Məhkəmə qərarları › İş №e-2-1(120)-1679/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(120)-1679/2023

11.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № e-2-1(120)-1679/2023 11.08.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5 iştirakı ilə, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2001-ci ildən xx.xx.2011-ci il tarixədək 10 il 3 ay 17 gün qoca ahıl yaşlı atasına işləməklə yanaşı qulluq etdiyi müddətin sosial sığorta stajına hesablanaraq hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X4rşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, onun xx.xx.2001-ci ildən xx.xx.2011-ci il tarixədək 10 il 3 ay 17 gün qoca ahıl yaşlı atasına işləməklə yanaşı qulluq etdiyi müddətin sosial sığorta stajına hesablanması barədə arayışın verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-1679/2023 nömrəli qərardadı ilə iddia tələbinə “xx.xx.2001-ci ildən xx.xx.2011-ci il tarixədək 10 il 3 ay 17 gün qoca ahıl yaşlı atasına işləməklə yanaşı qulluq etdiyi müddətin sosial sığorta stajına hesablanaraq hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabehin üzərinə qoyulması” kimi baxılması, həmçinin cavabdeh Dövlət Sosial Müdafiə X18 Şəxsinin cavabdeh siyahısından çıxarılması, cavabdeh kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının qəbul edilməsi qərara alınmışdır. İddiaçı hesab edir ki, ona xx.xx.2001-ci ildən xx.xx.2011-ci il tarixədək 10 il 3 ay 17 gün qoca ahıl yaşlı atasına işləməklə yanaşı qulluq etdiyi illər sığorta stajı kimi nəzərə alınaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Şifahi məhkəmə iclasında izahatında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında izahatında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X11 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Sabirabad rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, lakin əsaslı deyildir. İddia mahiyyəti üzrə uğursuzdur, yəni əsaslı deyildir. Belə ki, məhkəmə iclasında iddiaçının ahıl qocaya qulluq etməsinə dair aktı və digər iş materialları ilə müəyyən edildi ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq üçün iddiaçının tələb olunan ümumi iş stajı və pensiya kapitalı olmadığı üçün, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Belə ki, iş materiallarında olan Sabirabad bələdiyyəsi və qonşuların iştirakı ilə tərtib olunmuş 04 mart 2022-ci il tarixli aktdan görünür ki, İddiaçı işləməklə bərabər atası 1926-cı il təvəllüdlü 75 yaşlı, xəstə 2011-ci ildə vəfat etmiş X6 2001-ci ildən 2011-ci ilədək yəni vəfat etdiyi günədək qulluq etmişdir. İş materiallarında olan Sabirabad şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin və qonşuların iştirakı ilə tərtib olunmuş 12 iyun 2023-cü il tarixli aktdan görünür ki, İddiaçı 2001-ci ildən Sabirabad rayonu, T.Novruzov küçəsi, 42 saylı evdə yaşayan atası ahıl yaşı 75 olan 1926-cı il təvəllüdlü X6 86 yaşında vəfat etdiyi 19 noyabr 2011-ci il tarixədək ona qulluq etmişdir. İş materiallarında olan Sabirabad rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-16-5/6-352/2023 nömrəli məktubundan görünür ki, X1 1926-cı il tarixdə doğulması barədə qeydlər vardır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********9 nömrəli məktubunda qeyd edilmişdir ki, Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi sizin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 20 ildən az (16 il 5 ay 5 gün (xx.xx.1984-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1988xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1992-ci il, xx.xx.1992xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Sözügedən Qanunun qüvvədə olan 9.1-cı maddəsinə əsasən qadınlara münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə (hazırda 58 yaş) çatdıqdan və azı 20 il sığorta stajına malik olduqdan sonra sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması məsələsinə baxılacaqdır. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli etirazında qeyd edilmişdir ki, icraatınızda iddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “xx.xx.2001-ci il tarixdən xx.xx.2011-ci il tarixədək 10 il 03 ay 17 gün müddətin ahıl atasına qulluq etdiyi üçün sosial sığorta stajına hesablanması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair e-2-1(120)-1679/2023 nömrəli inzibati iş vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə əsasən işə dair etirazımızı təqdim edirik və icraatınıza qəbul edib hüquqi qiymət verməyinizi xahiş edirik. Hesab edirik ki, iddiaçının iddia tələbi əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: Belə ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək xx.xx.2001-ci il tarixdən xx.xx.2011-ci il tarixədək 10 il 03 ay 17 gün müddətin ahıl atasına qulluq etdiyi dövrün onun sosial sığorta stajına hesablanmasına xahiş etmişdir. Fond tərəfindən müraciətə cavab olaraq iddiaçıya xx.xx.2022-ci il tarixli **********0 nömrəli məktub ünvanlanmışdır. İddiaçı iddia ərizəsində bildirmişdir ki, vəfat etmiş ahıl atası X7 qulluq etməsi barədə Sabirabad Bələdiyyəsi tərəfindən şahidlərin iştirakı ilə xx.xx.2022-ci il tarixli Akt tərtib edilmişdir. İş materiallarında olan Sabirabad rayon şöbəsinin xx.xx.2022-ci il tarixli AZ-İ № 504573 nömrəli arayışdan aydın olur ki, X9 xx.xx.2011-ci il tarixdə ölmüşdür. Qeyd edilən hallar nəzərə alındıqda əvvəla iddia tələbi üçün əsas gətirilmiş Qulluq Aktı mübahisələndirilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 21.2.4-cü maddəsinə əsasən, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşmadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddətlər daxil edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.9-cu bəndinə əsasən, İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşmadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Həmin qulluq aktı şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən tərtib edilməlidir. İlk növbədə Qulluq Aktı şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən tətib edilməli olduğu halda Sabirabad Bələdiyyəsi tərəfindən tərtib edilmişdir. Həmçinin xx.xx.2022-ci il tarixli Aktda qeyd edilmişdir ki, İddiaçı işləməklə bərabər atası 1926-cı il təvəllüdlü 75 yaşlı xəstə 2011-ci ildə vəfat etmiş X3 2001-ci il tarixdən 2011-ci il tarixədək qulluq etmişdir. X13q edilən şəxsin ifadələrinə əsasən tərtib edilməli idi. İş materiallarında olan Sabirabad rayon şöbəsinin xx.xx.2022-ci il tarixli AZ-İ № 504573 nömrəli arayışdan aydın olur ki, X9 xx.xx.2011-ci il tarixdə ölmüşdür. Əlavə olaraq Aktda İddiaçı ahıl atasına qulluq etdiyi dövrdə işlədiyi qeyd edilmişdir. Lakin “Sığortaolunanın hesabı” Altsistemindən çıxarışdan aydın olur ki, İddiaçı xx.xx.2006-cı il tarixdən sonra sosial sığorta stajı 2021cı ilin oktyabr ayından sonrakı dövrləri əhatə edir. Bir daha müəyyən etmək mümkündür ki, sözügedən Akt qanunvericiliyə nmüvafiq qaydada tərtib edilməmişdir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1 (102)- 1989/2020 nömrəli qərarında müəyyən edilmişdir ki, şəhər (rayon) icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən tərtib olunmuş akt mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki bu faktın müəyyən olunması üçün qanunla konkret qaydalarla yanaşı, aktı tərtib etməli olan səlahiyyətli orqanlar müəyyən olunmuş və bu orqanların komissiya kimi birgə hərəkət etməsi nəzərdə tutulmuşdur. Aktın tərtibində DSMF orqanı nümayəndəsinin iştirakının zəruriliyi, bu sahədə idarəetməni həyata keçirən orqan olmasından irəli gəlir. Komissiya kollegiallıq prinsipləri əsasında fəaliyyət göstərir. Komissiyanın tərkibində DSMF-nin nümayəndəsinin olmaması, bu komissiyanın səlahiyyətli olmamasına gətirib çıxarır. Ona görə də DSMF-nin nümayəndəsinin iştirakı olmadan tərtib olunmuş akt qanuna uyğun hesab oluna bilməz. xx.xx.2022-ci il tarixli Aktın tərtib edilməsində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi iştirak etməmişdir. Beləliklə, yuxarıda qeyd edilən bütün əsaslar nəzərə alınmaqla iddia tələbinin əsasını təşkil edən xx.xx.2022-ci il tarixli Akt mötəbər hesab edilə bilməz. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “xx.xx.2001-ci il tarixdən xx.xx.2011-ci il tarixədək 10 il 03 ay 17 gün müddətin ahıl atasına qulluq etdiyi üçün sosial sığorta stajına hesablanması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair e-2-1(120)-1679/2023 nömrəli inzibati iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edəsiniz. Məhkəmə qeyd edir ki, hal-hazırda qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun normalarına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı və ya azı 25 il sığorta stajı olduqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunur. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2001-ci il tarixdən xx.xx.2011-ci il tarixədək 10 il 03 ay 17 gün müddətin ahıl atasına qulluq etməsi, həmçinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün tələb olunan ümumi və güzəştli iş stajı, həmçinin pensiya kapitalı olması sübuta yetirilməmişdir. Yəni iddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tələb olunan sosial sığorta stajını toplamamışdır. Göründüyü kimi, cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsindən imtina etməsi qanuni olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» X20 Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Maddə 3. Əmək pensiyası təminatı hüququ Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına satmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istsisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2021-ci ilin 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. ... Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti Maddə 30. Əmək pensiyasını təyin edən orqan 30.1. Əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi küçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni hayata keşirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanun: Maddə 13. “z” bəndi - kolxozlarda tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında, pambığın becərilməsi və pambıq yığımında tam mövsüm ərzində çalışan qadınlar - 52 yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda bu müddətin azı 15 ilini həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. “Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 21 noyabr 2011-ci il tarixli, 17 saylı Qərarı” ilə təsdiqlənmiş «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları» Bənd 3.3.3 - 70 yaşına çatmış ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq dövrü aşağıdakılara əsasən müəyyən olunur: qulluğun faktiki həyata keçirilməsi barədə müayinə aktı və yaşı təsdiq edən sənəd. İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, 70 yaşına çatmış ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluğun faktiki olaraq həyata keçirilməsi barədə müayinə aktı şəhər (rayon) icra hakimiyyəti orqanlarının və Şöbələrin nümayəndələrindən ibarət komissiya tərəfindən xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən tərtib olunur. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin və «Vətəndaşların pensiya təminatı haqqında» qanunun 13-cü maddəsinin “z” bəndinin birgə təhlilindən göründüyü kimi o qadınlara güzəştli şərtlərlə əmək pensiyası təyin edilə bilər ki: 52 yaşına çatmış olsun; bu şəxs xx.xx.2006-cı il tarixə azı 20 il sığorta stajına malik olsun; bu müddətin azı 15 ilini kolxozlarda tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında, pambığın becərilməsi və pambıq yığımında tam mövsüm ərzində çalışmış olsun. 24. Əgər bu şərtlərdən hər hansı biri mövcud olmazsa, qeyd olunan qanun normalarına əsasən şəxsə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması mümkün olmayacaqdır. İş materiallarından göründüyü kimi iddiaçı onun xx.xx.1984-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.2001-ci il tarixlərdə işləməsinə dair sübutlarını cavabdehə təqdim etmişdir. Bu dövrlər 20 ildən az olduğuna görə iddiaçı həm də onun 70 yaşdan yuxarı ahıl yaşlı atası 2001-ci ildən 2011-ci il tarixədək qulluq etməsi barədə Sabirabad rayon İca Hakimiyyətinin Sabirabad şəhər inzibati ərazi dairəsi üzrə İcra nümayəndəsinin, Sabirabad Bələdiyyəsinin və qonşuların imzaları ilə təsdiqlənmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli aktları təqdim etmişdir. Cavabdeh iddiaçıya güzəştli şərtlərlə pensiya təyin etməkdən imtina etməsinin səbəbini onunla izah edir ki, atasına qulluq etməsi barədə tərtib olunmuş akt qanuna uyğun tərtib olunmamışdır və bu səbəbdən anasına qulluq illərini sosial sığorta stajlına daxil etmək mümkün deyildir. Məhkəməsi cavabdehin irəli sürdüyü bu dəlilini araşdıraraq qeyd edir ki, istər əvvəllər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» qanunun 67-ci maddəsinin d) bəndi, istərsə də, hazırda qüvvədə olan «Əmək pensiyaları haqqında» qanunun 21.2.4-cü maddəsi 70 yaşına çatmış qocalara qulluq edilməsi müddətini iş stajına aid edilir. Lakin bu faktın təsdiqlənməsi (rəsmiləşdirilməsi) ilə bağlı xüsusi qayda müəyyənləşdirilmişdir (“«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.3.3-cü bəndi). Bu qayda ondan ibarətdir ki, 70 yaşına çatmış ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluğun faktiki olaraq həyata keçirilməsi barədə şəhər (rayon) icra hakimiyyəti orqanlarının və Şöbələrin nümayəndələrindən ibarət komissiya tərəfindən xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən müayinə aktı tərtib olunmalıdır. İş materiallarında İddiaçı atası Əlibala Məlikova qulluq etməsini təsdiqləyən və yuxarıda adı çəkilən normaların tələbinə uyğun olaraq səlahiyyətli orqanlar, o cümlədən Dövlət Sosial Müdafiə Fondunun nümayəndələrinin də daxil olduğu komissiya tərəfindən qulluğun faktiki həyata keçirilməsi barədə tərtib edilmiş müayinə aktı yoxdur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının istinad etdiyi Sabirabad rayon İca Hakimiyyətinin Sabirabad şəhər inzibati ərazi dairəsi üzrə İcra nümayəndəsinin, Sabirabad Bələdiyyəsinin və qonşuların iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli aktlar, müvafiq səlahiyyətli orqanlar (o cümlədən Dövlət Sosial Müdafiə Fondunun nümayəndələri) tərəfindən rəsmiləşdirilməməsinə görə ümumi stajı təsdiqləyən müayinə aktı kimi qəbul edilə bilməz. Məhkəmənin gəldiyi bu nəticə “Əmək pensiyaları haqqında” Qanunun və “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın tələblərinə də uyğundur. Məhkəmə hesab edir ki, şəhər (rayon) icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən tərtib olunmuş aktın mötəbər sübut kimi qəbul edilməli olduğu barədə iddiaçının dəlili əsassızdır. Çünki bu faktın müəyyən olunması üçün qanunla konkret qaydalarla yanaşı, aktı tərtib etməli olan səlahiyyətli orqanlar müəyyən olunmuş və bu orqanların komissiya kimi birgə hərəkət etməsi nəzərdə tutulmuşdur. Aktın tərtibində DSMF orqanı nümayəndəsinin iştirakının zəruriliyi, bu sahədə idarəetməni həyata keçirən orqan olmasından irəli gəlir. Komissiya kollegiallıq prinsipləri əsasında fəaliyyət göstərir. Komissiyanın tərkibində DSMF-nin nümayəndəsinin olmaması, bu komissiyanın səlahiyyətli olmamasına gətirib çıxarır. Ona görə də DSMF-nin nümayəndəsinin iştirakı olmadan tərtib olunmuş akt qanuna uyğun hesab oluna bilməz. Həmçinin iddiaçının bu cür akt tərtib olunması üçün DSMF orqanına müraciət etməsi də iş materiallarından müəyyən olunmur. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-1989/2020 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Qeyd edilənlərə görə məhkəmə hesab edir ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X4rşı “xx.xx.2001-ci ildən xx.xx.2011-ci il tarixədək 10 il 3 ay 17 gün qoca ahıl yaşlı atasına işləməklə yanaşı qulluq etdiyi müddətin sosial sığorta stajına hesablanaraq hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabehin üzərinə qoyulması” barədə iddiası əsassız olduğundan təmin edilmir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar