Azərbaycan Respublikası adından QƏRAR İş № e-2-1(120)-2381/2023 10.08.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirаkı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2018-ci il tarixdən təyin olunmuş 2-ci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi:
1. İşin halları: İddiaçı (bundan sonra - İddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra - Cavabdeh) ərizə ilə müraciət edərək, əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa edilməsini xahiş etmişdir. Müraciəti cavablandırılmadığından xx.xx.2023-cü il tarixdə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2018-ci il tarixdən təyin olunmuş 2-ci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İmişli rayon Mərkəzi Xəstəxanası üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, İddiaçı (bundan sonra iddiaçı) xx.xx.2018-ci ildə ümumi xəstəlik səbəbindən 2-ci dərəcəli əllik təyin olunmuşdur. Təyin olunmuş əlilliyin müddəti müddətsiz olaraq müəyyən edilmişdir. Əlillik təyinatı zamanı diaqnoz bölməsində “Beta-talassemiya.Davamlı anemiya ilə müşayət olunan krizlərlə.Xroniki QDÇ İİ dərəcə” qeyd olunmuşdur. İddiaçı daha sonra müxtəlif vaxtlarda tibbi müayinələrdən keçmiş və ona qoyulmuş diaqnoz bir-biri ilə eynilik təşkil etmişdir. Yuxarıda sadalanan hallardan göründüyü kimi şəxsə 2-ci dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əlillik Əlillik Altsistemində etibarsız hesab edilmişdir. Bununla bağlı cavabdeh orqana müraciət edilmiş və müraciətinə cavab verilməmişdir. İddiaçı hesab edir ki, vaxtında kifayət qədər zəruri tibbi yoxlamalardan keçmiş və ona ömürlük müddətinə 2-ci dərəcəli əllik təyin edilmişdir. Həmçinin hesab edir ki, cavabdeh bu hərəkət və hərəkətsizliyi ilə sosial təminat hüququnu pozmuşdur. Sadalanan faktlardan göründüyü kimi, əlillik təyin olunması üçün müayinədən keçərkən iddiaçıya qoyulmuş diaqnoz ilə müxtəlif vaxtlarda qoyulmuş diaqnozlar ilə eynilik təşkil edir. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuzdur. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur; 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur; 22.1-ci maddəsinə əsasən inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat inzibati işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları il əvə təqdim etdiyi sübutlarla bağlı deyildir; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüşü ilə əlavə sübutlar toplamağa borcludur; 28.1.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsasdır; 41.1-ci maddəsinə əsasən inzibati icraat zamanı iş üzrə faktiki hallarla bağlı sulları izah etmək üçün inzibati orqan maraqlı şəxslərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspert və ya mütəxəssis cəlb edə bilər; 52.1-ci maddəsinə əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir; 52.5-ci maddəsinə əsasən inzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. 57.1-ci maddəsinə əsasən qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir; 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır; 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir; 61.3-cü maddəsinə əsasən inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır; 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi, inzibati orqan tərəfindən «İnzibati icraat haqqında» AR Qanununun müddəaları pozulmuşdur. Eyni zamanda, əlillik meyarlarının müəyyən olunması AR Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 №-li Qərarı ilə təsdiq edilmişdir. Həmin Qərarda əlilliyin vaxtından əvvəl ləğv və ya etibarsız hesab olunması halları qeyd olunmamşıdır. Göründüyü kimi, Xidmət tərəfindən iddiaçının hüquqları kobudcasına pozulmuş və onun sosial təminat hüquqları məhdudlaşdırılmışdır. Bundan başqa qeyd edirəm ki, hazırkı mübahisə üzrə artıq Azərbaycan Respublikası Ali Məhkəməsinin mövcud praktikası vardır. Həmin praktika bu mübahisələrin vətəndaşların xeyrinə həll olunmasını özündə ehtiva edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin yanaşmasına və mövqeyinə əsasən hazırkı mübahisə üzrə əsas diqqət yetirilməli 4 məqamvardır. 1. İnzibati icraat aparılıbmı? Yəni inzibati icraatın başlanılması barədə qərar qəbul edilibmi? 2. İnzibati icraat aparılan zaman vətəndaşın yəni maralı şəxsin iştirakı təmin edilibmi? 3. Əlilliyin etibarsız hesab edilməsi barədə yekunda inzibati akt formasında qərar qəbul edilibmi? 4. Hətta inzibati icraat aparılmış olsaydı belə yəni müvafiq sorğular verilmiş olsaydı belə əlilliyin qiymətləndirilməsinə əsaslı şübhələr yalnız qiymətləndirilmiş əlilliyin qərarının ləğv edilməsinə yönələ bilərdi. Etibarsız hesab edilməsinə yox. Hazırkı mübahisə üzrə göründüyü kimi yuxarıda sadalanan dörd məqamın heç biri cavabdeh inzibati orqan tərəfindən yerinə yetirilməmiş və bu əsasdan hesab edir ki, cavabdeh inzibati orqanın hərəkətləri əsassız və qanunsuz oloduğundan iddiaçının əlilliyinin etibarsız hesab edilməsinə yönəlmiş hərəkətlər də qanunsuz hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin müvafiq maddələrini rəhbər tutaraq məhkəmədən iddiaçıya xx.xx.2018-ci il tarixdə təyin olunmuş 2-ci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması xahiş olunmuşdur. Cavabdeh məhkəməyə göndərdiyi iddiaya etirazında göstərmişdir ki, icraatınızda olan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbinə dair iş üzrə bildiririk ki, iddiaçının əlillik vəziyyətinə Bakı Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2018-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik X1: İİİ Sinif - Qan, qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozğunluqlar => D55-D59 - Hemolitik anemiyalar => D56 - Talassemiya => D56.1 - Beta... Diaqnozun mətni: Betatalassemiya.Davamlı anemiya ilə müşayət olunan, krizlərlə Xroniki QDÇ İİ dərəcə. Meyar: 2.2 ikinci dərəcə əlillik => 2.4.10. heteroziqot B talassemiya və davamlı anemiya ilə müşayiət olunan homoziqot talassemiya (D56.1).” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Lakin, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Tibb İdarəsi xx.xx.2019 -cu il tarixli 029-1354-1219 nömrəli məktubla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, 878 nəfərin Daxili İşlər Nazirliyinə aidiyyətinin olmaması, nazirliyin tibb müəssisələri tərəfindən onların barəsində göndərişlərin əsassız olaraq rəsmiləşdirildiyi qeyd edilməklə, göndərişlərin etibarsız hesab olunmasının nəzərə alınmasını xahiş etmişdir. İddiaçının adı göndərişləri etibarsız hesab edilənlərin siyahısında qeyd edildiyindən, “Əlillik altsistemi”ndə X4 aid qiymətləndirmə xx.xx.2019-cu ildən etibarsız hesab edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul etməyinizi xahiş edirik. Nəzərə almağınızı xahiş edirik. Cavabdehin daha sonra məhkəməyə göndərdiyi iddiaya etirazında göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Tibb idarəsi tərəfindən risk qrupuna daxil olan 378 nəfər barəsində rəsmiləşdirilmiş göndərişlərin əsaslılığı araşdırıimış və müəyyən ediimişdir ki, adları qeyd olunan şəxslərin Daxili İşlər Nazirliyinə aidiyyəti yoxdur, onlara Nazirliyin tibb müəssisələri tərəfindən göndərişlər əsassız olaraq rəsmiləşdirilmişdir. Bununla əlaqədar olaraq, 378 nəfərin (adlı siyahı əlavə olunur) əlillik müayinələrinin Əlillik altsistemində etibarsız edilməsinə dair Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə, vətəndaşların sosial müdafiə və təminat hüququnun yenidən nəzərdən keçirilməsi və artıq ödənilmiş vəsaitin bərpası ilə əlaqədar isə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fonduna tapşırıq verməyinizi xahiş edirəm. Qanunsuz inzibati aktın ləğvi ilə bağlı məsələlər “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsində göstərilmişdir. Maddənin 4-cü bəndində birbaşa göstərilmişdir ki, qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Əvvəlcədən məlumatlandırma, maraqlı şəxslərin cəlb edilməsi, izahatların alınması və s. bu kimi ümumi prosedur qaydalarının qanunsuz aktın ləğvi barədə tətbiq olunması ilə əlaqədar Qanunda heç bir imperativ norma mövcud deyildir. Qanunun xüsusi norma ilə tənzimlədiyi məsələyə dair aidiyyəti olmayan ümumi normaların tətbiqi yolverilməzdir. İnzibati İcraat haqında qanunun 67.2-ci maddəsinə əsasən, Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. İnzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Agentlik tərəfindən aparılan araşdırma zamanı iddiaçı ilə əlaqədar əlilliyin təyini ilə bağlı daha əvvəlki qərarının qanunsuz olduğunu qənaətinə gələrək onu ləğv etmişdir. Qanunun inzibati aktın ləğv edilməsi prosesi çərçivəsində maraqlı şəxslərin əvvəlcədən məlumatlandırma, icraata cəlbi və s. hərəkətlərlə bağlı imperativ tələbi yoxdur. Məlumatlandırma yalnız qərarın qəbulundan sonra həyata keçirilməlidir ki, iş məhkəmə icraatına qəbul edildiyindən aydındır ki, şəxs qərardan məlumatlıdır. Etibarsız hesab olunması istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul etməyinizi xahiş edirik. Nəzərə almağınızı xahiş edirik. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirаkları оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İİİ Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki iddiaçı onun barəsində cavabdeh tərəfindən edilmiş faktiki xarakterli hərəkətin hüququnu pozduğunu iddia edərək bu iddiaya cavab verməli orqana qarşı hazırkı iddianı qaldırmış, bunun üçün onun subyektiv hüququ olmuş, məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciət etmişdir. Cavabdeh etirazında hazırkı iddianı mübahisələndirmə haqqında iddiaya aid edərək 30 günlük müddətin ötürülməsi əsası ilə iddianın mümkün sayılmamasını xahiş etmişdir. Lakin işdən cavabdehin iddiaçı barəsində hər hansı əlverişsiz inzibati akt qəbul etməsi müəyyən olunmur. İddiaçı cavabdeh barəsində faktiki xarakterli hərəkət edərək elektron sistem vasitəsilə onun əlilliyini etibarsız hesab etmiş, iddiaçı isə əlillik dərəcəsinin bərpası barədə hazırkı iddianı qaldırmışdır, hansı ki, bu iddia növü öhdəliyin icrası haqqında iddia növünə aiddir. Həmin iddia növü ilə bağlı inzibati prosessual qanunvericilikdə isə hər hansı iddia müddəti nəzərdə tutulmamışdır. Buna görə də cavabdehin etirazının bu dəlili əsaslı sayıla bilməz. Məhkəmənin hazırkı iş üzrə mövqeyi analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2207/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli, 2-1(102)- 607/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli, 2-1(102)-391/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli, 2-1(102)-227/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli və 2- 1(102)-98/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, 2-1(102)-572/2023 nömrəli qərarlarına uyğundur. İddianın əsaslılığına gəldikdə isə məhkəmə qeyd edir ki, F.Heydərovun əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AADBZ nömrəli göndərişi əsasında xx.xx.2018-ci il tarixdə qiymətləndirilmiş və talassemiya mərkəzində qeydiyyatda olub-olmaması haqqında heç bir qeydiyyat olmadığından, həmçinin ağırlaşmada göstərilən diaqnozu təsdiq edən ExoKQ-müayinəsinin nəticəsi qeyd edilmədiyindən natamam doldurulması səbəbindən göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Növbəti dəfə Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyararı”na dair Əsasnaməyə uyğun olaraq, vətəndaşa Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AADGV nömrəli göndərişi əsasında xx.xx.2018-ci il tarixdən ümumi xəstəlik səbəbilə müddətsiz ikinci dərəcə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Göndərişlərin əsaslılığının müəyyən edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin Tibb İdarəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə araşdırılma aparılmış və Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2019-cu il tarixli 029-1354-1219 nömrəli məktubu ilə təqdim olunan siyahıda adları qeyd olunan şəxslərə aparılmış əlillik təyinatlarının ləğv edilməsi məqsədəuyğun hesab edilmişdir. Bununla əlaqədar, mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində vətəndaşa dair Tibbisosial ekspert komissiyasının qüvvədə olan əlillik təyinatı qərarı xx.xx.2019-cu il tarixdə ləğv olunmuşdur. Sonrakı dövrdə F.Heydərova dair İmişli Rayon Mərkəzi Xəstəxanası tərəfindən 0262003AAJ1N nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş əsasında şəxsin əlillik vəziyyəti xx.xx.2020-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz və ağırlaşmaların dəqiqləşdirilməsi məsləhət görüldüyündən “Əlavə müalicəyə ehtiyacın olması” barədə qərar qəbul edilmişdir. Sonuncu dəfə şəxsin əlillik vəziyyəti İmişli Rayon Mərkəzi Xəstəxanasının 0262003AALYN nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və xəstəliyin tez-tez hemolitik krizlər verməsi haqqında heç bir məlumat olmadığından, həmçinin, stasionar yardım haqqında qeydlər aparılmadığından natamam doldurulması səbəbindən göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə məkub ünvanlayaraq, 2017-ci ilin ikinci yarım ili və 2018-ci ilin birinci yarım ili ərzində aparılmış əlillik təyinatları üzrə risk qrupuna daxil olan şəxslərin təyinatlarının araşdırıldığı və araşdırma zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən rəsmiləşdirilmiş göndərişlər əsasında risk qrupuna daxil olan 378 nəfərə əlillik təyinatının aparıldığını bildirmiş, əlavə olunmuş siyahıda adları qeyd olunmuş 378 nəfərə dair rəsmiləşdirilmiş göndərişlərin əsaslılığının nəzərdən keçirilməsini və nəticəsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 029-1354-1219 nömrəli məktubdan görünür ki, yuxarıda istinad olunan müraciətə baxılmış, müraciətə əlavə edilmiş siyahıda adları qeyd olunan şəxslərin Daxili İşlər Nazirliyinə aidiyyəti olmadığından onlara Nazirliyin tibb müəssisələri tərəfindən verilən göndərişlərin əsassız olaraq rəsmiləşdirildiyi bildirilmişdir. Bununla əlaqədar göndərişlərin etibarsız hesab olunmasının nəzərə alınması xahiş edilmişdir. Sözügedən məktuba əlavə edilmiş siyahının 48-ci sırasında iddiaçının adı da qeyd olunduğundan cavabdeh Əlillik altsistemində X5 əlilliyin qiymətləndirilməsini xx.xx.2019-cu il tarixdən etibarsız hesab etmişdir. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçının əlillik dərəcəsi Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AADGV nömrəli göndərişi əsasında xx.xx.2018-ci il tarixdən ümumi xəstəlik səbəbilə müddətsiz ikinci dərəcə əlilliyin təyini barədə qərar edilməsinə baxmayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin xx.xx.2019-cu il tarixli, 029-1354-1219 nömrəli məktubu ilə həmin İdarə tərəfindən 378 nəfər barəsində, o cümlədən iddiaçının adına rəsmiləşdirilmiş göndərişin etibarsız hesab olunması barədə məlumat cavabdehə təqdim edildikdən sonra cavabdeh iddiaçıya təyin olunmuş əlillik təyinatını "Əlillik” altsistemində xx.xx.2019-cu il tarixdə etibarsız hesab etmişdir. Hazırda iddiaçı cavabdehin bu hərəkətini mübahisələndirərək əlillik dərəcəsinin bərpa olunmasını xahiş edir. Məhkəmə qeyd edir ki, "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Bu o deməkdir ki, istənilən halda, şəxs üçün əlverişsiz olan hər bir inzibati hərəkət üçün qanuni əsas mövcud olmalı, inzibati orqanın müdaxilə edə bilmək səlahiyyəti qanundan irəli gəlməli, müdaxilə "qanuna uyğun” olmalıdır. Cavabdehin hərəkətinin qanuna uyğun olmasının yoxlanılması ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının əlillik dərəcəsinin etibarsız hesab edildiyi dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş "Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin: -1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında əhaliyə göstərilən tibbisosial ekspertiza xidməti tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.4-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. -1.6-cı bəndinə əsasən TSEK tərəfindən ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri müəyyən edilir. -4.1-ci bəndinə görə şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. -4.3-cü bəndinə görə göndərişlər "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir. -4.9-cu bəndinə görə göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 Sosial Ekspertiza və X6 (bundan sonra - TSERAS) ötürülür. -4.9-1 -ci bəndinə görə TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. -4.16-cı bəndinə əsasən TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. -4.17-ci bəndinə əsasən qəbul edilmiş qərar və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti qeydiyyatçı tərəfindən gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir və TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir. -5.3-cü bəndinə əsasən əlilliyi olan şəxslərin vaxtından əvvəl əlilliyin təkrar qiymətləndirilməsi və ya müddətsiz əlilliyi olan şəxslərin təkrar müayinəyə cəlb edilməsi aşağıdakı hallarda həyata keçirilir: -5.3.1. həkim-məsləhət və ya hərbi-həkim ekspertizası komissiyasının rəyinə görə əlilin səhhətində və əmək qabiliyyətində dəyişiklik əmələ gəldikdə; -5.3.2. vətəndaşların və ya vəzifəli şəxslərin müraciətləri və ya şəxsin işlədiyi işəgötürənin, səhiyyə müəssisəsinin sorğusu əsasında aparılmış araşdırmalar zamanı əlilliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə; -5.3.3. Azərbaycan Respublikasının "Əmək pensiyaları haqqında” və "Sosial müavinətlər haqqında” qanunlarına uyğun olaraq, yaşa görə əmək pensiyası və ya sosial müavinət almaq hüququ olan əlillərin müraciəti olduqda; -5.3.4. fərdi reabilitasiya proqramına əsasən reabilitasiya məqsədi ilə dəvət olunmuş şəxs reabilitasiya prosesindən üzrlü səbəb olmadan imtina etdikdə. Həmçinin hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən "Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. -4.9-cu bəndinə görə bu qərardan "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Qaydanın əlavəsində Agentliyinin Tibbi-sosial ekspert komissiyası tərəfindən əlilliyin təyinatından imtina edildikdə və ya əlillik təyinatı ləğv edildikdə səbəbləri göstərilməklə qəbul edilməsi zəruri olan qərarın forması da müəyyən edilmişdir. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. Lakin hazırkı işin hallarından müəyyən olunur ki, cavabdeh iddiaçının əlillik təyinatını mübahisələndirmiş, bununla bağlı göndəriş verən orqana məlumat vermiş, daha sonra isə həmin orqanın məktubu əsasında iddiaçıya təyin edilmiş əlilliyi etibarsız hesab etmişdir, hansı ki, istinad olunan qanunvericilikdə əlilliyin etibarsız hesab edilməsi anlayışı mövcud deyildir. Qanunla şəxsin hüququna belə bir müdaxilə nəzərdə tutulmadığından məhkəmə belə qənaətə gəlir ki, cavabdehin iddiaçının əlilliyini etibarsız hesab etməkdən ibarət hərəkətinin qanuni əsası olmamışdır. Həmçinin cavabdeh bu zaman iddiaçını əyani müayinəyə cəlb etməmiş, ayrıca akt formasına qərar qəbul etməmişdir. Cavabdeh inzibati akt formasında hər hansı qərar qəbul etməyərək eyni zamanda inzibati icraat haqqında qanunvericiliyin tələblərini də pozmuşdur. Çünki "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 57.1-ci maddəsinə əsasən qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Qanunun 58.3-cü maddəsinə görə inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Qanunun 61.1 -ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Göründüyü kimi, cavabdehin əlilliyin etibarsız hesab olunmasından ibarət hərəkəti həm inzibati, həm də əlillik üzrə münasibətləri tənzimləyən qanunvericiliyə zidd olmuş, nəticədə iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin 4110003AADGV nömrəli tibbi-sosial ekspertiza müayinəsinə göndərişi əsasında xx.xx.2018-ci il tarixdən ümumi xəstəlik səbəbilə müddətsiz təyin edilmiş ikinci dərəcə əlilliyin bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Şahəli Musayev