Məhkəmə qərarları › İş №e-2-1(120)-2531/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(120)-2531/2025

23.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № e-2-1(120)-2531/2025 23.01.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, Üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Lənkəran Ekspress ASC-nin 2007-ci ildən xx.xx.2023-cü il tarixə olan dövr üçün fəaliyyəti, o cümlədən maliyyə fəaliyyəti nəticəsində ödənilməmiş borcunun olmadığı üçün "xxxx" ASC-nin adında sübut olunmayan borc məbləğləri silinməsi” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı "xxxx" ASC-nin (VÖEN:**********) adına hesablanmış 0111 (işəgötürənlər muzdla işləyənləri əmək müqaviləsi ilə işəgötürən hüquqi şəxslər, büdcədən maliyyələşən təşkilatlar istisna olmaqla) fəaliyyət növünə görə əsassız hesablanmış 5426,30 manat məcburi dövlət sosial sığorta haqqı üzrə borc məbləğinin silinməsi” barədə qərar qəbul olunması xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan iddiaçının nümayəndəsi iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək iddia tələbinin "xxxx" ASC-nin (VÖEN:**********) adına hesablanmış 0111 (işəgötürənlər muzdla işləyənləri əmək müqaviləsi ilə işəgötürən hüquqi şəxslər, büdcədən maliyyələşən təşkilatlar istisna olmaqla) fəaliyyət növünə görə əsassız hesablanmış 5426,30 manat məcburi dövlət sosial sığorta haqqı üzrə borc məbləğinin silinməsi” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(120)-2531/2025 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(120)-2531/2025 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin 2007-ci ildən xx.xx.2023-cü il tarixə olan dövr üçün fəaliyyəti, o cümlədən maaliyyə fəaliyyəti haqqında elektron hökümət portalındakı vergilər sistemində ətraflı məlumat vardır. Həmin məlumatlara görə "xxxx" ASC-nin vergi borcu yoxdur. Əksinə "xxxx" ASC-nin xx.xx.2019 tarixə 1567.53AZN artıq nöməsi vardır. 2019-cu ildən sonra Açıq Səhmdar Cəmiyyəti fəaliyyətsiz olmuşdur. 2024-cü ilin aprel ayında yenidən bərpa edildikdə güya DSMF-yə görə 5526.50AZn borcu olduğu deyilir. Cəmiyyətin fəaliyyətinə vergilər idarəsi tərəfindən heç bir əngəl yaradılmır, sübutu olmayan məbləğin silinməsi üçün onlara müraciət etmişlər, lakin qeyd edilən məbləğın silinməsi Vergilər tərəfindən mümkün olmadığı bilinmişdir. Bunun üçün də məhkəmə qərarının vacibliyi bəllidir. Bu borc idarə kimi fəaliyyətə məhdudiyyət yaradır. (Bank hesabına sanksiya qoyulmasına, Cəmiyyətin direktoru barədə müvafiq tədbir görülməsi üçün əsasdır). 2024-cü il noyabr ayına kimi (birinci müraciətləri) “Lənkəran-Ekspress" ASC-nin DSMF-yə görə 5526.50AZN borcunu rəsmi yalnız bank qeyd edilmişdir. Sonradan vergi orqanı bildiriş göndərilmişdir. Faktiki vəziyyət isə elektron portalda görünür və dedikləri kimi borc yoxdur. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Fililalının iddiaya qarşı etirazda qeyd olunmuşdur ki, "xxxx" ASC tərəfindən borcun silinməsi üçün xx.xx.2024-cü il tarixində cavabdehə müraciəti olunmuş, cavabdeh tərəfindən verilmiş cavab məktubunda yaranmış borcun - dövlət büdcəsinə vergilər - 186.06 manat, məcburi dövlət sosial sığorta haqqı - 5012.55 manat və işsizlikdən sığorta haqqı - 0.01 manat olduğu, məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı üzrə borcların silinməsinin Vergi Məcəlləsində nəzərdə tutulmadığı və aidiyyəti üzrə Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına müracitə edilməsi bildirilmişdir. Bundan sonra eyni tələblə məhkəməyə müraciət olunmuşdur. Eyni zamanda qeyd olunan iş üzrə Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi barədə yazılı vəsatət təqdim edilmişdir. Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məcburi dövlət sosial sığorta haqqı üzrə ümumi borcu 2018-ci ilin 3-cü rübünə 5426,5 manat təşkil etmişdir. Həmçinin iş üzrə təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının nəticəsində tərib edilmiş xx.xx.2025-ci il tarixli 9/4105 nömrəli ekspert rəyində də qeyd edilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 2015-ci ilə qədər təqdim etdiyi haqq-hesab cədvəllərinə, Rüblük (illik) hesabatlara (FORMA B) əsasən xx.xx.2019-cu il tarixinə ödəməli olduğu məcburi dövlət sosial sığorta haqqına görə hesablanmalı borcun məbləği 5426,50 manat müəyyən edilmişdir. O cümlədən, qeyd edilir ki, həmin borcun tərkibini maliyyə sanksiyası deyil, yalnızca məcburi dövlət sosial sığorta haqqı üzrə borc təşkil edir. Əlavə olaraq bildiririk ki, məcburi dövlət sosial sığorta haqqı qanunla müəyyən edilmiş dövlət ödənişidir və qanunla müəyyən edilmiş dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Qeyd edək ki, bununla bağlı qanunvericilikdə güzəşt və ya istisna hal nəzərdə tutulmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən, iddia tələbi əsassızdır. Buna görə də, iddia tələbinin təmin edilməməsini xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X5 iddianın təmin olunmamasını xahiş etdi. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-2-13/2-S-6xx-xx/2024 nömrəli məktubundan görünür ki, şəxsi hesab vərəqəsinin xx.xx.2024-cü il tarixə olan göstəricilərinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə vergilər üzrə 186,06 manat (o cümlədən 184,22 manat əsas, 1,84 manat faiz), məcburi dövlət sosial sığorta haqqı üzrə 5012,55 manat (o cümlədən 4858,08 manat əsas, 154,47 manat faiz) və işsizlikdən sığorta haqqı üzrə 0,01 manat penya olmaqla cəmi 5198,62 manat borcu vardır. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası Vergilər Nazirliyinə həvalə edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi məlumatlara əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2019-cu ii tarixə məcburi dövlət sosial sığorta haqqı üzrə 5426,50 manat əsas borcu olmuşdur. Əlavə olaraq bildiririk ki, müraciətdə qeyd etdiyi əsaslarla müvafiq fondlara olan məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə borcların silinməsi vergi məcəlləsində nəzərdə tutulmamışdır. Sosial sığorta haqları üzrə yığımların təmin edilməsinin xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikasının Vergilər Nazirliyinə həvalə edildiyini nəzərə alaraq tələb olunan sənədlərin və məlumatların alınması məqsədi ilə aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X9 Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına müraciət olunması məqsədəmüvafiqdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-2- 13/2-28932/2025 nömrəli məktubundan görünür ki, Ədliyyə Nazirliyindən təhvil alınmış vergi orqanının arxivində saxlanılan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus qeydiyyat iş qovluğunda onun xx.xx.1998-ci il tarixdə D2639 nömrə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınması, hüquqi varisinin “Lənkəran Baş Təsərrüfatının Şəhərlərarası Daşımalar Dəstəsi”nin olması, xx.xx.2004-cü il tarixdə vergi orqanında ********** saylı VÖEN-lə uçota alınması, rəhbərlərinin X3 (qeydiyyat ünvanı: AZ4200, Lənkəran şəhəri, T. İsmayılov, ev 4,) və X4 olması (qeydiyyat ünvanı: AZ4200, Lənkəran şəhəri, Mirsalayev, ev 74, telefon nömrəsi: **********), hazırda fəaliyyət vəziyyətinin aktiv olması barədə məlumatlar mövcuddur. Məhkəmənin iş üzrə 15 avqust 2025-ci il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin ekspertlərinə həvalə edilmişdir: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2025-ci il tarixli 9/4105 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Rəyin tədqiqi hissəsində göstərildiyi kimi, yuxarıda qeyd olunan qanunun tələbləri (sonradan hesablanmış borca verilmiş azalmalar) nəzərə alınmaqla, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 2015-ci ilə qədər təqdim etdiyi haqq-hesab cədvəllərinə, Rüblük (illik) hesabatlara (FORMA B) əsasən xx.xx.2019-cu il tarixinə ödəməli olduğu məcburi dövlət sosial sığorta haqqına görə hesablanmalı borcun məbləği 5426,50 manat müəyyən edildi. O cümlədən, qeyd edilir ki, həmin borcun tərkibini maliyyə sanksiyası deyil, yalnızca məcburi dövlət sosial sığorta haqqı üzrə borc təşkil edir. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İddiaçının iddiası mümkün iddiadır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə qanunvericiliyin aşağıda sadalanan normalarına əsasən iddia tələbinin əsassız olduğunu qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 73.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Vergi Məcəlləsinin 1.4-cu maddəsinə əsasən Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlər də sosial təminat hüququnun predmetini təşkil etməklə, tərəflərin iradələrinin sərbəstliyinə və bərabərliyinə deyil, digər ümumi (publik) hüquq münasibətləri kimi bir tərəfin digərinə tabeliyinə, münasibətlərin məcburiliyinə, tənzimlənmənin imperativliyinə əsaslanır. Bu sahədə qanunverici “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dövlət sosial sığortasının məcburiliyi prinsipini qəbul etmiş, sığortaedənin üzərinə uçota durmaqla, dövlət sosial sığorta haqqını ödəməklə, sığortaçıya müvafiq hesabatları, arayışları təqdim etməklə bağlı vəzifələr qoymuş, qarşı tərəfin (məcburi dövlət sosial sığortası sahəsində dövlət idarəetməsini həyata keçirən orqanın) isə bununla bağlı səlahiyyətlərini dəqiq şəkildə müəyyən etmişdir. O da qeyd olunmalıdır ki, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə dövlət vergi orqanlarının səlahiyyətləri Vergi Məcəlləsində göstərilmişdir. Beləliklə, məcburi dövlət sosial sığorta münasibətləri mahiyyət etibarilə ümumi (publik) hüquq münasibətləridir. Bu isə Mülki Məcəllənin 2.5-ci maddəsinin tələbləri baxımından, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrin inzibati məhkəmələr tərəfindən həmin Məcəllənin müddəalarına əsaslanmaqla həllini istisna edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələbləri baxımından, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərə Mülki Məcəllənin müddəalarının tətbiq edilmədiyini qərarında qeyd etmiş, qanunvericiliyə əsasən məcburi dövlət sosial sığorta haqları ilə bağlı borcların alınması hər-hansı müddətlə məhdudlaşmadığı qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir; 72.1-ci maddəsinə görə, bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir; 72.2-ci maddəsinə əsasən bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlrdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidir. Vergi hesabatları vergi ödəyicisi tərəfindən şəxsən və ya hesabatın təqdim edilməsi təsdiq oluna bilən hər hansı digər üsulla (rabitə təşkilatına təhvil verilməsi və ya müvafiq qanunvericiliyə uyğun olaraq elektron sənəd formasında göndərilməsi də daxil olmaqla) təqdim edilə bilər. Vergi hesabatının elektron sənəd formasında göndərilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Vergi hesabatını elektron sənəd formasında təqdim edən vergi ödəyicilərinə bu Məcəllənin 72.3-cü, 72.4-cü 72.6.3-cü və 72.6.4-cü maddələrinin müddəaları şamil edilmir; 85.4-cü maddəsinə görə, Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda, vergi yoxlamaları (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir. 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir; 85.5-1-ci maddəsinə görə bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına münasibətdə tətbiq edilmir. Məhkəmə tədqiqatı zamanı iş materiallarındakı sənədlərdən müəyyən olunmuşdur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə məcburi dövlət sosial sığorta haqqı üzrə 5426,50 manat manat borcu vardır. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası Vergilər Nazirliyinə həvalə edilmişdir. Cavabdeh tərəfindən tələb edilməsinə baxmayaraq həmin borcun ödənilməsi iddiaçı tərəfindən təmin edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Fililalı tərəfindən inzibati icraat materialları, eləcədə borcun yaranma səbəbləri, hesablanma qaydaları və təsdiq edən sənədlər məhkəməyə təqdim edilərək tərəflərin iştirakı ilə tədqiq edilmiş və borc məbləğinin mövcudluğu, əsaslılığı müəyyən edilmişdir. İş üzrə tam araşdırılmanın həyata keçirilməsi məqsədilə 15 avqust 2025-ci il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2025-ci il tarixli 3-16-16/2- 9/4105/2025 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: - Rəyin tədqiqi hissəsində göstərildiyi kimi, yuxarıda qeyd olunan qanunun tələbləri (sonradan hesablanmış borca verilmiş azalmalar) nəzərə alınmaqla, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 2015-ci ilə qədər təqdim etdiyi haqq-hesab cədvəllərinə, Rüblük (illik) hesabatlara (FORMA B) əsasən xx.xx.2019-cu il tarixinə ödəməli olduğu məcburi dövlət sosial sığorta haqqına görə hesablanmalı borcun məbləği 5426,50 manat müəyyən edildi. O cümlədən, qeyd edilir ki, həmin borcun tərkibini maliyyə sanksiyası deyil, yalnızca məcburi dövlət sosial sığorta haqqı üzrə borc təşkil edir. Beləliklə, məhkəmə işin hallarının qanunvericilik normaları ilə qarşılıqlı təhlili nəticəsində bu qənaətə gəlir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslıdır, cavabdehin iddiaçının tələbinin təmin edilməsindən imtina olunmasından ibarət hərəkəti qanunauyğundur, iddianın təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələblərin təmin edilməsi vergi qanunvericiliyinin istinad olunan normalarının pozulmasına gətirib çıxaracağından, iddiaçının hazırkı iddia tələbinin qanuni əsası yoxdur və bu səbəbdən iddia təmin edilməməlidir. İPM-in: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir; 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır; 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə prosessual xərclər iddiaçı tərəfə aid edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Lənkəran Ekspress ASC-nin 2007-ci ildən xx.xx.2023-cü il tarixə olan dövr üçün fəaliyyəti, o cümlədən maliyyə fəaliyyəti nəticəsində ödənilməmiş borcunun olmadığı üçün "xxxx" ASC-nin adında sübut olunmayan borc məbləğləri silinməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə 150 (yüz əlli) manat və 150 (bir yüz əllil) manat ekspertiza tədqiqatının dəyərləri iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab № AZ43CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar