Məhkəmə qərarları › İş №e-2-1(120)-2428/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(120)-2428/2024

16.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № e-2-1(120)-2428/2024 16.07.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2023-cü il tarixli, **********170600 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarının və **********0 nömrəli ƏDV qeydiyyat bildirişinin ləğv edilməsi” tələbinə dair işə 16 iyul 2024-cü il tarixdə Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə inzibati məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, **********170600 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarının və **********0 nömrəli ƏDV qeydiyyat bildirişinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı Masallı rayonu Türkoba kəndində yerləşən ərzaq mallarının pərakəndə ticarəti mağazasında ərzaq məhsullarının, tütün və spirtli içkilərin pərakəndə satışı ilə məşğul olur. İddiaçı sahibkarlıq fəaliyyəti çərçivəsində malları topdan satış fəaliyyəti ilə məşğul olan şəxslərdən elektron qaimə fakturalarla əldə edərək, vergi qanunvericiliyinə əsasən son istehlakçı hesab edilən şəxslərə pərakəndə qaydada satır. Malların satışını nəzarət kassa aparatı vasitəsi ilə rəsmiləşdirir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddiaçıya məxsus, Masallı rayonu Türkoba kəndində yerləşən ərzaq mallarının pərakəndə ticarəti obyektində xx.xx.2023-cü il tarixdə operativ vergi nəzarəti tədbirləri həyata keçirilmişdir. Operativ vergi nəzarəti tədbiri çərçivəsində iddiaçının sahibliyində 356972,88 manat (ƏDV ilə birlikdə) mal qalığının çatışmadığı bildirilərək rəsmiləşdirilmişdir. Cavabdeh öz təşəbbüsü ilə Azərbaycan Respbulikasının Vergi Məcəlləsinin (bundan sonra-Vergi Məcəlləsi) 67.15, 155.1 və 157.5 maddələrini əsas götürülməklə iddiaçını qeydiyyatın qüvvəyə minmə tarixi xx.xx.2023-cü il tarixdən ƏDV-nin məqsədləri üçün məcburi qaydada qeydiyyata almışdır. Cavabdeh tərəfindən iddiaçıya operativ vergi nəzarəti çərçivəsində onun sahibliyində aşkar olunmayan 356972,88 (ƏDV ilə birlikdə) manat mala bir daha ƏDV hesablanmaqla kameral vergi yoxlaması ilə 2023-cü ilin iyul ayı üçün ƏDV üzrə analoji qaydada 64255,12 manat əlavə vergi məbləği hesablanmışdır. Hesablanmış vergi məbləği barədə xx.xx.2023-cü il tarixli, **********170600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Cavabdehin xx.xx.2023cü il tarixli, **********170600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarına əsasən kameral vergi yoxlaması ilə ƏDV məbləği hesablanan Vergi Məcəlləsinin 159.7-ci maddəsinin tələblərinə riayət olunmamaqla inzibati qaydada pozuntuya yol verilmişdir. Vergi Məcəlləsinin 159.7-ci maddəsi əsasən bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-yə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən, bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Vergi Məcəlləsinin 13.2.1-ci maddəsinə əsasən şəxs-istənilən fiziki və ya hüquqi şəxs, qeyri-rezidentin daimi nümayəndəliyi, filialı və digər bölməsi hesab olunur. İddiaçı satış məqsədli malları topdan satış fəaliyyəti ilə məşğul olan şəxslərdən əldə edərək elektron qaimə fakturalar əsasında rəsmiləşdirilmişdir. Həmin elektron qaimə fakturalara əsasən müəyyən olunmuş malın qiymətinə ƏDV məbləği də daxil olmasına baxmayaraq iddiaçı ƏDV ödəyicisi olmadığı üçün malın dəyərini formalaşdıran ƏDV məbləğini qarşı tərəfin ƏDV-nin sub uçot hesabına deyil, malın ƏDV-siz dəyərinin üzərinə gəlməklə bank hesabına köçürmüşdür. Göründüyü kimi iddiaçı ƏDV ödəyicisi olan şəxslərdən malları ƏDV daxil olmaqla əldə etməsinə baxmayaraq həmin ƏDV-ni əvəzləşdirmək hüququnun olmaması səbəbindən sahibliyində qalan, ƏDV ödəməklə əldə edilən 356972,88 (ƏDV ilə birlikdə) manat mala ƏDV tutulan əməliyyat çərçivəsində təqdim edilmə kimi qiymətləndirilməməlidir. Bundan başqa bildirir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra-İ (MṖ 14.1-ci maddəsi baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Başqa sözlə, hazırkı halda sübutetmə yükü cavabdehin üzərindədir. Məhz cavabdeh mübahisələndirilən inzibati aktın əsaslandığı faktların mövcudluğunu sübut etməlidir. İnzibati qanunvericiliyin tələbi baxımından, vergi orqanının inzibati icraat zamanı işin hallarını obyektiv araşdırmaq vəzifəsi vardır (İnzibati icraat haqqında qanunun 24-cü maddəsi). Nəzərə alınmalıdır ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar isə yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir (İnzibati icraat haqqında” Qanunun 47.1-ci maddəsi) Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi Məcəlləsinin 53.4-cü maddəsinə əsasən vergi qanunvericiliyinin pozulması halları nəzərdən keçirildikdə, onun bilərəkdən və ya ehtiyatsızlıq nəticəsində törədilməsi, inzibati məsuliyyətin tətbiq edilməsi üçün təqsirkar şəxsin müəyyən yaşa çatması, yüngülləşdirici və ya ağırlaşdırıcı hallar və bu Məcəllə, habelə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müddəaları müəyyən edilməlidir. Vergi Məcəlləsinin 54.0.1-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması halında şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İPM-nin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda göstərilənlərə, İPM-nin 2.2.1, 35, 45-46-cı maddələrinə, iddiaçının hüquq və vəzifələrini icra edərək iddia ərizəsində sadalanan faktlara və hüquq normalarına əsaslanaraq məhkəmədən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********170600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının və **********0 nömrəli ƏDV qeydiyyat bildirişinin ləğv edilməsi məhkəmədən xahiş olunmuşdur. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh verg orqanı iddiaya dair etirazı təqdim edərək öz mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, “xx.xx.2023-cü il tarixli, **********170600 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarının və **********0 nömrali ƏDV qeydiyyat bildirişinin ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Aşağıda qeyd olunan səbəblərdən hesab edirik ki, iddia ərizəsi üzrə iddia tələbi əsassızdır. İşin faktiki halları: İddia ərizəsində əks olunan iddia tələbinin dəlilləri ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edirik: İddiaçı (VÖEN **********) 2023-cü ilin iyul ayı üzrə əlavə dəyər vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə əlavə hesablanmış və borca çevrilmiş vergi məbləğləri aşağıdakı əsaslarla hesablanmışdır. İddiaçıya məxsus təsərrüfat subyektində xx.xx.2023-cü il tarixdə vergi orqanı tərəfindən operativ vergi nəzarəti tədbirləri həyata keçirilmiş və xx.xx.2023-cü il tarixli DVX seriyalı 007892 nömrəli aktla rəsmiləşdirilmişdir. Keçirilən operativ vergi nəzarəti tədbirinin nəticəsi üzrə tərtib edilmiş akta əsasən məxsus təsərrüfat subyektində xx.xx.2023-cü il tarixdə keçirilən operativ vergi nəzarəti tədbirləri nəticələrinə əsasən ümumilikdə 8251,00 manat dəyərində sənədli mal qalığı aşkar edilmişdir. Baza məlumatlarına əsasən 2022-ci ilin sonuna mal qalığı 320901,27 manat xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü İl tarixədək elektron qaimə faktura əsasında mal alışı 59322,61 manat olmuşdur. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək təqdim edilmiş cari vergi arayışlarına əsasən OVN tədbiri keçirilən günə kimi dövriyyə 15000 manat olmuşdur. Qeyd olunanları nəzərə alaraq (320901,27+59322,61-15000-8251,00= 356972,88) 356972,88 manat kənarlaşma yaranmışdır. Məlum olduğu kimi, Vergi Məcəlləsinin 67.15ci maddəsinə əsasən vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir. Eyni zamanda Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200 000,0 manatdan artıq olduqda, bu əməliyyat ƏDV tutulan əməliyyat sayılır və həmin əməliyyatı həyata keçirən şəxs bu əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Əlavə olaraq bildiririk ki, qeyd ofunan müddət ərzində iddiaçı tərəfindən müvafiq ərizə təqdim olunmazsa vergi orqanı Vergi Məcəlləsinin 157.5-ci maddəsinə əsasən qeydiyyatın qüvvəyə minmə tarixi xx.xx.2023-ci il tarix olmaqla ƏDV-nin məqsədləri üçün məcburi qaydada qeydiyyata alınaraq (**********0 nömrəli ƏDV qeydiyyat bildirişi) əlavə vergi hesablanmış və xx.xx.2023-cü il tarixli **********170600 nömrəli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərar göndərilmişdir. Həmin Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 24.0.1 -ci maddəsinə əsasən, vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 94.0.2ci maddəsinə əsasən, vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı təqdim etdiyi iddia ərizəsi üzrə iddianın təmin edilməməsi barədə qərar qəbul edəsiniz. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə İddiaçı və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********170600 nömrəli qərarına əsasən, əlavə dəyər vergisi üçün 2023-cü il iyul tarixə ƏDV bəyannamənin və hesabatın təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı üzrə 64.255,12 manat hesablanmışdır. Məhkəmə qeyd edir ki, hazırkı məhkəmə baxışının predmetini iddiaçının mübahisələndiridiyi cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********170600 nömrəli qərarı təşkil edir. Məhkəmə bildirir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üstüstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə əsasən malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsidir. Həmin Qanunun 153.1-ci maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. “Mühasibat uçotu haqqında” Qanunun 2.1.11-ci maddəsinə, habelə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının “30” yanvar 2017-сi il tarixli Q-01 №li Qərarı ilə təsdiq edilmiş maliyyə hesabatlarının beynəlxalq standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”n 2.1.14-cü bəndinə əsasən: -“İlkin uçot sənədləri – maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir.” Həmin Qaydaların 7.2-ci bəndinə əsasən isə ilkin uçot sənədləri özündə sənədin (formanın) adı, nömrəsi, kodu, tərtib edilmə yeri, tarixi, sənədi tərtib edən mühasibat uçotu subyektinin adı, təsərrüfat əməliyyatlarının məzmunu, məsul şəxslərin vəzifələri, soyadı, adı, atasının adı, şəxsi imzaları kimi zəruri rekvizitlər əks etdirir. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, vergi məqsədləri üçün əlavə dəyər vergisi (və s.) vergilər ilkin mühasibat uçotu sənədləri əsasında müəyyən edilir. Konkret halda da məhz, vergi orqanı tərəfindən hesablanmış əlavə vergilərin düzgünlüyü elektron daşıyıcıdakı cədvəl göstəricilərinin əsasını təşkil edən ilkin mühasibat sənədləri mövcud olmalıdır ki, həmin göstəricilərin (kəmiyyətləri) düzgünlüyünün yoxlanılması mümkün olsun. Konkret halda isə cavabdeh tərəfindən abstrakt rəqəmlər əsasında iddiaçıya öz mülahizəsinə əsasən əlavə vergilər hesablanmışdır. Qeyd olunanlar baxımından, elektron daşyıcıdakı məlumatların həqiqəti əks etdirən mötəbər məlumatlar kimi qiymətləndirilməsi istisna edilir. Ola bilsin ki, müəssisədən götürülmüş elektron daşıycı məlumatları müssisənin vergidən yayınması ilə bağlı vergi orqanında müəyyən şübhəli məqamları yaratmış olsun, lakin həmin şübhələri aradan qaldıran, yəni, onlardakı məlumatların doğruluğu ilkin mənbə sənədlər ilə sübuta yetirilmədiyi halda, vergi ödəyicisinə külli miqdarda vergilər hesablanması əsaslı hesab edilə bilməz. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən: “ Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur...” İddiaçı satış məqsədi ilə malları topdan satış fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərindən almışdır. Alınmış malların qiymətinə ƏDV məbləği daxil olmasına baxmayaraq iddiaçı malların alan zaman ƏDV ödəyicisi olmadığı üçün malların ƏDV məbləğini ƏDV-nin sub uçot hesabına deyil, malların ƏDV-siz dəyərinin üzərinə gəlməklə malları aldığı vergi ödəyicilərinin bank hesablarına köçürmüşdür. Göründüyü kimi iddiaçı ƏDV ödəyicisi olan şəxslərdən malları ƏDV daxil olmaqla əldə etməsinə baxmayaraq həmin ƏDV-ni əvəzləşdirmək hüququnun olmaması səbəbindən sahibliyində qalan və ƏDV ödəməklə əldə edilən 356972,88 (ƏDV ilə birlikdə) manat mala ƏDV tutulan əməliyyat çərçivəsində təqdim edilmə kimi qiymətləndirilməməlidir. Çünki iddiaçı malları alan zaman malın dəyərində ƏDV-ni malları aldığı şəxslərin bank hesabına ödəmişdir. İddiaçı malları təqdim edən zaman ƏDV-ni əvəzləşdirmə hüququ olmadığı üçün təqdim etdiyi mallara ƏDV hesablanmamalıdır. Əgər hesablanmış olsa onda bir əməliyyata görə iki dəfə vergi hesablanmış olacaq. Həmçinin onu da qeyd etmək lazımdır ki, cavabdeh tərəfindən kameral qaydada yoxlanılan dövr 2021-ci və 2022-ci ilin aprel-dekabr aylarında ümumilikdə, 18 ay (9+9) ƏDV hesabat ayı mövcuddur. Azərbaycan Respublikasının 177.2-ci maddəsinə əsasən ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir. Həmin Məcllənin 37.2-ci maddəsinin isə nəzərədə tutur ki, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Vergi qanunvericiliyinin qeyd olunan tələbləri nəzərə alındıqda, cavabdeh vergi orqanı - hər ay üzrə ƏDV hesabatını növbəti ayın 20-ə qədər verdiyi tarixdən 30 gün müddətində kameral qaydada ötən hesabat ayı üzrə ƏDV-nin düzgün ödənilibödənilmədiyini yoxlamaqda səlahiyyətli olduğu halda, vergi qanunvericiliyində qeyd olunan müddətlərə riayət etmədən, iddiaçının əvvəlki hesabat dövrləri üzrə satış dövriyyəsini 2022-ci ilin dekabr ayında cəmləmiş, həmin ay üçün operativ vergi nəzarəti zamanı iddiaçıya məxsus mağazadan xx.xx.2022-ci il tarixdə götürülmüş (götürmə qərarı və protokolu işə əlvə olunur) elektron daşıycıda təsbit olunan mənşəyi bəlli olmayan qara mühasibatlıq məlumatları əsasında iddiaçıya həqiqiliyi əsaslandırılmayan və reallıqdan uzaq olan həcmdə əlavə dəyər vergisi hesablamışdır. Belə olan halda, yəni, sözügedən elektron daşıyıcıda olan məlumatlardakı kəmiyyət göstəricilərinin hansı ilkin sənədlər (idxal sənədləri, alqı-satqı aktları, elektron qaimə fakturalar, yükdaşıma sənədələri, ödəniş sənədləri, sair xərc sənədləri) əsasında əldə olunduğu qeyri-müəyyən və ən azından, həmin məlumatları formalaşdıran hallar (təqdim etmənin, ödənişlərin və s.) barədə sənəd-sübut və ya hər hansı bir başqa mənbə məlumatı mövcud olmadığı halda, iddiaçıya 2022-ci ilin dekabr ayı üçün ilk öncə 13 mart 2023-cü il tarixli **********930000 qərar əsasında 1.007.718,96 manat məbləğində ƏDV məbləği hesablanması, növbəti gün isə ona, inzibati icraat qaydalarına riayət etmədən və vergi ödəyicisi olaraq həmin icraata cəlb olunmadan, 14 mart 2023-cü il tarixdə qəbul etdiyi **********76300 saylı mübahisələndirilən qərarı ilə - əvvəlki qərarını ləğv edərək, yenidən iddiaçıya 2022-ci ilin dekabr ayı üzrə kameral bəyannamə ilə hesablanmış 1.007.718,96 manat məbləğində ƏDV-ni saxlamaqla, ona əlavə olaraq 53,11 manat vergi hesablaması qanunsuz olmuşdur. Vergi Məcəlləsinin 37.4-cü maddəsinin tələbinə görə kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Cavabdeh vergi orqanı tərəfindən mübahisələndirilən qərarla 53,11 manat məbləğində əlavə vergi hesablanarkən Məcəllənin qeyd olunan tələblərinə riayət olunduğu sübuta yetirilmir. Həmin Məcəllənin 37.6-cı maddəsindən isə görünür ki, kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.4-cü maddəsində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra– Azərbaycan Respublikasının İPM) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 2.0.11-ci maddəsinə görə, əlverişsiz (yükləyici) inzibati akt-maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Azərbaycan Respublikasının İPM-nin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunda nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən inzibati icraatın başlanması üçün əsaslardan biri də fiziki və ya hüquqi şəxsin inzibati orqana ünvanlanmış ərizəsidir. İnzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Həmçinin, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul etməlidir. İnzibati orqan yazılı inzibati aktı yazılı şəkildə əsaslandırılmalı və əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. (Qeyd edilən Qanunun 28.1, 21.2, 24.1, 45.1, 52.1, 61.1-ci mad.) «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.1-ci maddələrinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Azərbaycan Respublikasının İPM-nin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikasının İPM-nin 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qanunvericiliyin qeyd edilən tələblərinə əsasən inzibati orqan inzibati aktın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsini daşıyır. Lakin, cavabdeh tərəf qeyd edilən hallarla bağlı sübutetmə vəzifəsini həyata keçirə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının İPM-nin 4.1-ci maddəsinə görə, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçı barəsində qəbul edilmiş cavabdeh vergi orqanın xx.xx.2023-cü il tarixli, **********170600 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarı və **********0 nömrəli ƏDV qeydiyyat bildirişi ləğv edilsin. İş üzrə prosessual xərc yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı barəsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli, **********170600 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərar və **********0 nömrəli ƏDV qeydiyyat bildirişi ləğv edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar