə isə, ödəmənin vaxtı ilə müəyyən edilir. İş materiallarından göründüyü kimi, "xxxx" MMC tərəfindən ödəniş 2018-ci ilin dekabr ayında edildiyi halda, elektron vergi hesab-fakturası 04.04.2019-cu il tarixdə göndərilmişdir ki, bu halda ƏDV məqsədləri üçün əməliyyatın vaxtı 2018-ci ilin dekabr ayı hesab olunur və cavabdeh vergi orqanı həmin ödənişi vergi qanunvericiliyinin tələblərinə zidd olaraq 2019-cu ilin dövriyyəsinə daxil etmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ƏDV məqsədləri üçün vergitutulan əməliyyatın məbləği və vaxtı cavabdeh vergi orqanı tərəfindən düzgün müəyyən edilmədiyindən, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 23.04.2021-ci il tarixli **********535400 nömrəli Qərara əsasən İddiaçı MMC-yə 2019-cu ilin dekabr ayı üzrə hesablanmış 40359.95 manat əlavə dəyər vergisi əsassız olmuşdur. İddiaçıya 2019-cu hesabat ili üzrə hesablanmış 14769.77 manat mənfəət vergisinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh vergi orqanı ƏDV dövriyyəsində olduğu kimi, mənfəət vergisi məqsədləri üçün cəmiyyətin vergiyə cəlb edilən mənfəətini də düzgün müəyyən edə bilməmişdir. İş materiallarına əlavə edilmiş 2019-cu il üzrə Mənfəət vergisi bəyannaməsindən görünür ki, iddiaçı kassa metodu ilə təqdim etdiyi hesabatda həmin il üzrə ümumi gəlirini 198923.45 manat müəyyən etmişdir. Eləcə də, iş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan da görünür ki, iddiaçının hesablaşma hesabına 2019-cu il ərzində ümumilikdə 198923.45 manat pul vəsaiti mədaxil edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsində vergiyə cəlb edilən gəlir düzgün olaraq 198923.45 manat bəyan edildiyi halda, cavabdeh vergi orqanı həmin göstəricini il ərzində təqdim edilmiş malların dəyərinə uyğun olaraq 520708,0 manat hesablamışdır ki, bu da vergi qanunvericiliyinin tələblərinin pozulması ilə nəticələnmişdir. Belə ki, Vergi Məcəlləsinin 131-ci maddəsinə əsasən kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır. Həmin Məcəllənin 132.1-ci maddəsinə vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt gəlirin əldə edildiyi vaxt sayılır. Vergi Məcəlləsinin 133.1-ci maddəsinə əsasən vergi uçotunun məqsədləri üçün vergi ödəyicisi kassa metodundan istifadə etdikdə, xərcin çəkilməsi vaxtı, əgər bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, xərcin faktiki çəkildiyi vaxt sayılır. Həmin Məcəllənin 133.2-ci maddəsinə əsasən vergi ödəyicisi pul vəsaitini ödəyirsə, nağd pul vəsaitinin ödənildiyi, nağdsız ödəmədə isə vergi ödəyicisinin pul vəsaitinin köçürülməsi haqqındakı tapşırığının bank tərəfindən alındığı vaxt xərcin çəkildiyi vaxt sayılır. Sadalanan normalardan aydın olur ki, vergi ödəyicisi vergilərin uçotunu kassa metodu ilə apardığı halda, gəlirin əldə edilmə vaxtı nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin hesablaşma hesabına daxil olduğu vaxt, xərcin çəkilməsi vaxtı isə nağd pul vəsaitinin ödənildiyi, nağdsız ödəmədə isə vergi ödəyicisinin pul vəsaitinin köçürülməsi haqqındakı tapşırığının bank tərəfindən alındığı vaxt qəbul edilir. İş materiallarından göründüyü kimi, "xxxx" MMC 2019-cu il üzrə kassa metodu ilə təqdim etdiyi Mənfəət vergisi bəyannaməsində ümumi gəlir olaraq bank hesabına il ərzində mədaxil edilmiş məbləğləri (198923.45 manat) göstərdiyi halda, vergi orqanı əsassız olaraq iddiaçının ümumi gəlirini elektron qaimə-fakturalar əsasında təqdim edilmiş malların dəyəri həcmində (520708 manat) qəbul etmişdir. Halbuki, yuxarıda da qeyd edildiyi kimi həmin malların dəyərinin 260104 manat hissəsi 2018-ci ilin dekabr ayında ödənilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC tərəfindən təqdim edilmiş Mənfəət vergisi bəyannaməsinin göstəricilərində hər hansı kənarlaşma mövcud olmadığından, cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 28.09.2021-ci il tarixli **********967800 nömrəli Qərara əsasən hesablanmış 14769.77 manat mənfəət vergisi əsassız olmuşdur. “İnzibati icraat haqqında” AR Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 23.04.2021-ci il tarixli **********535400 nömrəli və 28.09.2021-ci il tarixli **********967800 nömrəli Qərarlar ləğv edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 23.04.2021-ci il tarixli **********535400 nömrəli və 28.09.2021-ci il tarixli **********967800 nömrəli Qərarları ləğv edillsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №e-2-1(118)-99/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(118)-99/2022
19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver