Azərbaycan Respublikası adından QƏRAR İş № e-2-1(120)-2036/2022 01.11.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «qeydiyyatdan çıxarılma öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ona məxsus ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı mülkiyyətində olan yaşayış sahəsindən üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını xahiş edir və bu halı onunla əsaslandırır ki, hazırki mübahisə üzrə üçüncü şəxs qismində çıxış edən gəlini Maraqlı şəxs istifadə hüququ yaranmamışdır. Nəzərə alınmalıdır ki, Maraqlı şəxs tərəfindən evə köçürülmə tələbi ilə bağlı rayon məhkəməsinə müraciət edilmiş, lakin şəxsin istifadə hüququ olmadığından iddia tələbi rədd edilmiş və yekun olaraq Ali məhkəmənin qərarına əsasən qətnamə qüvvəyə minmişdir. Göründüyü kimi yaşayış sahəsi üzərində mülkiyyət hüquqları yalnız iddiaçıya məxsusdur. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırki iş üzrə Maraqlı şəxs üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi (zəruri cəlbetmə) qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə Cavabdeh nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, ünvan 2 ünvanındakı 54 saylı mənzil Salyan rayon X7 İcraiyyə Komitəsinin 29 dekabr 1990-cı il tarixli 925 saylı orderinə əsasən iddiaçıya verilmişdir. Maraqlı şəxs onun gəlini olmaqla ona məxsus ünvan 2 ünvanındakı 54 saylı mənzildə pasport qeydiyyatındadır. Qeyd edirki, Salyan Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (2(057)-1608/2020) iddiaçı Maraqlı şəxs cavabdehlər X2 və İddiaçı qarşı xx.xx.2016-cı il təvəllüdlü X5, xx.xx.2019-cu il təvəllüdlü X3 adlı uşaqları ilə birlikdə özünün ünvan 5 ünvanda yerləşən mənzilə köçürülməsi barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 17 iyun 2021-ci il tarixli qətnaməsi ilə (2(106)-977/2021) iddiaçı Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Salyan Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli 2(057)-l608/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 16 noyabr 2021-ci il tarixli qərarı ilə iddiaçı Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-977/2021 saylı, 17 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə də, Maraqlı şəxs iddiaçıya məxsus ünvan 2 ünvamndakı 54 saylı mənzildə hər hansı bir hüququnun o, cümlədən istifadə hüququnun mövcud olmaması yuxarıda istinad edilmiş məhkəmə qərarları ilə də öz təsdiqini tapmışdır. Belə olan halda aydın olur ki, Maraqlı şəxs iddiaçıya məxsus ünvan 2 ünvamndakı 54 saylı mənzildə pasport qeydiyyatında qalması formal xarakter daşıyır və iddiaçının mülkiyyət hüquqlarımı pozur. Qeyd olunanlara əsasən tərəfindən Cavabdehnə müraciət edilərək, Maraqlı şəxs iddiaçıya məxsus ünvan 2 ünvamndakı 54 saylı mənzildən pasport qeydiyyatından çıxarılmasının təmin edilməsi xahiş edilmişdir. Lakin cavabdeh təşkilat “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci hissəsinə istinad etsə də, bütün əsasların olmasına baxmayaraq ərizəmi təmin etməmişdir. Odur ki, Maraqlı şəxs iddiaçıya məxsus ünvan 2 ünvamndakı 54 saylı mənzildən pasport qeydiyyatından çıxarılması vəzifəsinin Cavabdeh üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsini (vəkilini) dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və subutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1953-cü il tarixdə anadan olmuş, ünvan 6 ünvanında qeydiyyatdadır. İşdə olan Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmadığı üçün həmin vətəndaşların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması qanuna ziddir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6285/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, iddiaçı Maraqlı şəxs ünvan 8 ünvanında yerləşən mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Salyan rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli, 2(057)-1608/2020 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-977/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6285/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə Salyan Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İşdə olan xx.xx.1990-cı il tarixli, 925 nömrəli Orderin surətindən görünür ki, ünvan 6 ünvanı İddiaçı verilmişdir. İşdə olan X8 Filialının xx.xx.2022-ci il tarixli 431 nömrəli arxiv arayışından görünür ki, Salyan şəhəri Oktyabr küçəsi 30, blok 6, mərtəbə 2, 3 otaqlı yaşayış sahəsi 37,04 kv.m mənzil 54 RİK yanında mənzil –məişət komissiyası tərəfindən İddiaçı verilmişdir. İşdə olan Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Maraqlı şəxs şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş bütün sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edilmişdir. İşdə olan Salyan rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli 05/13-325 nömrəli məktubuna əsasən Maraqlı şəxs iddiaçının gəlini olduğu müəyyən edilmişdir. İşdə olan X4 tərəfindən Maraqlı şəxs ünvanlanan 17 oktyabr 2022-ci il tarixli “mediasiya prosesinin tətbiqi barədə təklif” ərizəsinə əsasən Maraqlı şəxs X4 ilə uzun müddətdir ayrıayrılıqda yaşadıqları və nikahın pozulması ilə bağlı məhkəməyə müraciət olunacağı müəyyən edilmişdir. İşdə olan Salyan rayonu İcra Hakimiyyəti Salyan Mənzil İstismar Təmmir Tikinti İstehsal Birliyi Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 1420 nömrəli arayışına əsasən Maraqlı şəxs ünvan 6 ünvanına pasport qeydiyyatı olsa da, həmin ünvanda yaşamadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İlk olaraq qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür (maddə 2). Müvafiq icra hakimiyyəti orqanları («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan bu hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında (maddə 9). Məhkəmə müəyyən etdi ki, ünvan 6 ünvanı İddiaçı mülkiyyətindədir. İddiaçı ünvan 6 ünvanında qeydiyyatda olan üçüncü şəxs Maraqlı şəxs qeydiyyatdan çıxarılmalarını xahiş etmişdir. Bu müraciətlə əlaqədar vətəndaş İddiaçı cavabdeh tərəfindən imtina edilmiş və məhkəmə orqanına müraciət edilməsi tövsiyə olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı hər hansı hüquqi əsasları mövcud olmayan üçüncü şəxsin qeydiyyatdan çıxarılmalarını tələb etmək hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6285/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, iddiaçı Maraqlı şəxs ünvan 8 ünvanında yerləşən mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Salyan rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli, 2(057)- 1608/2020 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-977/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6285/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə Salyan Rayon Məhkəməsi qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Belə ki, Salyan Rayon Məhkəməsinin hal-hazırda qüvvədə olan 2(057)-1608/2020 saylı, xx.xx.2020—ci il tarixli qətnaməsinə əsasən Maraqlı şəxs 2012-ci ildə qeyd edilən ünvan 6 ünvanına gəlin həldiyi, 7-8 ay yaşadıqdan sonra əri ilə birlikdə özünə məxsus cehiz əmlaklarını da çıxararaq daimi yaşamaq üçün ərinin daimi iş yeri olan Daşkəsən rayonuna köçdüyü müəyyən edilmişdir. Göründüyü kimi üçüncü şəxsin iddiaçıya məxsus olan mənzildə yaşamaması və qeydiyyatlarının formal xarakter daşıması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. Üçüncü şəxsin yaşayış sahəsinə istifadə hüququnun olmaması baxımından, istərsə də şəxsin yaşayış yerini dəyişməsi, başqa sözlə şəxsin həmin yaşayış sahəsində yaşamaması baxımından aparılan qiymətləndirmə iddia tələbinin təmin edilməsini, üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını qanuni və əsaslı edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Bundan başqa, qeyd olunan Qərarla müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı və İddiaçı mülkiyyətində olan ünvan 6 nömrəli mənzildən Maraqlı şəxs pasport qeydiyyatından çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 6 nömrəli mənzildən Maraqlı şəxs pasport qeydiyyatından çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №e-2-1(120)-2036/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(120)-2036/2022
01.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver