Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № e-2-1(120)-1448/2024 02.09.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “kameral vergi yoxlamasının keçirilməsi nəticəsində qəbul edilmiş qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 02 sentyabr 2024-cü il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Təsviri hissə: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “kameral vergi yoxlamasının keçirilməsi nəticəsində qəbul edilmiş qərarın ləğv edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflər lazımi qaydada xəbərdar edilmişdirlər. Məhkəmə iclasına İddiaçı nümayəndəsi və vəkili Vəkil gəlmiş, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 2021-ci il dekabr ayı üzrə analoji qaydada kameral vergi yoxlaması keçirilmiş və 179.890,20 manat məbləğində ƏDV hesablanmışdır. Daha sonra, iddiaçı 2021-ci ilin dekabr ayı üzrə ƏDV üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim etmiş və cavabdeh vergi orqanı yenidən 24 oktyabr 2022-ci il tarixində qərar qəbul etməklə 179.890,20 manat əlavə hesablanmış ƏDV-ni bərpa etmişdir. Daha sonra, iddiaçı 7 fevral 2023-cü il tarixində 2021ci ilin dekabr ayı üzrə yenidən dəqiqləşdirilmiş bəyannamə təqdim etmiş, sonuncu verilən bəyannamə üzrə ümumiyyətlə uyğunsuzluq məktubu təqdim edilməmiş və birbaşa kameral vergi yoxlamasının nəticəsi üzrə 17 fevral 2023-cü il tarixli qərarla əlavə ƏDV hesablanmışdır. Eyni zamanda, bildirir ki, keçirilmiş kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilən qərar iddiaçıya təqdim edilməmiş, elektron vergi idarəsi sistemi vasitəsi ilə göndərilməmiş və həmin hesablamanın aparılmasını yalnız iddiaçının şəxsi hesab vərəqəsindən görmək olur. Belə olan təqdirdə isə vergi orqanı tərəfindən uyğunsuzluq məktubu göndərilmədən bəyannamə üzrə kameral vergi yoxlaması keçirərək birbaşa müvafiq qərarla əlavə vergilərin hesablanması vergi qanunvericiliyinin tələblərinə ziddir. Belə ki, Vergi Məcəlləsinin 37.1-ci maddəsinə görə kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Eyni Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Sadalanan normalardan göründüyü kimi, ilk öncə vergi ödəyicisi bəyannamə təqdim edir və vergi orqanı bu bəyannamədə ziddiyyət və səhv aşkar etdikdə bu barədə əlavə məlumat, sənəd və izahat tələb etməli və yalnız bundan sonra vergilərin düzgün hesablanmamasını aşkar etdikdə vergilərin hesablanmasına dair müvafiq qərar göndərir. Başqa sözlə desək, cavabdeh vergi orqanı ilk öncə iddiaçının təqdim etdiyi bəyannamədə səhv və ya ziddiyyət aşkar etmişdirsə buna dair iddiaçıya uyğunsuzluq məktubu göndərməli idi və daha sonra iddiaçı hər hansı sənəd və ya izahat təqdim etmədiyi, və yaxud təqdim edilən sənəd və ya izahat vergi orqanını qane etmədiyi halda əlavə vergilər hesablayıb müvafiq qərarı göndərməli idi. Lakin təəssüflər olsun ki, cavabdeh vergi orqanı vergi qanunvericiliyinin sözügedən normalarını kobud şəkildə pozmuşdur. Bundan başqa, hesablamanın mahiyyəti ilə bağlı bildirir ki, cavabdeh vergi orqanın 17 fevral 2023-cü il tarixli qərarı aşağıdakı səbəblərə görə əsassız və qanunsuzdur: Cavabdeh vergi orqanı tərəfindən bundan əvvəl təqdim edilmiş qərarda hesablamaya əsas kimi aşağıdakılar göstərilmişdir: İddiaçı MMC tərəfindən 2021-ci il ərzində EQF əsasında 999.390.00 manat dəyərində soya paxlası “X6 FABRİKİ” MMC-yə təqdim edilmişdir. Həmin məhsullar İddiaçı MMC tərəfindən "xxxx" MMC-dən əldə edilmişdir. Nazirlər Kabinetinin 30 iyun 2022-ci il tarixli 251 saylı Qərarına əsasən “Satışı ƏDV-dan azad olan yem və yem əlavələrin siyahısı” təsdiq edilmişdir. Həmin siyahıda soyanın olduğu müəyyən edilmişdir. Lakin soyanın təqdim edildiyi “X6 FABRİKİ” MMC-nin faktiki olaraq hər hansı heyvandarlıq sahəsi ilə məşğul olmadığı, soyanı yağ istehsalı üçün əldə etdiyi müəyyən edilmişdir. Qeyd edək ki, məhsullar idxal zamanı ƏDV-yə cəlb edilmişdir. Göstərilənləri nəzərə alaraq, İddiaçı MMC tərəfindən azaldılmış 179.890,20 manat (999 390,00 x 18%) ƏDV məbləğinin bərpa edilməsi nəzərdə tutulur.” Göründüyü kimi, cavabdeh vergi orqanı qərar qəbul edərkən belə qənaətə gəlmişdir ki, soya paxlası heyvandarlıq məqsədləri üçün istifadə edilmədiyi üçün həmin soyanın satışı ƏDV-yə cəlb edilməlidir. İlk öncə qeyd edilməlidir ki, Vergi Məcəllənin 164.1.46-cı maddəsinə əsasən heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr - 2020-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 30 iyun tarixli 251 nömrəli Qərarı ilə təsdiq edilmiş “Satışı əlavə dəyər vergisindən azad olunan heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin” Siyahısında soya da nəzərdə tutulmuşdur. Qanunun məqsədindən göründüyü kimi, qanunverici heyvandarlıq və quşçuluq təsərrüfatların inkişafı üçün belə bir norma əlavə etməklə ölkə daxilində yem və yem əlavələrin satışını ƏDV-dən azad etmişdir. Həmçinin, Vergi Məcəlləsindən də görünür ki, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrin idxalı deyil, ölkə daxilində yalnız satışı ƏDV-dən azad edilmişdir. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı soya paxlasını "GRAİN AQRO” MMC-dən ƏDV-siz əldə etmiş, eyni zamanda "X6 FABRİKİ” MMC-yə ƏDV-siz, yəni ƏDV-dən azad qaydada təqdim etmişdir. Həmin soya paxlasının isə idxalı zamanı ƏDV-yə cəlb edilməsi ona görə olmuşdur ki, Vergi Məcəlləsində heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrin yalnız satışı ƏDV-dən azad edilmiş, idxalı isə azad edilməmişdir. Ümumiyyətlə həmin məhsulların idxalı zamanı ƏDV-yə cəlb edilməsi hazırki məsələyə heç bir aidiyyəti yoxdur. Diqqətə çatdırır ki, Vergi Məcəlləsinin 159.7-ci maddəsinə əsasən bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-yə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən, bu Məcəllənin 175 -ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Həmin Məcəllənin 175.6-ci maddəsinə görə ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir. Qeyd edilən normalardan da görünür ki, iddiaçının soya paxlasını əldə etdiyi "GRAİN AQRO” MMC həmin məhsulların idxal zamanı ƏDV ödəsə də, həmin ödədiyi ƏDV-nin əvəzləşdirilməsinə hüququ olmamış ondan ötrü ki, soya paxlası heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem olduğu üçün onu iddiaçıya ƏDV-siz, yəni ƏDV-dən azad qaydada təqdim etmişdir. İddiaçı isə həmin məhsulları ƏDVsiz əldə etdiyi təqdirdə, hansı qaydada ƏDV-yə cəlb edilən əməliyyat kimi təqdim edə bilərdi sualı maraq doğurur. Bundan başqa, qeyd edilməlidir ki, cavabdeh vergi orqanı kameral vergi yoxlaması keçirərkən iş üzrə bütün faktiki halları ararşdırmamış, iddiaçı üçün əlverişli olan bütün halları aydınlaşdırmamış və nəticə etibarı ilə qanunsuz qərar qəbul etmişdir. Halbuki, Vergi Məcəlləsinin 36.2-ci maddəsində konkret olaraq təsbit edilmişdir ki, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Məlum məsələdir ki, VM-də qanunvericilik məhz heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrin satışını ƏDV-dən azad etmişdir. Qanun ƏDV-dən azad edilməni ümumilikdə heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilmə məqsədinə bağlamış, lakin həmin yem və yem əlavələrini emal edərək digər yem və yem əlavələri formasında satışını qadağan etməmişdir. Başqa sözlə desək, kameral vergi yoxlaması zamanı vergi orqanı cəmiyyətin soya paxlasını satdığı "X6 FABRİKİ” MMC-ni cəlb edərək həmin məhsulları hansı məqsədlər üçün istifadə edildiyini araşdırmamışdır. Halbuki, "X6 FABRİKİ” MMC vergi orqanına və DVX-yə müraciət edərək bildirmişdir ki, həmin soya paxlasını cəmiyyətdən əldə edərək onlardan heyvanların yemlərinə qatılması üçün yağ istehsal etmişdir ki, həmin yağ məhsulunu da heyvandarlıqla məşğul olan digər sahibkarlara satmışdır. Qeyd edilən məktubdan da görünür ki, soya paxlası emal edilərək sonda yağ formasında yenidən heyvanların yemlərində qatqı kimi istifadə edilmiş və qanunda nəzərdə tutulmuş məqsədə çatdığı üçün ƏDV-dən azad edilmişdir. Bundan başqa, vergi orqanı tərəfindən soya paxlasının son istehlak üçün heyvandarlıqdan başqa məqsədləri üçün istifadə edilməsi anlamına gəlməsi özü-özlüyündə başa düşülən deyil. Aydın məsələdir ki, vergi orqanı əməkdaşları özləri belə kənd təsərrüfatı sahəsində və yaxud heyvandarlıqda bilikləri olmadığı üçün belə qənaətə gəlmişlər ki, soya paxlasından heyvandarlıqdan başqa məqsədləri üçün istifadə edilməsi mümkündür. İddiaçının isə bir vergi ödəyicisi kimi soya paxlasını təqdim etdiyi "X6 FABRİKİ” MMC-ni həmin soyadan məhz hansı məqsədlər üçün istifadə edildiyini müəyyən etmək və yaxud araşdırmaq vəzifəsi olmamışdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, cavabdeh vergi orqanı iddiaçı tərəfindən vergi qanunvericiliyinin pozulması halını sübuta yetirə bilmədiyindən, habelə kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilən qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1 -ci maddəsinə görə səxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. Mübahisələndirildiyi məsələ ilə bağlı qeyd olunmalıdır ki, iddiaçı tərəfindən məhkəmədə qaldırılan iddia tələbi mübahisələndirmə haqqında iddia növüdür. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Eyni zamanda vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin subut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. (Azərbaycan Respublikası VM-in 53.3-ci maddəsi). Qeyd olunan normaların məzmunundan göründüyü kimi, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməli deyildir, həmin vəzifə vergi qanunvericiliyinin tələblərinə əsasən bir qayda olaraq vergi orqanının, hazırki halda isə cavabdehin üzərinə düşür. Cavabdeh isə iddiaçı tərəfindən vergi qanunvericiliyinin pozulması halını təsdiq edən yetərli sübut və dəlilləri əldə etmədən yalnız sübuta yetirilməyən formal mülahizələrə əsaslanaraq qərar qəbul etmişdir ki, bu da öz növbəsində iddiaçının qanunla qorunan hüquq və mənafelərinə toxunması halının yaranmasına səbəb olmuşdur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, cavabdeh iddiaçı tərəfindən vergi qanunvericiliyinin pozulması halını sübuta yetirə bilmədiyindən, habelə kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərar qanunsuz və əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Bundan başqa iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən iddia ərizəsinə əlavə verilmişdir. İddia ərizəsinə əlavədə qeyd edilmişdir ki, İddiaçı MMC cavabdeh İN yanında DVX-nin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “iddiaçı barəsində 2021-ci ilin dekabr ayı üzrə keçirilmiş kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli Qərarın ləğv edilməsi haqqında” iddia ərizəsi hazırda icraatınızdadır. İddia ərizəsindən görünür ki, cavabdeh vergi orqanı əlavə vergilərin hesablanmasında mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının təqdim etdiyi soya paxlasının heyvandarlıq məqsədləri üçün istifadə edilmədiyi üçün həmin soyanın satışı ƏDV-yə cəlb edilmişdir. Bununla bağlı, cavabdeh öz mövqeyini VM-in 164.1.46-cı maddəsinə əsasən əsaslandırmışdır. Həmin normanın 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olan redaksiyasına görə heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr - 2020-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad edilmişdir. Lakin Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklərin edilməsi haqqında Azərvaycan Respublikasının 5 dekabr 2023-cü il 1033-VİQD nömrəli Qanununa görə VMnin 164.1.46-cı maddəsində “heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən” sözləri çıxarılmış, “4” rəqəmi “7” rəqəm ilə əvəz edilmiş və həmin Qanun 1 yanvar 2024-cü il tarixdən qüvvəyə minmişdir. Belə ki, VM-nin 164.1.46-cı maddəsinin hazırkı redaksiyasına görə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr - 2020-ci il yanvarın 1-dən 7 il müddətinə ƏDV- dən azad edilmişdir. Göründüyü kimi, yeni qanunla qanunvericilik “heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən” sözlərini çıxarmaqla məhz yem və yem əlavələrin Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş siyahıda olması ilə kifayətlənmiş və “heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilməsi” məqsədinə bağlamamışdır ki, hazırkı iş üzrə də iddiaçının təqdim etdiyi soya paxlası həmin siyahıda mövcuddur. Qeyd edilməlidir ki, qanuna edilən dəyişiklik iddiaçının hüquqi vəziyyətini bir vergi ödəyicisini kimi yaxşılaşdırdığı və hüquqi məsuliyyətini yüngülləşdirdiyi üçün geriyə qüvvəsi şamil edilməlidir. Belə ki, qeyd olunan müddəa Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində öz əksini tapmışdır. Həmin maddəyə görə Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göstərilənləri nəzərə alınmasını xahiş edirlər. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə iddiaya qarşı etiraz təqdim edilmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçı cavabdehə qarşı “S.S.D" MMC barəsində 2021-ci ilin dekabr ayı üzrə keçirilmiş kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli Qərarın ləğv edilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunan səbəblərdən hesab edirlər ki, iddia ərizəsi üzrə iddia tələbi tam əsassızdır: Öncəliklə iddianın əsassızlığı ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edirlər: Bildirir ki, İddiaçı şikayətlərində kameral vergi yoxlamasının nəticəsi ilə razı olmadığını bildirərək, 2021-ci ilin dekabr ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə hesablanmış vergi məbləğinin azaldılmasını xahiş etmişdir. Uçot-baza məlumatlarına əsasən Cəmiyyətin xx.xx.2016-cı il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, xx.xx.2021-ci il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyata alındığı, əsas fəaliyyət növünün “heyvanlar üçün yemlərin topdan satışı” olduğu, ünvan 1i ünvanında ümumi sahəsi 37002 m2 olan təsərrüfat subyektinin (obyektin kodu: **********-83001) “Torpaq sahəsi" adlı təsərrüfat subyektinin xx.xx.2022-ci il tarixdə vergi orqanında uçota alındığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı 2021-ci ilin dekabr ayı ərzində vergi ödəyicisinin vergi tutulan əməliyyatlarının olmasına baxmayaraq, 2021-ci ilin dekabr ayı üzrə ƏDV bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Bəyannamənin təqdim edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********050900 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin müvafiq bəyannamə, uyğunsuzluq barədə əsaslandırılmış izahat və zəruri sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci ilin dekabr ayı üçün ƏDV bəyannaməsi üzrə anoloji qaydada 179 890,20 manat vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********488000 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Daha sonra Cəmiyyət tərəfindən xx.xx.2022-ci il tarixdə 2021-ci ilin dekabr ayı üçün dəqiqləşdirilmiş ƏDV bəyannaməsi göstəricisiz olaraq təqdim edilmişdir. Kameral vergi yoxlaması ilə aparılmış araşdırma zamanı Cəmiyyət tərəfindən 2021-ci il ərzində elektron qaimə-fakturalar əsasında 999 390,00 manat dəyərində soya paxlası "X6 FABRİKİ" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) təqdim edildiyi müəyyən edilmişdir. Həmin məhsullar İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN **********) əldə edilmişdir. Nazirlər Kabinetinin 30 iyun 2022-ci il tarixli 251 saylı Qərarına əsasən “Satışı ƏDV-dən azad olan yem və yem əlavələrinin siyahısı” təsdiq olunmuşdur. Həmin siyahıda “soya"nın da olduğu müəyyən edilmişdir. Lakin, soyanın təqdim olunduğu "X6 FABRİKİ" MMC-nin faktiki olaraq hər-hansı heyvandarlıq sahəsi ilə məşğul olmadığı, soyanı yağ istehsalı üçün əldə etdiyi müəyyən olunmuşdur. Məhsullar idxal edilən zaman ƏDV-yə cəlb edilmişdir. Cəmiyyət tərəfindən təqdim edilmiş bəyannamə üzrə təqdim edilmiş soya məhsullarının ƏDV-yə cəlb edilməməsi və bəyannamənin göstəricisiz olaraq təqdim edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Bəyannamənin təqdim edilməsi haqqında" xx.xx.2022-ci il tarixli **********990900 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin müvafiq bəyannamə, uyğunsuzluq barədə əsaslandırılmış izahat və zəruri sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci ilin dekabr ayı üçün ƏDV bəyannaməsi üzrə 179 890,20 manat vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********603500 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmiş, daha sonra Cəmiyyət tərəfindən xx.xx.2022ci il tarixdə 2021-ci ilin dekabr ayı üçün dəqiqləşdirilmiş ƏDV bəyannaməsi bir daha göstəricisiz olaraq təqdim edilmiş və nəticədə sonuncu "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********724400 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. İddiaçı Vergi Məcəllənin 164.1.46-cı maddəsinə əsasən heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələrin 2020-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad edildiyini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 30 iyun tarixli 251 nömrəli Qərarı ilə təsdiq edilmiş “Satışı əlavə dəyər vergisindən azad olunan heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin’’ Siyahısında soyanın da nəzərdə tutulduğunu, Qanunun məqsədindən göründüyü kimi, qanunvericiliyin heyvandarlıq və quşçuluq təsərrüfatların inkişafı üçün belə bir norma əlavə ediiməklə ölkə daxilində yem və yem əlavələrin satışını ƏDV azad edildiyini, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrin idxalı deyil, ölkə daxilində yalnız satışı ƏDV-dən azad edildiyini, Cəmiyyət soya paxlasını "xxxx" MMC-dən ƏDV-siz əldə etdiyini və “X6 FABRİKİ” MMC-yə ƏDV-siz, yəni ƏDV-dən azad qaydada təqdim etdiyini, qanunvencilikdə ƏDV-dən azad edilməni ümumilikdə heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilmə məqsədinə bağlanıldığını, lakin həmin yem və yem əlavələrini emal edərək digər yem və yem əlavələri formasında satışını qadağan edilmədiyini, “X6 FABRİKİ” MMC tərəfindən soya paxlası emal edilərək sonda yağ formasında yenidən heyvanların yemlərində qatqı kimi istifadə edildiyini və qanunda nəzərdə tutulmuş məqsədə çatdığı üçün ƏDV-dən azad edildiyini, Cəmiyyətin soya paxlasını təqdim etdiyi "X6 FABRİKİ’’ MMC-ni həmin soyadan məhz hansı məqsədlər üçün istifadə edildiyini müəyyən etmək və yaxud araşdırmaq vəzifəsinin olmadığını bildirmişdir. Belə ki, iddiaçı tərəfindən "X6 FABRİKİ" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) xx.xx.2021-ci il tarixli EBBB seriyalı 970726 nömrəli və 21 06.2021-ci il tarixli EBBD seriyalı 572910 nömrəli elektron qaimə-fakturalar əsasında dəyəri ümumilikdə 999 390,0 manat təşkil edən 701 ton soya paxlasını ƏDV-dən azad olunan əməliyyatlar çərçivəsində təqdim edildiyi müəyyən edilmişdir. Məlum olduğu kimi, Vergi Məcəlləsinin 164.1.46-cı maddəsinə əsasən 2020-ci il yanvarın 1-dən 4 il müddətinə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr ƏDV-dən azad edilmişdir. “Satışı əlavə dəyər vergisindən azad olunan heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin Siyahısı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 iyun 2022-ci il tarixli 251 nömrəli Qərarı ilə təsdiq olunmuşdur. Həmin siyahıda “soya" məhsulu heyvandarlıq və quşçuluq təsərrüfatında istifadə edilən yemlərin siyahısında qeyd olunmuşdur. Göründüyü kimi, Vergi Məcəlləsinin 164.1.46-cı maddəsində məhsulla yanaşı, həmin məhsulun hansı məqsədlər üçün istifadə edilməsi azadolmanın əsas şərti hesab edildiyindən alıcı vergi ödəyicisinə sözügedən azadolmanın tətbiq edilib-edilməməsi mülki münasibət çərçivəsində müəyyən edilməlidir. Həmçinin soya yem məqsədləri ilə yanaşı, texniki məqsədlər üçün (boyaq və sabun istehsalında və s.) istifadə edildiyindən həmin məhsulun təyinatı üzrə heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilməsinin müəyyən olunması Vergi Məcəlləsinin 164.1.46-cı maddəsinin tətbiqi baxımından zəruridir. Eyni zamanda ƏDV malın (işin və xidmətin) dəyərinə əlavə edilən vergi növü olmaqla aparılan əməliyyatların vergiyə cəlb olunan, vergiyə cəlb olunmayan və ya vergidən azad olunan əməliyyat olması Vergi Məcəlləsi ilə şərtləndirildiyindən, malın (işin və xidmətin) təqdim edilməsinin hansı əməliyyatın təsir dairəsinə düşməsi hallarını müəyyən etmək və aydınlaşdırmaq malı (işi və xidməti) təqdim edən vergi ödəyicisinin öhdəliyidir. Bu baxımdan, məhsulun satışı satıcı üçün vergi öhdəliyi yaratdığından soya paxlasını təqdim edən vergi ödəyicisi təqdim etdiyi məhsulun ƏDV-yə cəlb edilən və ya ƏDV-dən azad olunan əməliyyat olmasını müəyyən etməlidir. Yem məhsullarının heyvandarlıq və quşçuluq təsərrüfatlarının fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə satışı üzrə dövriyyələr ƏDV-dən azaddır və vergi öhdəliyinin düzgün müəyyən edilməsi üçün satıcı vergi ödəyicisi tərəfindən əməliyyatın aparılması zamanı alıcının fəaliyyəti, o cümlədən alınan məhsulun hansı məqsədlər üçün istifadə edilməsi əvvəlcədən müəyyən edilməlidir. Vergi ödəyiciləri arasında alqı-satqı müqaviləsi mülki münasibətlər çərçivəsində bağlanıldığından və bu müqavilələr üzrə vergi ödəyicilərinin üzərinə maliyyə öhdəlikləri qoyulduğundan, aparılan əməliyyatların vergiyə cəlb olunan və ya azad olunan əməliyyat olması müəyyən edilməklə müqavilədən irəli gələn öhdəliklər yerinə yetirilməlidir. Eyni zamanda “ABŞERON VAĞ EMALİ FABRİKİ" Məhdud Məsuliyyətli Cəmiyyəti vergi orqanına müraciət edərək, İddiaçındən xx.xx.2021 -ci il tarixli EBBB seriyalı 970726 nömrəli və xx.xx.2021-ci il tarixli EBBD seriyalı 572910 nömrəli elektron qaimə-fakturalar əsasında əldə edilmiş soya paxlasından heyvan yemlərinə qatılması üçün yağ istehsal etdiyini bildirmişdir. Beləliklə, Vergi Məcəlləsinin 164.1 46-cı maddəsinə əsasən 2020-ci il yanvarın 1-dən 4 il müddətinə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr ƏDV-dən azad edildiyini, lakin “X6 FABRİKİ" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən əldə edilmiş soya paxlasının yağ istehsalında istifadə edildiyini, ƏDV malın (işin və xidmətin) dəyərinə əlavə edilən vergi növü olmaqla aparılan əməliyyatların vergiyə cəlb olunan, vergiyə cəlb olunmayan və ya vergidən azad olunan əməliyyat olması Vergi Məcəlləsi ilə şərtləndirildiyindən, malın (işin və xidmətin) təqdim edilməsinin hansı əməliyyatın təsir dairəsinə düşməsi hallarını müəyyən etmək və aydınlaşdırmaq malı (işi və xidməti) təqdim edən vergi ödəyicisinin öhdəliyi olduğunu nəzərə alaraq, iddiaçının iddia tələbi üzrə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********724400 nömrəli qərar tam əsaslıdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, PCS 06/05/21- nömrəli Soya paxlasının alışı barədə müqavilədən görünür ki, İddiaçı ilə(satıcı) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti(alıcı) arasında soya paxlasının alqı-satqısına dair müqavilə bağlanmışdır. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından çıxarışdan müəyyən edilir ki, İddiaçı (VÖEN **********) vergi ödəyicisi kimi xx.xx.2016-cı il tarixdə 6 saylı Ərazi Vergilər baş İdarəsində qeydiyyata alınmışdır. “X6 Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Vergi Xidmətinin Katibliyinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “X7 Fabriki“ MMCnin(VÖEN **********) rəhbərliyi olaraq yazıb bildirmək istəyirik ki, İddiaçı MMC müəssisəsindən (VÖEN ********** ) xx.xx.2021-cı il tarixində EBBB №: 970726 nömrəli və xx.xx.2021-ci il tarixində EBBD № 572910 nömrəli e-qaimələrlə alış etdiyimiz Soya malından heyvandarlıqda istifadə olunması üçün, yəni heyvan yemlərinə qatılması üçün yağı istehsal etmiş və heyvandarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlara təqdim etmişdir. “X6 Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “X7 Fabriki “ MMC-nin rəhbərliyi olaraq sizə bildirmək istəyirik ki, “X7 Fabriki“ MMC-ilə “S.S.D“ MMC arasında olan № PCS 16/05/21-3 nömrəli xx.xx.2021 tarixli müqaviləyə əsasən 200 ton Seriya:EBBD №:572910 xx.xx.2021) və 501 ton (Seriya:EBBB №:970726 xx.xx.2021) olmaqla ümumilikdə 701 ton soya paxlası alınmışdır. Alınmış soya paxlası soya zavodunda istehsal edilərək "xxxx" MMC-yə yem əlavəsi kimi satılmışdır. Vergilərin, Sosial sığorta və işsizlik haqlarının hesablanması barədə 24 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, İddiaçınə 179.890,20 (999390,0 x 18%) manat əlavə hesablanmış ƏDV bərpa edilməsi nəzərdə tutulmuşdur. xx.xx.2021-ci il tarixli, GA-5-05/21 nömrəli müqavilədən görünür ki, İddiaçı ilə (alıcı) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (satıcı) arasında soya paxlasının alqı-satqısına dair müqavilə bağlanmışdır və tərəflər xx.xx.2021-ci il tarixli, GA-5-05/21 saylı müqavilə üzrə 1 nömrəli Qiymət razılaşma protokoluna əsasən soyanın 1 tonunun 1375 manat təşkil etməsi barədə razılığa gəlmişlər. Vergilərin, Sosial sığorta və işsizlik haqlarının hesablanması barədə 17 fevral 2023-cü il tarixli qərardan görünür ki, Vergilərin, Sosial sığorta və işsizlik haqlarının hesablanması barədə 24 oktyabr 2022-ci il tarixli qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, VM-dən məlumdur ki, heyvandarlıqda istifadə edilən və siyahısı NK ilə müəyyən edilmiş yem və yem əlavəsi ƏDV dən azaddır. Belə ki, vergi ödəyicisi A şirkəti B şirkətdən soyanı ƏDV-siz alıb yem qatqısı olan soya yağını əldə etmək üçün digər C şirkətə satır. Sonuncu C şirkət isə soyadan istehsal etdiyi soya yağını yemə qatqı kimi heyvandarlıq ilə məşğul olan D şirkətə satır. Yəni yekunda soya heyvandarlığın yemində istifadə edilir. Belə olan halda da, bu əməliyyatlar (A, C və D şirkətləri arasında olan) ƏDV azad edilməlidirmi? Xahiş edirəm qanunverilcilik çərçivəsində əsaslandırılmış cavab verəsiniz. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin iddiaçının vəkili və nümayəndəsinə ünvanladığı müraciətə baxılması haqqında məktubda qeyd edilmişdir ki, sizin vergi azadolması barədə xx.xx.2023-cü il tarixli müraciətinizə (AVİS qeydiyyatı: xx.xx.2023-cü il tarixli **********929200 nömrəli) aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsində baxılmışdır. Bildiririk ki, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr - 2020-ci il yanvarın 1-dən 7 il müddətinə ƏDV-dən azaddır. Onu da bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 30 iyun tarixli 251 nömrəli Qərarı ilə təsdiq edilmiş "Satışı əlavə dəyər vergisindən azad olunan heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin Siyahısı” ilə https://e-qanun.az /framework/49902 linki vasitəsilə tanış ola bilərsiniz. Qeyd olunanlardan da göründüyü kimi yem və yem əlavəsi qismində yalnız soya və soya yağının ekstraksiyası nəticəsində alınan cecələr və digər bərk tullantılar ƏDV-dən azad edilmişdir. Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 164.1.46-cı maddəsi ilə tənzimlənir. Nəzərinizə çatdıraq ki, Vergi Məcəlləsi (https://www.taxes.gov.az/az/page/ar-vergi-mecellesi)və vergi qanunvericiliyinə dair qüvvədə olan digər normativ hüquqi aktları Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinin (http://www.taxes.gov.az) "Qanunvericilik” bölməsindən, hesabat formaları və onların tərtib edilməsi qaydaları barədə məlumatları isə qeyd edilən rəsmi internet səhifəsinin "Bəyannamə” bölməsinin “Bəyannamə və ərizə formaları, arayış, hesabatlar və qərarlar” alt bölməsindən əldə edə bilərsiniz. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinə (www.taxes.gov.az), İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti 15 ünvanında yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzinə yaxud Bakı şəhərində yerləşən istənilən xidmət mərkəzlərinə (xidmət mərkəzlərinin siyahısı və ünvanları ilə https://www.taxes.gov.az/az/page /xidmet-merkezleri linki vasitəsilə tanış ola bilərsiniz) müraciət edə bilərsiniz. Azərbaycan Respublikasi Kənd Təsərrüfati Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə ünvanladığınız 29 mart 2024-cü il tarixli, 2-1 (120)-1448/2024 nömrəli məktuba cavab olaraq bildiririk ki, soya bitkisi ərzaq, yem və texniki məqsədlər üçün becərilir. Soya dənindən yağ, marqarin, soya pendiri, süd, un, qənnadı məmulatları, konserv və başqa məhsullar alınır Soya yağından marqarin, mayonez. çörək, qənnadı məmulatları, südsüz qaymaq istehsalında da geniş istifadə olunur. Soya yağı kimya sənayesində də istifadə olunur Soyadan alınan yağ sabun bişirmə sənayesi üçün xammal olmaqla yanaşı, ondan lak, boyaq sənayesində də istifadə olunur. 192 adda bitki yağından, istehsalına görə soya dünyada birinci yeri tutur. Bitki yağları içərisində soya yağı 40% günəbaxan yağı isə 18-20% təşkil edir. Yağ çıxarıldıqdan sonra alınan soya şrotu quşçuluqda yem kimi çox qiymətlidir. Keyfiyyətli toxumlardan hazırlanan soya yağının tərkibində pəhrizdə çox faydalı ola biləcək bir çox zülal, kalsium, maqnezium, yağ turşuları, xüsusilə linol turşu (omeqa- 6) və alfa-linol turşusu (omeqa-3) kimi maddələr vardır. Soya yağının yem kimi istifadə üçün nəzərdə tutulan sortlardan deyil, yüksək keyfiyyətli. GMO olmayan qıda keyfiyyətli soya toxumlarından hazırlanması vacibdir. Nəzərə almağınız xahiş olunur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(120) - 1448/2024 saylı icrası ilə bağlıdaraq İddiaçı (VÖEN: **********) barəsində müraciətinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində baxılmışdır. Məktubda göstərilənlərlə əlaqədar olaraq bildiririk ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq aşağıda qeyd edilən malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ƏDV ödəməkdən azad edilmişdir, 164.1.18-ci maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr 2014-cü il yanvarın 1-dən 13 il müddətinə - 164.1.37-ci maddəsinə əsasən heyvan və quş ətinin satışı 2020-ci il yanvarın 1-dən 7 il müddətinə -164.1.46-cı maddəsinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr isə 2020-ci il yanvarın 1-dən 7 il müddətin azad edilmişdir. Müraciətinizlə bağlı yuxarıda qeyd edilən məlumatlar sizə təqdim edilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, vergi ödəyicilərinin dövlət reyestrində İddiaçı (VÖEN: **********) “4621002-Heyvanlar üçün yemlərin topdan satışı” əsas, “4532002-Ət və ət məhsullarının pərakəndə satışı” və “0111106-Digər dənli bitkilərin becərilməsi” əlavə fəaliyyət növləri üzrə uçotda olması barədə məlumatlar mövcuddur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin iddiaçıya ünvanladığı məktubunda qeyd edilmişdir ki, məlum olduğu kimi, yem və yem əlavələrinin dəqiq siyahısının müəyyən edilməsi və ƏDVdən azadolmanın inzibatçılığının qurulması zərurətindən irəli gələrək 2022-ci ilin yanvarın 1-dən Vergi Məcəlləsinin 164.1.46-cı maddəsinə edilmiş dəyişikliyə əsasən 2020-ci il yanvarın 1-dən 4 il müddətinə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən təsdiq edilən heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr ƏDV-dən azad edilmişdir. Eyni zamanda, Nazirlər Kabinetinin 30 iyun 2022-ci il tarixli 251 nömrəli Qərarı ilə “Satışı əlavə dəyər vergisindən azad olunan heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin Siyahısı” (https://e-qanun.az/framework/49902) təsdiq olunmuşdur. Siyahıya qüvvəli, qaba və sulu-şirəli yemlər, bitki və heyvan mənşəli yemlər, heyvandarlıqda və quşçuluqda yem əlavəsi təyinatlı amin turşuları və heyvandarlıqda və quşçuluqda yem əlavəsi təyinatlı minerallar, vitaminlər və digər maddələr şəklində qruplaşdırılmaqla 73 növdə yem və yem əlavələri daxil edilib. Heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələrin ƏDV-dən azad edilməsinin mahiyyəti ölkədə kənd təsərrüfatı sahəsinin inkişafı, özünəməşğulluğun təmin edilməsi, həmin sahənin məhsullarına olan tələbatın daxili istehsal hesabına təmin olunması, idxaldan asılılığın azaldılması və ərzaq təhlükəsizliyi baxımından aqrar sahədə dövlət siyasətinin həyata keçirilməsidir. Yem və yem əlavələrinin hansı mərhələdə ƏDV-dən azad olunması vergi qanunvericiliyində birbaşa tənzimlənmədiyindən Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq Siyahı üzrə müəyyən olunmuş yem və yem əlavələrinin ticarət fəaliyyəti zamanı bütün zəncir boyu satışı ƏDV-dən azadır. Bununla yanaşı, satışı ƏDV-dən azad olunan yem və yem əlavələri ƏDV tətbiq olunmaqla təqdim edilmişdirsə, bu əməliyyatlar Vergi Məcəlləsinin 159.8-ci maddəsinə əsasən ƏDV tutulan əməliyyat sayılır. Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinə (http://www.taxes.gov.az), İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə (195), yerləşdiyiniz ərazidə Sizə ən yaxın olan xidmət mərkəzinə və bütün digər vergi ödəyicilərinə xidmət mərkəzlərinə (o cümlədən, Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin inzbati binasında yerləşən Vergi ödəyicilərinə xidmət şöbəsinə, ünvan: Lənkəran şəhəri, Z.Əliyeva 97a) müraciət edə bilərsiniz. Həmçinin, Baş İdarə tərəfindən vergi ödəyicilərinin məlumatlandırılması məqsədi ilə keçiriləcək növbəti görüşlərdə iştirak etmək istədiyiniz halda, görüş qrafiki ilə Dövlət Vergi Xidmətinin rəsmi internet saytının “Əlaqə” bölməsindəki “Vergi ödəyiciləri ilə görüşlər” alt bölməsində (https://www.taxes.gov.az/az/page/vergi-odeyicileri-ile-gorusler) internet ünvanı vasitəsi ilə tanış ola bilər və vergi ödəyicilərinə xidmət mərkəzlərinə və ya internet vergi idarəsinin (http://www.e-taxes.gov.az) “Onlayn kargüzarlıq və e-VHF” bölməsi vasitəsilə müraciət edərək görüşlər və onların qrafiki barədə ətraflı məlumat ala, eyni zamanda keçiriləcək görüşdə iştirak edə bilərsiniz. Azərbaycan Respublikasi Dövlət Gömrük Komitəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Dövlət Gömrük Komitəsinin məlumat bazasına əsasən "xxxx" MMC (VÖEN: **********) tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində idxal edilmiş soya paxlası (X2 Mal Nomenklaturasınm 1201 mal kodu üzrə) haqqında məlumatları və müşayiət sənədlərinin surətlərini sizə təqdim edirik. Azərbaycan Respublikasinin Qida Təhlükəsizliyi Agentliyi Azərbaycan X1 X4 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, çoxyönlü yağ olan soya yağı yüksək tüstüləmə nöqtəsi sayəsində dünyada insanlar tərəfindən qızartma, qovurma, sobada bişirmə və s. kimi yüksək istilik tələb edən qida bişirmə proseslərində istifadə oluna bilir. Həmçinin soya yağı marqarin, rekombinasiya edilmiş bərk yağ, oleogellər, trans yağ olmayan məhsulların qarışığa çevirilməsi prosesi də daxil olmaqla müxtəlif növ işlənmiş duru/bərk yağ məhsulları üçün də istifadə olunmaqdadır. Əlavə olaraq qeyd edək ki, soya yağı müxtəlif kosmetika və əczaçılıq məhsullarının tərkibinə daxil edilir, rezin, plastik, boya və s. sənaye sahələrində, eyni zamanda alternativ enerji mənbəyi kimi biodizel emalında da geniş şəkildə istifadə olunan əsas bitki yağlarından biridir. Belə ki, aparılan araşdırmalara əsasən Azərbaycan Respublikasında qida obyektləri tərəfindən soya yağından istifadə hallarına rast gəlinməsə də, soya yağının əsasən quşçuluq təsərrüfatında istifadə edildiyi müəyyən olunmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, ATS F-14 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçı “S.S.D" MMC cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddiaçı barəsində 2021-ci ilin dekabr ayı üzrə keçirilmiş kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 17 02.2023-cü il tarixli Qərarın ləğv edilməsi haqqında” iddia ərizəsi hazırda məhkəmənin icraatınızdadır. Məlumat üçün bildiririk ki, “S.S.D" MMC tərəfindən 2021-ci ilin may-iyun aylarında ümumilikdə 701 ton soya paxlası “X7 Fabriki" MMC-yə satılmış, sonuncu həmin soya paxlasından heyvandarlıq və quşçuluq təsərrüfatı üçün yağ istehsal edərək “GP Stock Feed" MMC-yə yem əlavəsi kımı satmışdır. Eyni zamanda, nəzərinizə çatdırırıq ki, “GP Stock Feed’’ MMC aldığı (soya yağından olan) yem əlavəsini əsas fəaliyyət istiqamətində, yəni heyvandarlıq və qusçuluq təsərrüfatında istifadə etmişdir. Bundan başqa, qeyd edirik ki, bu cür əməliyyatlar yekunda heyvandarlıq və quşçuluq təsərrüfatı məqsədləri üçün olduğundan həmişə vergi Qanunvericiliyinin tələblərinə görə ƏDV-dən azad olmuş və vergi orqanları tərəfindən etiraz bildirilməmişdir. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli çıxarışından müəyyən olunur ki, "GP Stock Feed” MMC-nin hazırki adı "xxxx" MMC-dir. Azərbaycan Respublikasinin Qida Təhlükəsizliyi Agentliyi Azərbaycan X1 X5 xx.xx.2024cü il tarixli məktubunda qeyd edilmişdir ki, çoxyönlü yağ olan soya yağı yüksək tüstüləmə nöqtəsi sayəsində dünyada insanlar tərəfindən qızartma, qovurma, sobada bişirmə və s. kimi yüksək istilik tələb edən qida bişirmə proseslərində istifadə oluna bilir. Həmçinin soya yağı marqarin, rekonıbinasiya edilmiş bərk yağ, oleogellər, trans yağ olmayan məhsulların qarışığa çevirilməsi prosesi də daxil olmaqla müxtəlif növ işlənmiş duru/bərk yağ məhsulları üçün də istifadə olunmaqdadır. Əlavə olaraq qeyd edək ki, soya yağı müxtəlif kosmetika və əczaçılıq məhsullarının tərkibinə daxil edilir, rezin, plastik, boya və s. sənaye sahələrində, eyni zamanda alternativ enerji mənbəyi kimi biodizel emalında da geniş şəkildə istifadə olunan əsas bitki yağlarından biridir. Belə ki, aparılan araşdırmalara əsasən Azərbaycan Respublikasında qida obyektləri tərəfindən soya yağından istifadə hallarına rast gəlinməsə də, soya yağının əsasən quşçuluq təsərrüfatında istifadə edildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “X7 Fabriki" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyət növü barədə məlumatın verilməsinə dair sorğunuza 2 saylı Ərazi Vergilər Baş İdarəsində qanunvericiliyə uyğun olaraq baxılmışdır. Vergi ödəyicilərinin uçot-baza məlumatlarına əsasən bildiririk ki, “X7 Fabriki" MMC-nin (VÖEN: **********) əsas fəaliyyət növü “Təmizlənməmiş yağ və piylərin istehsalı” (kod: 10411), əlavə fəaliyyət növü “İxtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı” (kod:47191)-dır. Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********990900 nömrəli məktubda qeyd edilmişdir ki, 14 sentyabr 2022 tarixində təqdim olunmuş bəyannamədə, hesabatda aşağıda göstərilən səbəbdən (səbəblərdən) kameral vergi yoxlamasının aparılması mümkün olmamışdır. Səbəblər: İ.İddiaçı (VÖEN **********) tərəfindən 2021-ci il ərzində EQF əsasında 999 390,0 manat dəyərində soya paxlası "X6 FABRİKİ" MMC-yə (VÖEN **********) təqdim edilmiş. Həmin məhsullar İddiaçı tərəfindən “GRAİN AGRO" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN **********) əldə edilmişdir .Nazirlər Kabinetinin 30 iyun 2022-ci il tarixli 251 saylı Qərarına əsasən “Satışı ƏDV-dən azad olan yem və yem əlavələrinin siyahısı” təsdiq olunmuşdur. Həmin siyahıda “soya”nın da olduğu müəyyən edilmişdir. Lakin, soyanın təqdim olunduğu “X6 FABRİKİ" MMC-nin faktiki olaraq hər-hansı heyvandarlıq sahəsi ilə məşğul olmadığı, soyanı yağ istehsalı üçün əldə etdiyi müəyyən olunmuşdur. Qeyd edək ki, məhsullar idxal zamanı ƏDV-yə cəlb olunmuşdur. Göstərilənləri nəzərə alaraq, İddiaçı tərəfindən azaldılmış 179890.2 (999390,0*18%) manat ƏDV məbləğinin bərpa edilməsi nəzərdə tutulur. Bununla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün aşağıdakı zəruri sənədləri məlumatları) təqdim etməyiniz tələb olunur: Sənədlər: Dəqiqləşdirilmiş bəyannamə və ya əsaslandırılmış izahat məktubu. Təqdim etdiyiniz bəyannamə, hesabat üzrə kameral vergi yoxlamasının başa çatdırılması üçün 5(beş) gün ərzində əsaslandırılmış yazılı izahatı və zəruri olan sənədləri(məlumatları) vergi orqanına təqdim etməyiniz tələb olunur.Məktubla əlaqədar yaranacaq suallarla bağlı "Vergi ödəyicilərinə xidmət" şöbəsinə müraciət edə bilərsiniz. Bildiririk ki, kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlər(məlumatlar) məktubda göstərilən müddətədək təqdim edilmədiyi halda Vergi Məcəlləsinin 37,67 və 83 cü maddələrinin –müddəalarına əsasən vergi orqanının Sizin vergi, məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı üzrə öhdəliklərinizi yenidən hesablamaq hüququ vardır. Məhkəmə hesab edir ki, iddiaçının barəsində əlverişsiz inzibati aktın, yəni məsuliyyətə cəlb edilməsinə dair qərarın qəbulu qanunvericiliyə uyğun deyildir və aşağıda qeyd olunan normalara əsasən ləğv olunmalıdır. Tətbiq olunan hüquq normaları: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 61.1-ci maddəsinə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.4-cü maddəsinə görə inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İşin faktiki hallarından müəyyən edilir ki, cavabdeh inzibati orqan “S.S.D" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixdə 2021-ci ilin dekabr ayı üçün dəqiqləşdirilmiş ƏDV bəyannaməsinin göstəricisiz olaraq təqdim edilməsi səbəbindən kameral vergi yoxlaması aparmış və araşdırma zamanı Cəmiyyət tərəfindən 2021-ci il ərzində elektron qaimə-fakturalar əsasında 999.390.00 manat dəyərində soya paxlasının "X6 FABRİKİ" Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim edildiyi müəyyən edilmişdir. Həmin məhsullar İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən əldə edilmişdir. Lakin, soyanın təqdim olunduğu "X6 FABRİKİ" MMC-nin faktiki olaraq hər-hansı heyvandarlıq sahəsi ilə məşğul olmadığı, soyanı yağ istehsalı üçün əldə etdiyi əsası ilə mübahisələndirilən qərar qəbul edilmiş və qərar qəbul edən zaman həmin qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcud olub-olmamasını nəzərə almamışdır. Belə ki, məhkəmə araşdırması zamanı mübahisəsiz hal kimi müəyyən edilmişdir ki, İddiaçı (alıcı) xx.xx.2021-ci il tarixli, GA-5-05/21 nömrəli müqaviləsinə əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (satıcı) soya paxlasını əldə etmiş və “X7 Fabriki “ MMC-yə № PCS 16/05/21-3 nömrəli xx.xx.2021 tarixli müqaviləyə əsasən 200 ton Seriya:EBBD №:572910 xx.xx.2021) və 501 ton (Seriya:EBBB №:970726 xx.xx.2021) olmaqla ümumilikdə 701 ton soya satmışdır. Sonuncu tərəfindən alınmış soya paxlası soya zavodunda istehsal edilərək "xxxx" MMC-yə yem əlavəsi kimi satılmışdır. İddiaçı bildirmişdir ki, soya Nazirlər Kabinetinin 30 iyun 2022-ci il tarixli 251 saylı Qərarına əsasən “Satışı ƏDV-dən azad olan yem və yem əlavələrin siyahısı”nda müəyyən edilmişdir. Lakin cavabdeh tələbə etiraz edərək soyanın təqdim edildiyi “X6 FABRİKİ” MMC-nin faktiki olaraq hər hansı heyvandarlıq sahəsi ilə məşğul olmadığını və həmin məhsulun idxalı zamanı ƏDV-yə cəlb edildiyini və soya paxlasının heyvandarlıq məqsədləri üçün istifadə edilmədiyi üçün həmin soyanın satışının da ƏDV-yə cəlb edilməli olduğunu bildirmişdir. Lakin “X7 Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyəti Dövlət Vergi Xidmətinin Katibliyinə ünvanladığı məktubunda da qeyd edilmişdir ki, “S.S.D “MMC müəssisəsindən (VÖEN ********** ) xx.xx.2021-cı il tarixində EBBB №: 970726 nömrəli və xx.xx.2021-ci il tarixində EBBD № 572910 nömrəli e-qaimələrlə alış etdiyimiz Soya malından heyvandarlıqda istifadə olunması üçün, yəni heyvan yemlərinə qatılması üçün yağı istehsal etmiş və heyvandarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlara təqdim etmişdir. Digər məktubda isə bildirilmişdir ki, “X7 Fabriki“ MMC-ilə “S.S.D“ MMC arasında olan № PCS 16/05/21-3 nömrəli xx.xx.2021 tarixli müqaviləyə əsasən 200 ton Seriya:EBBD №:572910 xx.xx.2021 və 501 ton (Seriya:EBBB №:970726 xx.xx.2021) olmaqla ümumilikdə 701 ton soya paxlası alınmışdır. Göründüyü kimi, cavabdeh vergi orqanı qərar qəbul edərkən belə qənaətə gəlmişdir ki, soya paxlası heyvandarlıq məqsədləri üçün istifadə edilmədiyi üçün həmin soyanın satışı ƏDV-yə cəlb edilməlidir. Vergi Məcəllənin 164.1.46-cı maddəsinə əsasən heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr - 2020-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 30 iyun tarixli 251 nömrəli Qərarı ilə təsdiq edilmiş “Satışı əlavə dəyər vergisindən azad olunan heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin” Siyahısının 1.8-ci bəndində soya da nəzərdə tutulmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikasının 5 dekabr 2023-cü il 1033- VİQD nömrəli Qanununun 1.51.12-ci bəndinə əsasən, Vergi Məcəlləsinin 164.1.46-cı maddəsində “heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən” sözləri çıxarılmış, “4” rəqəmi “7” rəqəm ilə əvəz edilmiş və həmin Qanun 1 yanvar 2024-cü il tarixdən qüvvəyə minmişdir. Göründüyü kimi, qanunverici heyvandarlıq və quşçuluq təsərrüfatların inkişafı üçün belə bir norma əlavə etməklə ölkə daxilində yem və yem əlavələrin satışını ƏDV-dən azad etmişdir. Həmçinin, Vergi Məcəlləsindən də görünür ki, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrin idxalı deyil, ölkə daxilində yalnız satışı ƏDV azad edilmişdir. Belə ki, iddiaçı soya paxlasını "GRAİN AQRO” MMC-dən ƏDV-siz əldə etmiş, eyni zamanda "X6 FABRİKİ” MMC-yə ƏDV-siz, yəni ƏDV-dən azad qaydada təqdim etmişdir. Həmin soya paxlasının isə idxalı zamanı ƏDV-yə cəlb edilməsi ona görə baş vermişdir ki, Vergi Məcəlləsində heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrin yalnız satışı ƏDV-dən azad edilmiş, idxalının isə azad edilməsi nəzərdə tutulmamışdır. Vergi Məcəlləsinin 159.7-ci maddəsinə görə, bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-yə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən, bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Həmin Məcəllənin 175.6-ci maddəsinə əsasən, Bu Məcəllənin 160.4cü maddəsində göstərilən hal istisna olmaqla (160.4.Hüquqi və fiziki şəxslər tərəfindən daşınar və daşınmaz əmlakların, qeyri-maddi aktivlərin, habelə əmlak kompleksi şəklində müəssisələrin dövlət orqanlarına (qurumlarına), eləcə də siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara əvəzsiz olaraq verilməsi vergi tutulan əməliyyat sayılmır.), ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir. Dövlət büdcəsindən ayrılan vəsaitlər (subsidiya və geri qaytarılmalı vəsaitlər istisna olmaqla) hesabına mallar (işlər, xidmətlər) alınarkən, ödənilmiş ƏDV -nin məbləği əvəzləşdirilmir. Qeyd edilən normalardan da görünür ki, iddiaçının soya paxlasını əldə etdiyi "GRAİN AQRO” MMC həmin məhsulların idxalı zamanı ƏDV ödəsə də, həmin ödədiyi ƏDV-nin əvəzləşdirilməsi ilə bağlı öhdəliyi olmamışdır, çünki soya paxlası heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem olduğu üçün və qanunvericiliyin yuxarıda sadalanan hallarına istinadən o, iddiaçıya ƏDV-siz, yəni ƏDV-dən azad qaydada təqdim edilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikasının 5 dekabr 2023cü il 1033-VİQD nömrəli Qanununun 1.51.12-ci bəndinə əsasən, Vergi Məcəlləsinin 164.1.46-cı maddəsində “heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən” sözləri çıxarılmışdır və “4” rəqəmi “7” rəqəm ilə əvəz edilmişdir. Məhkəmə hesab edir ki, həmin qanuna edilən dəyişiklik Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinə əsasən, iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırdığı və hüquqi məsuliyyətini yüngülləşdirdiyi üçün geriyə qüvvəsi şamil edilməlidir. Həmçinin cavabdeh orqan qeyd etmişdir ki, soyanın təqdim olunduğu "X6 FABRİKİ" MMC faktiki olaraq hər-hansı heyvandarlıq sahəsi ilə məşğul olmamışdır və bu hal iddiaçı tərəfindən araşdırılmamışdır. Məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 16-cı maddəsinə əsasən, vergi ödəyicisinin malını təqdim etdiyi müəssisənin fəaliyyətini yoxlamaq və həmin mallardan hansı məqsədlərlə gələcəkdə istifadə edəcəyini araşdırmaq kimi bir vəzifəsi müəyyən ediməmişdir. Başqa sözlə, iddiaçının soya paxlasını təqdim etdiyi "X6 FABRİKİ” MMC tərəfindən həmin soyadan məhz hansı məqsədlər üçün istifadə edildiyini müəyyən etmək və yaxud araşdırmaq vəzifəsi olmamışdır. Vergi Məcəlləsinin 36.1-ci maddəsinə əsasən, vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 37.1-ci maddəsinə görə kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələri nin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Sadalanan normalardan göründüyü kimi, ilk öncə vergi ödəyicisi bəyannamə təqdim edir və vergi orqanı bu bəyannamədə ziddiyyət və səhv aşkar etdikdə bu barədə əlavə məlumat, sənəd və izahat tələb etməli və yalnız bundan sonra vergilərin düzgün hesablanmamasını aşkar etdikdə vergilərin hesablanmasına dair müvafiq qərar göndərir. Cavabdeh vergi orqanı ilk öncə iddiaçının təqdim etdiyi bəyannamədə səhv və ya ziddiyyət aşkar etmişdirsə, buna dair iddiaçıya uyğunsuzluq məktubu göndərməli idi və daha sonra iddiaçı hər hansı sənəd və ya izahat təqdim etmədiyi, və yaxud təqdim edilən sənəd və ya izahat vergi orqanını qane etmədiyi halda əlavə vergilər hesablayıb müvafiq qərarı göndərməli idi. Lakin cavabdeh vergi orqanı vergi qanunvericiliyinin sözügedən normalarını kobud şəkildə pozmuşdur. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Məhkəmə həmçinin hesab edir ki, inzibati orqanın mübahisələndirilən qərarıəlverişsiz inzibati aktı yazılı şəkildə tam olaraq əsaslandırılmamışdır. Belə ki, həmin aktın özündə yalnız Vergi Məcəlləsinin 59.1-ci maddəsinə, həmin Məcəllənin 62-ci və İPM-in 38.1-ci maddələrinə (qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad edilmiş və inzibati məhkəmə icraatında kameral vergi yoxlamasının keçirilməsi üçün əsaslar, əlavə vergi məbləğlərinin hesablanması qaydası (düsturu), inzibati orqanın inzibati aktın qəbulunu şərtləndirən hallardan doğan qənaəti aydın şəkildə öz əksini tapmamışdır. Qanunvericiliklə («İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallara gəldikdə isə, hazırkı mübahisələndirilən inzibati aktların qəbulu ilə həmin hallar uzlaşmır. Odur ki, hazırda mübahisələndirilən inzibati aktın özündə yazılı şəkildə əsaslandırılması yeterli qiymətləndirilmir. Məhkəmə belə bəticəyə gəlir ki, mübahisələndirilən inzibati akt qanuna zidd sayılmaqla yanaşı, onlun qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunu ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Beləliklə, işin faktiki və hüquqi halları ilə müəyyən olunmuşdur ki, vergi orqanı tərəfindən iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan hallar isə mübahisələndirilən qərarın ləğvi üçün əsas hesab edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı barədə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin kameral vergi yoxlamasının keçirilməsi nəticəsində qəbul edilmiş qərarı ləğv edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 2.2.1-ci, 4.1-ci, 14-ci, 23.1-ci, 32-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 70-ci, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddia təmin edilsin. İddiaçı barəsində cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli Qərarı ləğv edilsin. Qərardan rəsmi qaydada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №e-2-1(120)-1448/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(120)-1448/2024
02.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver