Azərbaycan Respublikası adından QƏRAR İş № e-2-1(120)-1236/2021 23.11.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı (Masallı rayonu, Qızılavar kəndində yaşayış yeri üzrə qeydiyyatda olan), cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 (Şəki şəhəri, S.Mümtaz küçəsi, ev 2/12-də yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 8 saylı regional ərazi filialına qarşı cəza çəkmədən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxsə verilən birdəfəlik pul müavinətinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin 8 saylı regional ərazi filialına qarşı cəza çəkmədən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxsə verilən birdəfəlik pul müavinətinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, o, 2011-ci ildə Rusiya Federasiyasının Orenburq vilayətinin Orusk şəhəri Leninsk rayon məhkəməsinin 26 aprel 2011-ci il tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. Həmin ildən Rusiya Federasiyasında həbsxanada cəzası çəkməyə başladır. 27.07.2020-ci ildə cəzaçəkmə müəssisəsindən buraxıldır. Rusiya Ədliyyə Nazirliyinin 17.10.2019-cu il tarixli sərəncamı ilə onun Rusiya Federasiyasında qalmağının arzu olunmadığı barədə qərar qəbul edilmişdir. Azadlığa buraxılandan sonra Covid-19 pandemiyası ilə bağlı Respublikalar arası ucuşlar olmadığından X2 rayon məhkəməsinin 30.07.2020-ci il tarixli qətnaməsi ilə 27.10.2020-ci il tarixinə kimi X2 rayonu Alabaytal k., Kamaçatka küçəsi ev 5 ünvanda yerləşən Rusiya DİN Belyayevsk rayonu üzrə Xarici vətəndaşların müvqqəti saxlanma mərkəzinə yerləşdirilmişdir. Sərhədlər bağlı olduğundan və ucuşlar olmadığından X2 rayon məhkəməsinin 26.10.2020-ci il tarixli qətnaməsi ilə 30.11.2020-ci il tarixə kimi onun həmin mərkəzdə qalma müddəti uzadılmışdır. Təkrar olaraq həmin rayon məhkəməsinin 27.11.2020-ci il tarixli qətnaməsi ilə onun həmin mərkəzdə qalma müddəti yenidən 30.12.2020-ci il tarixə kimi uzadılmışdır. Ucuşlar bərpa edilmədiyindən və buna görə onun deport edə bilmədiklərindən təkrar olaraq həmin rayon məhkəməsinin 28.12.2020-ci il tarixli qətnaməsi ilə onun həmin mərkəzdə qalma müddəti yenidən 27.01.2021-ci il tarixə kimi yəni 6 ay müddətinə uzadılmışdır. Onun mərkəzdə olduğu müddət ərzində vətənı getmək haqqında şəhadətnamənin alınması məqsədi ilə Azərbaycan Respublikasının səlahiyyətli orqanlarının ünvanına sorğular göndərilmiş, həmin şəhadətnamə Orenburq vilayəti üzrə Rusiya DİNİ-yə göndərilmiş lakin onun müddətinin məhdud olması eləcə də DİNİ-yə daxil olması üçün müvəqqəti xərclər ilə əlaqədar olaraq, eləcə də yeni koronavirus infeksiyasının yayılma profilaktikası ilə əlaqədar müntəzəm aviyaməlumatın olmaması həmçinin Azərbaycan-Ermənistan münaqişəsinə görə vətənə qayıtmaq haqqında şəhadətnamənin müddəti bitmişdir. Onun vətənə qayıtmaq haqqında şəhadətnaməmin alınması üçün təkrar olaraq Azərbaycan Respublikası konsolluğuna müraciət edilmiş lakin birbaşa aviareyslər olmadığı üçün deportasiya haqqında qərarı icra etmək mümkün olmamışdır. Onun barəsində qəbul edilmiş deportasiya haqqında qərar icra etmək üçün Orenburq vilayəti üzrə Rusiya DİNİ tərəfindən 03 fevral 2021ci il tarixinə gediş sənədləri alınmış bu səbəbdən xarici vətəndaşların müvəqqəti saxlanma mərkəzində olma müddətimin uzadılması üçün 26 yanvar 2021-ci ildə həmin rayon məhkəməsi tərəfindən qətnamə çıxarılaraq onun mərkəzdə qalma müddəti 15 fevral 2021-ci il tarixi kimi uzadılmışdır. Rusiya Federasiyasından Azərbaycan Respublikasına birbaşa aviareyslər olmadığından onu 03 fevral 2021-ci il tarixdə Moskva-İstanbul reysi ilə X1 şəhərinə, oradan da 04 fevral 2021-ci il tarixdə İstanbul reysi ilə Heydər Əliyev adına hava limanına gətirdilər. O, Azərbaycana gəldikdən sonra cəzaçəkmə müəssisəsində olduğundan və birdəfəlik pul müavinəti almaq üçün Masallı rayon pensiya idarəsinə müraciət etdi. Onlar ondan cəza çəkməyi ilə bağlı lazımi sənədləri tələb etdilər. O, da barəsində qəbul edilmiş hökümü, digər məhkəmə qətnamələrini və azadlığa buraxılmağına bağlı vəsiqəni fonda təqdim etmişdir. Bundan sonra ona məktub gəldiyində öyrənmişdir ki, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 8 saylı regional ərazi filialı mənə bidəfəlik pul müavinətinin verilməsindən imtina etmişdir. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi 8 saylı regional ərazi filialı məktubunda qeyd etmişdir ki, o, Rusiya Federasiyasının penitensiar müəssisəsindən 27 iyul 2020-ci il azad olunduğu halda və həmin tarixdən 3 aydan artıq müddət keçdiyi üçün onun cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə verilən birdəfəlik pul müavinətini almaq hüququ yoxdur. Mən bu məktubu aldıqdan sonra 8 saylı regionu ərazi filialı gedərək rusiya federasiyasında azadlığa buraxıldığı vəsiqə ilə birlikdə onun X2 məhkəməsinin qətnamələrində onlara verdiyini, Rusiya Federasiyasında azadlıq buraxırsan da törətdiyi cinayətlə əlaqədar onun məcburi deportasiya edildiyini, lakin mövcud pandemiya ilə əlaqədar sərhədlərin bağlı olmasından onu məhkəmə qətnamələri əsasında xarici vətəndaşların müvəqqəti saxlama mərkəzində saxlandığını və buna görə özündən asılı olmayan səbəblərə görə Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən müddətdə fonda müraciət edə bilməmişdir. Bunları nəzərə alıb ona birdəfəlik müavinətin verilməsini onlardan xahiş etsə də heç bir nəticəsi olmamışdır. Halbuki o, 27.07.2020-ci il tarixdə cəzaçəkmə müəssisəsindən azadlığa buraxılsa da, onun Rusiya Federasiyasından deportasiya edilməyindən ötrü xarici vətəndaşların müvəqqəti saxlanma mərkəzində qeyd edilən məhkəmə qətnamələri əsasında aylarla saxlanılmışdır. Ona görə özündən aslı olmayan səbəblərdən qanunla müəyyən edilmiş müddətdə dövlət sosial müdafiə fonduna müraciyyət edə bilməmişdir. Qeyd edir ki, o, Rusiyadan hansı tarixlərdə Azərbaycan gəlməyini subut edən aviabiletlərin surətini də fonda təqdim etmişdir. Hesab edir ki, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 8 saylı regional ərazi filialı 03 mart 2021-ci ilin tarixli məktubu ilə ona birdəfəlik pul müavinətinin verilməsindən imtina etməsi əsassızdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X4 iddianı qəbul etməyərək bildirdi ki, iddiaçının müraciətinə cavab olaraq ona ünvanlanmış 03.03.2021-ci il tarixli **********9 nömrəli imtina məktubu ilə sosial adaptasiya müddətinin 1 il olduğu habelə, qanunun 3.1 -ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunduğu və bu müddəti ötürərək müraciət etdiyi üçün tələbini təmin etməyin mümkün olmadığı bildirilmişdir. Cavabdeh inzibati orqan iddiaçının sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətinin təyin edilməsi ilə bağlı ərizəsini təmin etməkdən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 7 nömrəli əlavənin (Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısının) 2.17-ci bəndinə əsasən cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik müavinətin təyin edilməsi üçün cəza çəkməkdən azad edilmə barədə cəzaçəkmə müəssisəsinin arayışı, məhkəmənin bəraətverici əsaslarla şəxsin cinayət məsuliyyətindən və ya cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi barədə qərarının surəti tələb olunur. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikası Qanununa əsasən bu Qanun qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə sosial adaptasiyası sahəsində tədbirlərin həyata keçirilməsinin təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Qanunun 1.0.1-ci maddəsinə əsasən penitensiar müəssisə - Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrasını həyata keçirən cəzaçəkmə müəssisəsidir. 1.0.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər - qanunvericilikdə müəyyən edilmiş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslərdir. Qanunun 6.1.7-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti verilir. Normada iddia edilən müavinətə hüququn subyekti qismində sosial adaptasiyaya ehtiyacı olan cəza çəkməkdən azad edilmiş şəxslər müəyyən edilmişdir. Həmin Qanunun 7-ci maddəsi sosial adaptasiyaya ehtiyacı olan şəxs statusunun yaranması şərtini müəyyən etmişdir: 7.1. Müvafiq icra hakimiyyəti orqanı (ƏƏSMN) penitensiar müəssisələrin müdiriyyəti ilə birlikdə ayda bir dəfədən az olmayaraq sosial adaptasiyaya ehtiyacı olan cəza çəkməkdən azad ediləcək şəxsləri müəyyən edir və bu şəxsləri onların razılığı ilə qeydiyyata götürür. Penitensiar müəssisələrdə sosial adaptasiya məqsədilə qeydiyyata götürülməmiş şəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları üç ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı (ƏƏSMN) tərəfindən qeydiyyata alınırlar. Həmçinin bildirir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 48.1-ci və 50-ci maddələrinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. İnzibati orqan qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, maraqlı şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maraqlı şəxs bu Qanunun 50.1-ci maddəsində göstərilmiş səbəblər aradan qalxdığı vaxtdan ən geci 10 gün müddətində buraxılmış müddətin bərpa olunmasına dair yazılı ərizə ilə inzibati orqana müraciət etməlidir. Ərizəyə müddətin buraxılması səbəbinin üzrlü olduğunu təsdiq edən sənədlər əlavə olunmalıdır. Qeyd etmək istər ki, iddiaçı 04 fevral 2021-ci il tarixində Azərbaycan Respublikasına qayıtmasına baxmayaraq 03 mart 2021-ci il tarixində sosial müavinətin təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Göründüyü kimi, İddiaçı həmin Qanunda nəzərdə tutulmuş 10 gün müddəti ötürmüşdür. Qeyd olunanılara əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-c maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Masallı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 29.11.1960-cı il tarixdə Masallı rayonunun Dəlləkoba kəndində anadan olub, Masallı rayonu, Qızılavar kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 8 saylı regional ərazi filialının İddiaçı ünvanladığı 03 mart 2021-ci il tarixli, **********9 nömrəli məktubunda qeyd olunmuşdur ki, Rusiya Federasiyasının penitensiar müəssisəsindən 27.07.2020-ci il tarixdə azad olunduğu və həmin tarixdən üç aydan artıq müddət keçdiyi üçün cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə verilən birdəfəlik pul müavinətini almaq hüququ yoxdur. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 13.07.2021-ci il tarixli, **********1 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı Kitabalı oğlunun müraciəti ilə əlaqədar olaraq Fondun 8 saylı regional ərazi filialında inzibati araşdırma aparılmışdır. İddiaçıya imtina verilməsinin səbəbi “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının Qanunun 3.1-ci maddəsinin tələblərinə əsasən müvafiq müavinətin ödənilməsi üçün 3 aylıq müddəti ötürməsi olmuşdur. Məhkəmənin 26.01.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının müvəqqəti saxlama mərkəzində qalma müddəti uzadılsa da, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının Qanununda hər hansı bir istisna hal (müvəqqəti saxlama mərkəzində qalma müddətinin məhkəmə qərarı əsasında uzadılması və digər hallar) nəzərdə tutulmadığından imtina verilərkən qətnamə nəzərə alınmamışdır. İşdə olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti 18.07.2021-ci il tarixli, 33/2469 nömrəli məktubundan görünür ki, İddiaçı dövlət sərhədindən hərəkətləri barədə İAMAS bazasında 22.05.2010-cu il tarixdə Rusiyaya çıxış, 04.02.2021-ci il tarixdə Türkiyədən giriş həyata keçirmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının Qanununun: 2-ci maddəsinə əsasən, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin (bundan sonra-cəza çəkməkdən azad edilmiş şəxslər) sosial adaptasiyası haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsindən, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. 3.1-ci maddəsinə görə, bu Qanun cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur. 7.2-ci maddəsinə əsasən, penitensiar müəssisələrdə sosial adaptasiya məqsədilə qeydiyyata götürülməmiş şəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları üç ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfındən qeydiyyata alınırlar. 8-ci maddəsinə əsasən sosial adaptasiya müddəti bir ildir. Müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında bu müddət daha bir ilədək uzadıla bilər. Sosial adaptasiya müddəti cəza çəkməkdən azad edilmiş şəxsin qeydiyyata götürüldüyü gündən hesablanır. 9.1-9.2-ci maddələrinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslər onların barəsində qanunvericilikdə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda, digər qanunvericilik aktlarında, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş bütün insan və vətəndaş hüquq və azadlıqlarından istifadə edirlər. Cəza çəkməkdən azad edilmiş şəxslər onların hüquq və azadlıqlarını pozan, habelə hüquq və azadlıqlarının həyata keçirilməsinə mane olan qərar və hərəkətlərdən (hərəkətsizliklərdən) qanunvericiliklə müəyyən olunmuş qaydada tabeçilik qaydasında yuxarı orqanlara və ya məhkəməyə şikayət edə bilərlər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Rusiya Federasiyasının penitensiar müəssisəsindən 27.07.2020-ci il tarixdə azad olunduğu və həmin tarixdən üç aydan artıq müddət keçdiyi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 8 saylı regional ərazi filialı tərəfindən İddiaçı cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə verilən birdəfəlik pul müavinəti təyin edilməmişdir. Məhkəmənin qeyd edir ki inzibati orqan kimi cavabdeh iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun və digər qanunların tələblərinə uyğun olaraq aparmamışdır. Belə ki, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərinə uyğun araşdırma aparmadan iddiaçının müraciətinə formal əsaslarla cavab vermişdir. Başqa sözlə, cavabdeh inzibati orqan zəruri araşdırma aparmadan, işin faktiki hallarını müəyyən etmədən, sübutları aydınlaşdırmadan, əlaqəli sübutları və məlumatları əldə etmədən imtina cavabı vermişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz . Həmçinin qanunvericilikdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirlər müəyyən edilmişdir. Cavabdeh iddiaçıya münasibətdə “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsində nəzərdə tutulan digər tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığını aydınlaşdırmadan, bununla bağlı iddiaçıya hüquqi yardım göstərmədən iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətkərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən doğur) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73-cü maddəsi tətbiq oluna bilər. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının ərizəsi əsasında zəruri inzibati icraat aparmamış, işin faktiki və hüquqi halları tam müəyyən etməmişdir. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması öhdəliyi qoyulmalıdır. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində müraciətin təmin edilməsindən “imtina” ediləcəyi halda iddiaçının həmin “imtina”nı məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin 8 saylı regional ərazi filialının üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin 8 saylı regional ərazi filialının üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması öhdəliyi qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №e-2-1(120)-1236/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(120)-1236/2021
23.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver